GERİ OXUNANDA ALIN
YAZIMIZ
“Sözümü o kəslərə deyirəm ki, onlar mənə
qulaq asmaq istəmirlər”
MİRZƏ CƏLİL
...Mən axı Motsart deyiləm, bəs
ətrafda bu qədər Salyerilər hardandır?..
ANAR
İşıqlı dünyada nə qədər azərbaycanlı
varsa,elə o qədər də şair və
şah var, lakin bir şahlıq taxtımız və bir
Yazıçılar Birliyinin sədri oturan kürsümüz
var. Şah olmağa da, sədr olmağa da hazırız. Dünyada millət çoxdur. Və hər
millətin öz illəti... Hər millət bir
şeyin bazıdır, biz millət isə hər şeyin və
hər zadın bazıyıq. İstəsək adam tutub
öz yerimizə həccə də
göndəririk... istəsək şair oluruq,istəsək
nasir, dramaturq...
Bu “VERGİ” Kİ bizdədir,
içimizdə ala qarğa bala çıxarsa, sədd afərin!
– deyərik. Qar əridikcə zir-zibil
üzə çıxdığı kimi, mənəviyyat
aşındıqca min cürə
naqisliklər vurub üzə çıxır – bu bir bəladır
üzümüzdən
Yəqin o hisslərimiz,
ölüb, ya da qarsıyıb...
Kəndin də, şəhərin də,
obanın da, mahalın da öz sol əlləri, öz ingilis
barmaqları, adsız barmağı olmamış deyil. Onlar özlərini, hətta, pulla
söydürürlər. Bir deyən yoxdur
ki, gedin özünüzə ağıl qazanın. Papaqlarını geri itələyib gözlərini
geniş açmırlar ki, dünyanı, çərxi-fələyi
görsünlər. Dınqıl sazım –deyib özlərini
bıçağa sürtənlərin ancaq nala-mıxa
vurmaqdan savayı əllərindən bir iş gəlmir. Çoxları nal-mıx töküb, tərg olublar
bu yolda (yoldan hayıf). Peyğəmbərimiz hədislərdən
birində ”Ümmətimdə onbeş pis
xüsusiyyət özünü göstərdiyi zaman
onları müxtəlif bəlalar əhatə edəcəkdir”-
bir özəlliyə diqqət çəkmişdir:- “Bu
ümmətin sonradan gələnləri özlərindən əvvəlkilərə
lənət etdiyi zaman.” Peyğəmbərimizə
atılan daşlar zaman-zaman əzizlənib Məhsətiyə
atıldı. O daşlar Nəsimini, Hadini didərgin
saldı. Sabiri yaraladı. Mirzə
Cəlilə dəydi. Qədim insanın
atdığı daş yerə düşmədi, yazarları
qaraladı. O daşların gözlərini qan
örtüb dişi qana batıb, şair, yazar qanına yaman hərisləşib.
Sapanda qoyulanda al-qırmızı güllər
açır. Qovurlar mərdi... Nə
işığa baxırlar, nə it hürənə. Gödən dərdidi dərdi. Biri var baş
ağrısı,biri də qarın
ağrısı. Əyri... deyir filankəs məndən
əyilib, yaxud filankəsin qarnı əyilib; dəyən yeri
yaxın, əyən yeri uzaqdı.
“Adamın
adamı”olmayanda “Dədə Qorqud”a da “Qəm pəncərəsi”ndən
baxır.”Şəhərin
yay günləri” çıxıb “Ağ liman”a “Qobustan”da
“Molla Nəsrəddin-66” ilə dərdləşir;
dağı arana aranı
dağa çəkirlər
işığa bata-bata...”Otel otağı”nda ruhumuz,
nigarançılığımız bizi dərk və tərk
edir.”AĞ QOÇ, QARA QOÇ” DADIMIZA yetir.
Alatoranda TORAĞAY dağına qədər gedib “Qızıl
keçi”yə, ”Cingir”ə, ”Əlişir”ə, ”Milas”a, ”Bayan
ATA”ya salam verib dönürük divanələr Odası
“Divanni”yə ... “Beş mərtəbəli evin altıncı
mərtəbəsi”ndə özünü tapmayanlar ətəyini
daşla doldurub dırmaşırlar “Beşmərtəbəli
evin” 9-cu mərtəbəsinə...bir-birimizi daşa qonaq eləmək
üçün...adamı qəhər boğur... Anar özü olduğuna görə
böyükdür. Həm fərdiyyat,həm
də şəxsiyyət kimi Anar əməlinin, dilinin və
ürəyinin təsdiqində dayanır. Anarın
böyüklüyü bütövlüyündədir.
Qabarlı taleyin bəhrəsi olan müəllim, tarixçi,
yazıçı, şair, rejissor, alim, deputat-millət vəkili,
ictimai xadim və s. Titulları Anarın dörd hərfli adına sığıb və Anar
adının tərkib hissəsidir. Mərifət
və qabiliyyət də eləcə. Ona
görə də mən bu şəxsiyyətə sadəcə
Anar deyirəm. Bilməzlik ilə halı
xoş olanlar Anara, Anar zirvəsinə baxanda papaqları başlarından
düşür. Və papaqlarını
qabaqlarına qoyub fikirləşməkdənsə,
Anara hədyan deyib, hərzə-hərzə zirvəyə
daş atırlar. Elə bil şabaş
atırlar. Anarı da qınayırlar ki, daş saxlamır, bu talant ətalı və xətalı cənablar.
Anar ətrafında gedən bu nığıltı,
nağılat, bu həngamə, bu kəmfürsətlik nə
yerə, nə göyə, nə də kitaba sığan
deyil. Alın yazımız geri oxunanda hər
kəsin yazdığı da, pozduğu da özünə və
üzünə qayıdasıdır. Siratda
əməllər üzə dirənən kimi. Ya adı
qulağına dəyənlər, ya da adı yadından
çıxanlar Anarın dilində və qələmində
öz ismi və sifətlərini görməkdən yana dəridən-qabığdan
çıxırlar. Daşı ətəyində
olanlar o qırmızı daşları əzizləri kimi
bağırlarına basıb, öpüb əzizləyirlər.
Nə deyim, Vallah?! “Man” olan yerimiz də
qalmayıb. “Ayıbdır” ibarəsinə də
istinad tapmaq qəliz məsələdir. Ona görə də
belə demək zorunda qalıram: arakeldən,
mıkrtıçdan, mikoyandan və hər ... yandan
ayıbdı, cənablar!? Yox, əgər ayıb bilmirsinizsə,sürtün özünüzü haqqın
bıçağına; kəsər, kəsməz özü
bilər... kiminin köpü alınar, kiminin kəfi... M.Füzuliyə,
M.Cəlilə, M.Ə.Sabirə, S.Vurğuna, R.Rzaya və
neçə-neçə qədirli,
qiymətli, qüdrətli şair və şəxsiyyətlərimizə
daş atmağın qazancı nədir?
Bu hərisliyin,
haray-həşirin bərəkəti varmı? Varsa hanı?!
Bir dəfə Anar başqa bir məsələ barədə
danışarkən dedi ki, nöqtəni də qoyanda gərək
kişi kimi qoyasan... Dava həmin
nöqtənin davasıdırsa, bu o deməkdir ki tağı
və bağı (bütün mənalarında)
qırılmış yoxların lüzumsuz, etikasız qal
yaradan boz-boz, qırmızı-qırmızı sifətlərdir
ki, Anarı hirsləndirsinlər. Anar da qələmi
götürüb kişi kimi nöqtəni
qoysun və desin: – Buyurun. Bir şeyi görmək istəmirlər
ki, Anar elə kişi kimi işləyir,
nöqtəni də, nidanı da kişi kimi qoyur. Hərdən
Anarı gah uzaqdan,gah yaxından
görürəm və öz salamımı verirəm; alsa
da, almasa da. Çox qəribədir ki, Anar adlı məmur da
görəndə adam sevinir, adamın
üstünə işıq düşür, elə bil...millət
Anarın fanatı olanda hələ
fanat sözü leksionumuza daxil
olmamışdı. İndi hər üç
ailədən birində Anar adı əzizlənir. Anar bizim fəxriyyəmizdir; üzə
çıxarılası, məmləkətə güzgü
tutulası fəxriyyəmiz.
Anar Yazarlar Birliyindən getsə, gec gəlib tez öyrənən
yeni janr “dahi”ləri bir- birilərinin ətini şişə
çəkərlər... Yollar yol olub gedir , biz yola gedə bilmirik.
“...Hökmdar: –mən
çox məmləkətlər görmüşəm,amma şairi
şairin başını istəyən məmləkəti
görməmişəm...”(“Qətl günü” Y.Səmədoğlu).
Hərdən şübhələnirəm; imansız və
astari yazılar yazan cənablar, özünüzü Anara o qədər
– 55 ildən çox- öyrətmisiniz ki, zınqınız
batanda Anar darıxır, halınıza acıyır ki, yəqin acsınız... sizlər
şütt eləyirsiniz, Anar bağışlayır və
bağışlaya-bağışlaya da 75-ə
yaxınlaşır. Bizləri
bağışlamayın, Anar
müəllim, bağışlaman da bir cür
yandırır-demək istərlərsə də deyə bilməzlər. Zaman ələməkdə,
insanlar ələnməkdə,
arınmaqda; kimisi arınıb təmizə
çıxır, kimisi
arınıb çıxır qəlizə-çirkə,
çirkaba. Oturuşunu, yerişini bilməyənlər
bu mənəviyyat zirvəsinin nuru və ziyasına baxanda
gözləri qamaşır. Əfsus ki,
onlar yanmaqdan çox qanmaqdan qorxurlar. Nəsimi dəstiri : ”O, on dörd gecəlik ayın
qaşını görməyən adam” qabü-qövseyn”
ifadəsinin sirrini başa düşə bilməz”. İnsan əməlləri ilə kamilləşir.
Anar hələ “Dədə Qorqud Dünyası”nı
yazanda ağsaqqal olduğunu təsdiq etmişdi. Gərək
adama Allah qismət eləsin...
bəndə nakarədir ki?!. İnsan
acı olduğu şeyi: çörəyi,suyu,
yaxşı şeiri, sözü tapanda ədaləti
gözünə təpdiyi kimi Anar da yazıçı-şəxsiyyət,
tarixçi-şəxsiyyət, rejissor-şəxsiyyət,
müəllim-şəxsiyyət, ilk öncə insan-şəxsiyyət kimi gözə
təpilməlidir... eləcə də məqamında Anarın haqqa uzanan, haqqa
çıraq tutan barmaqları...
Eldar Səfa ŞAHVƏLƏDLİ
525-ci qəzet.- 2011.- 12 mart.-
S.18.