“Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabı nəşr olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talibovun baş məsləhətçiliyi ilə
akademik İsmayıl Hacıyevin tərtib etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” adlı kitab bu günlərdə geniş oxucu kütləsinin ixtiyarına
verilib. Nəfis tərtibatla nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından
və fəaliyyət
göstərdiyi dövrdə
Naxçıvanın ictimai-siyasi
vəziyyətindən, habelə
Ermənistanın Naxçıvana
hücumlarından, regiona
köçürülən ermənilərin yerli əhaliyə qarşı
törətdiyi vəhşiliklərdən,
eyni zamanda Naxçıvan əhalisinin
inadlı müqaviməti
və qardaş Türkiyənin siyasi səylərindən bəhs
olunur.
Kitabda XX yüzilliyin 20-ci illəri, xüsusilə
1918-1920-ci illər Naxçıvan
üçün çətin
inkişaf dövrü
olduğundan söz açılır. Çətin və mürəkkəb mərhələlərdən keçən
Naxçıvan Azərbaycanın
əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılması, Naxçıvanın statusu
qazanması bu bölgədə 1918-1920-ci illərdə
cəryan edən proseslərin, onlara təsir edən daxili və xarici amillərin, regionun geosiyasi vəziyyətinin və bəzi beynəlxalq müqavilələrin sayəsində
olduğu xüsusi vurğulanır. Qeyd olunur
ki, bu dövrdə
Naxçıvan bölgəsində
ikihakimiyyətlilik meydana
gəlmiş, bir sıra iri kapitalist
dövlətlər yaranmış
mürəkkəb vəziyyətdən
istifadə edərək
Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan bu diyara
yiyələnmək üçün
cəhdlər göstərilib.
Erməni daşnaqları bu
bölgəni “Böyük
Ermənistan”a qatmaq üçün fasiləsiz
basqınlar edib.
O da qeyd olunur ki, istər
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud
olduğu illərdə,
istərsə də ondan sonrakı dövrlərdə Naxçıvan
diyarının əhalisi
bütün bunlara mərdliklə sinə gərib, Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan bu bölgə uğurunda mubarizə aparıblar. Naxçıvan əhalisinin inadlı
müqaviməti və
qardaş Türkiyənin
siyasi səyləri, qətiyyətli mövqeyi
ermənilərin və
onların havadarlarının
Naxçıvanla bağlı
planlarını alt-üst
edib. Naxçıvan diyarının tarixi
taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Moskva və Qars müqavilələri reallaşdırdı. Bu müqavilələr beynəlxalq
müqavilə kimi Naxçıvanın Azərbaycanın
tərkibində muxtar
ərazi statusu təsbit etdi. Naxçıvanın Muxtar Respublika statusu bu bölgənin
sonrakı tarixi taleyində onun ərazisinin qorunub
saxlanılması və təhlükəsizliyində çox
böyük rol oynaması dolğun bir şəkildə
oxuculara çatdırılır.
383 səhifədən ibarət
olan yeni nəşrdə arxiv sənədlərindən mövzu
ilə bağlı ayrı-ayrı tədqiqat
əsərlərindən, yerli
tədqiqatçıların bu barədə yazdıqları məqalələrdən,
eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi
yazışmalarından istifadə
olunub. Azərbaycan Xalq
Cümhuriyyəti və Naxçıvan əlaqələri
ilk dəfə olaraq öz əksini tapdığı kitabda
faktlara həddindən artıq dərəcədə məsuliyyətlə
və dəqiqliklə yanaşılması, şəkillərin,
arxiv sənədlərin, xəritələrin yer alması
yeni nəşrin elmi dəyərini daha da artırıb.
“Azərbaycan Xalq Cümhuriyyəti və
Naxçıvan” adlı kitab dəyərli nəşrlərdən
olub tarixşünaslar üçün qiymətli vəsaitdir.
Türkanə BƏYLƏRLİ,
MEA Naxçıvan Bölməsi
İnformasiya şöbəsinin əməkdaşı
525-ci qəzet.-
2011.- 12 mart.- S.16.