Müəllim
Vərəsəlik məsələlərini
nəzərə alsaq, əslində mən bu universitetin yetirməsiyəm
və həm də deyiləm. O vaxt bircə universitet
vardı və həmin universitet də tamam başqa yerdə
idi. İndi tələbələriylə
görüşə gəldiyim bu auditoriyalar mənə
yaddı, o illəri yadıma salan – dərsə
çağıran zəng səsi və bizə dərs
demiş müəllimlərdi. Sayları
azalan müəllimlər. Yox, müəllimlərin
sayı azalmır, bizim olanlar azalır. İlbəil.
Bunun qarşısını alacaq bir qüvvə yoxdu, amma
xatırlananlar həm də yaşayırlar axı...
... Azacıq əvvəl
TV-lərdən biri bizim sevimli müəllimlərimizdən
biri olan Tofiq Rüstəmovla bağlı bir süjet
vermişdi. Kiçicik bir süjet – məni
də danışdırmışdılar. Onunla bağlı özəl hisslərimdən,
duyğularımdan söz açmışdım. Həmin yerləri qayçılayıb nələrisə
saxlamışdılar. Neynək, qayçı
onların əlindədi, qələm mənim...
Tələbənin
öz müəlliminə aşiq olmağında qeyri-adi
heç nə yoxdu, amma bu günün prizması ilə
yanaşsaq müəllimin bunu görməzdən gəlməsi
qeyri-adidi.
Qeyri-adidi, nə deyirsiniz deyin... Zəng səsi
məni diksindirir və mən diqqətlə yenə təmizlik
adası kimi okeanın içində tək-tənha
qalmış jurnalistika fakültəsinin müəllimlərinə
baxıram – bizim olanlara. Bizim də,
onların da yaşı artıb. Amma yenə
müəllimlərimizdilər. O olub keçənlər
ki, var, heç vaxt dəyişməyəcək.
Keçmiş mühafizəkardı, bəs gələcək?!.. Bu gün nədi bəs?!
İşıqlıydı o keçmiş, bu
günümüzə də yayılır şəfəqləri
– çünki müəllimlərimiz aydın insan idilər.
Amma “bu gün” gözlərinə kədər
kölgəsi salıb. Səbəblər çoxdu,
çoxdu, çoxdu...
O günü heç unuda bilmirəm.
Beş il ştatdankənar müxbir kimi
işləyəndən sonra nəhayət, əmrimi verib Nahid
müəllimin yanına göndərmişdilər. O da
könülsüz-könülsüz ərizənin
üstünü yazıb məni hələ nə
olacağı bəlli olmayan bir proqramın kollektivinə
qoşmuşdu. (Nahid Hacızadə qızları
həvəssiz götürürdü işə və indi mən
də bu aləmin içindəyəm, mən də
qızları işə götürmək istəmirəm).
Amma həmin proqram o vaxt bomba kimi partladı və
bəndəniz də ilk publisistik təcrübələrini həmin
proqramda eləməyə cəhd göstərirdi. TV-nin bütün ulduzları həmin şöbədə
işləyirdilər və bunların içində baş
çıxarmaq lazım idi. “Dalğa”
adlanan həmin proqram həftədə bir dəfə efirə
gedirdi, hər həftənin öz aparıcısı, öz
rejissoru, öz redaktoru vardı. Bütün
maneələri dəf edəndən sonra Nahid Hacızadə
adlanan bu sərt qayanın “viza” qoyması gərəkirdi
yazıların üstünə. Ürkək-ürkək
girirsən kabinetə: – Nə yazmısan? – İçəri
şəhər, “Bərpaçı”nın
bərbad işindən.
– Olmaz! – Tənqidi yumşaldaram.
– Bu nə cümlələrdi? – Mənim
cümlələrimdi…
– Sənin hələ “mənim”
deyəcək vaxtın deyil.
... Başqa bir
gün – daxili telefon zəng çalır. Nahid müəllim yuxarı çağırır,
(bizim otağımız lap aşağıda, zirzəmidə
idi. Həmin otağa gəlmək
üçün əsas qapıdan birinci mərtəbəyə
qalxıb, yenə aşağı düşmək lazım gəlirdi.
Biz də ərindiyimizdən elə pəncərədən
çıxıb-düşürdük həyətə.
Bu yaxınlarda getmişdim ora – həmin pəncərələrə
dəmir barmaqlıqlar vurublar). Qanım
qaralır. Yenə danlanacam. Yox, deyəsən
kefi yaxşıdı:
– Gəl səni keçirdək
teatr şöbəsinə...
– Niyə, Nahid müəllim, istəmirəm.
Mənə maraqlı deyil. – Orda maraqlı
nəsə eləyirsən ki...
– Qoysanız eləyərəm.
– Yaxşı, get. Aşağı enə-enə
ürəyimdə fikirləşirəm ki, hamıyla mehriban,
hamıyla xoşrəftar Nahid müəllimin məndən niyə
zəhləsi gedir? Eybi yox, Nahid Hacızadə,
bir gün özün etiraf eləməyə məcbur olacaqsan
“mənim cümlələrimin” yaxşı olduğunu. Otağımıza qayıdıram və Şahin Əlibəylinin
şən söhbətləri məni güldürür.
lll
Baxış otağında
efirə gedəcək verilişə baxırıq. Nahid
müəllim çox diqqətlə izləyir, hər
sözü tutur: – Saxla, fırla geriyə.
– Nə oldu?
– O nəsə dedi orda.
– Nə dedi?
– Dedim, geriyə! Kaseti geriyə
fırlayırıq və məlum olur ki,
çıxışçı məşhur bir müğənni
haqqında “hambala oxşayır” sözünü işlədir.
Yavaşca deyir, amma o vaxt dövlət televiziyasında belə
bir söz işlətməyin nəticəsi nə olardı,bir düşünün... Necə olub ki, mən
bu sözü tutmamışam?..
Düzdür süjeti başqa adam
hazırlayıb, amma bu məni məsuliyyətdən
qurtarmır ki... – Na-hid mü-əl-lim... – Məni tər
basdı, ay qız. Hara baxırsan? Bu nədi!
– Az qala
qışqırır. Düz sözə nə
deyəsən? Hara baxıram?
Böyük ideoloji
maşının sözə söykəndiyi vaxtlar bu
respublikada bircə TV mövcud idi. Buradan
söylənilən hər bir söz “söz”
ağırlığında idi, yalanlar olsa da. Və bu mənada televiziyanın ən böyük
redaksiyasının, televiziyanın bel sütunu olan
redaksiyanın işinə rəhbərlik eləmək sizə
asan görünməsin. Üstəlik
dövlətin ərköyün elədiyi hikkəli
yazıçıların kaprizlərinə də dözmək
lazımdı. Nahid müəllim uzun illər
“Ədəbi-dram” verilişləri baş redaksiyasında
baş redaktor işləmişdi. Təsəvvürünüzə
gətirin Mərkəzi Komitənin nomenklaturası olan vəzifə,
yuxarının sərt üzü, özünü dahi sayan
yazıçıların nazı və Moskvaya baxıb da bizi
bəyənməyən tamaşaçılarn
narazılığı. Bunların fonunda
da uzun illər təmiz adla bu vəzifədə otura bilmək
bacarığı. Çox böyük vəzifə
idi – Nahid müəllimin əlinin altında işləyənlər
çox nəsnələrə sahib idilər o vaxtlar. Pulları da vardı, maşınları da, təmtəraqlı
evləri də. Sonradan Nahid müəllim
daha böyük vəzifədə çalışdı,
nazir müavini statusunda idi vəzifəsi, amma güzəranı
dəyişmədi. Elə necə vardı,
elə də qaldı. Bir keyfiyyətini də mütləq
qeyd edəcəm – yaraşıqlı kişi
idi, hündür, yaşıl gözlü, ağbəniz. O
boyda vəzifə və qadınlara münasibətdə
(televiziyada təsəvvür edin) sui-istifadə yox . Deyə bilərsiniz ki, o
dövr başqa idi. Razıyam, burda bir
“partbilet” qorxusu da var idi, amma onda da indiki kimi çox olmasa da
belə münasibətlər mövcud idi və Nahid müəllim
başqa əxlaq sahibi idi (indi necədi deyə bilmərəm,
indi hamı dəyişib. Dünyada
qeyri-sabitlik qədər sabit heç nə yoxdu). Günümüzdə də partbilet kimi bir qorxu
mövcud olsaydı bəlkə çox adamlar çox
rüsvayçılıqdan çəkinərdilər.
Bir də bu partbilet məsələsiynən
bağlı bir xatirəm də, həm də Nahid müəllimlə
bağlıdı. Bir az
inqilabçılıq eləmək istəyəndə (gənc
idik, ağlımız yox idi) Nahid müəllim ürəyini
tutub: – Siz neynirsiz, sizə görə partbiletimi itirə bilmərəm
– deyərdi. İndi bunları təbəssümlə
xatırlayıram. Amma acı təbəssümlə
xatırladığım nələrsə də var. 20 yanvar
hadisələrindən sonra televiziyada sədr dəyişikliyi
oldu. Təbii, hər gələn öz
komandasını formalaşdırmaq istəyirdi. Və Nahid müəllimin də, bizim də qara
günlərimizin təməli qoyulurdu. Az
sonra Nahid Hacızadə işdən çıxarıldı.
Yadımdadı otaqda bir sürü (qəsdən belə deyirəm)
adam təzə sədrin qarasına
deyinib-danışandan sonra qərara alındı ki, sədrə
etirazımızı bildirmək üçün qəbuluna
gedək. 3-cü mərtəbədən 1-ə
düşənə qədər yolda bu kişilərin 90%-i
buxarlandı. Sədrin otağına girəndə 5-6 adam qalmışdıq, bircə qadın mən
idim. Kişilər bir olmur atam balası... Qorxağı
var, igidi var. Amma Nahid müəllimin sevimli işçiləri
yoxa çıxıb da “qara paltarlı” qadına ehtiyacı
olacağına heç özü də inanmazdı.
Demirəm e, dağı dağ üstünə qoyduq, amma hər
halda münasibət idi də...
Əslində o vaxtlar
Nahid müəllimin rəhbərlik elədiyi kollektiv bəlkə
həmin məkanda ən demokratik ortamda
çalışırdı. Yaradıcı
ortamda. Yəni saat 9-da gəlib 6-da
çıxmağı tələb etmirdi, işə gəlməyəndə
bülleten tələb etmirdi. Tələbi ancaq təhvil
verdiyin proqramın, verilişin, ya da süjetin keyfiyyətli
olması, mətnin necə yazılması ilə bağlı
ola bilərdi. Burda çox ciddiydi
, sözə zərrəbinlə baxırdı. Sərt, intizamlı Nahid Hacızadənin yumşaq
ürəyinin xüsusi qayğı, güzəştlə
yanaşdığı adamlar da varıydı. O
vaxtın teleməkanına bələd olanlar Şahin Əlibəylini
yaxşı tanıyırlar. Şahin
tanınmış şair Ənvər Əlibəylinin
oğlu idi. Ənvər Əlibəyli isə
vaxtilə Azərbaycan Tele-Radio Komitəsinin sədri
olmuşdu və bu azacıq müddətdə o qədər
böyük hörmət qazanmışdı ki, insanların
ürəyində bu hiss uzun illər yaşadı. Uşaq kimi şıltaq, ərköyün, amma təmiz
qəlbli Şahinə Nahid müəllim riqqətlə
yanaşırdı. Bu münasibətlərdə
istedadlı rejissor Şahin faktorundan çox, Ənvər Əlibəylinin
xatirəsi dayanırdı. Bəlkə
işçilərinin içində ən dözümlü
yanaşdığı insan da elə söyüşcül,
heç vaxt böyüməyən, böyük uşaq olan
Şahin idi. ... Montajdan çıxıb
proqramı bitirdiyimi bildirmək üçün 3-cü mərtəbəyə
qalxıram. Nahid müəllimin kabinetinə
yaxınlaşıram və Şahinin hay-küyünü
eşidirəm...
– Qol çək, ərizəmə,
Nahid müəllim. – Mirzə, get evə,
sabah danışarıq.
– Yox, getməyəcəm, qol çək.
– Hə də, mən də onu deyirəm.
lll
O qədər
qarışıq vaxt idi ki, az qala hər 6
aydan bir sədr dəyişikliyi, hər sədrin
özünün nazı, hikkəsi... Elşad Quliyevdən az sonra Nahid müəllim də getdi və bizi
zirzəmidəki kiçicik otağımızdan
çıxarıb üçüncü mərtəbəyə
qaldırdılar, proqramı efirdən götürdülər.
Xoş günlər bitdi. Ətrafda
bu qədər hadisələr qaynayarkən ayrıca bir zirzəmidə
bəxtiyar olmaq mümkünsüz.
... Sonra qayıtdı
Nahid müəllim televiziyaya. Yeni gələn sədrlərə
bu sahəni dərindən bilən, işləyən adam lazım idi, onun yaşıl gözlərinə
aşiq olmamışdılar. Əvvəldə
qeyd elədiyim kimi nazir müavini (Tele-radio Komitəsi sonra
şirkətə çevrildi) oldu və 3-cü mərtəbə
ilə 1-ci mərtəbə arasında “buxarlananlar” yenə
başına yığışdı. Və
yenə Nahid müəllim onlara hər şərait yaratdı,
özünə bir gün ağlamadı. Təsəvvürünüzə
gətirə bilərsiniz, nazir müavini olasan – birotaqlı
evdə yaşayasan, nazir müavini olasan maşının
olmaya, sabahkı günə bir ehtiyatın olmaya? Amma necə
ehtiyac var onun kimi təmiz, saf, professional, ciddi adamlara... Necə
ehtiyac var onun sərt sözlərinə, təmənnasız
münasibətinə... Doğrudanmı yeni gələn
nəsil Nahid müəllimin bu günki güzəranını
görüb də ona yox, oğruya, quldura, əclafa
oxşamalıdı? Niyə nümunələr
Nahid müəllimlər deyil? Niyə mən cavanlara
“oxuyun, savadlı olun , o zaman layiq
olacağınız yeri tutacaqsınız” deyəndə “siz
niyə tutmadınız” sualını verməlidilər? Cavab verimmi? Mənim müəllimlərim
cəsarətli olmadılar. Amma mən yenə
onlarla fəxr edirəm, qürur duyuram. Nahid
Hacızadə də müəllimim olub, çox şeylər
öyrənmişəm ondan. İşə
münasibət öyrənmişəm. Vərəsəlik
məsələlərini nəzərə alsaq, mən də
onun yetirməsiyəm. Yenə eyni məkanda
çalışırıq. Amma indi mən
6-cı mərtəbədəyəm, o 5-də. Fərq
eləməz, Müəllim hər zaman yüksəkdədi! Bizim olanlar azalır. İlbəil.
Var olun, Nahid müəllim! 75-ci yaş gününün
astanasında hələ neçə-neçə belə
yeni günlər arzulayıram! Nə qədər
sizlər varsınız, bizlər də özümüzü
cavan hiss edəcəyik. Böyüklərimiz var olsun!
P.S. Neçə illər görüşməyib, sonra nəşriyyatın
qarşısında rastlaşanda mənə dedi ki, sən bu
gün publisistikada birincisən. Çox gecikdi
bu etiraf, Nahid müəllim. Həyatımda gecikən
çox nəsnələr kimi...
P.P.S. Təbiətdə hər
şey dövr eləyir, həmin o “buxarlananlar” elə öz
yerlərindədi...
İradə TUNCAY
525-ci qəzet.- 2011.- 12 mart.- S.14.