Etibarlı sosial müdafiənin şərtləri təmin olunur

 

PENSİYA SİSTEMİ ŞƏFFAFLIQ PRİNSİPİ ÜZƏRİNDƏ QURULUB

 

Onun 34 il ümumi əmək stajı var. Əmək stajının 14 ilini Naxçıvan Neft Məhsulları Təchizatı İdarəsində ocaqçı qalan hissəsini ayrı-ayrı təşkilatlarda ocaqçı, maşinist-mexanik və ya çilingər kimi işləyib. Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təmin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edib və özünün dediyinə görə, müraciəti Fondun əməkdaşları tərəfindən operativ şəkildə cavablandırılıb. Haqqında danışdığımız Qurban bəyin 60 yaşı var. Dövlət Sosial Müdafiə Fondunun əhaliyə xidmətlərindən razı qaldığını deyib onlara minnətdarlıq edir: “Sag olsunlar məsələ ilə ətraflı məşğul oldular. Lazım olan sənədləri təqdim etdim və ədalətli şəkildə məsələni həll etdilər. Onlara öz təşəkkürümü bildirirəm”. Belə faktların sayı kifayətdir və bütün bunlar ölkə əhalisinin sosial müdafiə sisteminin mütərəqqi nəticələrindən xəbər verir.

 

Vətəndaş müraciətləri üçün təkmil sistem

 

Məlum olduğu kimi, ölkəmizdə pensiya sistemi, bu sahədə şəffaflığın artıtırlması, vətəndaşların müraciətlərinin təmin olunması məsələləri ilə bağlı təkmil sistem qurulub. Elə statistik rəqəmlər də bunu təsdiqləyir. Ötən il ərzində Fondun aparatına vətəndaşlardan daxil olan müraciətlər əvvəlki illə müqayisədə 24,2 faiz azalıb. Vətəndaşların müraciətinin azalmasına baxmayaraq, Fondda görülən tədbirlər vətəndaşların müraciət imkanlarıın genişləndirilməsinə şərait yaradıb. Fondun Əmək pensiyaları şöbəsinin mütəxəssisləri tərəfindən həftənin bütün iş günləri vətəndaşların qəbulu həyata keçirilir və onları maraqlandıran suallar birbaşa cavablandırılır. Fondun sədri Səlim Müslümov da vətəndaşların müraciətlərinə baxılması üçün qəbul günləri təyin edib. Qeyd edək ki, ötən il ərzində Fondun sədri tərəfindən 86 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılıb. DSMF-də vətəndaşların müraciətlərinin səmərəli təşkili nəticəsində müraciətlərin elektron poçt vasitəsilə qəbulu da həyata keçirilir. Elektron formada daxil olan müraciətlər elektron poçt vasitəsilə cavablandırılır. Fondun əmək pensiyaları, sosial sığorta, fərdi uçot, hüquqi məsələlər üzrə mütəxəssisləri ilə birbaşa canlı bağlantının qurulması vasitəsilə vətəndaşların suallarının operativ şəkildə cavablandırılması üçün “Mərkəzləşdirilmiş Çağrı Sistemi” (“190” nömrəli telefon məlumat xidməti) də fəaliyyətdədir. Bütün bunların sayəsində Dövlət Sosial Müdafiə Fondu vətəndaşların müraciətlərinə baxılması onların təklif, ərizə və şikayətlərinin araşdırılması işinin daha da təkmilləşdirərək vətəndaşların ən çox ünsiyyətdə olduğu dövlət qurumlarından birinə çevrilib.     

   

Universal elektron xidmətlər       

     

Dövlət Sosial Müdafiə Fondu informasiya texnologiyalarının yeniliklərini də öz işində mütəmadi tətbiq edir. Məsələn, bir müddət öncə Fondun rəsmi saytının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib. Yeni sayt ictimaiyyət nümayədələrinin maraqlarının müdafiəsi üçün bütün mümkün vasitələrlə təmin olunub. Azərbaycan və ingilis dillərində olan saytda DSMF-nin fəaliyyəti ilə bağlı çoxlu bölmələr var. Bu bölmələrdə vətəndaşlar Fond haqqında, qanunvericilik bazası, pensiya islahatı, məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyaları, sosial sığorta müavinətləri, sığortaedən üçün məlumat, statistik göstəricilər, vətəndaşların məlumatlandırılması, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr barədə məlumat alır. DSMF-nin gəlir və xərcləri, uçotda olan pensiyaçıların say tərkibi və orta aylıq pensiyanın məbləği, sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsinin gedişatı barədə ümumi məlumat, sığortaolunanlardan fərdi uçot sistemində qeydiyyata alınanların sayı və.s saytda yer alır. Saytın “sual-cavab” bölməsi pensiya və müavinətlər, sosial sığorta haqları, fərdi uçot, hərbi qulluqçulara dair pensiya və müavinətlər və digər altbölmələrdən ibarət olmaqla vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin operativ cavablandırılması məqsədi daşıyır. Göstərilən məsələlərlə bağlı fonda müraciət edən hər bir şəxsin sualı operativ və ətraflı şəkildə cavablandırılır.

 “Vətəndaşların məlumatlandırılması” bölməsində məcburi dövlət sosial sığorta haqlarının dərəcələri, sığortaedənlərin və sığortaolunanların Dövlət Sosial Müdafiə Fondunda uçotuna dair ərizə, arayış, məlumat, hesabat formaları, pensiya təyinatı üçün zəruri olan sənədlər, o cümlədən ərizə, təqdimat və s. formalar yerləşdirilib.

Saytda “müştəri xidmətləri”, “B-3 proqram təminatı”, “vakansiya”, “mətbuat guşəsi” və digər bölmələr yerləşdirilib. Həmin bölmələr vasitəsilə gələcəkdə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan bütün pensiyaçı və sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə dərhal əldə edə bilməsi üçün texniki imkanlar müəyyənləşdirilib. DSMF-nın saytında pensiya kalkulyatoru da yerləşdirilib. Belə ki, vətəndaş sosial sığorta şəhadətnaməsinin nömrəsini daxil edərək lazımi prosedurları yerinə yetirir və pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını istənilən vaxt hesablamaq imkanı əldə edir. Bu sistem pensiyların hesablanmasında şəffaflığa xidmət edən mühüm addımdır.

 

Mütəxəssislərin fikrincə...

 

Fondun fəaliyyətində olan şəffaflıq prinsipi ictimaiyyətlə əlaqələrlə yanaşı digər sahələrdə də rəhbər tutulur. Ölkəmizin pensiya sistemi ekspertlər tərəfindən də müsbət qarşılanır. Ekspertlər son illər ərzində sosial sığorta-pensiya sahəsində korrupsiya hallarının kəskin dərəcədə azaldığını vurğulayır. Bu baxımdan pensiyaların bankomat və plastik kartlar vasitəsilə ödənilməsi ödəniş sahəsində bütün neqativ halların aradan qaldırılmasına gətirib çıxarıb. Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində pensiyaların ödənişi sahəsində də şəffaflıq tam təmin olunub. Buna nümunə olaraq Azərbaycanda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizinin pensiyalarının plastik kartlarla ödənilməsinin təmin olunmasını göstərmək olar. Hazırda Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir və bu məqsədlə ümumilikdə 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib. DSMF tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirir ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində pensiya sistemində aparılan islahatlar böyük əhəmiyyətə malikdir: “Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli, şəffaf şəkildə bölgüsünə imkan verir. Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumatlarda da bildirilir ki, sığorta-pensiya sistemində informasiya kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində ölkə Prezidentinin əmək pensiyalarının istər baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarının icrası avtomatlaşdırılmış qaydada həyata keçirilməkdədir. Görülən bu işlərin hamısı insanların maraqlarına xidmət edir və təbii ki, belə olan təqdirdə də həyata keçirilən sosial siyasət cəmiyyət tərəfindən dəstəklənir”.

 

DSMF MDB-də yenilik edir

 

Qeyd edək ki, DSMF informasiya texnologiyalarını uğurla tətbiq edən, əhali ilə ünsiyyəti informasiya texnologiyaları vasitəsilə qurmağa üstünlük verən ilk dövlət qurumlarındandır. Qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. Ölkəmizin bu sahədəki nailiyyətləri beynəlxlaq qurumların və dünya ölkələrinin də diqqətini cəlb edir. DSMF-in Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində “İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə” nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri Fərmanla təltif edilməsi də bunu sübut edir. 2010-cu ilin 29 noyabr-04 dekabr tarixlərində Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda BSTA-nın MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Azərbaycanda yaradılması qərara alınıb. Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara göstərilən xidmətlərin yaxşılaşdırılması üçün fəaliyyətində daha bir yeniliyə imza atır. Məlum olduğu kimi, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda pensiya təyinatının tam avtomatlaşdırılmasına keçid 2013-cü ildə nəzərdə tutulub. Fond bu prosesi Dövlət Proqramında müəyyən olunan qrafikdən əvvəl həyata keçirilməsini hədəfləyib ki, bu da MDB məkanında ilk göstərici olacaq. Bu o deməkdir ki, pensiya təyinatı heç bir sənəd tələb olunmadan aparılacaq. DSMF sədri Səlim Müslümov öz çıxışları zamanı bildirib ki, pensiya və müavinət təyinatının avtomatlaşdırılması yeni qurulan sığorta-pensiya sisteminin əsas elementidir. Bu sistemdə pensiya məbləğlərinin təyini və artırılması mexanizmləri tamamilə sadələşdirilir və hər bir şəxsə pensiyasının və pensiyasına artımların məbləğini özünün hesablayaraq dəqiqləşdirməsinə imkan verilir. Nəticədə maliyyə vəsaitlərindən istifadədə ilkin şərt olan pensiya və müavinət məbləğlərinin təyinində artıq və əskik hesablama halları tamamilə aradan qaldırılır, pensiya məbləğlərinin təyini və artırılması qaydalarının kifayət qədər sadələşdirilməsi, fərdi hesablarda toplanan pensiya kapitalları barədə sığortaolunanların dövri olaraq məlumatlandırılması bu sahədə ictimai nəzarətə şərait yaradır. Pensiya məbləğlərinin müəyyənləşdirilməsinin hər bir şəxs üzrə toplanan pensiya kapitallarına əsasən mərkəzləşmiş proqram əsasında avtomatlaşdırılmış qaydada aparılması insan amilinin təsirini və subyektiv halların yaranma səbəblərini əsaslı şəkildə aradan qaldırır.

Hazırda şəffaflığı daha da təmin edəcək mühüm tədbirlərdən olan pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Təbii ki, bu islahatların hər biri əhalinin sosial təminatının təkmilləşdirilməsinə xidmət edir və bütün bunlar sosial təminatımızın etibarlı əllərdə olduğunu sübut edir.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2011.- 12 mart.- S.12.