Özbəkistanda üç
gün
VƏ YURDDAŞLARIMIZIN
QAYĞILARI...
İsrailə məxsus
bir reklamda yer kürəsi yəhudi ağsaqqalının
başı kimi təsvir edilmişdir. Şimal Buzlu okeanı –
ağ fəsi, Antraktida – çal saqqalı. Rəssamın
fantaziyasına və ustalığına söz ola bilməz; elə
işləmişdir ki, hər adam bu bənzəyişdəki
ideyanı seçə bilməsin.
Hər millət yer
kürəsini öz sifətində görür. Hətta qitələr
də rənglənir – Qara Afrika, Sarı Asiya...
Dövlətlərin özünəməxsus
rəngi var. Özbəkistan mənim xəyalımda həmişə
ağ rənglidir. Yəqin
başdan-başa pambıq tarlalarıyla
örtüldüyünə və dünyanın ən
böyük pabmıq istehsalçısı olduğuna
görə yaranıb bu bənzəyiş, şübhəsiz
qardaş xalqın mənəviyyat dünyasının
paklığı da rol oynayıb bu təsəvvürün
yaranmasında. Ancaq bu ağlığa
ikinci bir rəng də qarışır, bu da firuzəyi rəngdir;
Səmərqəndin, Buxaranın, Xivənin kasıyla süslənmiş
abidələrinin, mədrəsələrin, minarələrin,
məqbərələrin, türbələrin, saray və
karvansaray komplekslərinin rəngi!..
Belə bənzəyişlər
çoxdur. Məsələn, Quzey Azərbaycanın xəritədə
qartala bənzədiyi çox deyilib; indi yaralıdır. Avroasiya
genişliyində türklər yaşayan coğrafiyanın xəritəsinə
baxsanız, yalmanlı-quyruqlu, ulayan bir qurd gələcək təsəvvürünüzə...
Göylərə dikilən başı Saka-Yaqut
torpaqlarıdır. Bu dəfə Özbəkistana uçanda
müşahidə etdiyim başqa bir maraqlı bənzəyiş
də var. Xəzəri adlayan kimi, hava aydındırsa, göz
önündə dünyanın böyük səhralarından
biri açılır. Fərqi yoxdur Ağcaqum, Qaraqum...
Sonsuz bir çöl, qum dənizi –
şırım-şırım,
qırçın-qırçın, doğram-doğram vadilər,
təpələr minilliklərin insan əlinin poza bilmədiyi
möhürüdür. Dalğalı anında donub
qalmış sahilsiz bir dənizə də bənzəyir
bura...
Ancaq məni heyrətə salan bu qum
dünyasının Xəzər-Aral arası çöllərin
daha çox insan beyninə bənzəməsidi. Əslində,
bu, elə-belə, adicə bir oxşarlıq deyil. Bura
doğrudan da, yer kürəsinin beynidir. Çünki
dünyanın bir çox ən mühüm elmləri, kəşfləri,
yaradıcılıq möcüzələri məhz bu beyinin,
onun qabığı və çevrəsinin, əbədi
müdriklik çeşməsinin məhsuludur... Dünyanın
çox yerində cəhalət, mədəniyyətsizlik,
inkivizasiya hökm sürəndə, yəni min il öncə
bura dünyanın fikir mərkəziydi, Mərv, Səmərqənd,
Buxara, Ürgənc, Xocənd, Xivə şəhərlərində
müdriklik məktəbləri, elm ocaqları, rəsədxanalar,
kitabxanalar yaradılmışdı. Bura tibb, riyaziyyat, astronomiya
və s. təbii elmlərin, yəni bu elmləri
yaradanların vətənidir. Məhəmməd Xarəzmi, Əhməd
Fərqani, Fərabi, Biruni, İbn Sina, Qazizadə Rumi, Əli
Quşci, Uluqbəy... Din, dil, ictimai fikir və ədəbiyyat
sahəsində əlçatmaz zirvələrdə dayanan Yasəvini,
Kaşğarlı Mahmudu, Əl-Buxaranı, Əlişir Nəvaini,
Baburu da bu siyahıya qoşsaq, Allahın bu torpağa nə qədər
böyük bərəkət verdiyindən heyrətə gəlirik...
Bura Türkistandır! Nə qədər zülmlər
görsə də, xüsusən I Pyotrdan başlanan rus
işğallarında nə qədər qurbanlar, şəhidlər
versə, güc və enerjisini sərf etsə də, yenə
yaşayır; Şahi-Zindələri, Registanları, Bibixatun
məqbərələrini yaradanlar yenə durmadan
çalışır və yurduna bəzək vurur...
Özbəkistana ilk gəlişim
böyük türk ruhunu yaşadan yerləri görmək,
tarixin və əbədiyaşar mədəniyyətin nəfəsini,
havasını hiss etmək arzusundan doğmuşdu. Qədim Əfrasiyab
(Alp Ər Tunqa) şəhərindən, Səmərqənddən
başlanmışdı bu səfər. Sonralar Buxaranı, Xivəni,
yəni Xarəzm, Fərqanə vadisini, Nəmanqani və təbii
ki, Daşkəndi də gəzib, yaxından tanıyıb
sevmişəm... Özbək və taleyini Özbəkistanla
bağlayan azərbaycanlı aydınlarla
görüşmüş, haqlarında yazılar
yazmışam. Özbəkistanda keçirilən seçkilərdə
müşahidəçiliyimi də bura əlavə etməliyəm.
Hər gəlişimdə indiki siyasi sərhədlərin
bir-birindən uzaq saldığı, Azərbaycan və özbək
xalqlarının mənən və ruhən bu qədər
yaxın olması, aradakı sarsılmaz qardaşlıq
duyğusu məni heyrətləndirir. Şifahi nitqdə
azacıq çətinlik olsa da özbək kitablarını,
mətbuatını sərbəst oxuyuram və oxuduqca da dil
birliyinin sehirli sevinci məni bürüyür. Görünür,
hər şey ənənəyə bağlıdır. Nizami Gəncəvini
Özbəkistanda Azərbaycandakı qədər
tanıyır və sevirlər. Füzuli nə qədər Azərbaycan
şairidirsə, o qədər də özbək şairidir. Nəvai
orta əsrlər Azərbaycan şerində o qədər sevgi
gördü ki, axırda özü də heykəl kimi
köçüb Bakıya gəldi. Maqsud Şeyxzadə
qardaşlığın möcüzə mərtəbəsidir.
Yaradıcılığa azərbaycanca başlasa da sonra
özbəkcə davam etdirdi və Özbəkistanın xalq
şairi oldu. Amma ondan əvvəl də özbəkcə
yazan şairlərimiz olmuşdu və bu ənənə yenə
davam edir. İxtiyar Rizanın, Yaşar Qasımbəylinin,
Akifin simasında... Çağdaş özbək ədəbiyyatının
elə bir böyük nümayəndəsi yoxdur ki, əsərləri
dilimizə çevrilməsin. Özbəkistanda
da ədəbiyyatımıza maraq böyükdür və
özbək yazıçıları Azərbaycan
yazarlarının yaradıcılığını diqqətlə
izləyir və “Dünya ədəbiyyatı” dərgisində,
qəzetlərdə bizim ədəbiyyatımızdan nümunələrə
tez-tez yer verirlər. Ölkələrimiz arasında siyasi əlaqələrin
inkişaf etdirilməsi – bu birliyi daha da möhkəmləndirəcək...
Azərbaycandan kənarda 14
kitabım nəşr edilib. Hər kitab xoş hadisədir,
söz yox, ancaq “Göy Tanrı”nın
Türkiyədən sonra (ruscaya və almancaya da
çevrilmişdir) özbək oxucularına
çatdırılmasına ürəkdən sevindim;
çünki bu roman ümumtürk mifologiyasından
qaynaqlanır və özbək coğrafiyasıyla da
bağlıdır. Özbəkistana son səfərim
Daşkəndin “Şərq” nəşriyyatının
buraxdığı kitabın təqdimatı ilə
bağlı idi. Təqdimat Daşkənddəki Azərbaycan
Mədəniyyət Mərkəzində, Azərbaycanın
fövqəladə və səlahiyyətli səfirliyi tərəfindən
keçirildi. Ən gözəli də dahi
Füzuliylə qonşuluqdu. Həmin
gün oxuculara üç kitab təqdim olunurdu. Füzulinin
“Qəzəlləri”, “Göy Tanrı” və bir də
istedadlı gənc yazarlarımızdan İlqar Fəhminin
“Aktrisa” romanı. Öncə onu deyim ki, bu,
sıradan bir kitab təqdimatı deyildi, qardaş xalqların
ziyalılarının iştirakıyla keçirilən əsl
kitab bayramıydı. Daşkənddəki Azərbaycan Mədəniyyət
Mərkəzini 5 il öncə də
görmüşdüm. Ancaq bu arada köhnə
bina uçurulub və yerinə doğrudan da ürəyi
qürurla dolduran yeni bina tikilib. Təqdimatdan
öncə binanı gəzdim, gözəl salonları,
kitabxanası, tariximizi və bu günümüzü əks
etdirən ekspozisiyaları, konfrans zalı, mətbəxi, dərs-məşğələ,
bilgisayar otaqları ilə bu bina həm muzey, həm mədəniyyət
ocağıdır və respublikamıza yaraşan bir yerdir.
Şübhəsiz ki, Mədəniyyət Mərkəzinin
bu şəkildə tikilib qurulması ilk növbədə,
Özbəkistandakı səlahiyyətli səfirimiz Namiq
Abbasovun xidmətidir. Təqdimat ərəfəsində
kitab satışı və çay məclisi təşkil
edilmişdi. Mərkəzin təxminən
200 nəfərlik böyük salonu dolu idi. Səfirimizin
idarə etdiyi məclisdə Özbəkistan Elmlər
Akademiyasının, Pedaqoji və Elmi institutların, Özbəkistan
Yazıçılar İttifaqının, qəzet və dərgilərin
əməkdaşları ilə yanaşı Daşkənddəki
Azərbaycan diasporunun üzvləri də iştirak edirdilər.
Özbəkistandakı fövqalədə və səlahiyyətli
səfirimiz Namiq Abbasovun əmək fəaliyyəti sözdən,
jurnalistikadan başlanıb, buna görə də kitaba, ədəbiyyata
həssaslıqla yanaşır, vətənpərvər bir
insandır və Özbəkistanda səfir işlədiyi illərdə
də iki dövlətin münasibətlərinin istiləşməsi,
yüksək səviyyədə qurulması sahəsində
çox iş görüb. Təqdimatdakı
çıxışında da bu cür mədəniyyət
hadisələrinin kökündə ölkələrimizin ənənəvi
tarixi yaxınlığıyla bərabər indiki rəsmi
dövlət siyasətinin dayandığını xüsusi
vurğuladı. Özbəkistan Elmlər
Akademiyasının vitse-prezidenti, akademik Səidəhrar
Qulamov, Özbəkistan Yazıçılar Birliyinin xalqla əlaqə
və tərcümə şöbəsinin müdiri,
şair-dramaturq Məhəmməd Əli, Nizami adına
Pedaqoji İnstitutun professoru Həmidcan Həmidov, filologiya elmlər
doktoru, ədəbiyyatşünas Suyuma Qəniyeva, Özbəkistan
Beynəlmiləl Mərkəzinin direktoru, şair, tərcüməçi
Nəsrəddin Mühəmmədov, Özbəkistan Şərqşünaslıq
İnstitutunun dosenti, tərcüməçi, ədəbiyyatşünas
Erqaş Acilov, İlqar Fəhminin kitabının tərcüməçisi
Rüstəm Cabbarov, “Göy Tanrı” romanının tərcüməçisi,
“Mənəviyyat” qəzetinin baş redaktoru, şari, dramaturq,
əməkdar mədəniyyət xadimi Osman Kuçkor
çıxış etdilər. Osman da, Rüstəm
də Azərbaycan ədəbiyyatıyla bağlı,
yaxşı tanıdığım, gözəl
insanlardır. Rüstəmin Azərbaycan ədəbiyyatına
marağı gənclik illərindən başlanıb;
yazarlarımızın hekayələrini çevirir, qəzet
və dərgilərdə çap etdirir və yaxın
vaxtlarda ayrıca bir kitab şəklində nəşr etdirmək
niyyətindədir. Osman Kuçkor Yusif Səmədoğlunun
“Qətl günü”, Anarın “Beşmərtəbəli evin
altıncı mərtəbəsi” romanlarını, Hüseyn
Cavidin “Topal Teymur” pyesini, Azərbaycan uşaq ədəbiyyatı
nümunələrindən ibarət “Xəzərdən əsən
külək” toplusunu və nəhayət mənim
kitabımı çevirib nəşr etdirmişdir. 8 kitabı çıxıb, ədəbi fəaliyyətinə
görə “Şöhrət” ordeninə layiq
görülüb. Təqdim olunan kitablar
Özbəkistanla Azərbaycanı bağlayan böyük mənəvi
dəyərlərdən söz açmağa,
danışmağa fürsət vermişdi. Hər iki
respublikada keçirilmiş mədəniyyət günləri,
araya körpü salan insanlar, ortaq qayğılar, köhnə
dostlar yada düşmüşdü... Mənəvi
yaxınlığı, birliyi göstərən cəhətlərdən
biri də hər kəsin öz ana dilində
danışması və hamı tərəfindən
anlaşılmasıydı. Nizami Gəncəvinin,
Füzulinin adlarının Özbəkistanda əbədiləşdirilməsi
sahəsində görülən işlər, Bakıda Nəvainin
heykəlinin açılışı, Azərbaycan və
Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri,
Özbəkistan prezidentinin istedadlı ədəbiyyatşünas
alimimiz Yaşar Qasımbəyli tərəfindən azərbaycancaya
çevrilmiş “Yüksək mənəviyyat – yenilməz
güc” kiatıbı və s. hadisələr – yüzillər
boyu yaşayan ilişkilərimizin Sovet İttifaqının
yıxılmasından sonra daha da genişlənməsi kimi dəyərləndirildi.
Mən özbək ədəbiyyatının Azərbaycanda
nəşr tarixindən, bu dostluğun keşiyində dayanan
insanlardan danışdım, şeir oxudum. Bu axşamın ən yaddaqalan cəhəti Azərbaycan
səfirliyi və Mədəniyyət Mərkəzi ilə
özbək ictimaiyyəti və ziyalıları arasında
yaranmış səmimi, xoş münasibət oldu. Özbəkistanda qaldığım sonrakı iki
günün birində tarix-mədəniyyət abidələrini,
muzeylərini gəzdim, digərində isə Sır-Dərya
rayonunda yaşayan azərbaycanlılarla görüşə
getdim. lll Özbəkistan ədəbiyyat
və sənətin yüksək qiymətləndirildiyi, tarixi
abidələrin, milli dəyərlərin diqqətlə
qorunduğu ölkədir. Ədəbiyyatın
inkişafında xidmətlərinə və müstəqillik
uğrunda mübarizələrinə görə beş yazıçıya “Özbəkistan Qəhrəmanı”
adı verilmişdir. Ölkə müstəqillik
qazanandan sonra mədəniyyət və mənəviyyat sahəsində
görülən işlərin miqyası, bu sahəyə
xüsusi diqqət aydın bir strateji xəttin göstəricisidir.
Məsələn, Özbəkistanda rəssamlar,
əsasən, Rəssamlıq Akademiyasının ətrafında,
orda yaradılmış studiyalarda birləşirlər. Bütün əyalətlərdə və rayonlarda
istedadlı uşaqlar üçün internat məktəblər
yaradılmışdır. Oranı bitirən
gənclər təhsillərini rəssamlıq məktəbində
və Akademiyada davam etdirirlər. Bir neçə il öncə Akademiyanın seçmə tələbələrindən
30 nəfəri təcrübə keçmək və daha
yüksək təhsil almaq üçün İtaliyaya
göndərilmişdir... Yeni tikilmiş Gənclər
Sarayında rəssamlar icarə haqqı ödəmədən
sərgilərini aça, musiqiçilər konsertlərini
verə bilirlər. Kino sənətinin
inkişafı ilə bağlı xüsusi dövlət
proqramı var. Hətta rayonlarda, kəndlərdə də
bütün kinoteatrlar təmir edilib və xalqın istifadəsindədir.
Səmərqənddə – Registanı, Zahi-Zindəni,
Bibixanım məqbərəsini, Cur Əmiri, Buxarada köhnə
məscid və mədrəsələri və məhşur
qülləni, Xivədə Qala divarları arasında
canlı həyatını davam etdirən, bizim İçəri
Şəhərdən fərqli olaraq minillik ruhu qorunan qədim
qala şəhəri, Daşkənddə müqəddəs
Quranın ilk orijinal nüsxəsinin qorunduğu
İmamzadanı gəzərkən özbək tarixi abidələrin
və milli tarixin hansı səviyyədə qorunub bərpa və
təbliğ edildiyini görüb yazmışdım...
Bizim Mədəniyyət
Nazirliyinin etinasızlığı üzündən “erməni
bərpaçı”ların pis günə qoyduğu Bərdənin
Nüşabə qalası, yaxud Qusardakı Şeyx Cüneyd məqbərəsiylə
müqayisələr də aparmışdım. Özbəkistanda
müstəqilliyin ən böyük qazanclarından biri –
rus-Avropa təfəkkürü ilə
formalaşdırılmış köhnə qəliblərin
qırılması, tarixin əsarətdən azad edilməsidir.
Bunun ən parlaq nümunələrindən biri Daşkənddə
“Qadağan qurbanlar muzeyi” – yəni repressiyaların və
çarizmin Türküstana ayaq açdığı ilk
günlərdən bəri özbək xalqına tutulmuş
divanların, soyqırım faciələrinin əks etdirildiyi
muzeydir. Muzey Anxor çayın sahilində, geniş bir ərazidə
tikilib. Bura suyun burulğanlı, gur axdığı yerdir. 19-37-ci
ildə özbək ziyalılarını burda, yarğanın
dibində güllələyib, meyitlərini burulğana
atırmışlar ki, izi-tozu qalmasın. Əzəmətli
sütunlar arasında, mavi günbəzin altındakı qəbir
Əmir Teymurun məzarındakı sinə daşını
xatırladır, rəmzidir, qurban gedənlərin – tək məzarıdır.
Bir az aşağıda muzey üçün tikilmiş bina
öz-özlüyündə əvəzsiz bir sənət əsəridir.
Özbəkistan memarlığının səciyyəvi
elementlərindən olan oyma naxışlı ağac
sütunlar və yenə bu üsulla düzəldilmiş,
baxdıqca göz doymayan qapılar elə ilk baxışdan bu
muzeyin ruhunu, onu yaradanların bura hansı diqqət və
sayqıyla yanaşdıqlarını göstərir. Muzeyin
üç salonu var. Səfirliyimizin əməkdaşı Səbuhi
Əhmədov ixtisasca tarixçidir; Azərbaycan Mədəniyyət
mərkəzində tariximizi əks etdirən yığcam,
ancaq yüksək zövq və sevgiylə
hazırlanmış ekspozisiyanı göstərəndə bu
sahəni yaxşı bildiyinin şahidi olmuşdum. Sən demə,
tarix elmləri namizədiymiş. Birgə gəzdiyimiz
bütün muzeylərdə, o cümlədən Qurbanlar
muzeyində də bələdçiyə ehtiyac qalmır. Səbuhi
kifayət qədər peşəkardır. Muzeyin üç
bölməsinin birincisində çarizmin Türküstanda
apardığı türk düşmənçiliyi və
buranın əhalisini assimilyasiya, yaxud yox etmək siyasətini
göstərən sənəd, şəkil və məlumatlar,
video materiallar, ikincisində Sovet dövrü repressiyyaları əksini
tapmışdır. Üçüncü salon müstəqilliyin
uğurlarına həsr olunub. Günahsız, zəhmətkeş
bir xalqa öz torpağında bu zülmləri çəkdirənlərə
nifrətsiz, qəzəbsiz baxmaq olmur muzeyə. Bir az da həsədə
baxıram. Bizim xalqın çəkdiyi özbək
xalqının faciələrindən daha ağırdır. Neçə
illərdir “Bakıda soyqırım muzeyi yaradılsın”
deyib dururduq. Daşa-divara deyirsən elə bil! İmkan vermirlər.
Görünur, rusun, erməninin uşaqları,
yanlıları, tərəfdarları bizdə o qədər
çoxdur ki, hələ onların iradəsini qırmaq
mümkün deyil, yoxsa bu biganəliyə nə ad vermək
olar? “Literaturnaya qazeta”nın cavanlıqdan tanıdığm
baş redaktoru, yazıçı Yuri Polyakovun bir cümləsi
bu muzeyin nə qədər əhəmiyyətli və vacib
olduğunu göstərir. Yazır ki, Yerevanda soyqırım
abidəsini gəzdiyim gün ömrümün ən
ağır günü idi. Bu qədər təsir edib ona erməni
uydurmaları! Amma biz öz faciələrimizi gizlədirik! Haradadır
milli təəssüb, Azərbaycanın dövlətçilik
şüuru və nəyi gözləyirik? Gözləyirik
ki, asta-asta əlimizdəki sənədlər itsin, yoxa
çıxsın, axırda ermənini suya çəkib təmizə
çıxarsınlar? Belə deyilsə, nədir mane olan?
Respublikanın nə vaxt bundan artıq imkanı olacaq ki, belə
bir muzey tiksin? Bu qədər möhtəşəm
binaların ucaldığı Bakıda muzey tikmək su qədər
asan bir işdir. Deməli, söhbət vəsaitdən,
puldan-paradan getmir. Bu qeyrət və milli şüurla, dövlətçilik
təfəkkürü ilə bağlı məsələdir.
Həmin gün iki başqa anıt və abidəyə də
təxminən eyni həsəd və özümüzün
laqeydliyimizə qəzəblə baxdım. Əslində,
laqeydlik sözü mənim fikrimi tam ifadə eləmir.
Çünki bizdə tariximizə münasibət təkcə
laqeydlik məsələsi deyil, burda gizli bir qəsd var və
bu getdikcə daha aydın görünür. Daşkənddəki
Müstəqillik Meydanını təsvir etmək
üçün gərək ayrıca bir məqalə yazasan.
Simurq quşlarını uçuşdan saxlayan tağbəndin
altından keçib Müstəqillik abidəsinə doğru
gedirik. Müstəqilliyə hörmət belə olar!. Əzəmətli
bir kurqanın üstündə, kürəyini üstündə
daş qlobus olan əzəmətli qranit sütuna söykənmiş
özbək anasının heykəli, qucağında körpə...
Müstəqillik də bu ana, bu körpə kimi qiymətli və
müqəddəsdir! Gərək qoruyasan! Bu gözəl abidəyə
baxa-baxa, özümdən asılı olmadan, Bakının
istiqlaliyyət küçəsində 1918-ci il müstəqilliyimizi
bəyan etmiş və ya bugünkü dövlətimizin təməlini
qoymuş şərəfli kişilərin xatirəsinə
qoyulmuş “xatirə daşını” xatırladım. Bu
cür “abidələr” məni əsəbiləşdirir. Hələ
gənclik illərində Bolqarıstanda, Şıpkada bizə
– Azərbaycandan gedən turistlərə köhnə taxta
buruqlara oxşar belə bir daşı göstərib, “bu rus
ordusunun türklərə qələbəsi şərəfinə
ucaldılıb” deyiləndə mən dəstənin rəhbəri
kimi azərbaycanlıları bu marşrutdan
çıxartmış və bizi aparan Moskva şirkətinə
– Bolqarıstanda turistlər arasında antitürk təbliğata
qarşı etiraz məktubu yazmış və bizə bələdçilik
edən qadını dəstəmizə
buraxmamışdım. Bunun şahidləri var. İndi də
hər dəfə belə dördkünc, piramidaya bənzər
daşları görəndə Şıpka yadıma
düşür. Məhəmməd Əmin Rəsulzadənin
abidəsinin yerində – hovuz, Şəhriyarın abidəsinin
yerində – hovuz...
Bu nə ehtirasdır. Bəlkə
bütün tariximizi və onunla bərabər
xalqımızı da suya verək axıb getsin!.. Niyə
Bakıda əzəmətli bir müstəqillik meydanı, bu
yolda canını qurban vermiş insanların xatirə kompleksi
olmasın. Ana abidəsinin solunda Senatın ağ binası
ucalır, sağda isə İkinci Dünya Müharibəsi
illərində həlak olmuş Özbəkistan vətəndaşlarının
şərəfinə tikilmiş Şəhidlər
Xiyabanı var. Bura da ibrətamiz bir yerdir. Sağda – solda iki
sütunlu qalereya uzanır, yenə eyni həyəcanı
doğuran başqa bir Ana heykəlinə qədər. Bu
açıq qalereyanın divarlarında hər iki-üç
addımdan bir, adam boyu, iri kitablar yerləşdirilib. Xüsusi
materialdan hazırlanmış, əbədi, “daş” kitablar!..
Hər biri onlarla vərəqdən ibarət olan bu kitablarda
İkinci Dünya Müharibəsində həlak olmuş
özbəkistanlıların adları yazılıb. Hansı
torpaqda, hansı ideologiyanın və ya dövlətin
maraqları ucbatından həlak olmalarından asılı
olmayaraq onlar günahsız qurbanlardır və xatirələri
gələcək nəsillərin ürəyində
yaşamalıdır. Sonra Səbuhiylə birgə Tarix muzeyini
gəzdik və muzeyin zəngin ekspozisiyasına baxa-baxa istər-istəməz,
hələ də Zeynalabdin Tağıyevin evinə
sıxışdırılmış tarix muzeyimizi
xatırladım. Tarix muzeyi məsələsini də vaxtilə
Milli Məclisdə qaldırmışdım. Hələ də
bu sual məni düşündürür? Müstəqillikdən
sonra dünya Azərbaycana axanda, 14 il boyunca Tarix muzeyimiz niyə
bağlı qalmalıydı? Bir binanın təmiri neçə
il sürə bilər? Tarixini bağlı saxla, ermənilərin
əliylə xalqına tutulmuş divanları üzə
çıxarma, faciələrini gizlət,
zıyalıların, millət təəssübkeşlərinin
harayına məhəl qoyma!.. Bunun adı nədir və
axırı nə olacaq? İqtisadiyyatın, zəifliyi,
başqa hər cür çətinlik dözüləndir,
dünya dağılmaz, amma tarixə, millətin
yaşadığı faciələrə,
parçalanmağımıza, şəhidlərimizin ruhuna, mənəvi
dəyərlərimizə laqeydlik dünyamızı
dağıdır və sonra onu bərpa etmək olmur! Səfərdən
sonra Daşkənddəki Qurbanlar muzeyinin xalqın tarix hafizəsinin
qorunmasındakı roluyla bağlı təəssüratımı
bir dostumla bölüşəndə acı-acı
gülümsədi:
“Bəy, abidə bir yana
qalsın, bax gör bizim rəsmi idarələrdə
harınlamış məmurlar müharibə qazilərinə
nə üz göstərirlər, sanki “Sən erməni ilə
niyə vuruşdun?” deyə onlara zülm edirlər; gör
şəhid ailələri nə vəziyyətdədir! Dirimizin
qayğsına qala bilirik ki, ölüləri də
düşünək!” – dedi. Söhbətimiz burda
bitmişdi... Müqayisədən qaçmaq olmur. Və bu
müqayisələr heç də həmişə bizim
ziyanımıza deyil. Əksinə, Bakının indiki
inkişafını görən özbək həmkarlarımız
da tikinti sahəsində elə bir ciddi irəliləyişi
olmayan Daşkəndi göstərib bizə həsəd
apardıqlarını deyirdilər... Belə daha
yaxşıdır. Qoy, uğurlarımızdan dostlar
danışsın. Bizim borcumuz xalqın taleyi baxımından
görülməsi zəruri olan işləri
xatırlatmaqdır. Kənardan bu görünmür,
görünsə də deməzlər! Daşkəndin ən
ucqar məhəllələrində belə su, işıq
çətinliyi yoxdur. İsti su, isitmə sistemi mərkəzləşmiş
şəkildə həll olunub, yollarda tıxac görməzsən,
hələ maşın bizdəki kimi çox deyil,
maşın siqnalı eşitməzsən, küçə və
meydanlar tər-təmizdir. Əhali dinc və mehribandır. Bu
dincliyin bir səbəbini də kitab dükanını gəzərkən
anladım. Öncə onu deyim ki, kitaba maraq bizdən
artıqdır. Ancaq ən maraqlısı, məktəb
kitabları arasında gördüyüm dərsliklərdir. “Mənəviyyat”,
“Vətən duyğusu”, “Milli müstəqillik ideyası və
mənəviyyatın əsasları” və sair. Sonra öyrəndim
ki, Özbəkistan məktəblərində “Milli istiqlal qayəsi:
əsaslı düşüncə və təmayüllər”
adlı xüsusi fənn tədris olunur və bütün
siniflər üçün bu fənnə aid xeyli yeni dərslik
hazırlanmışdır. “Özbəkistan – vətənim mənim”,
“Özbəkistan xalqı”, “İstiqlal nədir?”, “Vətəni
niyə sevirik?”, “Ana yurd”, “İmam Buxaranın anası”, “Səmərqənd
çörəyi”, “Milli müstəqillik ideyası və
Özbəkistanın inkişafı”, “Özbəkistanın
inkişafı və mənəvi-əxlaqi ideya”, “Özbəkistan
və dünya”, “Xalqın rifahı”, “Şəxsiyyətin hərtərəfli
inkişafı”, “Dinə və dini etiqada hörmət”, “Vətəndaşların
hüquq və azadlıqlarının təminatı”, “Dil –
millətin mənəviyyat ifadəçisidir”, “Şəxsiyyət
və əxlaq”, “Ekoloji dəyərlər”, “Peşə
etikası” və sair başlıqlar bu fənnin necə dəyərli
bir məqsədə xidmət etdiyini aydın göstərir və
gənc nəslə təsirsiz qalmayacagı şəksizdir. Əlifbayla
yanaşı “Konstitusiyanın əlifbası” da öyrədilir.
Üstəlik, Özbəkistanın Prezident Aparatından yerli
hökumətlərə (icra hakimiyyəti) qədər
bütün dövlət idarələrində mənəviyyat
şöbələri yaradılmışdir və xalqın mənəvi
dəyərlərinin qorunmasına xidmət edən geniş
bir şəbəkə yaradılmışdır. Məncə,
gözəl və öyrənilməsi vacib olan bir işdir!
Bizim bir yandan tikilib, bir
yandan dağılan yollarımızdan fərqli olaraq Daşkənddən
Sır Dəryaya qədərki 100 km-lik qoşa yol Şərəf
Rəşidov zamanından nə cür salınıbsa, o
cür də qalır... burda əlavə izaha ehtiyac
görmürəm. Gəlişimizi eşidən
yurddaşlarımız həvəslə axıb Sır Dərya
şəhər hökumət binasının zalını
doldurmuşdular. Bir dəstə ağsaqqal küçədə
qarşıladı bizi. Bu böyük sevginin səbəbi
sonra anlaşıldı. Birinci, televizorlarımızı izləyirlər
və hər birimizi yaxşı tanıyırlar. İkincisi,
sən demə 70 ildə bir nəfər Azərbaycan
ziyalısı, dövlət nümayəndəsi, millət vəkili
onları yada salıb görüşlərinə getməmişdir.
Yığıncaqda rayon hökumətinin nümayəndələri
və Özbəkistandakı səfirimizin müşaviri, gənclik
illərindən tanıdığım, şərqşünas
alim Akif Əliyev iştirak edirdilər. Çox həyəcanlı
çıxışlar oldu, yerli yazarlardan Əli Nəsirli,
Qüdrət Rəhimli Azərbaycan sevdasıyla
yazılmış şerləri oxudular, əhalinin
qayğılarından söz açıldı. O
qayğılardan biri – keçən əsrin 30-cu illərində
Özbəkistana sürülmüş
yurddaşlarımızın milli kimliyinin
yazılışı ilə bağlıdır. Sir Dəryada
bütün rayonlarımızdan adamlar var. Ancaq mənim
görüşdüklərim əsasən Gəncəbasardan,
Şəmkirdən, Qarabağdan, Biləsuvardan olan
adamlardı. Hansı xəyanətkar əlsə o vaxt bu
köçürülənlərin bir hissəsinin pasportuna
azərbaycanlı, digər hissəsinin pasportuna iranlı
yazdırıb. Güney Azərbaycandan olsalar başa
düşüləndi, ancaq bunlar İrana heç bir aidiyyəti
olmayan insanlardır. Bu yolla on minlərlə insan Orta Asiyada azərbaycanlılıqdan
çıxarılıb “iranlı” olublar. Məncə, səfirliyimiz
və Xarici İşlər Naziriliyi bu məsələnin həllində
Özbəkistandakı diasporumuza köməklik göstərməlidir.
Yığıncaqdan sonra arzumu nəzərə alıb mənı
azərbaycanlılar yaşayan Məlik qışlağına
apardılar. 12 min əhalisi olan kəndin səliqə-sahmanı,
düz küçələri, planla tikilmiş evləri, ən
ucqar məhəllələrə qədər təmiz asfalt
yolları göz oxşayır. Söz yox qayğıları
da var. Amma görüşümüzdə bir bayram ovqatı
hökm sürürdü. Əlifəli Hüseynov adlı
eloğlumuzun qapısında ayağmız altında qoç
kəsdilər. Sən demə, on gün öncə oğlunu
evləndirib, gəlini gətirib. Öncədən
yanlış olaraq Xocalı soyqırımı gününə
təyin edilmiş toyu pozub sonrakı günə saxlayıb. Yeni
evlənmiş gəncləri təbrik etdim. Ortaya göy kətəsi
gəldi. Kəndlərimizdə bişirilən göy
qutabının eynisi idi. Geri qayıdanda zorla bizi ayrı bir
süfrəyə də dəvət etdilər. Görüşdüyümüz
adamların çoxu Özbəkistanda doğulub, özləri
yox, ata-anaları sürgün edilib, ancaq ana dilində Azərbaycanda
yaşayanların bir çoxundan yaxşı
danışırlar. “Biz burada qardaşlarımızla bir yerdəyik,
özbəklərlə ayrı-seçkiliyimiz yoxdur, amma
kaş Qarabağ müharibəsi qurtara, Azərbaycanın
başı ayıla; onda biz də arxayınlıqla
qayıdarıq vətənimizə”. Qanlı repressiyaların
dərdlərini ancaq bu yolla unutmaq olar... Bu yazımla sanki
Özbəkistanda bütün problemlər həll olunub,
xalqın qayğısı yoxdur və ya hamı indiki
iqtidardan razıdır təsəvvürü yaratmaq istəmirəm.
Heç bu məsələlərə toxunmaq da istəmirəm.
İqtisadiyyat hələ zəifdir, əhali bizdəkindən
kasıb yaşayır, yeni tikinti çox azdır və s.
Bunlar qardaş xalqın öz işidir. Zəhmətkeş,
istedadlı özbək xalqı bu sorunları həll edəcək...
Çünki yeni nəsil kimliyini, böyük
keçmişini dərk etmək və ona sahib çıxmaq
ruhunda tərbiyə edilir; gələcək üçün
möhkəm vətəndaşlıq, yurd sevgisi təməlləri
atılır... 29 milyonluq özbək xalqı min illərin
tarixindən, Fərabilərin, Əmir Teymurların, Nəvai
və Uluqbəylərin ruhundan güc alaraq dirçələcək
və Türküstanın yeni intibahı bağlanacaq. Buna
inanırıq!..
Sabir Rüstəmxanlı
525-ci qəzet.- 2011.- 12 mart.- S.10-11.