Bakıda məişət
zorakılığına dair
konfrans keçirilib
ELMİRA SÜLEYMANOVA: “QADINLARIN SAYININ AZALMASININ
KÖKÜNDƏ MƏİŞƏT ZORAKILIĞI DURUR”
Dünən ATƏT-in
Bakı ofisi Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi ilə birgə “Məişət
zorakılığının qarşısının
alınması haqqında” qanunun implementasiyası: məlumatlandırma
və beynəlxalq təcrübə” mövzusunda konfrans
keçirib. Tədbirin açılışında
çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri,
səfir Əli Bilgə Cankorel bildirib ki, konfransın təşkilində
əsas məqsəd başqa ölkələrin təcrübəsini
tətbiq etməklə, məişət
zorakılığının qarşısının
alınması ilə bağlı yeni qanunun icrasına dair
müzakirələr aparmaq, hökumət və vətəndaş
cəmiyyətinin nümayəndələri arasında əməkdaşlığı
daha da genişləndirməkdir. Onun fikrincə,
məişət zorakılığının
qarşısının alınması haqqında qanunun qəbul
olunması, gender bərabərliyi və uşaqlar da daxil
olmaqla, ən çox qayğıya ehtiyac olan vətəndaşların
müdafiəsi, beynəlxalq öhdəliklərin yerinə
yetirilməsi istiqamətində Azərbaycanın irəli
doğru atdığı çox önəmli
addımdır. Səfir qeyd edib ki, məişət
zorakılığına qarşı mübarizənin dəstəklənməsi
ATƏT-in Bakı Ofisinin bu il
üçün əsas prioritetlərindəndir. İl ərzində
ATƏT-in Bakı ofisi bununla bağlı silsilə tədbirlər
keçirəcək: “İl ərzində qanunun
icrasını dəstəkləmək məqsədilə
regionlarda dəyirmi masalar təşkil ediləcək. Yeni təşkil olunmuş yardım mərkəzlərinin
işçiləri və hüquq-mühafizə orqanları
üçün ixtisaslaşdırılmış təlimlər
keçiriləcək. Məişət
zorakılığına qarşı milli və regional
kanallarda maarifləndirici proqramlar təşkil olunacaq. İl ərzində ATƏT məişət
zorakılığı qurbanları üçün
regionlarda “qaynar xət”lər yaradacaq”. Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova isə deyib ki, qanunun qəbulu hələ
problemlərin həlli demək deyil: “İnsanlar dərk etməlidirlər
ki, bu qanun niyə qəbul olunub və ondan necə istifadə
etmək olar”. Ombudsman Elmira Süleymanova isə
deyib ki, Azərbaycan cəmiyyətində kişilərin
sayı kəskin surətdə artmaqdadır. “Bu, bizi narahat etməlidir. Dövlət
Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan
əhalisi arasında qadınların sayı 51 faizdən 46
faizə düşüb”. Qadınların
sayının azalmasının əsas səbəblərindən
birinin məişət zorakılığı olduğunu deyən
Süleymanova məişət zorakılığının təhlilinin
və dəqiq statistikasının aparılmasını və
bunun nəticəsində problemlə mübarizədə
konkret mexanizmlərin hazırlanmasını vacibliyini
vurğulayıb. Onun sözlərinə görə,
kriminal abortlar, cinsinə görə ana bətnində
dölün məhv edilməsi son illər kişilərinin
sayının artmasına səbəb olub: “Məişət
zorakılığının müxtəlif formaları insan
hüquqlarının pozulması ilə sıx
bağlıdır. Məişət
zorakılıqlarının kökündə cinsi mənsubiyyətə
görə ayrı-seçkiliyin aradan qaldırılmaması
dayanır”. Ombudsman bildirib ki, qadınlara qarşı
ayrı-seçkilik ailədə, əmək bazarında,
sahibkarlıqda, güzəştli kreditlərin verilməsində
müşahidə olunur: “Nəticədə qadınlar iqtisadi
baxımdan həyat yoldaşlarından asılı vəziyyətə
düşür və onların ailələrdə qərar
verə göstəriciləri zəifləyir. Problemlə
dərin mübarizə aparmaq üçün dəqiq
statistika olmalıdır”. Daha sonra tədbir
zamanı məişət zorakılığının Azərbaycanda
əhatə dairəsi və təsiri haqqında söhbət
açılıb, qanunların detalları müzakirə
olunub. Eyni zamanda tədbir
iştirakçılarına beynəlxalq təcrübə və
mütərəqqi nümunələr haqqında məlumat
verilib və bu təcrübələrin Azərbaycana
münasib olub-olmadığına dair hökümətlə
vətəndaş cəmiyyəti arasında müzakirələr
aparılıb.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 12 mart.- S.6.