Mətbuat Şurasının Şikayətlər komissiyasının iclası keçirilib

 

Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 5 məsələni müzakirə edib. İclasda əvvəlcə Şəki Şəhər Təhsil Şöbəsinin “Azərbaycan gündəmi” qəzeti ilə bağlı şikayətinə baxılıb. Təhsil Şöbəsinə cəmi iki ay əvvəl şöbə müdiri təyin olunan qadın barədə bu mətbu nəşrdə gedən “Şəkinin Təhsil Şöbəsinin müdiri nazirlikdən gileylidir” (23 fevral 2011-ci il) sərlövhəli yazının peşə etikasının tələbləri gözlənilmədən səhifəyə çıxarıldığı vurğulanmaqla yanaşı orada verilən qarşı tərəfin münasibətini də məsələnin həlli üçün yetərli saymayıb. Mətndə təkzibin tələblərinin gözlənilmədiyi, eyni zamanda məsələyə yanaşmada jurnalist fəaliyyəti ilə bir araya sığmayan məqamların mövcudluğu nəzərə alınaraq “Azərbaycan gündəmi” barədə araşdırmaların Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən davamı məqsədə müaviq sayılıb.

Şikayətlər üzrə Komissiyada Bakı Şəhər 9 saylı Uşaq Poliklinikasının və Bakı şəhər 171 saylı orta məktəbin “Ədalət carçısı” qəzeti ilə bağlı müraciətlərinin müzakirəsi zamanı yekdil rəy belə olub ki, bu nəşrin də fəaliyyətinin əsasını mətbu prinsiplərə zidd hallar təşkil edir. Araşdırmalar zamanı müəyyənləşdirilib ki, şikayət doğuran materialların dərc olunduğu 17 fevral 2011-ci il tarixli sayda gedən yazıların əksəriyyəti bu baxımdan müzakirə predmetinə çevrilə bilər. MŞ-nin qəzetlə bağlı yekun qərarı Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyindən asılı olacaq. Komissiya Bakı şəhər 171 saylı orta məktəb barədə “Cəmiyyət” və “Bizim dövr” qəzetlərində gedən yazıları müzakirə edərək rəyə gəlib ki, bunlar jurnalistika, yaradıcılıq maraqları baxımından mətbu həmkarlıq nümunəsi sayıla bilməz. Həmin materiallarda peşə prinsiplərinə sayğısızlıq özünü aşkar büruzə verməkdədir. İclasda “Cəmiyyət” qəzeti ilə bağlı sənədlərin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına təqdim olunması razılığına gəlinib. Komissiya həmçinin son vaxtlar MŞ-yə “Bizim dövr” qəzeti barədə çoxsaylı şikayətlərin ünvanlanmasına xüsusi diqqət yetirib. Qəzetin adı Şuranın “qara siyahı”sında yer aldığına görə toplanmış sənədlərin inzibati orqanlara göndərilməsi üçün Mətbuat Şurasının İdarə Heyəti qarşısında məsələ qaldırılması məqsədə uyğun sayılıb. Komissiyanın iclasında Beyləqan rayonunun “Sirik” obasında məskunlaşan məcburi köçkün Firdovsi Abbasovun “Son olay” qəzetinin baş redaktoru Ramin Məhəmmədoğlu və redaktoru Ali Məhəmmədin peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətləri barədə şikayətinin MŞ təmsilçisi tərəfindən araşdırılmasına dair arayış da müzakirə olunub. Arayış və məsələ ilə əlaqədar toplanmış sənədlər nəzərdən keçirilərək rəyə gəlinib ki, məsələnin mahiyyətində hüquq-mühafizə orqanlarının araşdırılmalı olduğu məqamlar mövcuddur. “Son olay”ın “reket qəzet” kimi adının MŞ-nin “qara siyahı”sına salınması əsas götürülərək nəşrlə bağlı toplanmış materialların Beyləqan Rayon Prokurorluğuna göndərilməsi də məqsədəmüvafiq sayılıb.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 12 mart.- S.9.