Maral Rəhmanzadənin
yaradıcılığı “Xalq Əmanəti” kimi təqdim olunub
“Xalq Bank”ın təşəbbüsü
və maliyyə dəstəyi ilə həyata keçirilən
“Xalq Əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadənin əsərlərindən
ibarət sərginin açılışı və rəssamın
yaradıcılığını əks etdirən bədii
albomun təqdimat mərasimi keçirilib. Azərbaycan və
rus dillərində tərtib olunan kitaba rəssamın məhşur
rəsm əsərləri, ailə fotoları daxil edilib. Topluda
həmçinin rəssamın ömür yollarının
maraqlı məqamları, əsərlərinin
xarakteristikası da yer alıb.
2010-cu ildən başlayaraq həyata
keçirilən bu layihə xalqımızın mədəni
irsinin qorunub gələcək nəsillərə
ötürülməsi və mənəvi dəyərlərimizin
dünyaya tanıdılması məqsədi
daşıyır. “Xalq Əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət
və elm xadimlərinin əsərləri, eləcə də
folklor nümunələri nəfis tərtibatda nəşr
olunub sənətsevərlərin ixtiyarına verilir. Layihənin
ilk buraxılışı xalq rəssamı
Böyükağa Mirzəzadəyə, ikinci nəşri isə
xalq şairi Məmməd Araza həsr olunub.
Tədbirdə
çıxış edən Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov sənətkarın
həyat və yaradıcılığından bəhs edib. Onun
Neft Daşlarına gedən, Naxçıvan
dağlarını qarış-qarış gəzən ilk
qadın rəssam olduğunu diqqətə
çatdırıb və onun Azərbaycan rəssamlıq məktəbində
özünəməxsus bir yol qoyduğunu deyib: “Maral Rəhmanzadənin
fırçasına məxsus industrial və təbiət mənzərələri,
kitab qrafikası nümunələri xalqımızın zəngin
mədəni irsinin ayrılmaz bir hissəsidir”. Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik
Ömər Eldarov isə deyib: “Maral Rəhmanzadənin
yaradıcılığında yer alan zərif, idealizə
olunmuş Azərbaycan qadını, “yeni sovet qadını”
obrazları, neftçilərə həsr olunmuş son dərəcə
emosional əsərlər, şəhər, kənd mənzərələrinin
geniş retrospektivi – bu mövzular və obrazlar Azərbaycanın
sənət tarixində öz layiqli yerini tutub”. Tədbirdə
çıxış edən digər ziyalılar və sənət
adamları da sənətkarın əsərlərindəki
maraqlı məqamlardan danışıb, onun rəngkarlıq
məktəbimizin inkişafında böyük xidmətləri
olduğunu vurğulayıblar. Həmçinin
çıxış edənlər belə bir mühüm
layihəni həyat keçirərək, görkəmli
insanların xatirəsini əbədiləşdirdiyi
üçün “Xalq Bank”a təşəkkürlərini
bildiriblər. Tədbirin sonunda mərasim
iştirakçıları bankın baş ofisindəki
qalereyada Maral Rəhmanzadənin əsərlərindən ibarət
sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi
martın 12-dən iyun ayının 12-dək fəaliyyət
göstərəcək. Sərgini iş günləri saat
18:00-dan 21:00-dək, şənbə və bazar günləri
saat 10:00-dan 16:00-dək seyr etmək olar. Giriş
sərbəstdir.
GÜNEL
525-ci qəzet.-
2011.- 15 mart.- S.7.