“Dağlar yuxuna girir”mi, Nahid müəllim?
“Dağlarda ən kəsə
yol zirvədən zirvəyə gedən yoldur: amma bunun
üçün uzun ayaqların olmalıdır. Rəmzlər
zirvə olmalıdır, onların deyildiyi adam isə
böyük və güclü”.
Fridrix Nitşe. “Zərdüşt
belə dedi” kitabından
Xatirə yazmaqdan qorxuram. Bəlkə
buna hələ yaş səlahiyyətim çatmır, ehtiyat
edirəm. Ancaq son illər bu janrı canlandıran, ətə-qana
dolduran, ustalıqla sənət dühalarımızın
obrazlarını yaradan, yeri düşəndə ən adi
adamların belə portretlərini ürəklə çəkən
Nahid Hacızadənin silsilə xatirələrini müxtəlif
ədəbi orqanlarda müntəzəm surətdə tapıb
oxumuşam. Sonra görkəmli yazıçı-publisistin
“Yada düşdü” adlı nəfis tərtibatlı
kitabında həmin maraqlı məqalələr, oçerklər,
xatirələr, esselər toplandı, nəşr olundu.
Və yenə Nahid müəllimin
sovet dönəmində Azərbaycan televiziyasında göstərdiyi
səmərəli yaradıcılıq fəaliyyəti
yadımda düşdü. Zənnim məni aldatmırsa, o
zamanlar onun rəhbərlik elədiyi ədəbi dram baş
redaksiyası elə təxminən o adda – “Yada
düşdü xatirələr” başlığı
altında yaxşı bir televeriliş ərsəyə gətirmişdi.
Ötən əsrin 80-ci illərinin sonunda dünya-aləm dəyişdi,
sovet imperiyası süquta uğradı, təbii ki, müstəqil
ölkənin azad teleməkanında da köklü dəyişikliklər
baş verdi, amma o “Yada düşdü xatirələr” ölmədi,
uzun müddət sıradan çıxmadı. Çünki
dinləyici rəğbəti qazanmışdı,
özülü peşəkar ustad jurnalist Nahid Hacızadə
tərəfindən qoyulmuşdu. Məlumdur ki, nəhəng
imperiya o zaman Brejnev hakimiyyətinin bataqlığında
çabalayırdı, hamı azad sözün, təzə
bir fikrin, nəfəsin təşnəsi,
tamarzısızıydı. Teleradio şəbəkəsi
geniş auditoriya idi, burda verilişlər söz-söz
doğranır, kəsilir, qayçılanırdı – təki
məmur senzorların qəzəbinə tuş gəlməsin!
Onda Nahid müəllim zahirən həqiqətən dövlət
məmuru idi, yəni Azərbaycan Televiziya və Radio
Verilişləri Komitəsinin sədrinin müaviniydi, daxilən
isə “demokrat” cildində idi, müəyyən
işıqlı fikirlərin ekranda səslənməsinə
canla-başla şərait yaradırdı. Əlindən nə
yaxşılıq gəlirdi, onu talantlı qələmdaşlarından
əsirgəmirdi. Ədəbi mühitdə bir durğunluq
hökm sürsə də, İmran Qasımov dumanı
dağıtdı. Onda Yazıçılar
İttifaqının yeddi katibinin ən gənci Elçin ona
dayaq durdu. Əkrəm Əylisli “Azərbaycan” dərgisinə,
Yusif Səmədoğlu “Ulduz”a baş redaktor vəzifəsinə
gəldilər. Onlar üzüqara zəmanənin “bulanıq
suyunda balıq axtarışına” çıxdılar.
Yavaş-yavaş qocaman ədiblərin sovet həqiqətlərini
vəsf edən əsərləri bu redaksiyaların cavan əməkdaşları
tərəfindən geri qaytarıldı, qoltuqlarına verildi.
Təzə ab-hava pəncərələrdən içəri
doldu. Gənc yazarların “xoruz banı eşitməyən” əsərləri
jurnal səhifələrinə çıxdı – povestlər,
silsilə şeirlər, hekayələr, tənqidi məqalələr,
esselər, yığcam romanlar. Əslində Anarın
“Qobustan”ı bu işə daha erkən
başlamışdı...
Əkrəm Əylislinin redaktorluq
etdiyi “Azərbaycan”da bir yığın şeirim getdi, jurnal mənim
əsərlərimlə açılmışdı. Bu, necə
deyərlər, “külliyatımın” xeyli hissəsiydi və
bu münasibətə görə Əkrəm müəllimin
qarasınca deyinənlər, onu tənqid hədəfinə
çevirənlər də tapıldı, cəsarətini
alqışlayanlar da. O şeirlər ədəbi mühitə
səs saldı, məni tanıtdı. Həmin ərəfədə
redaksiyadan daha bir müjdə aldım. Dedilər ki, səni
televiziyadan Nahid Hacıyev axtarır, get, onunla
görüş, poeziya axşamlarının birində
çıxış elə. İlk dəfə
gördüyüm, dağ cüssəli, uca boylu, telini səliqəylə
arxaya daramış Nahid müəllim qarşıma
çıxdı. Qısa tanışlıqdan sonra “Azərbaycan”da,
“Qobustan”da, “Ulduz”da dərc olunan silsilə şeirlərimi
oxuduğunu, bəyəndiyini bildirdi və məqsədini
söylədi: – Teleteatrda poeziya axşamı keçiriləcək.
Universitetin humanitar fakültələrinin tələbələri
tədbirə qatılacaq. Həmin gecəni xalq şairi Bəxtiyar
Vahabzadə aparacaq. Gənc şairlərdən yalnız səni
çağırmışıq. Bəxtiyar müəllim də
şeirlərini oxuyub, xəbərdardı, bərk xoşuna gəlib.
Deyir şeirlərində xalq ruhu güclüdür. Həftənin
ikinci gününə möhkəm hazırlaş, görək,
Azərbaycan tamaşaçısına nə sözün var?
Beləliklə, Nahid müəllimin xeyirxahlığı sayəsində
o unudulmaz şeir axşamına mən də qatıldım.
Qabil, Məmməd İsmayıl, İsa İsmayılzadə,
Əminə Yusifqızı, Vaqif İbrahim tədbir iştirakçılarıydı.
Biz eyni vaxtda Nahid Hacızadənin televiziyanın köhnə
binasının ikinci mərtəbəsində yerləşən
kabinetinə yığışdıq. Bəxtiyar Vahabzadə
şeirlərə irəlicədən baxmalı,
saf-çürük etməliydi. Sözsüz ki o, gələn
görkəmli qələm sahiblərinin hamısını
tanıyırdı, məndən başqa. Bəxtiyar müəllim
nə qədər demokratik ruhlu xalq adamı olsa da, təcrübəsindən
efirin imkanlarına bələd idi. Kiçik
yığıncaqda oxunacaq şeirlər bir də nəzərdən
keçirildi, arıtlandı. Bərk mübahisələr
yarandı, onları bütün detalları ilə yazmaq istəmirəm.
Növbə mənə çatdı, yenə Nahid müəllim
döşünü irəli verdi:
– Bəxtiyar müəllim, bu gəncin
şeirləri, bulaq suyu kimi saf və axıcıdır. “Azərbaycan”
jurnalından oxumuşam, sizin də yəqin xəbəriniz
var...
– Oğlum, sənin heç bir
şeirinə etirazım yoxdur. Təkrar-təkrar oxuyub bəyənmişəm.
Hələ onlar barədə qeydlərim də var,
inşallah, mətbuatda çıxacaq, qəzetləri,
jurnalları izləyərsən. Ona görə
qarşında yaşıl işıq yandırıram,
özün şeirlərinə redaktorluq elə, nəzərdən
keçir, hansını məsləhət bilsən, məclisdə
oxuyarsan... Bu qısa dialoq sona çatdı. O vaxt Azərbaycan
televiziyasında gedən “Poeziya axşamı” musiqili-şeirli
veriliş bütün respublikaya yayımlandı, səs
saldı. Mənim utana-utana, çəkinə-çəkinə
əzbərdən söylədiyim qoşma və gəraylılar
auditoriyanın sevgisini qazandı. Bu hadisədən heç on
beş gün keçməmişdi, yenə Nahid Hacızadə
mərdanəliyi özünü göstərdi. Dalımca mərhum
Firudin Ağayevlə ismarıc yollamışdı. Getdim,
köhnə dostlar kimi görüşdük. O,
mehribancasına: – Sənə bir ətək qonarar
yazmışıq. Almamısan? – dedi. Mən
sıxıla-sıxıla güldüm. Nahid müəllim
ciddi görkəm aldı:
– Pul üstündə burda
baş yarırlar. Sən niyə təəccüblənirsən?
Halal zəhmətinin bəhrəsidi, cibimdən vermirəm ki?
Bu dəqiqə mühasibatlığa göstəriş verib
tapşırıram. Get pulunu al, birbaşa yolla evə,
ehtiyacın-zadın olar... Elə vaxtlarım idi, hər
gün kitab mağazalarına baş çəkirdim. Bəzən
də qələmdaşlarımla birgə. Bir gün “Moskva”
univermağının yaxınlığında yerləşən
dükana baş çəkdim. Azərbaycan ədəbiyyatı
bölməsində 3-4 kitab seçdim. Maraq güc gəldi.
Rus və dünya ədəbiyyatı şöbəsinə tərəf
addımladım. İlk gözümə sataşan nə olsa
yaxşıdı?
– Nahid Hacıyevin “Sovetskiy pisatel” nəşriyyatında
təzəcə çapdan çıxan “Snyatsya mne qorı”
kitabı. Adını özüməməxsus tərzdə tərcümə
elədim: “Dağlar yuxuma girir”. İki-üç dəfə
təkrarladım. Bəs bu kitabın Azərbaycan dilində
variantı niyə yoxdur, yoxsa mən rast gəlməmişəm?
Bəlkə müəllif onu rus dilində yazıb? Xeyli
götür-qoydan sonra əl uzadıb kitabı rəfdən
götürdüm. Dolaşıq, pırtlaşıq
suallarımın heç birinə cavab tapmadım. Yalnız
“Azərbaycan” jurnalının redaksiyasında
yazıçı Məmməd Orucdan öyrəndim ki, Nahid
müəllimin o kitabı Azərbaycan dilində hələ
çıxmayıb. Əsəri qovluq şəklində
“Sovetskiy pisatel”ə təqdim edib. Və müzakirə
zamanı bu yazı bərk mübahisələrə səbəb
olub. O da məlum olub ki, heç bu ciddi əsərin müəllifi
SSRİ Yazıçılar İttifaqının üzvü
deyil. Lakin əlyazmanı bəyənən xeyirxah adamlar,
tanınmış nasirlər onu nəşriyyatın tematik
planına daxil ediblər, yüksək tirajla çap olunub.
Nahid Hacızadə mənən qürurlu və sağlam
adamdır. Çünki sağlam bir əslin-nəslin,
soykökün yetirməsidir. Doğulduğu, ərsəyə
çatdığı Gədəbəyin Şınıx
bölgəsi təbiətin zərifliklə sərtliyin
baş-başa dayandığı təzadlı əsrarəngiz
məkanıdır. O yerdən çoxlu sayda görkəmli
ziyalılar çıxıblar və onların sorağı
təkcə Bakıdan, Gəncədən deyil, keçmiş
SSRİ-nin hər yerindən, eyni zamanda indi qardaş Türkiyədən
gəlir və şınıxlılar harda olurlar-olsunlar,
yer-yurd həsrəti mütləq ildə bir-iki dəfə
onları kəndə döndərir.
“Çiçəklər təbiətdə
azad gözəllikdir” – söyləyib Emanuel Kant, necə
şınıxlı olasan, yazağzı qaya dibində bitən
bənövşəyə könül verməyəsən. Və
yaxud sal qranit daşın sükutunu pozmayasan, gədikboyu
yuxarı dırmanmayasan, dərəuzunu aşağı enməyəsən,
bir zirvədə əyləşib başqa bir əlçatmaz,
ünyetməz zirvəyə boylanmayasan... Şınıx
nahiyəsinin şanlı-şöhrətli Hacı Məmmədlilər
nəslinin ağsaqqal, müdrik 75 yaşına
çatmış nümayəndəsi böyük həyat
yolu keçib. Nahid Hacızadə təkcə görkəmli
telejurnalist, ssenarist kimi yox, bədii publisistikanın nadir ustası
kimi tanınıb. Doğma ana dilində nəşr olunan hekayə
və povestlər məcmuələri, roman, xatirə, memuar
yaradıcılığı bir vəfalı qələm
adamı kimi sönməz yazı-pozu ehtirasından, tükənməz
həyat eşqindən xəbər verib. Nahid Hacızadə
bu keşməkeşli dövrümüzdə ədəbi görüşlərini,
tanınmış simalar barədə xatirələrini
toplayır, qələmə alır, faktları dəqiqləşdirir,
köhnə fotoşəkillərə yeni həyat bəxş
edir, kitablarının səhifələrinə
çıxarır. Bu, olduqca zəhmət tələb edən
əzablı işdir. Ancaq Nahid müəllim vaxtilə məhəbbətlə
görüşdüyü bu xatirə qəhrəmanlarının
kimliyini yaxşı dərk edir. Görünür, elə bu
kimi məlum səbəblərdəndir ki, “Yada
düşdü” toplusunda müəllif Nazim Hikmətin də,
Bülbülün də, Əli Vəliyevin də, Rəsul
Rzanın da, İlyas Əfəndiyevin də, Mir Cəlalın
da, Nəsir İmaquliyevin də, Əliağa
Kürçaylının da, Bəxtiyar Vahabzadənin də,
Qabilin də, Lütfi Məmmədbəyovun da, Vilayət
Rüstəmzadənin də yerini, dəyərini yaxşı
bilir. Və hər epizodda, yarımhadisədə milli güvəncimizə
çevrilən o simaların canlı surətlərini
görürük. “Yada düşdü” – səlnamə
kitabıdır. Məsələn, Nahid Hacızadə
Bülbül haqqında yazanda təkcə quru faktlarla,
cansız hadisələrin mənzərəsi ilə kifayətlənmir,
məşhur xanəndənin iç dünyasına baş
vurur. Bu zaman yazıçı ustalıqla duzlu-məzəli
yumora üz tutur. Yəni, Bülbül dahi müğənni-ifaçıdır,
bunu səsi təsdiq edib. Bəs bu şəxsiyyət həyatda
necə olmuşdur? Bax, məsələ burasındadır.
Müəllif reallıqlara söykənə-söykənə
Bülbülün portretini cizir. Özü də Nahid müəllim
hansı tarixi şəxsiyyətdən söhbət
açırsa-açsın, ustalıqla fikirlərini
cilalayır, oxucu ilə özü arasında gözlə
görünə biləcək bir rabitə yaradır. Ancaq
Nahid Hacızadənin xatirələr kitabında toplanan
yazılar təkcə dünyalarını dəyişmiş
sənətkarlarımızın, ziyalılarımızın
portretləri ilə yekunlaşmır. Əgər müəllif
bu yolu seçsəydi, bir qədər dar meydanda at səyirtməli,
tər tökməli olacaqdı.
O, müasirlərini də
unutmur. Əlbəttə, çağdaş insanın
yaratdığı, nəyə qadirliyi, arzu-düşüncəsi
müdrik yazıçıdan gen qaça bilməzdi. “Yada
düşdü” də şərqşünas-alim Qəzənfər
Paşayev, şairlərdən İlyas Tapdıq, Oqtay Rza, Əbülfət
Mədətoğlu, xalq artisti İlham Namiq Kamal və
başqaları barədə də portret – oçerklər
var. Düzdü, həmin məqalələr, resenziyalar,
publisistik qeydlər müxtəlif qəzet və dərgilərə
yol tapıb, müəllif isə özü demişkən,
onları bir “dam” altına yığmaqla faydalı iş
görüb. “Azərbaycan” nəşriyyatında mənimlə
rastlaşan kimi gah nəvəsi Nahiddən söz açan,
gah da yaxın qohumu, yazıçı-dramaturq Firuz
Mustafanı ərklə soruşan baba Nahid yetmiş beşin
dizini qatlayıb. İndi aşıq Alı demişkən, “əllini
aşırtdım, yüzə nə qaldı!” Həmişə
könlü-gözü tox Nahid müəllim hərdən nəşriyyatın
dadsız-tamsız yeməklərindən istifadə etməyə
məhkumdu. Belə məqamlarda “vallah, bircə dənə Gədəbəy
kartofu qaynadıb qabağıma qoysaydılar, min dəfə
bundan yaxşıydı” – söyləyir. Bu gileyin
ünvanı aydındır. İnsan yaşa dola-dola
doğulduğu torpağın hər naz-neməti onun
üçün həyat cövhərinə, məlhəmə
çevrilir.
Dağlar adamı
çağırır, bəzən həsrət adamın
ürəyinin başını göynədir. Görəsən,
yaşın 75-ində də dağlar yuxunuza girirmi, yuxunuzu
qarışdırırmı, Nahid müəllim?!
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 2011.- 15 mart.- S.7.