Vergilər Nazirliyində
kollegiya iclası keçirilib
FAZİL MƏMMƏDOV: “VERGİ ORQANLARINDA VƏTƏNDAŞ
MÜRACİƏTLƏRİNƏ BAXILMASI DÖVLƏT
BÜDCƏSİNƏ VERGİ DAXİL OLMALARININ TƏMİN
OLUNMASI QƏDƏR ƏHƏMİYYƏTLİ MƏSƏLƏDİR”
Vergilər Nazirliyində vətəndaş
müraciətlərinə baxılmasının vəziyyəti
ilə bağlı məsələlərə həsr
olunmuş kollegiya iclası keçirilib. İclasda qeyd
olunub ki, 2006-cı il fevral ayının
1-dən etibarən dövlət
vergi orqanlarında Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiq
olunması nəticəsində
vergi orqanlarında kargüzarlığın aparılmasında
ciddi keyfiyyət dəyişiklikləri baş
verib, sənədlərin
icrası, vətəndaş müraciətlərinə
baxılması proseslərini
əvvəldən axıradək
izləməyə imkan
verən dəqiq və kifayət qədər təkmil nəzarət sistemi yaradılıb.
Qeyd olunub ki, vergi ödəyicilərinin,
vətəndaşların vergi orqanlarına müraciətlərinin
təhlil olunması, qarşıya çıxan problemlərin
yerlərdə araşdırılması və müzakirə
edilməsi, vergi ödəyicilərini narahat edən məqamların
öyrənilməsi məqsədilə 2010-cu ildə nazir
müavinləri və nazirliyin digər rəhbər
işçilərinin iştirakı ilə 10 şəhərdə
vergi ödəyiciləri ilə görüşlər və
bu görüşlərin nəticələri də nəzərə
alınmaqla dörd zona müşavirəsi keçirilib. Vergi
ödəyiciləri tərəfindən qaldırılan məsələlər
nəzarətə götürülərək onların
icrası ilə bağlı tədbirlər planı təsdiq
olunub.
2010-cu ildə ölkənin
vergi orqanlarına 37.474 yazılı müraciət daxil olub. Onlardan
97,3 %-i ərizə, 2,6 %-i şikayət, 1%-i təklif
xarakterli olub, 283 müraciətin icrası xüsusi nəzarətə
götürülüb. Müraciətlərin 79,5%-i müsbət
həll olunub, qalanları barədə vətəndaşlara
müvafiq izahatlar verilib. Ötən il dövlət vergi
orqanlarına cəmi 960 şikayət daxil olub ki, bu da 2009-cu
illə müqayisədə 1164 vahid azdır. Vergi
orqanlarının vəzifəli şəxslərinin hərəkəti
( hərəkətsizliyi) ilə bağlı şikayətlərin
sayı da 264 vahid azalıb. Nazirliyin rəsmi internet səhifəsində
(www.taxes.gov.az <http://www.taxes.gov.az>) vətəndaşların
birbaşa Vergilər nazirinə və digər rəhbər
işçilərə müraciət etmələri
üçün imkan yaradılıb, 195 Telefon Məlumat Xidmətinə
müraciət edənlərin sayı 236.000 nəfərdən
çox olub. Vergi orqanlarına daxil olmuş müraciətlərdən
272-sinin və ya cəmi 0,7%-nin baxılma müddəti
gecikdirilib ki, bu da əvvəlki illə müqayisədə
355 vahid azdır. 8 saylı ƏVİ-də 22, 6 və 12
saylı ƏVİ-nin hər birində 12 vətəndaş
müraciətinə icra müddətləri pozulmaqla
baxılıb.
Kollegiya iclasında qeyd
olunub ki, bir sıra hallarda Ərazi Vergilər İdarələrinə
daxil olan müraciətlər mövzulara və növlərə
görə düzgün qeydiyyata alınmır, bu isə
onların hansı məsələlərlə əlaqədar
olduğunun müəyyən edilməsində çətinliklər
yaradır. Bununla da vətəndaş müraciətlərinin
dövlət idarəetmə sistemində oynadığı əsas
rollardan biri, yəni vətəndaşlarla əks əlaqə,
sistemdəki real vəziyyət barədə ilk mənbədən
məlumat əldə edilməsi imkanları məhdudlaşdırılır.
Bunu nəzərə alaraq ötən ilin ikinci
yarısından etibarən vətəndaş müraciətlərinin
mövzular və növlər üzrə təsnifatı dəyişdirilib,
keçirilmiş tədbirlər nəticəsində məsələ
artıq öz həllini tapıb. Kollegiyada araşdırma tələb
edən vətəndaş müraciətlərinin səthi,
başdansovdu cavablar yazmaqla nəzarətdən
çıxarılması hallarına yol vermiş idarə rəhbərləri
ciddi tənqid olunub. 2010-cu ildə dövlət vergi
orqanlarında 3111, o cümlədən nazirliyin aparatında
819 vətəndaş qəbul edilib, onların müraciətlərinə
müvafiq qaydada baxılaraq tədbirlər görülüb.
Bununla yanaşı bəzi vergi orqanlarında hələ də
həm qəbul zamanı, həm də yazılı müraciətlərdə
qaldırılan məsələlərin mahiyyəti üzrə
axıradək düzgün araşdırılmaması, məsələnin
müsbət həlli mümkün olmadıqda bunun səbəbləri
barədə vətəndaşlara əsaslandırılmış
izahatların verilməməsi hallarına rast gəlinir ki, nəticə
etibarilə bu da təkrar müraciətlərə səbəb
olur. Nazirliyinin aparatında və tabeli qurumlarında vətəndaş
müraciətlərinə baxılması nəticəsində
aşkarlanmış nöqsanlara görə 30 vergi orqanı əməkdaşına
xəbərdarlıq edilib, 81 nəfərə töhmət,
40 nəfərə sonuncu xəbərdarlıqla şiddətli
töhmət elan edilib, 2 nəfərin xüsusi rütbəsi
bir pillə aşağı salınıb, 2 nəfər
aşağı vəzifəyə keçirilib, 6 nəfərin
vergi orqanlarında fəaliyyətinə xitam verilib.
Kollegiyada
çıxış edən vergilər naziri Fazil Məmmədov
xüsusi olaraq vurğulayıb ki, vergi orqanlarında vətəndaş
müraciətlərinə baxılması məsələsi
hər bir vergi orqanı üçün dövlət büdcəsinə
vergi daxilolmalarının təmin olunması qədər əhəmiyyətlidir
və bu sahədə hansı bir vəzifəli şəxs tərəfindən
yol verilmiş nöqsanlara görə çox ciddi tədbirlər
görülməlidir. Kollegiya müzakirə olunun məsələ
barədə müvafiq qərar qəbul edib.
Ülkər NƏBİYEVA
525-ci qəzet.-
2011.- 15 mart.- S.6.