Qayaların silinməz
yaddaşı – Qobustanın daş xəzinəsi
Daş insanların təkcə
yaşayışının, məişətinin deyil, həm
də estetik zövqünün inkişaf etməsində
böyük rol oynayıb. Əbəs deyil ki, alimlər ən
qədim rəsm nümunələrinə daş və qayalar
üzərində rast gəlirlər. Elə buna görə də
xalqımız uzaq keçmişlərdən tutmuş bu
günədək daşı da müqəddəs sayıb. Daş
insanların məişətində ən qədim və təbii
sərvətlərdən biri sayılır. İbtidai insanlar
daş alətlər vasitəsilə özlərinə yemək
əldə edərək ondan müxtəlif əşyalar
düzəliblər. İbtidai insanların ilk
yaşayış məskənləri daşdan tikilər,
qadınların ilk bəzəyi, ilk qələm və
lövhə də daşdan hazırlanardı.
Azərbaycanın
Şirvan adlanan tarixi vilayətinin inzibati rayonlarından biri
olan Qobustan rayonu Şamaxıdan şərq tərəfdə,
Bakıdan 101 km aralıda yerləşir. İlk adı
Duvannı olan bu sirli məkanın adı 1972-ci ildə dəyişilərək
Qobustan qoyulub. Buranın ərazisinin relyefini dərələr,
yarğanlar, qayalar təşkil edir. İqlimi isə əsas
etibarı ilə yarımsəhra iqlimidir. Burada ən
maraqlı məkan şəhərin
yaxınlığındakı dərədə,
Söyünlü kəndində yerləşən
mağara-labirintlərdir. Mağaralar orta əsrlərdə Azərbaycanda
tayfa müharibələri və yadelli
işğalçıların basqınları baş verərkən
süni yolla genişləndirilərək yaşayış
üçün uyğunlaşdırılmış təbii
qalereyalar sistemidir. Bu qayalarda 15 min illik həyat tarixi-
yuxarı paleolit dövründən orta əsrlərə qədər
böyük bir zaman kəsiyi əks olunub. Burada xalq
arasında “Ağlayan qaya” deyilən çox orijinal bir təbii
hadisəni müşahidə etmək mümkündür. Rəvayətə
görə, bu qayadan axan “gözyaşları” əsgər
oğlanları həlak olmuş ananın göz
yaşlarıdır.
Mağaranın girişindəki sol divara həkk edilmiş 63 insan rəsminin tam mərkəzində olan ən böyük qadın rəsminə görə bura “Ana zağa” adı verilib. İshaq Cəfərzadə özünün uzun illər boyu gərgin araşdırmalarından sonra araya-ərsəyə gətirdiyi “Qobustan. Qayaüstü rəsmlər” kitabında yazır: “O dövrdə qəbilənin başçısı ana idi”. Qayaüstü rəsmlər qadınların kişilər ilə birlikdə döyüşdüklərini və ov etdiklərinə işarə edir və bizi tarixin uzaq yollarının yolçusu olmağa çağırır.
Qobustan qayalıqları, buradakı qayaüstü rəsmlər, tarixin daş üzərindəki misilsiz yadigarları neçə onillərdən bəri diqqət mərkəzində olsa da, bu barədə davamlı araşdırmalar aparılsa da, bu məkanda savaşçı döyüşkən qadın topluluğunun yaşadığı barədə fikirlər son illərdə Almaniyada yaşayan tanınmış azərbaycanlı tədqiqatçı və yazar Nuridə Atəşi tərəfindən ardıcıl gündəmə gətirilib. Nuridə Atəşi bu barədə mütəmadi olaraq mətbuatda çıxışlar edir və Azərbaycanın, Qobustanın qədim döyüşkən qadınların – amazonların vətəni olduğunu tutarlı dəlillərlə isbatlayır. Nuridə xanım göstərir ki, bu barədə müxtəlif tarixi mənbələrdə təkzibolunmaz faktlar var. Elə bu yazıda da biz onun sadaladığı bir sıra mənbə və qeydlərə istinad edirik.
Yunan tarixçisi Diodorus Sisulus əsərlərinin birində yazır: “İskəndər Kurkaniyaya gələndə Tallestris adlı cəngavər qadın onu qarşılayır.İskəndər ona valeh olur və onun yanında 13 gün qalır, hədiyyələr verir”. Təkcə bu fakt əsas verir ki, bizdə bu qadınlarin kimliyi və həyat tərzləri haqqında öyrənmək marağı yaransın. Amazonlar-onlar savaşçı, qorxmaz, ədalətli həm də vəhşi Qafqaz qadınları, at belində, ox çiynində köçəri qadın topluları olublar. Onlar Qafqaz dağlarının Keravn adlanan Şimal ətəklərində Qarqarlarla qonşuluqda yaşayıblar. Amazonlar bütün vaxtlarını özləri üçün istifadə edər, yer şumlayar, bağçılıq, mal-qara, xüsusilə, atlara qulluq etmək kimi mühüm işlər görərdilər. Amazonlar at belində ovla və hərbi təlimlə məşğul olublar. Onların sağ döşlərini uşaq vaxtı yandırırlar ki, hansısa işlə məşğul olanda, xüsusilə nizə atanda rahat olsun. Onlar həmçinin ox, yay, yüngül qalxan və balta da işlədirdilər. Vəhşi heyvan dərisindən bürünəcək, dəbilqə və kəmər hazırlayırdılar. Yazdakı iki xüsusi ayda onları Qarqarlardan ayıran qonşu dağa qalxardılar. Çox qədim bir mərasimə görə Qarqarlar da həmin dağa qalxarlar nəsil artırmaq üçün amazonlarla görüşərdilər. Qız uşaqlarını amazonlar özlərində saxlayarlar, oğlan uşaqlarını isə Qarqarlara verərdilər. Hər bir Qarqar onlara gətirilən körpəni oğlu bilib böyütməli idi.
Amazonlar Qafqazdan baş alıb, Xəzər, Qara dəniz boyunca, Türkiyəyə, Yunanıstana və bütün dünyaya yayılıblar. Amazonlar özlərini təqdim etdikləri zaman Alazan adlandırmışlar. Amazon adı Alazan adından yaranmış, sonralar yunanlar bu adı amazon etmişlər. Bu faktı təsdiq edən bir çox mənbələr var ki, onların birində tarixçi Pausanias yazır: “Pompeyin Alazan sahillərində albanlarla döyüşündə alban qadınları kişilərlə bərabər savaşırdılar. Bunlar amazonlar idi. Onlar Albaniyanı Roma İmperiyasına təslim eləmək istəmirdilər. Sonralar Temiscira şəhəri, Termodon çayı sahilləri, şimali Anadolu, Qara dəniz sahillərinə yayılıblar”. Amazonlara sonralar dünyanın bir çox yerlərində, xüsusən yunanlar sahib çıxmağa çalışsalar da, onların izi yalnız Azərbaycan ərazisində dünyaya sübut edilə biləcək qədər qorunub saxlanılmışdır. Yunanların bu barədə olan ehtimallarını digər tarixi faktlar darmadağın edərək əsl həqiqəti otraya qoyur. Yunanlar yunan qadını Pentaziliyanı savaş Allahı olan Aresin qızı kimi ilk Amazon elan edirlər və bundan sonra heykəltəraşlıq, bədii sənət və bütün incəsənət nümunələrində əbədiləşdirirlər. Bu mərhələ isə yalnız eradan öncə 5 əsrdən etibarən başlayır. Amma yunanlar bilməyiblər ki, qədim əcdadlarımız Qobustanın daş qayalarına savaşkar amazonları hələ eradan öncə 8 min il qabaq həkk edərək bizlərə ötürüblər. Bu barədə Strabon “Coğrafiya” əsərində yazır:” Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonkalar və Albanlar arasında yaşayırlar.
Məşhur Makedoniyalı İsgəndərin Şərqə yürüşü zamanı hökmdar Atropatla görüşündə də amazonları xatırlatması barədə tarixi məlumatlar var. Belə ki, İsgəndər Cənubi Azərbaycana gəldiyi zaman Atropatla görüşündə ona demişdi: “Bəs deyirlər, sənin ölkən amazonlar ölkəsidir, hanı sənin amazonların?” Atropat ona: “Darıxma, gələrlər” – deyərək, Albaniyadan at belində 100 amazon qadının gəlməsini xahiş etmişdi.
İsgəndərin amazonları görmək istəyi onun bu savaşçı və döyüşkən qadınlara vurğunluğundan irəli gəlirdi. Təsadüfi deyil ki, Roma imperiyasında döyüşçüyə ən yaxşı tərif bu idi: “Sən əsl amazon kimi döyüşdün”. Bu baxımdan, bu gün qədim roma yazılı mənbələrində amazonların mədhinə həsr olunmuş onlarla tarixi mənbə var.
Həm də bu barədə yalnız qədim tarixi mənbələrdə deyil, eyni zamanda müasir tarixçilərin əsərlərində də çox maraqlı fikirlərə rast gəlmək mümkündür. Məsələn, Kaliforniya Universitetinin professoru xanım Kimbalın Gürcüstan sərhədindəki amazon qəbirlərini kəşf etməsi tarixçiləri bir daha bu mifik mövzu ətrafında fikir yürütməsinə səbəb oldu. Xanım Kimbalın 300-ə qədər qadın sümükləri aşkar edərək bunların at çapan, ox atan amazon qadınlar olduğunu sübuta yetirməsi isə möhr rolunu oynadı.
Bu barədə digər bir müəllif, Almaniyada yaşayıb və amazonları tədqiq edən türk araşdırmaçısı və tarixçisi Osman Kurt amazonların Xəzər sahillərindən gəlib Kiçik Asiyada skitlərlə qarşılaşdıqları zaman skitlər onları Alizan, daha sonra “anazan” deyə çağırdıqlarını yazır. Onun yazdığına görə Amazonlar yalnız vəhşi, savaşkar, at minib ox atan döyüşçü qadınlar deyil, eyni zamanda şəhər qurucuları kimi də tarix səhifələrində özlərinə yer alıblar. Onların Kume, Murne, Paphos, Themiskzyra şəhərlərini saldıqları yazılıb. Hətta İzmir şəhərini də Murina adında bir amazon qadının qurduğu bildirilib. Həmçinin Ephesosda olan Artemis məbədi Amazonlar tərəfindən qurulub. Yunanıstanda olan Tamnos, Lemnos və Lesbos adaları zaman-zaman “Qadın adaları” adlanıb. Amazonlar Qafqazdan Qara dəniz sahillərinə, oradan isə Ege sahillərinə yayılıblar. Lakin amazonların saldığı ilk “şəhər” – Qayalar yurdu – əzəmətli Qobustan olub!
Azərbaycan tarixin müxtəlif dövrlərində Şərqin və Avropanın ən məşhur fatehlərinin hərbi yürüşlər etdiyi bir yer olub. Burada Çingiz xandan tutmuş Teymurləng, Makedoniyalı İsgəndər, Atilla və neçə-neçə hökmdarlar at oynadıb qılınc çalvblar. Qobustan bu gün özündə ilk insanların yaşadıqları lap qədim zamanların əlamətləri ilə birgə həm də Roma tarixinin müəyyən bir hissəsini də daş kitabələrdə qoruyub saxlayıb. Bəli, bizim Qobustanda həm də Roma tarixinin izi var. Belə ki, bizim eranının I əsrində Roma legionerlərinin burada olmasını təsdiq edən əlamətlər də var. Buradakı qayalardan birinin üzərində 11-ci şimşək legionun romalı senturionları tərəfindən latın dilində bir mətn yazılmışdır. Həmin yazıda göstərilir ki, o dövrdə Romada imperator Domitsian Sezar Avqust Germanik hakimiyyətdə olmuşdur. Bu əlamət bizi yeni axtarışların izinə yönəldir.
Qobustan yalnız tarix deyil, həm də sirri açılmamiş tarixi həqiqətləri özündə gizlədir. Bu gün məhz Qobustandakı qaya üstü rəsmlərə görə uzaq norveçlilərlə bizlərin soykökünün bir olması barədə ilk baxışda ağılasığmaz görüünən fikirlər irəli sürülüb. Özü də bizim yox Norveç alimlərinin dilindən. Məsələn, Norvec mifologiyasında deyilir: “Skandinav allahı Odin Roma işğalından qaçmaq üçün öz camaatı ilə birgə Norveçə Aser adlanan yerdən köçüb.”13-cü əsrin tarixçisi hətta Aserin harada yerləşdiyini təsvir edib. Bu təsvir Azərbaycanın yerləşdiyi yerə uyğun gəlir- Qafqaz dağlarından və qara dənizdən şərqdə. Bu mifik hekayə yoxsa tarixdirmi?
Odin haqqında olan yazıda deyilir ki, o, Şimali Avropaya Aser adlı torpaqdan gəlib. Bu hekayələrin müəllifi olan Senor hekayəsini Avropa, Asiya və Afrikanın təsviri ilə başlayır. O, Cəbbəllütariq və Aralıq dənizi əvəzinə onların qədim Nors adlarını, Don əvəzinə isə onun köhnə adı Tanaisi adı verilib. Qara dənizi isə biz bu gün adandırdığımız kimi adlanıb. Snorun verdiyi məlumata görə Aserlərin məskəni Qara dənizdən şərqdə idi. Onun dediyinə görə bu hökmdar Odinin malik oldugu böyük bir ölkədir. Snor həmin ərazinin dəqiq təsvirini vermişdir: o, Qara dənizdən şərqdə Avropa və Asiya sərhədində olan dağ silsiləsindən şimalda yerləşir və turklərin məskəninə tərəf cənuba uzanır.
Snor deyirdi:
“Odinin yaşadığı dövrdə romalılar bu yerlərdə geniş ərazini tutdular. Odin onların Aser torpaqlarına tərəf gəldiklərini eşidəndə öz kahinləri, rəhbərləri və bəzi adamları ilə birgə Avropanın şimal hissəsinə getməyi qərara aldı”
Snorun yazdığı hekayənin sadəcə bir mif yaxud tarixi fakt olduğunu dəqiqləşdirməkdə isə arxeoloq və tarixçi Tur Heyerdalın araşdırmaları bizə ipucu verəcək. O, skandinavların mənşəcə indi Azərbaycan adlanan məskəndə olduğunu düşünür. Qobustan qayalarında oyulmuş oraq şəkilli qayıq şəkilləri onun doğma Norveçində rastlaşdığı qaya təsvirlərinə çox bənzədiyini bildirir. Aydındır ki, gəmiçilik sivilizasiyadan əvvəl yaranıb. Əvvəllər bizə elə gəlirdi ki, sivilizasiya əvvəl yaranıb və insanlar sivilizasiyanın yüksək səviyyəsinə yetişdikdən sonra gəmilər tikməyə başlayıb. Lakin bu həqiqətə uyğun deyil. Əksinə insanlar ilk olaraq okeanda hərəkət edə bilən gəmilər düzəldiblər. Bu da onlara bir-biri ilə əlaqə saxlayaraq mübadilə etməyə və bir-birindən öyrənməyə imkan verdi. Sivilizasiya da əlaqə və sülh şəraitində olan əməkdaşlıq nəticəsində inkişaf etdi.
Tur Heyerdal, öz məruzəsində deyir:
“Öyrəndim ki, Azərbaycan əhalisi özlərini azəri adlandırır. Ulu babalarımın ilkin yaşadığımız yerin adət-ənənəsi haqqında 18-ci əsrdə İrlandiyada məlumat verilmişdi və orada deyilirdi ki, biz Aser adlı torpağın yetirmələriyik. 1955-1956-ci illərdə Pasxa adalarında arxeoloji qazıntı zamanı ilk dəfə həmin oraq şəkilli gəmilərin qaya üzərində çəkildiyini gördüm. Onlar həmin Misir və Mesopotomiyada olan eyni növ rəsmlər idilər. Məndə Şimali Amerikada erkən sivilizasiyalı əhalinin Kolumbdan daha əvvəl Atlantik okeanını keçməsinə dair fikirlər yaranmağa başladı”.
Tur Heyerdalın təqdimatında Çin alimlərinin araşdımalarının nəticəsi isə bizə başqa bir həqiqətin qapısını açmaqda yardımçı olacaq. Belə ki, arxeoloqlar Çinin çox içərilərində yerləşən Karim səhrasında sarı saçlı mumiyalar tapmışdılar. Tur Heyerdalın dediyinə görə həmin mumiyalar soyuq iqlim və duzlu torpaqda o qədər yaxşı qalmışdılar ki, onların dərisinin və saçının rəngini görmək olardı. Bu Çin arxeoloqlarını təəccübləndirmişdi, çünki həmin mumiyalar heç də monqoloid deyildi. Çin arxeoloqları güman edirdilər ki, mumiyalar Vikinqlər idi. Hesablamalardan belə nəticəyə gəlirik ki, mumiyalar e.ə 1800-1500-cü illərə aid olan Nordik növünə aiddir. Lakin vikinq dövrü eramızın 800-cü illərində başlamışdı. Bu zaman aydın oldu ki, bu mumiyalabr Çinə gələn vikinqlər deyil. Burada məna əlaqəsi qırılır. Və yenidən Qafqaz səhnəyə bərabər miqrasiya mərkəzi kimi daxil oldu. Bu mumiyaların əynində toxunma paltar var idi. Bu paltarların rəngi və toxunma naxışları səciyyəvi növə malik idi. Amerikalı ekspertlər toxunma və rəngin İrlandiyadakı Kletlərə səciyyəvi olduğunu müəyyən etdilər. İrlandların yazılı saqlarında deyilir ki, onların əcdadları skiflər idi. Onların kökləri isə bura- Qafqaza gəlib çatırdı. Tur Heyerdal yazır: Deməli bu torpaq bir çox istiqamətə adam göndərən və bir çox istiqamətdən adam cəlb edən çox vacib bir mərkəz olmuşdur. Sizdə romalıların bura gəlişinə səbəb olan metal var idi. Lakin sizin məskən həm də sivilizasiya təkamülünün mərkəzi olmuşdur. Qobustanda olan peroqliflər də buna sübutdur. Beləliklə də biz amazonlar kimi tarixi faklar, miflər və petroqliflərlə silahlanıb bir çox sirr-müəmma ordusu ilə döyüşərək, həqiqəti əldə etməyə çalışdıq”.
Min illər keçməsinə baxmayaraq, nağılları, əfsanələri ilə zəngin olan Qobustan adlı bu daş kitabənin hələ neçə məğlub edilməmiş sirr ordusu, neçə qazanılmamış həqiqəti qalıb.
SƏBİNƏ
525-ci qəzet.- 2011.- 16 mart.- S.6.