Professor Məhəmməd İmanlı plagiatlıq edib?

 

“Bizim Yol” qəzetinin 12 mart 2011-ci il tarixli sayında “Məhəmməd İmanlının dissertasiyasında plagiat var” başlıqlı bir məqalə oxudum. Məqalə adını gizli saxlamağı lazım bilən bir məzunun məktubu əsasında yazılıb. Məzun bildirir ki, Məhəmməd İmanlı doktorluq dissertasiyasını Rusiya alimlərinin kitabından köçürüb. Açığı burda yazının məzmunundan daha çox diqqəti çəkən məqam zirək məzun obrazıdır. Elmlə məşğul olan insanlar üçün bu unikal hadisədir: plagiatlığı “aşkar edən” şəxs (məzun) adının gizli saxlanmasını xahiş edir. Görəsən hüquq sahəsində belə məzunların sayı neçə nəfərdir? Və onlar bütün dissertasiyalarımı diqqətlə gözdən keçirməyə başlayıblar?

 Adını gizli saxlayan məzun azərbaycanlı alimin rus müəllifindən “oğurladığı”cəmi 3 cümləni misal gətirir. Onun yazdıqlarından məlum olur ki, rus müəllifi kitabında sadaladığı bir neçə cinayət növünün terrorizmlə fərqli cəhətlərini ifadə edib. Ancaq müqayisədə açıq görünür ki, professor İmanlı bu cinayət növlərinin təsbit olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin konkret maddələrini göstərməklə fərqli cəhətləri aşkara çıxarır. Məzun anlaya bilməyib ki, bu cinayət növlərinin bütün ölkələrin eyni adlı məcəlləsində öz əksini tapması labüddür. Yerdə qalır onların hansısa paradiqma (məsələn terrorçuluqla) ilə müqayisəsi. Burda fikirlərin üst-üstə düşmə ehtimalı böyük olduğundan təəccüblü heç nə ola bilməz.

Digər plagiatlıq isə daha gülməlidir. Rus müəllifi kitabında hansısa tədqiqatçıdan iqtibas edib. Professor İmanlı da həmçinin. Bunu rus müəllifindən köçürülmə kimi verilməsi əlbəttə ki gülünc doğurur. Məsələn Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndəsi Rene Dekartın “Mən düşünürəmsə, demək varam” fikrinə yüzlərlə filosofun məqalə və monoqrafiyalarında rast gəlmək olar. Burdan belə çıxır ki, bütün filosoflar plagiatdır? Bunu Sokratın “Özünü dərk et!” ifadəsinə də aid etmək olar.

 Məzun sonra yazır: Məhəmməd İmanlı “Terrorçuluğa qarşı mübarizəyə dair xarici ölkələrin qanunvericiliyi: şərhlər, təhlillər və təkliflər” adlı monoqrafiyasını Rusiyanın 5 tanınmış hüquqçu aliminin birgə hazırladığı və professor Vlasovun rəhbərliyi altında 2002-ci ildə Moskvada buraxılmış “Zarubejnoe zakonodatelcstvo v borcbe s terrorizmom” kitabından tam köçürüb. Məzunun parlaq naşılığı burda da görünür. Terrorçuluğa qarşı mübarizədə hansısa ölkənin qanunvericiliyini dəyişmək yaxud təhrif etmək mümkün deyil. Onları şərh və təhlil etmək və bunların əsasında hansısa təkliflər vermək isə qadağan olunmur. Məhəmməd müəllimim kitabının adından görünür ki, o bu metodları elə kitabın adındaca qeyd edib. Bu faktın özü plagiatlıq böhtanını rədd edir. Plagiatlıq axtarmaqla məşğul olan şəxs (məzun) yazdığı işlərdən birini yazısı dərc olunan qəzetə göndərsəydi bir qədər obyektiv görünə bilərdi. Bəlkə adını plagiat qoyduğu şəxs də onun yaradıcılığı ilə tanış olmaq istəyir. Elm anonimliyi sevmir. Bəlkə irad tutduğu müəllif ona nəyi isə izah etmək istəyəcək. Elm dialoq, disput (mübahisə, müzakirə) tələb edir. “Adının çəkilməsini istəməyən” ifadəsi burda yaramır. Və Sovet vaxtı yazılan anonim məktublara bənzəyir.

Anonim yazar plagiat “ixtira”sında sonra dərhal dözümsüzlük nümayiş etdirib, qərəzini gizlədə bilməyib: “Azərbaycanın Ali Attestasiya Komissiyasnın üzvlərindən kimsə və ya Məhəmməd İmanlını çox sevərək qabağa çəkən BDU-nun rektoru Abel Məhərrəmov rus dilində bilirsə, bu hissələri oxusunlar və görsünlər ki, necə alim yetişdirib hüquq fakültəsinin canına buraxıblar.” Bu məsələnin Abel Məhərrəmova nə aidiyyatı var, cənab məzun? Abel müəllim ixtisasca hüquqşünas deyil axı! Sual yaranır. Görəsən Məhəmməd İmanlı təkcə bir doktorluq dissertasiyanın, yaxud bir monoqrafiyanın müəllifidir ki dərhal diqqəti çəkib? Nədən 2005-ci ildə müdafiə edilmiş doktorluq dissertasiyası indi gündəmə gəlir? Bu suala cavab axtarmaq üçün hüquq elmləri doktoru Məhəmməd İmanlı barədə İnternetdə axtarış verdim. Məşhur “Wikipedia” saytında onun haqqında bunlar yazılıb: “Azərbaycan alimi hüquq elmləri doktoru Məhəmməd İmanlı 100-dən çox məqalənin, 6 monoqrafiyanın və 10 kitabın müəllifidir. 2 elmlər namizədi və 1 elmlər doktoru yetişdirib. Rus dilində 10 elmi əsəri və 3 tədris vəsaiti çap olunub.” Əldə etdiyim digər materiallardan məlum olur ki, Məhəmməd İmanlının doktorluq dissertasiyasına 12 sanballı təşkilat rəy verib: Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Milli Təhlükəsizlik nazirliyinin Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət İdarəçilik Akademiyasının adı var. M. İmanlının müdafiə etdiyi “Terrorçuluq əməlləri ilə mübarizənin cinayət hüququ və kriminoloji problemləri” mövzusunda doktorluq dissertasiyası Şürasının üzvləri sırasında Azərbaycanın sanballı alimləri ilə yanaşı Ukrayna Konstitusiya Məhkəməsinin hakimi Stanislav Sergeyecviç Yatsenkonun da adı var. Onun elmi məsləhətçisi Azərbaycanın tanınmış hüquqşünas alimi özünün aparıcı məktəbini yaratmış Firudin Səməndərov, opponentlərdən biri isə dünya səviyyəli hüquq professoru İlham Rəhimlidir. Maraqlıdır ki, bu şəxslərin ciddi irad tuta bilmədikləri bir işdə sadəcə məzun olan bir şəxsin “Evrika, plagiat!” deyərək özünü “vannadan atması” kimisə inandıra, yaxud nəyisə dəyişə bilərmi? Professor İmanlı Rusiyanın nüfuzlu “Sledovatel” və “Mejdunarodnoye uqolovnoe pravo i mejdunarodnaya yustisiya” jurnallarının redaksiya heyətinin üzvüdür. Ermənilərin Rusiyanın hüquq sistemində geniş şəbəkələri barədə hamımız məlumatlıyıq. Buna təəssüflənməkdən başqa yolumuz qalmır. Azərbaycanlı soyadının məşhur jurnalların redaksiya heyətində görməyimiz isə bizi sevindirməlidir. Amma təəssüflər olsun ki, bunu hamıya aid etmək olmur. Yeri gəlmişkən Azərbaycanda cəmi 20 hüquq elmləri doktoru olduğu halda, bu elmi dərəcəyə sahib olanların sayı Gürcüstanda 80, Ermənistanda isə 50 nəfərdir.

 XXI əsr, 11 sentyabr 2001-ci illə yadda qaldı. Bu amansız terror hadisəsindən sonra “dünya” sözünə “konvergensiya”, “qloballaşma”, “kompüterləşmə” sözləri əlavə olundu. İnsanlara elə gəlirdi ki, qanla nəticələnən ağılsız insan nifaqlarına tezliklə son qoyulacaq. Amma bundan xeyli əvvəl biz artıq erməni vəhşilikləri və terroru ilə rastlaşmışdıq. Bu gün erməni xalqı terrorizmin simvoluna çevrilib. Terror paradiqmasının elmi dövriyyə gətirilməsi Azərbaycan hüquqşünasları, sosioloqları və filosoflarına tədqiqatlar üçün yeni üfüqlər açdı. Artıq populist və elmə söykənməyən çıxışlar öz aktuallığını itirməkdədir. Nüfuzlu alimlərimiz terror paradiqmasını Beynəlxalq hüququn prinsiplərinə söykənməklə milli kontekstdə bir problem kimi araşdırmaları ölkəmiz üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu yolla düşmənlərimizə tutarlı cavablar vermək daha effektli ola bilər. Professor M.İmanlının doktorluq dissertasiyası ilə yaratdığı istiqamət hər iki kontekstdə olduqca aktualdır və bu istiqamətdə xeyli alimlər yetişməlidir.

 Elm – problemləri formalaşdırmaq, onlar üzərində çalışmaq və nəticə əldə etmək üçün aparılan tədqiqatdır. Tədqiqat aparmaq isə ya həqiqəti, ya da onun əksini aşkara çıxarmaq deməkdir. Bu prinsip ardıcıllıq və tolerantlıq tələb edir. Tədqiqatlar yolu ilə üzə çıxarılmış həqiqəti təhrif etmək mümkün deyil. Bizə indi və gələcəkdə elə bu lazımdır. Bunun üçün titulları olan və tanınan alimlərin ən kiçik həcmli məqaləsi populist ruhda yazılmış qalın kitabları əvəz edə bilir. Məşhur lüğətlərin birində “hüquqi həqiqət ” anlayışına rast gəldim: Məqalənin tərkibində yazılır: hüquqi həqiqəti bərpa etmək istəyən hüquqşünasın dərin nəzəri bilikləri və həyat təcrübəsi zəngin olmalı, nəzəriyyə ilə faktları əlaqələndirməyi bacarmalıdır.

Bu keyfiyyətlərin təkcə professor Məhəmməd İmanlıda yox, çoxsaylı hüquqşünaslarımızda birləşməsi hamının istəyinə çevrilməlidir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə Universitetlərdəki elmi icmalar arasındakı əlaqələr çox zəifdir. Nəticədə münaqişələr mühiti çox münbitləşib. Bir də ki hansısa vəzifələr boşalanda insanların yatmış kin – küdurəti oyanır. Belə vəziyyətlərdə qərəz və böhtan dərhal işə salınır. Qəribədir ki, alimlər icması atılan böhtanlara birgə elmi əsaslarla cavab verə bilmirlər. Bu amili bizim alimlərimizin mənfi tərəfi kimi qiymətləndirmək olar.

 

 

Etibar ƏLİYEV,

AMEA-nın Fəlsəfə,

Sosiologiya və Hüquq

İnstitutunun böyük elmi işçisi,

fəlsəfə doktoru,

təhsil üzrə ekspert

 

525-ci qəzet.- 2011.- 15 mart.- S.4.