Rəsul Rzaya bir dəstə çiçək,

 

YAXUD RƏŞİD FAXRALININ “TONQAL YERİNDƏ ÇİÇƏK” POEMASI ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR 

 

Tanınmış şair Rəşid Faxralının “Tonqal yerində çiçək” poemasını bu günlərdə bir daha oxudum. Xalq şairi, Azərbaycan ədəbi-ictimai fikrinin nəhəng nümayəndələrindən biri Rəsul Rzaya həsr olunan poemada sözə, bu anlamda Rəsul Rza yaradıcılığına dəruni bir sevgi var. Əsərdə dərin lirizmin içərisində Rəsul Rzanın böyük mənalı həyatının ayrı-ayrı anları bədii lövhələrlə elə ustalıqla təsvir olunub ki, bu “ayrı-ayrı anlar”, əslində, bütövlükdə dahi şairimizin şəxsiyyətini səciyyələndirməyə, onun bədii, poetik obrazını tam şəkildə qavramağa imkan verir.

Poemanın leytmotivini əsərin əvvəlində sonunda müəllifin tamamilə haqlı görünən etirafları xeyli gücləndirir. Əslində, bu etiraflar həm poemada, həm gerçək həyatda Rəsul Rza obrazının, şəxsiyyətinin zəngin yaradıcılığının olduğu kimi qavranılmasına xidmət edir:

 

Dünyanı biryolluq tanımaq üçün

Təzədən oxudum Rəsul Rzanın

duyğuma dad verən şeirlərini...

 

 Yaxud:

 

Şair ömrü yaşayan

oğuldun, Rəsul Rza!..

Yüz yaşında təzədən

doğuldun, Rəsul Rza!..

 

Rəşid Faxralının etiraflarını tamamilə bölüşürəm bu yazını yazmaq üçün həmin etiraflar mənim üçün, bir növ, açar rolunu oynadı...

“Təzədən oxudum Rəsul Rzanı...”. Rəşid Faxralı belə deyir. Rəsul Rza həmişə oxunan şair olub, sağlığında da, indi . Onun haçansa oxucu sarıdan qıtlıq çəkdiyini heç kəs, hətta bədxahları da söyləməyə cürət etməyib, o vaxt da, bu gün . Amma Rəşid Faxralı doğru söyləyir, Rəsul Rza hökmən təzədən oxunmalı bir daha qiymətləndirilməlidir. Ən azından ona görə ki, ideoloji bir rejimin ağır şərtləri altında yazmağa məcbur olan bir sənətkarın yaradıcılığına küll halında obyektiv qiymət vermək üçün ən münasib vaxt məhz indidir, çünki hər şey gün kimi aydındır. Əvvəla, ən azı, Rəsul Rzanın sonuncu şeirini yazmasından düz otuz il keçir bu da imkan verir ki, zamanın özünün şairə verdiyi qiyməti müəyyənləşdirəsən. İkincisi, heç bir siyasi-ideoloji basqının olmadığı bir dövrdə tam ürəyin hökmü, zövqün kriteriyaları ilə Rəsul Rza yaradıcılığına həqiqi qiymət vermək olur. Zənnimcə, hər iki halda Rəsul Rza yaradıcılığı öz dəyərini bir daha təsdiqləyib, böyük şair həm zamanın, həm özündən sonra gələn oxucular nəslinin sınağından üzüağ çıxıb, ona görə Rəsul Rza bu gün oxunur, yaxud təzədən oxunur... Bu həqiqət, sadəcə, bir həqiqətə söykənib: Rəsul Rza zamanın fövqündə duran böyük bir şairdir. Rəşid Faxralı məhz bu postulata istinadən Rəsul Rzanın ədəbi portretini sözlə incəliklə, sayğılarla çəkə bilib:

 

... Şeiriydi yerişi,

Duruşu şeiriydi.

Xırdaca təbəssümü,

Gülüşü şeiriydi...

 

Rəsul Rza ədəbi nəslinin nümayəndələrinin taleyinə dəhşətli otuzuncu illərin amansız repressiyalar dövründə yaşamaq, yazmaq düşmüşdü. Rəsul Rza yazmamağı yaşamamağı bacarmadı. Rəsul Rza yazmağı yaşamağı bacardı...Poemada deyildiyi kimi, “37-nin soyuq bürküsünü, könlü pərişanların türküsünü içən” Rəsul Rza zamanın dəli rüzgarlarına sinə gərdi, bu rüzgarlara barmaq silkələdi mənən əbədi yaşamaq haqqını qazandı:

 

... Onda dəli rüzgara

barmaq silkələyirdi

şair Rəsul Rzanın

ötkəm, qürurlu şeiri.

Suları da duruldan

sulardan duru şeiri...

 

37-də aşkar ölümdən. sürgündən yaxa qurtaranların, bu anlamda ölümə (sürgünə) fitva verənlərə mənən qalib gələnlərin bir missiyası min illərdən baş alıb gələn ədəbi prosesi yaşatmaq sonrakı ədəbi nəsillərə ötürmək oldusa, digər missiyası Cavidləri, Müşfiqləri,...yaşatmaq, onlara yeni ömür vermək idi. Poemada deyildiyi kimi:

 

Dünya...

Dünya duydu ki,

Rəsul Rza şeiri

Azərbaycan şeirinin

təzə-tər nəfəsidi,

Müşfiqi Xəzərdə,

Hadini naməlum qəbirdə,

Cavidi Sibirdə...,

yaşatmaq həvəsidi...

 

Rəsul Rzanın yaradıcılığı ilə şəxsiyyəti həmişə bir-birini tamamlayıb. Onu yaxından tanıyanların xatirələri belə söyləməyə əsaslar verir. Şəxsiyyətinin bütövlüyünün bədii yaradıcılığına sirayət etdiyini xüsusilə vurğulayırlar. Onu da söyləyirlər ki, Rəsul Rza az qala bütün ömrü boyu öz içimizdə adını ziyalı qoyan ziyadan qorxan bəzi xudpəsəndlərlə (kənarda isə əli tətikdə marığa yatıb, ağzı sulana-sulana torpağımıza, tariximizə, mədəniyyətimizə tamah salanlarla) vuruşmalı olub. Rəşid Faxralı şairin “xəbisliklə bağrıbadaş olanlara” şeirləri ilə cavab verdiyini poetik biçimdə belə təqdim edir:

 

... Yel hansı səmtə əssə, 

o səmtə əsənlərə,

Özü özündən deyil,

nursuz gözündən deyil

Günəşdən küsənlərə,

Ürəyi – daş,

 insafı – kar,

 vicdanı – kor,

 gözləri – çaş,

Xəbisliklə bağrıbadaş

olan kəsə

işıqlı şeirləri

ustalıqla vurulan

ustad şapalağıydı...

 

Poemada xalqımızı düşündürən ən ağrılı məsələlərə Rəsul Rzanın bir şair, bir vətəndaş olaraq münasibət bəslədiyi bədii boyalarla, ustalıqla təsvir edilib. Elə götürək Vətənin parçalanma dərdini. Rəşid Faxralı bu dərdin şairin şeirlərindən süzüldüyünü önə çəkir. Ümumiyyətlə, poemada bəzən bir neçə misra ilə şairin xarakterinin ən mühüm cəhətləri açılır. Şübhəsiz ki, bu, müəllifdən ustalıq tələb edir. Etiraf edək ki, bu ya digər məqamlarda deyil, bütövlükdə əsər boyu müəllifin ustalığının şahidi oluruq. Onu da deyək ki, müəllif bəzən sətir başında, misralar içərisində Rəsul Rzanın şeirlərindən misralar, söz ifadələr işlədib, yaxud poemanın adını dahi şairin “Tonqal yerində çiçək” şeirindən götürüb. Bu, müəllifin ədəbi priyomudur. Poemanın az qala bütün misralarından Rəsul Rzanın səsinin duyulması da təsadüfi deyil, Rəşid Faxralının ruhən Rəsul Rza poeziyasına bağlılığını göstərir...

“Tonqal yerində çiçək” poemasını Rəsul Rzaya bir dəstə çiçək bilmək qəbahət deyil...

 

 

Şahbaz Şamıoğlu,

AMEA Nizami adına

Ədəbiyyat  İnstitutunun

aparıcı elmi işçisi,

fəlsəfə doktoru

 

 525-ci qəzet.- 2011.- 16 mart.- S.7.