Vətən göylərində əbədi Ulutürk məşəli

 

Xəlil Rza Ulutürk – bu adı ilk dəfə üçüncü sinifdə oxuyarkən eşitmişdim. Eşitmişdim, amma təbii ki, Xəlil Rzadakı Ulutürk mahiyyətini dərk edə bilməmişdim. Aradan xeyli zaman keçib. İndi onun şeirlərini oxuyuram. Və... O şeirlərdə vulkan kimi püskürən Xəlil Rza ruhunu nəinki eşidirəm, həm də onu görürəm. Haqqında nəsə yazmaq istəyirəm. Qələmi əlimə götürürəm, lakin qələmim o sətirlərdəki vulkanın istisini hiss edən kimi zəifləyir, əriyir. Amma başlamaq lazımdır axı. Əvvəlcə o alovdan bir qığılcım almaq üçün Ulutürkün kitabları – “Ömürdən uzun gecələr”, “Hara gedir bu dünya”, “Türkün dünyası”, “Mən Şərqəm”, “Davam edir 37”, “Lefortovo zindanında”, “Qəhrəman Təbrizim”lə tanış oldum. Bu kitablarda sanki Prometey kimi əlinə od alıb insanlara doğru qaçan birini gördüm. Azadlıq aşiqini... İnsanlara azadlıqdan soraq verən bir fədaini. O gedir. Və gedə-gedə bu misraları oxuyur:

 

Verin mənə azadlığı, heç olmasa qram-qram!

Mən bu qədər alçaqları necə əzəm, necə qıram?!

Verin mənə azadlığı heç olmasa qətrə-qətrə!

Tamarzıyam Türkanımın hər gülündə o bal ətrə.

 

İçindəki Prometey alovu onu qaranlıq Lefortovo zindanında da söndürə bilmir... Xəlil Rza orada da alovlanır, püskürür:

 

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram?!

 

Xəlir Rzanın dünyamızdakı həyat yolu 1932-ci il oktyabr ayının 21-də Salyan rayonunun Pirəbbə kəndində başlanıb. Orta məktəbdə oxuduğu müddətdə çalışqanlığı, davranışı ilə müəllimlərin rəğbətini qazanıb. Onun ilk mətbu şeiri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə o zamankı Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndanın və şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəklərdə iştirak etməsi onun söz adamı kimi püxtələşməsinə ciddi təsir göstərib. 1957-ci ildə universiteti bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. Həmin ilin avqust ayında Moskvadakı Ali Ədəbiyyat Kurslarına göndərilməsi də gənc şairin gələcəyə inamıyla bağlı idi. 1959-cu ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Pedoqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. Bütün bu illərdə şairin vətənpərvərlik duyğuları daha da inkişaf etmiş və şair həqiqi bir azadlıq aşiqi kimi yetişmişdi. Vətəni Azərbaycanın imperiyadan azadlığını yalnız onun azad təfəkkürlü vətəndaşlarının yetişməsində görən Xəlil Rza bu yolda əlindən gələn hər bir işi canla-başla yerinə yetirirdi.

X.Rza Azərbaycan dilinin saflığı, əcnəbi dillərin təsirinə düşməməsi üçün özünəməxsus mübarizə yolu seçmişdi. Bir ara, harda olursa olsun, doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik tələb edir, danışığından məmnun qaldığı yoldaşlarını 1 manat verərək mükafatlandırırdı. Bu məbləğlər, təbii ki, simvolik idi, şairin bu yoldakı qətiyyətli mövqeyindən xəbər verirdi. Beləliklə, o müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa cəlb edir, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparırdı. Əlbəttə, bütün bunlar hakim dairələrin diqqətindən yayınmır, çox keçmir ki, şairin ictimai fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılır...

Həyat yolu barədə məlumatları, xüsusən alovlu şeirlərini oxuyandan sonra Xəlil Rza Ulutürk fenomeni gözümün qarşısında daha canlı obraz almağa başladı. Şeirləri oxuyurdum.

Misralardan məmnunluqla dolu atəşin ürəyimə yayıldığını hiss edirdim. Və yenə də görürdüm – qaranlıqları əlindəki azadlıq məşəli ilə yaran Prometeyi... O hayqırmaqdan yorulmurdu...

Şairin öz səs yazısını dinlədim. “Silahlan” şeirini Ulutürkün səsindən eşitmək çox gözəl idi:

 

Bu sərt, ağır günlərdə

Mən Ali Baş Komandan olsam, olmasam belə,

Azərbaycan adından əmr edirəm: Silahlan!

 

O səsin əzəmətini bir daha duydum. Daha sonra şairin 70 illik yubileyi ilə bağlı keçirilən tədbirin videogörüntülərinə baxdım. Ancaq yenə də təəssüratım kifayət qədər deyildi. Bu işdə mənə ancaq Ulutürkün Vəfadarı adlandırılan, şairin sadiq, fədakar ömür yoldaşı Firəngiz xanım kömək edə bilərdi. Onunla əlaqə saxladım. Görüşəcəyimiz günün axşamı çox həyəcanlı idim. Gecəni yata bilmədim. Gözümün önündən getmirdi Ulutürkün məzarı üstündə ucalan heykəli.

Görüşümüz baş tutdu. Həyəcan içində verdiyim sualları həlim, mehriban, ancaq qətiyyətli səsiylə cavablandırdı. Ulutürkün Vəfadarı şairin evdə mehriban, qayğıkeş bir insan olduğunu söylədi. Şairlə bağlı xatirələrini varaqladı:

“Mən hər zaman onun ardınca getmişəm, tərəddüdsüz izləmişəm onu. Çünki Xəlilin düz yolda olduğuna, Vətənini, millətini, insanları sevdiyinə əmin olmuşam. Bütün varlığı ilə, ruhuyla Azərbaycanı sevirdi, vətəninin istiqlalını arzulayırdı, həyatının mənasını, əbədiyyəti bunda görürdü. Deyirdi ki:

 

Mən onsuz da əbədiyəm,

cahangirlər gəldi-gedər,

Bir gün edam meydanında

başım getsə, verərsəm can,

 

Sən yadların qarşısında

heç bir zaman qara geymə,

Ey donlu Anam mənim,

çələngli Azərbaycan!

 

Həbsxanada olanda yanına tez-tez gedib gəlirdim. 9 ay ərzində 18 dəfə Moskvaya getmişdim, hər dəfə özümlə bağlama aparırdım. Onun içindəkilər diqqətlə yoxlanılırdı, amma yenə də fürsət tapıb ona ürəyincə olan nələrsə aparmağa çalışırdım. Xəlil əvvəldən istiqlal aşiqi idi. Mən özüm tarixçiyəm. Fridrix Engelsi, Karl Marksı oxuyanda o mənə deyirdi ki: “Firəngiz, əl çək bunlardan, cəmiyyət dəyişəcək, Marks, Engels sənə lazım olmayacaq, qalacaqsan işsiz”. Mən də oxuduqlarım haqqında ona danışırdım. Bir dəfə həbsxanaya gedəndə bananın qabığını soydum, içərisinə kağız yapışdırıb təzədən bağladım. Bunları da bizə Karl Mars öyrədib. Yeri gəlmişkən xatırladım ki , siyasi mübarizəsinə görə o da təqib olunaraq həbs edilib. Nə isə , kağızda yazmışdım ki, Xəlil səninlə mübarizə aparmağım ona görə deyildi ki, düz eləmirsən. Ona görə idi ki, bax, indi mən Bakı-Moskva yolunda qalmışam”. Praporşik bağlamadan qalanlarını geri qaytarırdı. Bağlamanı açdım, dedim, bəlkə evdə olanda danışdıqlarım yadında qalıb, bəlkə cavab yazıb. Xəlil banan qabığında cavab göndərmişdi:

 

“Qorxma mən sarsılmaz dağ qalasıyam,

Min bir ölüm gələ sağ qalasıyam.”

 

Erməni vəhşiliyinin tüğyan etdiyi vaxtarı idi. Şuşaya , Laçına , Kəkicahana ardı-arası kəsilməz basqınlar olurdu. Azərbaycanın üstünü qara buludlar almışdı. Bəziləri ğz uşaqlarını dğyüş cəbhəsindən xaricə gəndərirdilər. Bu faktlar Xəlilin gözü qarşısında olduğu üçün o həmin ailələrə qarşı çıxırdı:

 

Çörək də tapılar, ət də, balıq da,

Məhəbbət, sədaqət çəkilib ərşə.

Çoxdur məmləkətdə başıpapaqlı,

Kişilik, dəyanət çəkilib ərşə.

 

Bir dəfə Təbrizim əsgər geyimində evə gəlib dedi:

– Ata mənə xeyir-dua ver, mən gedər oldum.

Xəlil xeyli ona baxıb:

– Uğur olsun, oğlum! – dedi.

Mən ağladım, dedim ki, Təbrizim, axı sənin iki körpən var, niyə gedirsən? Qurban olum ay Təbriz, özünü qoru, mənim sizdən başqa heç kəsim yoxdur...

Təbriz mənə təsəlli verdi, Xəlilin Lefortovoda yazdığı şeirdən iki misranı özü bildiyi kimi dedi:

 

– Bütün dərdi, ələmi dişlərimlə sıxacam,

Dəmir kimi gedirəm, polad kimi gələcəm...

 

Xəlil Rza bütün əsərlərində azadlıq ideyalarını, vətənpərvərlik eşqini cücərəcək toxum kimi ürəklərə səpmişdi, həmin toxum oğlu Təbrizin qəlbində, təbii ki, daha gözəl boy vermişdi. Məhz həmin hisslərin təsirilə Təbriz cəbhəyə yollanmışdı”.

Vətən yolunda şəhid olan övladının itkisi şairi qürurlandırsa da, ata ürəyinə ağır zərbə vurmuşdu. Şairin fiziki ömrü 1994-cü ilin yayında bitsə də, onun mənəvi ömrü bitməzdir, işıqlı ruhu əbədi olaraq Vətən göylərində qərur tutub.

Firəngiz xanım danışdıqca Xəlil Rzanın obrazı gözlərim önündə bütövləşdi və o indi əlində məşəl tutan Prometey yox, bütün varlığı, ruhu vətən, millət yolunda məşələ çevrilən Ulutürk kimi göründü mənə. Böyük məhəbbətdən – istiqlal eşqindən, vətən və millət sevgisindən od alan Ulutürk məşəli Azərbaycan səmasında əbədi alovlanacaq.

 

 

525-ci qəzet.- 2011.-16 mart.- S.6.