Azadlıq, müstəqillik
uğrunda mübarizənin
dayağı: Naxçıvan
“Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında” ölkə
başçısı cənab İlham Əliyevin
imzaladığı 21 yanvar 2011-ci il tarixli sərəncamda
dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı
üçün ən böyük sərvət hesab olunub. Həmin
sənəddə dövlət müstəqilliyinin bərpasının
iyirmiillik yubileyi ölkəmizin həyatında müstəsna
əhəmiyyət daşıyan ictimai-siyasi hadisə kimi
xarekterizə olunub. Bununla bərabər müstəqillik illərində
keçilən zəngin inkişaf yolunda qazanılan parlaq
nailiyyətlərin təbliğ olunması başlıca vəzifə
kimi qarşıya qoyulub. Azərbaycanın siyasi tarixində
özünə parlaq iz qoymuş ulu öndər Heydər Əliyevin
Naxçıvanda yenidən siyasi hakimiyyətə
qayıdışı, Naxçıvandan başlanan müstəqillik
yolunun bütün Azərbaycan siyasi mühitində
aparıcı qüvvəyə çevrilməsinə, milli
dövlətçiliyin bərpası istiqamətində qəti
addımların atılmasına gətirib
çıxartdı. Xalq azadlıq, istiqlaliyyət uğrunda
mübarizəsində dönməz idi. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək
bu dövrdə “Müstəqillik yolunda mübarizə aparan
adamlar Naxçıvan əhalisinin demək olar ki, əksəriyyətini
təşkil edirdi. Naxçıvanın müstəqillik,
milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir
edirdi”.
Naxçıvanda bəlkə də
elə bir adam (uşaq və gənclər istisna olmaqla) tapmaq
olmaz ki, o dünya siyasət elminin korifeylərindən biri olan
xalqımızın ümummilli lideri Heydər Əliyevi
yaxından görməmiş olsun. Bir halda ki, ulu öndər
Moskvadan Naxçıvana gələndə onu şəhərin
baş meydanında keçirilən görüşdə
70-80 min nəfər alqışlayırdı, Muxtar Respublika
Ali Məclisinin Sədri seçiləndə sessiyanın
keçirildiyi binanın ətrafına on minlərlə adam
toplaşmışdı, onda regionun digər şəhər
və kəndlərində keçirilən görüşlərdə
nə qədər adamın iştirak etdiyini təsəvvürə
gətirmək elə də çətin deyil. Yaxşı
yadımdadır ki, 1991-ci ilin may ayının 7-də Şərur
şəhərinin mərkəzindəki mitinqdə 20 mindən
artıq adam ulu öndərlə görüşə can
atmış, onun müdrik, proqram xarakterli çıxışını
axıradək dinləmişdi. Təbii ki, bunlar müdrik rəhbərə
xalq sevgisindən, el məhəbbətindən irəli gəlirdi.
Heydər Əliyev ağır blokada şəraitinə
baxmayaraq Muxtar Respublikada torpaqların müdafiəsini yüksək
səviyyədə təşkil etməyə, təcavüzkarlardan
qorumağa nail olurdu. Onun varlığı sakinlərə ruh
verdiyi üçün regionda bircə kənd də
düşmən əlinə keçməmişdi. Elə o
ağır və məşəqqətli günlərdə də
müdrik şəxsiyyət dönə-dönə deyirdi:
“Doğma vətən torpağına heç də yenidən
hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq
respublikanın bu ağır və çətin dövrlərində
xalqın dərdinə şərik olmaqla vətəndaşlıq
borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə
qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim
Azərbaycanın ərazi bütövlüyünü və
Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində
bərqərar etməkdən ibarətdir “. Muxtar Respublikada Ulu
öndəri lap yaxından görən, onunla ünsiyyət
saxlayan adamlar yüzlərlə, minlərlədir. Onlardan biri
də bu sətirlərin müəllifi olub. Tale elə gətirib
ki, ulu öndərin sədrliyi ilə keçirilən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sessiyalarında, müşavirələrində,
yığıncaqlarında iştirak edən dörd-beş nəfər
mətbuat işçisindən biri də mən olmuşam. O
zaman “Sovet kəndi” (“Həyat”) qəzetinin bölgə
müxbiri idim. Elə o çətin və məşəqqətli
illərdə Naxçıvanda dövlət müstəqilliyimizin
bərpası istiqamətində taleyüklü qərarların
hansı şəraitdə və necə qəbul olunduğunu
da yaxşı xatırlayıram.
Naxçıvanda
ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan
etdiyi dövrdə – 17 noyabr 1990-cı ildə Muxtar Respublika
Ali Məclisinin I sessiyası keçirildi. Sıravi xalq
deputatı Heydər Əliyevin sədrliyi ilə keçən
həmin sessiyanın bu gün tariximizdə mühüm əhəmiyyət
kəsb etməsi bu qanunvericilik orqanında Azərbaycan
dövlətçiliyinin dirçəlişi prosesinin həyata
keçirilməsi ilə bağlı bir çox məsələlərin
müzakirə olunması, Azərbaycanın müstəqil,
demokratik və dünyəvi dövlət kimi fəaliyyət
göstərməsi üçün mühüm siyasi və
ideoloji amilə çevrilən tarixi qərarların qəbul
edilməsi ilə bağlıdır. Sessiyada ilk növbədə
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının
adından “Sovet”, “Sosialist” sözləri
çıxarıldı, onun Naxçıvan Muxtar
Respublikası adlandırılması haqqında qərar qəbul
edildi. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz
qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi
qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev
“1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında” qərar layihəsini
işləyib Ali Məclisin sessiyasının müzakirəsinə
təqdim etdi. Heydər Əliyevin böyük siyasi nüfuzu
nəticəsində qəbul olunan bu qərarda ilk dəfə
qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət
verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə
yanaşı, respublika rəhbərliyinin də böyük
günahı olduğu göstərilmiş və onların
adlarının bir-bir açıqlanaraq məsuliyyətə
cəlb edilmələri tələb olunmuşdu. Ali Məclisin
14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında
yeni ittifaq müqaviləsinə münasibət məsələsi
müzakirə olundu. Məsələ ilə bağlı
çıxış edən Heydər Əliyev deyirdi ki, “Mən
yeni ittifaqa daxil olmağın və bunun üçün
referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm.
Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik
yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə
aparmalıdır... Müstəqillik yolu qədər çətin
yol yoxdur”. Yeni ittifaq müqaviləsinin layihəsi
ümumittifaq siyasi rəhbərliyi və xüsusən
M.Qorbaçov tərəfindən bütün sovet
xalqını yenidən aldatmaq cəhdinin bir təzahürüdür.
Acınacaqlı hal isə
ondan ibarət idi ki, həmin layihənin hazırlanmasında
Azərbaycanın rəsmi nümayəndəsi də
yaxından iştirak etmişdi. Hətta o ərəfədə
keçirilən SSRI Ali Sovetinin sessiyasında Azərbaycan Ali
Sovetinin sədri çıxış edərək bu sənədin
respublikamızda bəyənildiyini bildirmişdi. Elə bu
faktın özü də sübut edirdi ki, Azərbaycan rəhbərliyi
milli dövlət dirçəlişini təmin etmək
fikrində deyildi.
Həmin layihənin
ölkə miqyasında müzakirəyə
çıxarılmasına razılıq verilməsi də səhv
bir addım idi. Müdrik rəhbərimiz həmin
sessiyadakı çıxışında deyirdi: “Əgər
doğrudan da bu layihə suveren respublikaların
ittifaqını təmin etmək istəyirsə, gərək
respublikalar əvvəl suveren olsun, müstəqil dövlət
olsun, ondan sonra bu Ittifaqa girməyə öz rəylərini
göstərsinlər”. Ümummilli lider hətta 1922-ci ildə
bağlanmış Ittifaq müqaviləsini də indiki sənəddən
daha demokratik, daha mütərəqqi hesab edirdi: “1922-ci ildə
respublikalar müstəqil idi. O respublikaların rəhbərləri,
deyək ki, xalqın rəyini ifadə edərək 1922-ci ilin
dekabrında səlahiyyət alıb bu müqaviləyə qol
çəkmişdilər. O vaxt müstəqil respublikalar birləşdilər.
Ancaq indi müttəfiq respublikaların heç biri müstəqil
deyil. Əgər biz müstəqil deyiliksə, necə olar ki,
suveren respublikalar ittifaqına çevrilə bilək?” Həmin
il martın 14-də isə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin növbəti sessiyasında
SSRI-nin saxlanmasına dair Ümumittifaq referendumunda
Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi
barədə qərar qəbul edildi. Bu, elə bir dövr idi
ki, artıq bir çox müttəfiq respublikalar, xüsusən
də Baltikyanı ölkələr İttifaqın
dağılmaqda olduğunu görür, bu birlikdən
mümkün qədər tez və ağrısız
çıxmağa çalışaraq özlərinin azad və
müstəqil dövlətlərini yaratmaq istiqamətində
qətiyyətli addımlar atırdılar.
1991-ci ilin sentyabrın
3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə
Sədr seçilməsi milli miqyasda böyük hadisə
oldu. Məsələ heç də keçmiş Sovetlər
İttifaqının Siyasi Bürosuna mənsub nüfuzlu
simalardan birinin – SSRİ Nazirlər Soveti Sədrinin birinci
müavininin Azərbaycan ərazisinin bir hissəsində –
Muxtar Respublikada Ali Məclisə Sədr vəzifəsinə
seçilməsində deyildi. O, ilk növbədə
Naxçıvanda fəal və peşəkar fəaliyyəti
ilə milli dövlətçiliyə inam hissini
formalaşdıra bildi. Milli lider bölgənin erməni təcavüzündən
müdafiəsi ilə bilavasitə məşğul olmağa
başladı, bu məsələ onun əsas fəaliyyət
istiqamətinə çevrildi. Böyük dövlət
xadiminin ilk gündən başlayaraq atdığı
addımlar, həyata keçirdiyi tədbirlər
Naxçıvanı düşmən əlinə keçmək
təhlükəsindən xilas etdi. İqtisadi blokada şəraitində
yaşayan Naxçıvanın düşmən
qarşısında duruş gətirməklə bərabər,
həm də iqtisadi problemlərin həllinə ciddi diqqət
yetirib, yeni firavan həyat quruculuğuna başlamasında da
Heydər Əliyev şəxsiyyətinin önəmli rolu
oldu.
Elə bu səbəbdən
də Naxçıvanda dövlət müstəqilliyinin bərpası
istiqamətində tədbirlər təkcə siyasi müstəvidə
getmir, yeni iqtisadi təfəkkürə söykənən,
bazar iqtisadiyyatının tələblərinə
uyğunlaşan iqtisadi model formalaşırdı. Ali Məclisin
16 dekabr 1991-ci il tarixli sessiyasında isə “Dünya Azərbaycan
türklərinin milli həmrəylik və birlik günü
haqqında” qərar qəbul olunmuş, Ali Məclisin Sədri
müzakirələrə yekun vurarkən geniş nitq söyləmiş,
qəbul edilən məsələnin siyasi əhəmiyyətinə
xüsusi önəm vermişdir: “Dünya Azərbaycan
türklərinin milli həmrəylik və birlik günü
haqqında” məsələnin Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sessiyasında müzakirə
olunması, böyük əhəmiyyətli qərar qəbul
edilməsi Azərbaycan türklərinin uzun illər
ayrılıqdan sonra birləşməsi yolunda ilk
addımdır. Biz böyük qürur hissi ilə deyirik ki,
bu, Naxçıvanda, qədim türk diyarında irəli
sürülmüşdür”. Naxçıvanın o
ağır dövrdə qurduğu beynəlxalq əlaqələr
Muxtar Respublikanın mövcudluğu üçün bəlkə
də yeganə vasitəyə çevrildi. Azərbaycan-Türkiyə
əlaqələrinin inkişafında 1992-ci il mayın 28-də
açılmış “Sədərək-Dilucu”
körpüsü mühüm mərhələ oldu. Körpünün
açılış mərasimində çıxış
edən Heydər Əliyev qeyd edir ki, “Biz azərbaycanlılar,
türklər əsrlər boyu Araz çayının o
sahilində, bu sahilində dost, qardaş kimi
yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək
üçün, əlaqə saxlamaq üçün həsrət
çəkmişik. 70 il biz bu görüşü həsrətlə
gözləmişik”. Türkiyə Cümhuriyyətinin
Baş Naziri Süleyman Dəmirəl də öz
çıxışında borclu qalmadı–“bu gün burada cərəyan
edən hadisə tək bir körpünün
açılışı deyildir. Cərəyan edən əsas
hadisə 70 il bir-biri ilə qürbətdə, həsrətdə
qalmış qardaşlarımızın yenidən
görüşməsidir. Bu, bir birlik, milli
coşğunluqdur...” Heydər Əliyevin Naxçıvan
Muxtar Respublikası Ali Məclisinə sədrlik etdiyi bir il
doqquz ay ərzində muxtar respublikanın xarici əlaqələrinin
sıx inkişaf etməyə başladığı ikinci
dövlət–Azərbaycanın cənub qonşusu olan İran
İslam Respublikası oldu. Bu əlaqələrin möhkəmlənməsində
Ali Məclis Sədrinin 1992-ci il 22-25 avqustda qonşu dövlətə
səfəri mühüm rol oynadı. Səfər zamanı İİR-in
dini lideri S.Ə.Xamneyi, prezident Ə.Ə.Haşimi Rəfsəncani,
parlamentin sədri Natiq Nuri, xarici işlər naziri Ə.Ə.Vilayəti
və digər rəsmi şəxslərlə
görüşlər oldu, əməkdaşlıq protokolu
imzalandı. Ümumiyyətlə, 1990-1993-cü illərdə
Azərbaycan xalqının dirçəlişi, müstəqilliyin
bərpa olunması, milli birliyin və mənəvi
bütövlüyün təmin olunması istiqamətində
Naxçıvan parlamentində bir çox tarixi əhəmiyyətli
qərarlar qəbul edildi.
Təməli xalqımızın
ümummilli lideri qoyulan yeni həyat quruculuğu xəttinin 1996-cı
ilin dekabr ayının 16-dan dönmədən və
ardıcıllıqla necə həyata keçirilməsinin də
canlı şahidiyəm. Həmin gün qədim diyarın
sakinləri üçün həm də onunla əlamətdar
və yaddaqalan olub ki, onlar yenidən özlərinə rəhbər
seçimi və bu şansdan doğru-düzgün istifadə
etmək imkanı qazanıblar. Vasif Talıbovun Ali Məclisin
sədri seçilməsi uğurlu inkişafın əsasını
qoyub.
“Ali Məclis təşkilatlanır,
ümidlər çoxalır...” adlı yazımda deyirdim ki,
“Onun Ali Məclisə sədr seçilməsi muxtar respublika
sakinləri tərəfindən də rəğbətlə
qarşılanıb. Əvvəla, bölgədə onun qədər
dahi siyasətçi Heydər Əliyev məktəbini
keçən müdavim olmayıb, özü də əla
qiymətlərlə təhsil alsın, digər tərəfdən
də adamlar 36 yaşlı bu gəncin bütün potensial
imkanlarına bələddirlər. İnanırlar ki, indiki ağır
şəraitdə o bu regionu idarə etməyə, irəli
aparmağa qadir şəxs-rəhbər olacaqdır” (“Azərbaycan”
qəzeti, 28 dekabr 1995-ci il) Heydər Əliyev siyasi fəaliyyətinin
bütün dövrlərində muxtar respublikanın
inkişafına xüsusi qayğı göstərib. Bu amil
torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin
məkrli planlarının və niyyətlərinin puç
olmasında önəmli rol oynayıb. Həmin illər ulu
öndər demişdir:
“Mən son vaxtlar
Naxçıvanın inkişafı ilə əlaqədar bəzi
tədbirlər həyata keçirmək barədə qərarlar
vermişəm. Bunlar lazımdır. Nə üçün?
Çünki Naxçıvanın vəziyyəti, onun
coğrafi vəziyyəti və Naxçıvana qarşı
ermənilərin daimi ərazi iddiası Naxçıvanı
xüsusi inkişaf etdirmək məsələsini
qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən
qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın
milli mədəniyyətini, memarlığını, rəssamlığını
nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın
xüsusi ağır şəraitdə olan bir hissəsini gərək
o qədər inkişaf etdirək ki, oradakı problemlər
insanları narahat etməsin. Həmin insanlar orada daim
yaşasınlar. Azərbaycan torpağını qorusunlar,
saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul
olunmuşdur”. Prezident İlham Əliyev də ümummilli
liderin siyasi xəttini uğurla davam etdirir. Naxçıvana səfərləri
çərçivəsində keçirdiyi
görüşlərin birində dövlət
başçısı demişdir: “Xalqımızın
ümummilli lideri Heydər Əliyev Naxçıvana çox
diqqətlə yanaşırdı. Ona görə yox ki, burada
anadan olmuşdu, bura onun vətəni
idi. Ona görə ki, siyasi xadim kimi
Naxçıvanın Azərbaycan
üçün əhəmiyyətini
çox gözəl başa düşürdü”.
Yeni həyat quruculuğu xətti bu gün
də uğurla davam edir.
Ali Məclisin
Sədri Vasif Talıbov Prezident İlham Əliyevin rəhbərliyi altında
ulu öndərin quruculuq və inkişaf xəttinin blokada şəraitində
yaşayan regionda həyata keçirilməsi
üçün var gücünü, əməyini
əsirgəmir. Düzgün
siyasət sayəsində
muxtar respublika nəinki qısa vaxt ərzində iqtisadi və sosial böhrandan yaxa qurtarıb, onun dinamik inkişafı
təmin olunub, inkişafdan intibaha doğru sürətli yol keçilib. Əgər 2000-ci ildə muxtar respublika üzrə cəmi 15 adda məhsul istehsal olunurdusa, indi 292 növdə məhsul istehsal olunur. Əhalinin 89 növdə ərzaq, 158 növdə qeyri-ərzaq olmaqla, 247 növdə məhsula olan tələbatı yerli istehsal hesabına ödənilir. Yeni fəaliyyətə başlayan
müəssisələr əsasən
yerli xammaldan istifadə yolu ilə məhsul istehsal edirlər ki, bu da
hazır məhsulun istehlakçılara daha münasib qiymətlərlə
çatdırılmasına imkan yaradır. 423 istehsal müəssisəsindən
336-sı yerli xammaldan
istifadə əsasında
fəaliyyət göstərir
ki, bu da
yerli istehsalı stimullaşmaqla bərabər
daxili bazarı etibarlı şəkildə
qoruyur.
Son 10 ildə muxtar respublikada 168 məktəb binası, 14 uşaq bağçası,
18 musiqi məktəbi,
9 məktəbdənkənar tədris müəssisəsi,
42 xəstəxana, 51 həkim
ambulatoriyası, 56 feldşer-mama,
17 tibb məntəqəsi
tikilib və ya yenidən qurulub. 44 min 647 yeni iş yeri açılmışdır
ki, onun da 29 min 393-ü və yaxud 66 faizi daimi iş yerləri
olub. Səmərəli
demoqrafik və sosial-iqtisadi siyasətin uğurlu nəticəsidir
ki, son illər ərzində əhalinin orta ömür müddəti 4,2 il yüksələrək 74,4 ilə
çatıb. İlk
dəfə olaraq ötən il doğulan körpələrin
on min nəfəri ötməsi
də iqtisadi inkişafın, sosial vəziyyətin ürəkaçan
olmasından irəli gəlib. Halbuki, sovet dönəmində,
1988-ci ildə bu rəqəm indikindən
34,3 faiz aşağı
olub. Müqayisə olunan dövrdə əhalinin sayı isə 115,6 min nəfər
artaraq 410 min nəfərə
çatıb.
Prezident İlham
Əliyev də muxtar respublikaya səfəri çərçivəsində
görülən işlərdən,
həyata keçirilən
tədbirlərdən razı
qaldığını bildirib:
“Mən çox şadam ki, Naxçıvanda nəzərdə
tutduğumuz bütün
məsələlər bu
gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq
işləri çox
sürətlə gedir,
bütün sosial məsələlər həllini
tapır, yeni müəssisələr, fabriklər
açılır, yollar
çəkilir”. Naxçıvan
indi yalnız regional deyil, dövlətlərarası
əməkdaşlıqda da
yaxından iştirak edir. Azərbaycan-Türkiyə,
Azərbaycan-İran əlaqələri
konteksində o, aparıcı
rol oynayır. Naxçıvan ölkəmizlə
yaxından əməkdaşlıq
edən xarici dövlətlər, beynəlxalq
qurumlar üçün
həm də cəlbedici regiona və etibarlı tərəfdaşa çevrilib.
Avropa Şurası ilə geniş əməkdaşlıq edir,
onun səlahiyyətli
nümayəndələri bu
qurumun Yerli və Regional Hakimiyyətlər
Konqresinin Regionlar Palatasında layiqincə təmsil olunurlar. Bununla bərabər muxtar respublika beynəlxalq əhəmiyyətli
tədbirlərə də
uğurla ev sahibliyi edir. 2009-cu il oktyabr ayının
2-də və 3-də Türkdilli
Ölkələrin Dövlət
Başçılarının IX Zirvə görüşünün
Naxçıvanda keçirilməsi
də muxtar respublikanın tanıdılmasında
önəmli rol oynayıb. Türk xalqları arasındakı
mədəni və iqtisadi əlaqələri
dərinləşdirmək, qarşığı əməkdaşlığı
artırmaq, ortaq tarixi, milli-mənəvi dəyərləri öyrənmək,
qorumaq və təbliğ etmək, türkdilli ölkələrin
beynəlxalq sülh və sabitliyə təmin edən müsbət fəaliyyətlərini
artırmaq kimi məsələlər Zirvə
toplantısının əsas
mahiyyətini təşkil
edib.
Artıq Heydər Əliyev dövlətçilik məktəbinin
Naxçıvan modeli
də formalaşıb.
Bu məktəbdə tədris
olunan dərslərin başlıca qayəsini milli dövlətçilik
ənənələrinin qorunması,
aşılanması və
gələcək nəsillərə
ötürülməsi təşkil
edir. Öyrəniləsi,
əxz ediləsi dərslər isə olduqca çoxdur.
Ölkə mətbuatında Muxtar Respublikanın müstəqillik
illərindəki sosial-iqtisadi
inkişafını “Naxçıvan
möcüzəsi” adlandıranlar
da az deyil.
“Naxçıvan möcüzəsi”
nin əldə edilməsini Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov belə xarekterizə edir: “Yol düzgün seçiləndə, milli
maraqlara və dövlətçiliyə sədaqət
olanda, adamların qayğısı və ehtiyacları hədəfə
alınanda istənilən
möcüzəni yaratmaq
olar”.
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix elmləri
namizədi, əməkdar
journalist
525-ci qəzet.- 2011.- 16 mart.- S.2.