Sabir Rüstəmxanlı:
“İranda bütün xalqların mənafeləri farsların
xeyrinə yönəldilir”
MÜSAHİBİMİZ VƏTƏNDAŞ HƏMRƏYLİYİ
PARTİYASININ (VHP) VƏ DÜNYA AZƏRBAYCANLILARI
KONQRESİNİN (DAK) SƏDRİ, MİLLƏT VƏKİLİ
SABİR RÜSTƏMXANLIDIR
– Bu gün İranda ali dini rəhbər milliyyətcə türk və əhalinin də yarıdan çoxusu Azərbaycan türkləri olsa da, Cənub qonşumuzun apardığı siyasət, təəssüf ki, Güneyli soydaşlarımızın maraqlarından qat-qat uzaqdır. Biz İranın daxili işlərinə qarışmaq, bölücülük aparmaq və sair niyyətində deyilik. Azərbaycan türkləri min illər boyu bu dövlətin başında dayanıblar, amma bununla belə, fars şovinistləri Firdovsiyə “Şahnamə”ni yazdırıblar ki, orada da türklər təhqir olunub. “Nizami-mülk”lər bizim xaqanların qoltuğu altında kitablar yazıblar, lakin orada türklərə nifrət duyğuları baş alıb gedib. Təbii ki, bunlar fars şovinistlərinin Azərbaycan türklərinə yönəlik hərəkətləridir. Burada fars millətinin günahı yoxdur. Azərbaycan türkləri, qeyd etdiyim kimi, min illərdir farslarla bərabər bu ölkənin vətəndaşlarıdır və onlar bir ölkədə yaşayırlar, bir-birilərinə xoş münasibətləri, qohumluqları var və sair. Amma ölkədə olan bir millətin – özü də azlıqda olan bir toplumun mənafeyinə bütün digər xalqları İranda yaşayan türkləri, türkmanları, lorları, bəlucları, bəxtiyariləri, ərəbləri, kürdləri qurban vermək olmaz. Bu, indiki dünyada gedən proseslərlə, insanlığın, bəşəriyyətin min illər boyu gəlib çatdığı dəyər və reallıqlarla uyğun gəlmir. Ona görə İranda yaşayan türklərin, yəni dünyaya səpələnmiş türklərin bir diaspor təşkilatı olaraq DAK Cənubdakı soydaşlarımızın, qardaşlarımızın haqlarını müdafiə edir. Biz görürük ki, bu gün də İranda başda müxtəlif vəzifələrdə türklər otursalar da, türklər olmaqla, bu ölkədə yaşayan xalqların mənafeləri farsların xeyrinə yönəldilir. Onların hüquqları, mədəniyyətləri, tarixləri hamısı farlaşdırılır. Onu da nəzərinizə çatdırım ki, indiki İran dövlətinin adı sonradan peyda olub. Vaxtilə burada səfəvilər, qacar-əfşar dövlətləri və sair olub. “İran” sözü sonradan meydana çıxıb. Ondan əvvəl də İrana Persiya deyilib. İndi də dünya mətbuatında və elə bir sıra rəsmi yerlərdə İran adı işlənmir, ona Persiya deyilir. Beləliklə, İran deyəndə, düşünürük ki, orada yaşayan bütün xalqlar və onların mədəniyyətləri nəzərdə tutulur. Amma, əslində, bu, dünya çapında ancaq Farsistan kimi tanınır və orada yaşayan əhalinin yüzdə əllisini təşkil edən türklərin yerin altından çıxan bütün mədəniyyət nümunələri, bu gün yaratdıqları, həmçinin adətləri, ənənələri, maddi mədəniyyət abidələri və sərvətləri hamısı farslaşdırılıb, farsların adına çıxarılıb. Üstəlik Güney türklərinin ana dillərində məktəbləri yoxdur. Axı, biz min illər boyu birgə yaşadığımız halda farslara öz dillərini qadağa etməmişdik ki? Əksinə, saraylarda həmişə fars dili yazı dili olaraq türk dili ilə yanaşı işlədilirdi. Amma 1925-26-cı illərdən üzü bəri – təxminən 85 il ərzində bu rejim, türklər də daxil olmaqla, İrandakı bütün digər xalqlara öz dillərini qadağan ediblər...
– Təkcə ermənilərdən savayı...
– Tamamilə doğrudur. Dil haqqı İranda təkcə ermənilər üçün tanınıb və tanınır. İran bu addımına da dini azlıqların haqqını tanıması donunu geyindirir. Mən də vaxtilə İran səfirliyində işləyən dostlarımızla, tanışlarımızla, yaxud İranın bəzi rəsmi şəxsləri ilə görüşlərim, söhbətlərim zamanı bunu dəfələrlə onların nəzərinə çatdırmışam. Əgər dini azlığın haqqı tanınırsa, belə çıxır ki, onda biz öz milli haqlarımızı qazanmaq üçün bu məzhəb, din məsələlərindən imtina edib, milli haqlarımızın dalınca düşməliyik. Hər halda milli haqlar da dini haqlar qədər, bəlkə də ondan daha artıq yuxarıdadır. Çünki millətlər müxtəlif dinlərdən keçirlər. Bu dindən imtina edib, başqa dini qəbul edirlər. Konkret olaraq türklər də çoxlu dinlərdən keçiblər. Elə farsların özləri də. Müsəlmançılığa qədər farsların başqa dinləri – atəşpərəst, bütpərəst olublar. Amma millət elə millət olduğu kimi qalıb və qalır. İndi belə çıxır ki, biz İranda öz milli haqlarımızı qoruyub saxlamaq üçün din dəyişikliyinə getməliyik? Əgər İran özünü islam ölkəsi sayırsa, bu cür anormal bir vəziyyət yaratmalı deyil ki, müsəlman, özü də əsl, həqiqi, inamlı müsəlman olan Azərbaycan türklərini gətirib bu dilema, sual qarşısına çıxarsınlar. Necə yəni, dini azlığın haqqı qorunur, 100-150 min erməninin haqqı qorunur, o başa keçirilir, qəzeti, radiosu, universiteti, məktəbi olur, amma orada yaşayan və İranı qurub, qoruyub saxlayan, onu birləşdirən, bir dövlətə çevirən türklərin heç bir haqqı tanınmır? Söhbət bundan gedir və bu, şübhəsiz, İranın fars-şovinist siyasətini qoruyub saxlamaq istəyən adamları ciddi şəkildə narahat edir. Ona görə də İranda daimi bir türk, bir azərbaycanlı qorxusu var və bizə olan münasibətin kökündə bu dayanır ki, biz gücləndikcə, İran oradakı türklərin də güclənəcəyini düşünür. Halbuki müstəqil Azərbaycan Respublikası dövlət olaraq bu məsələlərə qətiyyən qarışmır və mənə elə gəlir ki, nahaq da qarışmır. Əgər biz bir müstəqil dövlətiksə, eyni zamanda, Cənubda da bizim insanlarımız, soydaşlarımız yaşayırsa, o zaman biz onların da haqqını müdafiə etməliyik. Biz onların məktəbi, mədəniyyəti və sair haqqında düşünməliyik. Fərqi yoxdur biz balaca, yaxud böyük dövlətik. O insanlar da bizdəndir. Bu, əslində İranın daxili işlərinə qarışmaq demək deyil, bu, İranın dövlət işlərinə də müdaxilə etrmək anlamına gəlmir. Orada – Güneydə türklərin, azərbaycanlıların haqları nə qədər çox tanınsa, İran, əksinə o qədər möhkəm olar. Çünki İran dövlət olaraq, əslində türklərin dövlətidir...
– Əgər, yuxarıda qeyd etdiyiniz kimi, mövcud Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti indiki durumunda – torpaqlarının 20 faizi işğal altında olduğu bir vəziyyətdə bu məsələyə qarışarsa, bu, Azərbaycan üçün ikinci bir cəbhənin açılması olmazmı, buna gətirib çıxarmazmı?
– Bir daha deyirəm, biz İranla münasibətlərimizi pozmadan, qonşuluq münasibətlərini qoruyaraq, amma rəsmi və qeyri-rəsmi görüşlərimizdə daimi deməliyik ki, İranın güclü dövlət olmasını, müstəqilliyini tanıyırıq, ona hörmət edirik. Amma siz də bizə millət olaraq hörmət edin və oradakı qardaşlarımız üçün məktəb açın. Nə istəyirsiniz, biz də yardım edək. Radio açın, bunlar insandır, dili var, televiziyaları olsun. Dünyanın heç yerində görünməyib ki, bütöv 35 milyonluq bir xalqın bütün bu hüquqları əlindən alınsın. Məncə, İran tərəfində bunu başa düşən kifayət qədər adamlar var və bilirlər ki, getdikcə bu proses həyata keçirilməlidir, olmalıdır, başqa cür mümkün deyil. Onsuz da biz istədik-istəmədik, İranın bəzi dairələri ermənini özünə qardaş sayır. İranın keçmiş xarici işlər naziri Xərrazi bir vaxtlar yazırdı ki, ermənilər bizim qan qardaşımızdır və indiki fars-şovinist rejimi Azərbaycan xalqını təhqir edərək, onun heysiyyətini ayaqlar altına ataraq, Təbrizin, Urmiyanın, Ərdəbilin, nə bilim Qəzvinin, Zəncanın üstündən dolu-dolu arabalar Ermənistana yardım daşıyır. Hətta indi Təbrizdən Ermənistana neft kəmərini də çəkmək istəyirlər və sair. Beləliklə, Ermənistanı bəsləyən ölkələrdən biri İrandır. Bizə “qardaş” deyə-deyə, müsəlmançılıqdan ağızdolusu dəm vura-vura, xristian dövləti olan terrorçu Ermənistana yardım edir. İran bir tərəfdən guya terrora qarşı mübarizə aparır, orada – Yaxın Şərqdə fələstinlilərin haqlarını qoruyur, müdafiə edir, dünyanın müxtəlif ölkələrində olan müsəlmanlara yardım əli uzadır, biz buna müsbət hadisə kimi yanaşırıq və bunu əslində bəyənirik, amma eyni zamanda, burada – qonşuluqda müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarının işğal olunmasına, Azərbaycana qarşı 23 ildən bəri davam edən terrora, dövlət terrorçuluğuna və terrorçu Ermənistanın hərəkətlərinə dözür. Onun Xocalıda qan tökmüş, əli qana bulaşmış terrorçu başçısı ilə əl-ələ verir, öpüşüb qucağına basır, hədiyyələr verir, onu bəsləyir və sanki bununla Azərbaycana gözdağı çəkirmiş kimi, “baxın, mən sizin qanınızı tökəni belə bağrıma basıram” deyir. Bu, anormal münasibətdir. Ona görə dildə İran nə qədər düz söz deyirsə də, amma içəridə apardığı siyasət ayrı məqamlardan xəbər verir.
– Sabir bəy, ümumiyyətlə, İran-Azərbaycan münasibətlərindəki gərginliklər başqa – bu bölgədə maraqları olan dış güclərin xeyrinə işləmir ki? Yəni, həm ABŞ-ın, həm İsrailin, həm elə təcavüzkar Ermənistanın, o cümlədən Rusiyanın xeyrinə...
– Əlbəttə, biz istəməzdik ki, İranla münasibətlərimiz gərginləşsin. Mən 1992-ci ilin fevralında – Azərbaycan müstəqilliyini yeni əldə etdikdən sonra İrana səfər edən ilk dövlət rəsmilərindən biri idim. Hətta İranda zəlzələ olanda ora yardım kampaniyasının başlanmasının təşəbbüskarlarından biri məniydim. Macarıstandakı səfirimiz Həsən Həsənov da Allah şahididir. Təəssüf ki, o zaman İrana gedənlərə qatıla bilmədim, sadəcə, təyyarəyə gecikmişdim, vaxtını düz deməmişdilər... Yəni, biz İrana qardaş bir ölkə kimi baxırıq. Çünki əhalisinin yarısı bizdəndir, yerdə qalanlarla da – farslarla da, digərləri ilə də tarixən qonşuluq münasibətlərimiz olub. Taledə, tarixdə bir çox ortaq nöqtələr olub, mədəniyyətlərimiz ümumi cəhətləri var. Bu qardaşlığın yolu da odur ki, orada bizim xalqa normal bir münasibət olsun və bu olmasa, əlbəttə, həmişə narahatçılıq olacaq. Bu, bizdən asılı deyil. Müstəqil Azərbaycan Respublikası İranla daim yağ-bal yesə, “qardaş” deyib hər zaman ən yüksək səviyyədə bütün münasibətləri qursa da, necə ki, qurub, yenə də Cənub qonşumuzda bu Azərbaycan problemi olacaq. Çünki orada yaşayan azərbaycanlılar özləri bizsiz, bizim təbliğatımız olmadan – onsuz da bizim təbliğatımız ora çatmır – da İranın indiki rejiminin apardığı siyasətdən narazıdırlar. Orta əsrlərin cəhalət üsulları, ağzını açıb öz dilində danışanın dilinin kəsilməsi, ana dili, məktəb deyənləri həbsxanalara atmaq, bu, İranın öz içindən gələn narazılıqdır. Ona görə İranın, məncə, Azərbaycan Respublikası adında bir problemi yoxdur və olmamalıdır. Burada onsuz da münasibətlər kifayət qədər İran üçün rahatlıq yaradan münasibətlərdir. İran, sadəcə, öz içindəki problemləri həll etməlidir, o zaman rahat ola bilər. Bu, bizdən – kənardan İrana ötürülən bir problem deyil. İranın özündəki, Ərəb dünyasında, bütün müsəlman ölkələrində bu feodal üsul idarələri, zorakılıq, şahlıq, bir qrup adamların millətin qanını sorması görürsünüz gətirib hara çıxarır. Bunlar İrana da təsirsiz keçə bilməz, axı.
– Necə hesab edirsiniz, Ərəb dünyasında yaşananların İrana da təsiri olacaqmı? Eyni zamanda, Cənubi Azərbaycan türkləri bundan hər hansı formada zərər çəkməzlər ki?
– Xeyr.
Görürsünüz ki, Azərbaycan türkləri,
güneyli soydaşlarımız bu məsələlərə
qarışmırlar və düzgün də edirlər.
Çünki Azərbaycan türkləri çox yaxşı
başa düşürlər ki, demokratikləşmə
dövlətin öz içindən getməlidir, kənardan
müdaxilə, inqilab eksportu kimi olmamalıdır. Ona görə
azərbaycanlılar İranda tez-tez yaşanan daxili
münaqişələrə qarışmırlar. Bilirlər
ki, İranda həmişə inqilab, bütün hər
şey azərbaycanlılardan başlayıb, bunların əli
ilə proseslər gedib, amma sonra bunlara heç nə
çatmayıb. Əzilən, döyülən, qurban gedən
bunlar olublar. 1905-ci ildə, 1919-28-ci illərdə, bundan
başqa, 1979-cu ildə Xomeyninin hakimiyyət başına gəldiyi
dövrdə də bütün bu proseslərdə ən
çox fəallıq göstərən azərbaycanlılar
olub, ən çox əziyyət çəkən və nəticədə
uduzan, durumları daha da ağırlaşan azərbaycanlılar
olub. Odur ki, bu gün onlar dünyada və İranda yaşanan
proseslərə təmkinlə yanaşırlar, istəyirlər
proseslər dinc yolla, sakit yolla getsin və biz də bunu təqdir
edirik. Buna münasibətimiz bəllidir. Mən İrana xarici
qüvvələrin müdaxiləsini qəbul etmirəm, əksinə
İranın texnoloji cəhətdən inkişafı,
dövlət olaraq öz yolunu seçməsi və bu yolda
inamla mübarizə aparması, düşüncəmə
görə, normal proseslərdir. Baxmayaraq ki, sabah o, əldə
etdiyi silahı elə Azərbaycan türklərinə
qarşı çevirə bilər, amma dünya indi
inkişaf edir, hər şey təkcə Qərb
üçün deyil ki? Müsəlman ölkələri də
inkişaf haqqında düşünürlər, elmi, texniki
potensialları artır və bu yolla da getməyə
çalışırlar. Bu, çox normal bir haldır. Amma
bu silahlar anormal rejimin əlinə düşsə, bu, fəlakətə
çevrilər. Bu baxımdan, İranda prosesləri millət
özü müəyyənləşdirir və bu yolu da gedəcək.
Eyni zamanda hesab edirəm ki, İran ərəb ölkələrindən
bir az fərqlidir. Bu proseslər bir az, belə demək
mümkünsə, yarımdemokratik ölkələrdə gedə
bilər. İran o qədər qapalı ölkədir ki, orada
kənardan olan yox, daha çox ölkənin içindən
proseslər idarə oluna bilər.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 16 mart.- S.5.