“Qüvvət elmdədir...”
Bəşəriyyət
öz inkişafı tarixində dörd böyük mərhələdən
(ictimai-iqtisadi formasiyadan) keçib: icma, quldarlıq, feodalizm və
kapitalizm. Marksizm-leninizm nəzəriyyəsinə görə,
kapitalizmin yüksək mərhələsindən (imperializm-dən)
sonra sosializm mərhələsi başlanmalı idi. Bu ehtimal
sovet təcrübəsində süquta uğradı və bəşəriyyətin
qlobal sivilizasiya mərhələsi başlandı. Sivilizasiya
bütün ölkələrin, millətlərin və xalqla
“Running Scared” rın bərabər inkişaf səviyyəsində
olmasını istəyir, bu tələbin ödənilməsi
isə dünya miqyasında azad informasiya mübadiləsinin
mövcudluğunu qaçılmaz edir. İndi hər gün
rastlaşdığımız “informasiya cəmiyyəti”
termininin mahiyyəti də elə bundan ibarətdir.
“İnformasiya” gerçəklik
haqqında müəyyən formaya salınmış
(in+forma+siya) məlumat deməkdir. Bu termindən məişətdə
və elmin, demək olar, bütün sahələrində
(informatikada, fizikada, riyaziyyatda, hüquqşünaslıq-da,
idarəçilik nəzəriyyəsində, kibernetikada,
sosiologiyada, jurnalistikada və s.) geniş istifadə olunur. “İnformasiya
cəmiyyəti” dedikdə insan toplumunun həyatında
informasiyanın, onu istehsal edib yayan texnologiyaların, ənənəvi
və yeni kütləvi informasiya vasitələrinin (mətbuat,
radio, televiziya, İnternet) rolunun yüksəlməsi, qlobal
informasiya məkanının yaradılması, hər kəsin
informasiya qaynaqlarına çatım əldə edə bilməsi
nəzərdə tutulur. Müasir insan bu kanallar vasitəsilə
hər gün külli miqdarda məlumat əldə edir. Lakin məlumat
özlüyündə inkişaf demək deyil. İnkişaf
o zaman baş verir ki, insan aldığı informasiyanı
saf-çürük etməyi, ümumiləşdirməyi,
biliklər sisteminə çevirməyi, bu sistemi praktikaya tətbiq
etməklə özünün və başqalarının
yaşam tərzini yaxşılaşdırmağı
bacarır. Bu isə yalnız elm yolu ilə
mümkündür. Biliyə çevrilməyən, elmi təhlildən
keçib insanların xidmətinə verilməyən
informasiya beyin üçün lazımsız yükdən
başqa bir şey deyil. Son vaxtlar ürək-damar xəstəliklərinin
çoxalmısının bir səbəbi ekologiyanın
pozulması ilə bağlıdırsa, ikinci əsas səbəbi
insan orqanizminin informasiya axınını sinirə (həzm edə)
bilməməsidir.
BDU Tətbiqi Riyaziyyat Elm-Tədqiqat
İnstitunun direktoru, akademik Fikrət Əliyevin və Fizika
Problemləri İnstitutunun aparıcı elmi işçisi,
dosent Şahin Ağayevin “Azərbaycanda elmin problemləri və
inkişaf perspektivləri” kitabını oxuduqdan sonra
çoxdan bəri beynimdə dolaşan, auditoriyada tələbələrimə
dediyim bu fikirlərin həqiqət olduğuna bir daha
inandım və Şeyx Nizami dühasının
böyüklüyünə bir daha heyran oldum: Qüvvət
elmdədir. Başqa cür heç kəs heç kəsə
üstünlük eyləyə bilməz!
İndiki qloballaşma dönəmində
bu hikmət təkcə ayrı-ayrı fərdlərə
deyil, həm də bütöv dövlətlərə və
millətlərə aiddir. ABŞ prezidentlərindən biri
deyib: “Birləşmiş Ştatlarının universitetləri
ona görə güclü deyil ki, Amerika güclüdür, əksinə,
Amerika ona görə güclüdür ki, onun universitetləri
güclüdür”.
Fikrət müəllim isə
müsahibələrinin birində göstərir ki, elmsiz
dövlətin və xalqın gələcəyi yoxdur. Vaxtilə
müxtəlif qəzetlərdə dərc olunmuş 8 məqaləni
birləşdirən kitabın leytmotivi də elə bundan ibarətdir.
Ön sözün müəllifi, prof. C.Məmmədlinin
yazdığı kimi, bu məqalələrin “ümumi
konsepsiyası dövlətçilik marağına,
...birbaşa elmin inkişafı ilə bağlı dövlət
strategiyasına söykənir”.
Bununla belə, müəlliflər,
bir çox başqalarından fərqli olaraq, yarınma (mədhiyyə)
üslubuna uymadan elmimizin mövcud problemlərini
açıqlamış, daha sonra isə həmin problemlərin
həlli yollarını və inkişaf perspektivlərini
göstərməyə çalışmışlar.
Bəs nədən ibarətdir
elmimizin problemləri?
Müxtəlif səviyyələrdə
etiraf olunur ki, Azərbaycanda elmin inkişafına son dərəcə
az vəsait ayrılır. Müxtəlif mənbələrdə
bununla bağlı müxtəlif rəqəmlərə rast gəlinir.
Məsələn, AMEA-nın prezidenti Mahmud Kərimovun
bildirdiyinə görə, hazırda Azərbaycanın
Ümumi Daxili Məhsulunda (ÜDM – bir il müddətində
ölkədə istehsal olunmuş malların və göstərilmiş
xidmətlərin bazar qiymətlərinin məcmusu) elmin pay 0,5
faiz təşkil edir. “Bu rəqəm, heç olmasa, 2 faizə
çatdırılmalıdır” (qaynaq: http://deyerler.org). “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya”da da (2009-cu il mayın 4-də təsdiq
olunmuşdur) elmin maliyyələşdirilməsi sahəsində
vəziyyətin qənaətbəxş olmadığı
göstərilmişdir: “1980-1990-cı illəri əhatə
edən dövrdə büdcədən elmə sərf olunan xərclərin
ÜDM-də payı 0,3-0,5 faiz hüdudlarında idisə,
1998-2008-ci illər ərzində bu rəqəm 0,2 faiz təşkil
etmişdir”. Haqqında söhbət gedən kitabda bu sahədə
dünya ölkələrindəki vəziyyət nəzərə
çatdırılır: “2000-ci ilin statistik məlumatlarına
istinad etsək, bu göstəricinin Yaponiyada 2,9 faiz, ABŞ-də
2,8 faiz, digər inkişaf etmiş ölkələrdə orta
hesabla 2,3 faiz, inkişaf etməkdə olan ölkələrdə
isə 0,8 faiz olduğunu müəyyən edərik.
MDB-nin Avropada yerləşən
ölkələrində elmə ayrılan vəsait ÜDM-in
0,9, Asiyadakı ölkələrində isə 0,3 faizini təşkil
etmişdir” (s.36). Müxtəlif ölkələrdə alimlərin
orta illik gəliri də maraqlıdır: “2000-ci ilin nəticələri
ABŞ-da bir alimə ildə 238 min, Almaniyada 207 min, Fransada 195
min, Afrika ölkələrində 69 min, ərəb ölkələrində
isə 48 min ABŞ dolları miqdarında vəsaitin sərf
edildiyini göstərir. MDB ölkələrində bu məbləğ
orta hesabla 19 min olsa da, ölkəmizin daxil olduğu kateqoriya
üçün cəmi 9 min dollardır” (s.36-37). Əlbəttə,
indi 1993-1994-cü illər olsaydı, bu məsələni
qabartmağa dəyməzdi. Hazırda ölkəmiz
iqtisadiyyatın inkişaf tempinə görə dünyanın
ən qabaqcıl ölkələri sırasındadır. BMT-nin
2010-cu il üçün “İnsan İnkişafı
Hesabatı”nda göstərilmişdir ki, Azərbaycan 182
ölkə sırasında 67-ci yerdə qərarlaşmışdır.
Xatırladaq ki, 5 il əvvəl ölkəmiz bu siyahıda
101-ci yerdə dururdu. Belə bir şəraitdə, “ölkənin,
iqtisadiyyatın yüksələn xətt üzrə
inkişafını təmin etmək üçün elmə
qoyulan investisiya ÜDM-in 3 faizinə yaxın olmalıdır. Bu
kriteriyanı qəbul etsək, onda qısa zamanda elmə
ayrılan vəsait 10-15 dəfə
artırılmalıdır” (s.37). 2010-cu ildə ölkəmizdə
UDM 41 milyard manat olmuşdur. Bunun 0,3 faizi 123 milyon manat edir. Deməli,
bu vəsait optimal halda 1,5-2 milyard manata
çatdırılmalı, yəni dövlət büdcəsinin
təxminən 15 faizini təşkil etməlidir. Mən də
kitab müəlliflərinin fikrinə qoşularaq ümid edirəm
ki, “bu müddəalar Tədbirlər Planının 13-cü
maddəsində nəzərdə tutulmuş “2010-2015-ci illər
üçün elmin büdcədən maliyyələşmə
proqnozunun Milli Strategiyaya uyğun yenidən işlənməsi”
zamanı nəzərə alınacaq”. Həm də dövlət
büdcəsindən ayrılmalar elmin yeganə maliyyə mənbəyi
olmamalıdır. Vətənini, millətini, dövlətini
sevən, Azərbaycanı inkişaflı, sivilizasiyalı
ölkələr sırasında görmək istəyən
özəl sektorların rəhbərləri də elmin
inkişafına yardım etməlidirlər. Bundan əlavə,
elmin qrantlar vasitəsilə qismən özünümaliyyələrdirmə
imkanları da var, lakin bu, müəyyən inkişaf mərhələsindən
sonra mümkündür.. Maliyyə məsələsi elmimizin
əsas problemidir. Bu problem uğurla həll olunsa, yerdə
qalanları bir neçə il müddətində qaydaya salmaq
o qədər də çətin deyil.
Bəs yerdə qalan problemlər
hansılardır? Bunlardan birincisi Azərbaycan elminin beynəlxalq
standartlara, meyarlara uyğunlaşdırılması, inteqrasiya
edilməsidir. Kitabdakı məqalələrdən bir
neçəsi bu məsələyə həsr olunub. Müəlliflər
göstərirlər ki, müasir dünyada minlərlə (bəzi
məlumatlara görə 40-50, bəzi məlumatlara görə
isə 100 min) elmi jurnal nəşr olunsa da, onların
çoxu dar çərçivədən kənara
çıxa bilmir. Beynəlxalq aləmdə o jurnallar
tanınır ki, orada dərc olunmuş elmi əsərlərin
(məqalələrin), həmin əsərlərdəki ideya
və nəticələrin elmin müəyyən sahəsinin
inkişafına müsbət təsiri olsun. Bu, beynəlxalq aləmdə
“impakt faktor” (təsir amili, yaxud təsir əmsalı) termini
ilə ifadə olunur. Elmi nəşrlərin qiymətləndirilməsi,
yəni təsir əmsalının müəyyənləşdirilməsi
ilə həmin nəşrlərə olan istinadların
statistik təhlili əsasında ABŞ-dəki Elmi
İnformasiya İnstitutu (Eİİ) məşğul olur. Hər
hansı bir jurnalın impakt faktorunun hesablanması
üçün həmin jurnalın adı əvvəlcə
professor Yucin Qarfildin 1963-cü ildə təsis etdiyi “Science
Citation Index” adlı biblioqrafiya nəşrinə düşməlidir.
İndiyədək bu siyahıya 10 minə yaxın jurnalın
adı salınıb. Sevindirici haldır ki, bunlardan biri də
Azərbaycan Milli Elmlər Akademiyasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və BDU-nun Tətbiqi
Riyaziyyat Elmi Tətqiqat İnistutu ilə birgə təsis
etdiyi “Applied and Computational Mathematics” (“Tətbiq və hesablama
riyaziyyat?”) jurnalıdır. Nəşrin fəxri redaktoru
İllinoys Universitetinin (ABŞ) professoru Tamer Başar, baş
redaktorları akad. Əli Abbasov, akad. Fikrət Əliyev və
ukraynalı professor V.B.Larindir. Jurnal 2002-ci ildə nəşrə
başlayıb, 2008-ci ildə impakt faktor alıb. Müqayisə
üçün deyim ki, Türkiyənin eyni vaxtda impakt faktor
almış “Turkish Mathematical Journal” məcmuəsinə bunun
üçün 30 ildən çox vaxt lazım olmuşdur. Əslində,
yuxarıdakı “Sevindirici haldır ki” sözləri ilə
başlanan cümləni belə də yazmaq olardı:
“Təəssüflənirici
haldır ki, Azərbaycandan bu siyahıya yalnız bir jurnalın
adı salınmışdır”. “Azərbaycanda elmin problemləri
və inkişaf perspektivləri” kitabının müəllifləri
bu təəssüfü aradan qaldırmaq üçün bir
sıra faydalı təkliflər irəli sürmüşlər.
Mən də öz tərəfimdən əlavə etmək
istəyirəm: impakt faktor almış jurnalımız,
adından da göründüyü kimi, elmin yalnız bir
istiqamətini – tətbiqi riyaziyyatı əhatə edir. Onun təcrübəsindən
bəhrələnərək elmin başqa sahələri
üzrə də belə jurnallar hazırlamaq mümkün və
vacibdir. Tarix boyu Azərbaycan öz sanballı alimləri ilə
tanınıb. Bunun həqiqət olduğunu təsdiqləmək
üçün Nəsirəddin Tusidən tutmuş Lütfi
Zadəyə qədər olan dahilərimizin
siyahısını göz önünə gətirmək yetərlidir.
İndinin özündə də kifayət qədər
sanballı alimlərimiz və mütəxəssislərimiz
var. Sadəcə olaraq sovet hakimiyyəti illərində
beynimizə hopmuş pafosçuluqdan uzaqlaşaraq praqmatik
düşüncə tərzini bərpa etmək
lazımdır. Digər problemlər sırasında müəlliflər
müstəqillik və qloballaşma dövrünün tələblərinə
uyğun elmi kadrlar hazırlanması və elmi nəşrlərin
qiymətləndirilməsi üzərində xüsusi dayanaraq
maraqlı təkliflərlə çıxış etmişlər.
Kitab müəlliflərinin hər ikisinin dəqiq elmlərin
nümayəndələri olmalarına baxmayaraq onlar ictimai və
humanitar sahələrin də inkişafını prioritet
istiqamətlərdən hesab edirlər. İnsan fəaliyyətinin
hər bir növünün, o cümlədən elmi
araşdırmaların səmərəsi qarşıya
qoyulmuş məqsədə nə dərəcədə
çatılması ilə ölçülür. Bu həqiqət
ümumi şəkildə hamıya bəlli olsa da, məqsədi
kimin, necə, hansı mülahizələrdən
çıxış edərək, hansı obyektiv qanunlara əsaslanaraq
müəyyənləşdirməsi çox vaxt diqqət mərkəzindən
kənarda qalır. Məqsəd həmişəmi
düzgün müəyyənləşdirilir? Bir çox
elmi araşdırmaların istənilən nəticəni verməməsinin,
yəni həqiqətin meyarı olan təcrübənin nəzəri
fikri təsdiqləməməsinin əsas səbəbini məhz
burada axtarmaq lazımdır. Uzun illər təkpartiyalılıq
sisteminin ideologiyası şəraitində fəaliyyət
göstərmiş və bu gün də həmin eyforiyadan
ayrıla bilməyən humanitar sahələrin mühafizəkar
tədqiqatçıları özlərinin obyektiv məlumatlara
deyil, direktiv göstərişlərə söykənən
hipotezlərini həqiqət kimi qələmə verirlər.
Belələri yaxşı bilirlər ki, bu ehtimalların nəticələrinin
qısa müddətdə yoxlanılması, xüsusən
ictimai və humanitar elmlərdə, demək olar ki,
mümkün deyil. İndi hər il ölkəmizdə
yüzlərlə dissertasiya müdafiə olunur. Onların
çoxu istənilən səviyyədə olmasa da, müasir
dövrün tələblərinə cavab verənlər də
az deyil. Təəssüflər olsun ki, həmin
dissertasiyalardakı konseptual məsələlər, demək
olar ki, heç kimin diqqətini cəlb etmir, toz basmış
rəflərdə unudulub gedir.
“Azərbaycanda elmin problemləri
və inkişaf perspektivləri” kitabında diqqətimi ən
çox cəlb edən müəlliflərin vətəndaşlıq
mövqeyi, Azərbaycan elmini dünya orbitinə
çıxarmaq arzuları oldu. Həm də bu arzular mücərrəd
deyil. Burada hər bir problemin optimal həlli yolları göstərilir.
Bir qəzet məqaləsində bu dəyərli kitabın
bütün mahiyyətini və məziyyətlərini
açmaq çətindir. İstərdim ki, elmlə məşğul
olan oxucular özləri əsəri diqqətlə oxuyub
özlərinə sual versinlər: “Azərbaycan elminin
dünya orbitinə çıxması üçün mən
nə etmişəm və bundan sonra nə edə bilərəm?”
Nəsir ƏHMƏDLİ,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-2011.- 17 mart.- S.4.