“Media və İKT” müzakirə olunub

 

Azərbaycan Jurnalistlər Birliyi (AJB) və “Yeni Nəsil” Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə “Media və İKT” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən AJB-nin sədri Elçin Şıxlı bildirib ki, son illər internet media resursları ənənəvi medianı sıxışdırmaqda və reklam bazarını ələ almaqdadır: “Artıq gənc nəslin köşkdən qəzet almaq ənənəsi qalmayıb. Onlar daha çevik, daha dinamikdir. Nəticədə çap mediasının tirajı azalır, oxucular daha çox online xəbər portallarına üstünlük verməyə başlayırlar. Bu tədbirin keçirilməsində əsas məqsəd də internet mediası ilə çap mediasının perspektivlərini, İKT resurslarından mediada istifadə imkanlarını müzakirə etməkdir”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyib ki, tədbir çərçivəsində ölkənin aparıcı media qurumlarının rəhbərləri ilə yaxın gələcəkdə gözlənilən yeniliklər və Azərbaycan mediasının buna nə dərəcədə hazır olmasını araşdırmaqdır. A. Əliyev bildirib ki, ötən ilin nəticələrinə əsasən hazırda ölkədə hər 100 nəfərə 15 kompüter düşür. Azərbaycanda hər 100 nəfərə 50 internet istifadəçisi var. Mobil telefonlardan istifadə isə hər 100 nəfərə 100 telefon təşkil edir: “Bu il 16 yaşı tamam olacaq Azərbaycan internetinin növbəti beş ildə sıçrayışlı inkişafı gözlənilir. Təbii ki, internet mediası da bu inkişafdan kənarda qalmayacaq”. A. Əliyev hesab edir ki, medianın İKT şirkətləri və mobil rabitə operatorları ilə əlaqələri reklam qoparmaq istəklərindən daha çox, İKT-nin daxili resurslarından istifadəyə yönəlməlidir. Tədbirdə iştirak edən “Azərfon” şirkətinin baş direktoru Yurgen Pitz ölkə mətbuatında internetin rolunun artdığını bildirib: “Bütün dünya ölkələrində müşahidə olunan tendensiyaya görə, çap mediası getdikcə öz əvvəlki əhəmiyyətini itirir. Xəbər mənbəyi kimi internetdən daha çox istifadə olunur. Müxtəlif şirkətlər internet xəbər resursları vasitəsilə məhsullarını reklam edir. İnternet mediasının gələcəkdə daha böyük uğurlar vəd edir”. Dəyirmi masada “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi və perspektivləri”, “İKT ənənəvi medianın auditoriyasının genşləndirilməsi, gəlirlərinin artırılması üçün hansı imkanlar aşır?”, “İstehlakçı maraqlarının qorunması Media-İKT münasibətlərinin mühüm məqsədlərindən biridir”, “İKT-nin ən dinamik inkişaf sahəsini təşkil edən mobil kommunikasiya institutları KİV-lərə nə təklif edir və onlardan nə gözləyir” kimi məsələlərdə fikir mübadilə aparılıb.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2011.- 17 mart.- S.2.