Doyumsuz ...
O verilişdə bir xanım
da öz fikirlərini dedi. Baxmağa gecikmişdim, amma
belə başa düşdüm ki, söhbət ədəbiyyatda
insan hisslərinin abırlı, yoxsa bayağı şəkildə
ifadəsindən, təsvirindən gedir. Gənc yazarların
şeir və hekayələrindəki erotik ifadə və səhnələrdən
danışılırdı. Həmin xanım fərqli bir
misal çəkdi. Dedi ki, V.Babanlının “Vicdan susanda”
romanında belə bir səhnə var. Vüqarla Arzu uzun illərin
ayrılığından sonra görüşəndə
bir-birlərinə yaxın gəlmir, eləcə durub
baxırlar. Mən bunu qəbul etmirəm. Təbii deyil...
Xanımın fikrinə nəinki
hörmətlə yanaşıram, üstəlik, belə bir
mövzuda öz düşüncələrimi ortaya qoymağa
ruhlandırdığına görə ona səmimi rəğbətimi
bildirirəm. Görkəmi və davranışı ilə də
incə zövqlü bir xanım olduğu bəlliydi. Mənsə,
sözü gedən səhnəni nəinki bəyənir, hələ
son dərəcə təbii də sayıram. Fikirlərimin
izahına ədəbi nümunələrdən əvvəl
real həyatda xoşladığım insan münasibətlərindən
başlamaq istəyirəm... Həm rəftarlarda, həm də
geyim-kecimdə örtülülüyün əleyhinəyəm.
Hər cür örtük təhlükəlidi. Altında məchulluq,
sirr gizlənir. Gözlə görünən şey qorxulu
deyil. Ancaq elə münasibətlər, elə təmaslar var
ki, onlar mütləq gizli olmalıdı.
Həm də qadağa ilə,
hədə-qorxu ilə deyil, bilərəkdən, istəyərəkdən.
Qoy başqaları onu ancaq təsəvvür eləsinlər.
İstədikləri, arzu elədikləri kimi, əlavə rəng
qataraq sehrinə, cazibəsinə uysunlar...
Adət-ənənələrimizdən
bəzilərini çox xoşladığımı arabir
yazılarımda işlədirəm. Məsələn, adi
günlərdə necə geyinir-geyinsin, gəlin köçəndə
qızlarımızın başına qırmızı duvaq
salınmasını, əlinə-ayağına xına
yaxılmasını çox bəyənirəm. Cavan
cütlüklərin böyüklərin yanında bir-birlərini
adları ilə çağırmamaları da mənə
çox abırlı, həm də romantik görünür.
Bu rəftarda insan qəlbinin hələ
açılmamış çox sirləri var və mən
bunun açılmasını da heç istəməzdim. Bu rəftar,
yalnız iki nəfərlik bir dünyaya aid olan möcüzəli
duyğular, davranışlardı...
Universitetdə oxuyanda Tibb
İnstitutunun bir müəlliməsi bizə ilk tibbi
hazırlıqdan dərs keçirdi. Görkəmcə
heç kəsdən seçilməyən adi bir qadın idi.
Deyirdilər ki, əri də hansı institutdasa dekandı. O
qadın bəzən (demək olar ki, məcbur olanda) ərindən,
ailəsindən o qədər utana-utana,
sıxıla-sıxıla danışardı ki, indi bunu ən
ucqar kəndlərimizdə belə qadınlar etmirlər. Ərinin
haqqında üçüncü şəxsin cəmi kimi
danışır, “evin yiyəsi”, “evin sahibi” kimi ifadələr
işlədirdi. Onun hərəkətləri xəyallarımdakı
ailə həyatının şirinliyini, cazibəsini birə
min artırırdı...
Uzun müddət partiya-sovet işində
çalışmış bir qadın tanıyıram.
Ömrünün təkcə iyirmi beş ilini raykomda işləyib.
İndiyədək heç kəs bir dəfə də onun ərinin
adını çəkdiyini eşitməyib. Hətta sənədlərdə
belə əriynən adaş olanların adını görəndə
dayanır, oxumadan keçirmiş. İki ildən
artıqdı ki, əri rəhmətə gedib, o, yenə də
əvvəlki vərdişindən əl çəkmir... Və
mən bu misalları qətiyyən mentalitet təzahürləri
saymıram. Bu, daha uca bir hissin, daha bakirə duyğuların təzahürüdü...
Məqsədim bədii əsərlərdən
danışmaq idi. Sovet dövründə çox az kitablarda
erotik səhnələrə, şəhvani duyğuların təsvirinə
rast gəlmək olurdı. Təbii ki, mən ana dilimizdə
olan ədəbiyyatı nəzərdə tuturam. Qəribə
burasıdı ki, belə kitabları əl-əl axtarsalar da,
heç kəs oxuduğunu boynuna almaq istəmirdi. Bu gün də
mənə aydın deyil ki, səviyyəli oxucu “Min bir gecə”
nağıllarından, yaxud, məsələn, “Dekameron”dan necə
zövq ala bilər?! Tələbəlik illərində
Drayzerin “Dahi” romanını oxumaq istədim. Ancaq başa
çata bilmədim. Romandakı şəhvət səhnələri
o qədər ikrahdoğurucu idi ki, adamın qəlbindəki
bütün incə, uzunömürlü duyğuları məhv
edə bilərdi. Bəlkə nədəsə ibrətverici
ola bilər, amma mütaliə zövqü yaşatmağa
qabil əsər deyil. Həmin müəllifin “Kerri bacı” və
“Cenni Herhardt” romanlarını isə nəinki təkrarsız
zövqlə oxumuşam, hətta bəzi yerlərində
ağlamışam da... (Heyf o günlərdən!... )
O cümlədən Gi de
Mopassanın əsərlərindəki şit, bayağı,
ikrah doğuran səhnələr adamın sevgisini əlindən
alır. Qəlblərdə sevgi odunun yönünü dəyişib
ucuz şəhvətə tuşlayır. Müəllifin “Həyat”
romanı gözlərimdən qəflət pərdəsini
götürən, həyatın bizə məlum olmayan xəyanət
və iyrəncliklərindən xəbər verən çox
az əsərlərdən biri olduğunu desəm,
yanılmaram. Amma belə istedadlı yazıçının
sevgi səhnələri heç ruhu oxşayan deyil. Bəlkə
də ona görə ki, bu səhnələr əksərən
xəyanətdən qaynaqlanır...
Ən gözəl hissləri, davranışları da
iyrənc sözlərlə gözdən salmaq olar...
“Mosfilm”in istehsal etdiyi iki
seriyalı “Hamlet” filmində Ofelyanın dizləri yanında
oturan şahzadənin doyumsuz hisslərini anlamaq hər
adamın işidirmi?! Film boyu tək bircə dəfə
sevdiyi qızın dodaqlarına kəpənək
qanadlarına toxunurmuş kimi təmas etdiyini necə,
xatırlayırsınızmı?!... Mən abırlı sevgi
səhnələrini “Polad necə bərkidi”, “Ovod”, “Dəli
Kür” romanlarında oxumuşam. Bir də Aytmatovun əsərlərində...
“Qırmızı yaylıqlı
qovağım mənim” povestində İlyasla Aselin saf, lakin həyatın
ən adi sınağına-İlyasın bir gecəlik xəyanətinə
dözməyib şüşə kimi çilik-çilik olan
kövrək sevgisini yəqin ki, çoxları
xatırlayır. Hələ evlənməmişdən qabaq
bir dəfə Asel oğlana onun maşınının təkər
izlərini tanıdığını deyəndə İlyas
xeyli təsirlənir: “Bu, məndən ötrü “səni
sevirəm” sözlərindən qat-qat qiymətli idi” deyə
düşünür... “Əlvida, Gülsarı!” romanında
sürünü dağdan düzə endirən Tanabayın kənddə
Bübücan adlı bir qadına meyl salmasını müəllif
Gülsarının duyduğu, heyvan instikti ilə
anladığı kimi elə canlı və bənzərsiz təsvir
edir ki, yazıçının qeyri-adi istedadına heyran
qalmaya bilmirsən...
“Gülsarı o
qadını yerişindən tanıyırdı, onun görkəmini,
boyunu-buxununu uzaqdan seçə bilirdi; hətta öz həssas
burnu ilə at o qadında hansı bir naməlum otunsa qəribə,
ecazkar ətrini duyurdu. O ətir mixək ətri idi. O
qadının boynunda mixək muncuğu vardı” (
Uşaqlıqda kəndimizdəki qadınlarda da belə
muncuqlar görmüşdüm). Hadisələrin sonrakı
inkişafı da Gülsarının “dili” ilə danışılır...
“Yorulub əldən
düşmüş at ayaqlarını fasiləsiz
qaldırıb qoyur, ağrısını,
ağırlığını gah bu qıçının,
gah o qıçının üstünə salaraq, səssiz-səmirsiz,
sahibinin yolunu gözləyirdi. Bundan sonra hələ
çox-çox gecələri bu həyətdə gecələyəcəyini
Gülsarı bilmirdi...” Hələ bu sətirlərə diqqət
yetirin: “Tanabay dan söküləndə evdən
çıxdı, yüyəni öz isti əlləri ilə
Gülsarının başına keçirdi. Onun əllərindən
də indi o naməlum otun ecazkar qoxusu gəlirdi...”
Qadın-kişi münasibətlərinin
bu qədər abırlı və ancaq fantaziyalarda yarana biləcək
sirr dolu təsvirinə ikinci heç bir əsərdə
rastlamadım. Bu sətirlərdən mixək ətri gəlir.
“Sevgi” dediyimiz o ali duyğu gözlərimizin önündə
sanki bir parça bəyaz tül kimi bu təsvirlərdən
qalxıb səmalara yüksəlir, bizi də ardıycan
çağırır. Gedə bilsək, uça bilsək...
Tanabay kimi kişilər o qədər
güclü bir xarater sahibidirlər ki, onların bu “yoldan
sapma”larına xəyanət deməyə dilin gəlmir.
Mopassanın təsvirlərində qadınla kişi sanki
sevdikləri üçün deyil, bir-birlərini ələ
salmaqdan ötrü görüşürlər. Misal çəkdiyim
hissədə yaşanan duyğular isə bu adamları qoynuna
alan dağlar kimi əzəmətli, düzlər kimi
geniş, nəhayətsizdi. Aytmatovda qadınla kişinin təması
həyatın təməlidi, rüşeymidi...
Həyatın davamı, əbədiliyidi...
Bu kişilərin arvadları da
böyüklükdə ərlərindən geri qalan deyillər.
Ərlərinin “gecə səfər”lərindən xəbər
tutsalar da, bunu bir dəfə də onların üzünə
vurmurlar...
“Gün var əsrə bərabər”
romanında öz dostunun arvadına vurulan Edigeyin iztirabları
yadınızdadırmı?! Bu elə incə, təmiz
duyğudu ki, hər hansı bir şəkildə xəyanət
haqqında düşünmək həssas oxucunun
ağlına belə gəlmir. Zərifə bunu anlayan kimi
uşaqlarını da götürüb səssizcə
stanitsadan gedir. Arvadı isə məsələni bilsə də,
üzə vurmur. İş yoldaşlarımdan biri romanı məndən
alıb oxumuşdu. Geri qaytaranda “yaxşı əsərdi,
ancaq o...şın dostunun arvadına gözü
düşür...” deməsi ürəyimi diksindirmişdi.
Susmuşdum. Mübahisə eləməyə dəyməzdi.
Anladığı bu qədərdi. Edigey Zərifəni də,
balalarını da çox isti bir duyğuynan sevir, Zərifəyə
təkliyini, uşaqlarına atasızlığını
unutdurmaq, onları sevgi və qayğılarla əhatə eləmək
üçün hər şeyə hazırdı. Zərifə
isə onun isti yuvasına soyuq su dağıtmaq fikrindən
çox-çox uzaqdı...
Bu, həyatdı. Və heç kəs
gözlənilməz rastlantılardan, sevgi və
uğursuzluqlardan sığortalanmayıb. Ancaq duyğuları
gözəl olanların əməlləri də gözəl
olur, kimsəyə ağrı-acılar yaşatmır. Bu
yazıda ürəklə yaşamaq istəyənlərin
abırlı, doyumsuz duyğularından, bənzərsiz
zövqlərindən danışmaq istədim. Danışa
bildimmi?! Bilmirəm!...
Bircə onu bilirəm ki,
ürəyi hər kəs görmür...
Danışmağı
bacaranlar lal duyğuların dilini anlaya bilirmi?!..
Vəsilə USUBOVA
525-ci qəzet.- 2011.- 17 mart.- S.5.