Mərhum şair İsa İsmayılzadənin 70 illiyi qeyd olunub

 

Aktyor Evində görkəmli şair İsa İsmayılzadənin 70 illik yubileyilə bağlı mərasim təşkil edilib. Mərasimi giriş sözü ilə açan xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı İ.İsmayılzadənin həyat yolundan, bənzərsiz yaradıcılığından, işıqlı şəxsiyyətindən danışıb. Tədbir iştirakçılarına xatırladılıb ki, İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1958-1963-cü illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində “Aprel çiçəkləri” (1959) almanaxında və “Azərbaycan gəncləri” qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeiri ilə başlayıb

. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında elmi redaktor (1966-1968), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışıb. Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin musiqili verilişlər baş redaksiyasında musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Şeir və poemaları keçmiş Sovet xalqlarının dillərinə, habelə bir sıra digər dillərə tərcümə olunub. Öz yaradıcılığında poetik tərcüməyə də xüsusi diqqət verərək, sosialist ölkələri yazıçılarının Moskvada keçirilən birinci Beynəlxalq simpoziumunda (1977), Asiya və Afrika ölkələri yazıçılarının Yurmalada keçirilən seminar-müşavirəsində (1978) iştirak edib. S.Rüstəmxanlı İ.İsmayılzadənin ədəbiyyatımızdakı yerindən danışarkən deyib: “Çoxillik Azərbaycan ədəbiyyatına nəzər salsaq, burada İsa İsmayılzadənin özünəməxsus yerini görmək mümkündür. Bu ədəbiyyatda onun öz səsi, öz nəfəsi var. Ötən əsrin 60-cı illərini ədəbiyyatımızın intibah dövrü hesab edirlər. Bu gün əldə etdiyimiz uğurların əksəriyyəti həmin dövrdə yaşayıb-yaradan istedadlı qələm sahiblərinin əməyilə bağlıdır. Həmin qələm ustalarından biri də istedadı, mənəviyyatı, dünyagörüşü ilə seçilən İsa İsmayılzadə idi. Müstəqillik ruhuna qida verə biləcək insanlardan olan İsa İsmayılzadə yaradıcılığı, qələmə ilə, sözə və insanlara olan fərqli münasibəti ilə seçilirdi”.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, əməkdar incəsənət xadimi Hidayət Orucov İ.İsmayılzadənin xarakteri, daxili aləmi haqqında fikirlərini bölüşüb: “Xarakteri, mənəvi təmizliyi, uşaq paklığı İsa İsmayılzadənin yaradıcılığına hopmuşdu. Bu paklıq poetikləşərək müəllifin əsərlərinin ədəbi qəhrəmanına çevrilib. İnsan, şair, ziyalı kimi son dərəcə maraqlı olan bu qələm sahibi əsl ədəbiyyatın, sənətin keşiyində durub. 60-cı illərin özünün ədəbi hadisəyə çevrildiyi bir dönəmdə ədəbiyyata gəlməklə İsa İsmayılzadə hadisə içində hadisəyə çevrildi”.

 Tədbirdə çıxış edən xalq yazıçısı Əkrəm Əylisli, bəstəkar Ruhəngiz Qasımova digərləri yubilyar haqqında fikirlərini, xatirələrini dilə gətiriblər. Müğənni Azər Zeynalov sözləri İ.İsmayılzadəyə, musiqisi R.Qasımovaya məxsus “Səninləyəm Azərbaycan” mahnısını ifa edib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 17 mart.- S.7.