“İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabı təqdim olunub

 

Dünən Muzey Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə İ.Əfəndiyevin oğlu, baş nazirin müavini, xalq yazıçısı Elçin, həmçinin tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, millət vəkilləri, ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin nəşr layihəsi olan “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabı “Təhsil” nəşriyyatında nəfis tərtibatla çap edilib. Kitabın tərtibçisi və redaktoru Günay Əfəndiyevadır. “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabında, adından göründüyü kimi, unudulmaz yazıçıya həsr olunmuş şeirlər, tanınmış şəxslərin ürək sözləri və qiymətli fotoşəkillər yer alıb.

Ümummilli lider Heydər Əliyevin İlyas Əfəndiyev barədə dəyərli fikirləri ilə açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın ön sözü, xalq yazıçısı Elçinin “Şeirə sığmayan ömür” məqaləsi yer alıb. Bundan başqa, kitabda Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Ramiz Rövşən, Tofiq Nurəli və başqa şairlərin qələmə aldığı şeir nümunələri dərc edilib. Bu şeirlərdə İlyas Əfəndiyev sənətinə, şəxsiyyətinə dərin ehtiram və məhəbbət əksini tapıb. Yazıçının parlaq obrazını tamamlamaq məqsədi ilə kitaba fotoşəkillərlə yanaşı rəssamların bu mövzuda çəkdiyi illüstrasiyalar, teatr eskizləri, digər bədii rəsm və foto nümunələri də daxil edilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək, İlyas Əfəndiyev yaradıcılığından danışıb və ona həsr olunan bu kitabı yüksək qiymətləndirib. Nazirin çıxışından sonra böyük ədib haqqında hazırlanan sənədli film nümayiş olunub. Mərasimdə çıxış edən millət vəkili, professor Nizami Cəfərov İlyas Əfəndiyev yaradıcılığının bənzərsizliyindən danışıb, ədibin özünəməxsus yolu olan bir yazıçı olduğunu diqqətə çatdırıb və kitabın çox orijinal bir tərtibatla hazırlandığını bildirib:

“Bəlkə də bu kitabı hansısa peşəkar ədəbiyyatşünas, yazıçı yazsaydı, peşəkar dizaynerin tərtibatında çıxsaydı, bu qədər səmimi olmazdı. Günay xanım babasını hamıdan yaxşı tanıdığı üçün bu kitabın tərtibatında da səmimilik və doğmalıq hiss olunur”. Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova İlyas Əfəndiyevin və onun əsərlərinin Azərbaycan teatrının inkişafındakı mühüm rolundan danışıb: “İlyas Əəfəndiyev Azərbaycan teatrının inkişafına misilsiz xidmət göstərən pyeslər yaradıb. Mən çox xoşbəxt bir aktrisayam ki, onun 18 əsərinin 14-də baş rol ifaçısı olmuşam. Onun əsərləri ilə Azərbaycan teatrında üç böyük aktyor nəsli yetişdi və bu aktyorlar İlyas müəllimin əsərləri ilə inkişaf etdilər. Biz bu gün bu kitabı vərəqlədikcə, onun haqqında dəyərli şairlərin yazdıqları şeirləri oxuduqca İlyas Əfəndiyevin hər zaman bizimlə olacağını hiss edirik. Mən İlyas Əfəndiyev yaradıcılığını və şəxsiyyətini əbədiləşdirmək yolundakı fəaliyyətinə görə onun nəvəsi Günay xanıma təşəkkürümü bildirirəm”. Sonra çıxış üçün söz xalq artisti Azərpaşa Nemətova verilib və o, İlyas Əfəndiyevin mənalı ömür yaşadığını, onun əsərlərinin hər zaman aktuallığını qoruduğunu dilə gətirib: “Çox sevindirici haldır ki, İlyas Əfəndiyev haqqında hazırlanan bu kitab sanballıdır, ağırdır. Bu ağırlıq təkcə həcmlə bağlı deyil, həm də görkəmli ədibin öz yaradıcılığı, onun haqqında söylənən dəyərli fikirlərlə əlaqədardır”. Xalq şairi Zəlimxan Yaqub İlyas Əfəndiyevin xalqın ağrısını, dərdini öz içindən keçirərək, xalqa dəyərli bir ədəbi irs qoyub getdiyini, dünya durduqca ədibin adının, yaradıcılığının, ruhunun var olacağını deyib: “İlyas Əfəndiyevin adı çəkiləndə yerindən, zamanından asılı olmayaraq, mənim gözlərimin önündə işıq obrazı canlanır. Onun qanında, canında yanan bu işıq milli teatrımıza köçüb. Böyük şəxsiyyətlərin xalq və sənət qarşısındakı ən böyük xidməti insanları doğmalaşdırmaqdır. Bu gün İlyas Əfəndiyevin xatirəsinə həsr olunan bu kitab da burda neçə-neçə insanı doğmalaşdırdı”. Tədbirdə akademik Bəkir Nəbiyev, professor Nizami Xudiyev və başqaları da çıxış edərək, ədibin şəxsiyyəti və yaradıcılığı haqda fikirlərini bölüşüblər.

Gecənin sonunda söz kitabın redaktoru və tərtibçisi Günay Əfəndiyevaya verilib: “Bu, çox səmimi bir gecə oldu. “Şeirə sığmayan ömür” kitabının hazırlanmasında mənə mənəvi dəstək olduğu üçün atam Elçin Əfəndiyevə, o cümlədən bu kitabın səhifələrini bəzəyən, belə bir kitabın yaranmasına səbəb olan şairlərimizə, kitabın işıq üzü görməsində, bu cür nəfis tərtibatla ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə “Təhsil” nəşriyyyatına, belə möhtəşəm bir gecəni təşkil etdiyi üçün mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə dərin minnətdarlığımı bildirirəm”.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 17 mart.- S.7.