Gənc şairin nidası: “Toxunmayın göz yaşıma...”

 

Gənc şair Rüstəm Ocaqlının “Toxunmayın göz yaşıma” şeirlər toplusu işıq üzü görüb. Kitabda şairin Vətənə, sevgiyə həsr olunmuş şeirləri toplanıb. “Vətəndən və dostlarımdan uzaqlarda”, “Azərbaycan”, “Qarabağ” adlı şeirləri Vətəndən uzaq bir gəncin yaşantılarını, doğma yurda olan məhəbbətini əks etdirir. İstedadlı gəncin şeirlərində aparıcı xətt saf sevgidir. Təmiz hisslər, ülvi duyğular, saf məhəbbət şairin qəlbindən qələminə süzülür. Bu poetik nümunələr oxucuya mənəvi qida verməklə yanaşı, onu şeirin dərinliyinə aparır. Ən saf hisslər, ən ülvi duyğular, ən gözəl məhəbbət gənc şairin şeirlərinin əsas obrazı, baş qəhrəmanıdır. “Səni tapdım”, “Ey gözəl, yavaş yeri”, “İki yarın qovuşması”, “Şirin xəyal”, “Nə gözəl gülüşün var imiş sənin” kimi şeirləri saf sevgini təcəssüm etdirir. Kitabda şairin məhəbbətə aid şeirləri ilə yanaşı, nakam sevgi, sevən qəlbin şikayətlərini əks etdirən poetik nümunələr də yer alıb. “Qarşılıqsız hisslər”, “Nə tez unutdun”, “Ayrılıq acısı”, “Bu deyildi axtardığım məhəbbət”, “İstəmədən ayrılıram yarımdan”, “Məni anlamayır gözəlim”, “Deyilsən”, “Vəfasız bir yardan ötrü”, “Xatirələr”, “Ayrılmayaq”, “Bu yollar, bu izlər, bu xatirələr”, “Nakam məhəbbət”, “Yağış”, “Son rəqs”, “Budur yenə ölü bir balıq kimi” şeirləri sevən, lakin iztirab çəkən qəlbin əzablarını əks etdirir. Sonda verilən “Qara Nər ocağı” əfsanəsi şairin mənsub olduğu nəslin yaranma tarixinə həsr edilib. Qeyd edək ki, Rüstəm Ocaqlı 1987-ci ildə iyun ayının 21-də Gürcüstanın Bolnisi rayonu, Kəpənəkçi kəndində ziyalı ailəsində anadan olub. 1993-cü ildə Bakı şəhəri Kamil Əyyubov adına 12 saylı orta məktəbə, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirən R.Ocaqlı magistr təhsili almaq üçün İzmir şəhəri “Dokuz Eylül” Universitetinə qəbul olunub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 17 mart.- S.7.