Milli mədəniyyət tariximizdə iki mötəbər ünvan – Şuşa və Ağdam teatrları

 

Əsrlərdən bəri mədəniyyət və incəsənət beşiyi sayılan Qarabağ Azərbaycan musiqi tarixinə, ədəbiyyatına, eləcə də teatrına görkəmli şəxsiyyətlər, nadir sənət inciləri bəxş edib. Qarabağdan danışanda Şuşa və Ağdamın mədəniyyətini, bu şəhərlərdəki mədəni mühitin Azərbaycan incəsənətinə töhfəsi olan dəyərləri qeyd etmədən ötüşmək olmur. Hamımız bilirik ki, Şuşa XIX əsrin axırı və XX əsrin əvvəllərində teatrın ən fəal olduğu şəhərlərdən biri kimi tanınıb. Şuşada tamaşa mədəniyyətinin tarixi hələ 1840-cı illərin sonlarından başlayır. O illərdə Şuşada iki böyük tamaşa mərkəzi – teatr və sirk mövcud idi. 1870-ci illərdə isə teatra diqqət artır və Şuşa ziyalıları teatr tamaşaları yaratmaq üçün əllərindən gələni əsirgəmirlər.

 1882-ci ildən etibarən isə Şuşada teatr tamaşaları daha da təkmilləşməyə başlayır. Mənbələrdə deyilir: “Burda hətta müəllimlər də yay tətili zamanı bir araya toplaşaraq M.F.Axundovun əsərlərindən ibarət tamaşalar hazırlayırdılar. Bu tamaşalarda Yusif bəy Məlikhəqnəzərov, Haşim bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Firudin bəy Köçərli, Həsənəli Sarıcalinski, Mirzə Mııxtar Məmmədov, İsmayıl Şəfibəyov, Cabbar Qaryağdı oğlu iştirak edirdilər. Onlar əsasən M.F.Axundovun komediyalarını oynayırdılar”.

 Həmin illərdə Şuşa teatrının binası olmadığı üçün bəzi tamaşalar kazarmalarda nümayiş etdirilsə də, əsas tamaşalar Cümşüd bəy Məlikhəqnəzərovun mülkündə göstərilirdi. 1871-ci ildən isə Şuşadakı köhnə klub binası yenidən təmir edilib, istifadəyə verilmişdi. Artıq sonrakı illərdə həvəskarlar Xandəmirovun teatr binasında çıxış edirdilər. 1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin “Hacı Qara”, “Müsyo Jordan və dərviş Məstəli şah”, “Xırs quldurbasan” tamaşasını oynayan Şuşanın həvəskar artistləri 1895-ci ildə Haşımbəy Vezirovun “Evlənmək su içmək deyil” adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər. 1896- cı ildə isə Şuşada ilk dəfə “Dağılan tifaq” faciəsi oynanılıb. Bu barədə mənbələrdə bildirilir:

“Ə.Haqverdiyev “Dağılan tifaq” faciəsinin ilk tamaşasının iştirakçıları ilə birlikdə qapı-qapı gəzib tamaşa üçün paltar toplamışdı. Avam camaat onları söyür, lənətləyirdilər”. Azərbaycanda milli teatrın yaranması və inkişafı həm də bu sənət fədailərinin həmin illərdə çəkdikləri əziyyətlərin bəhrəsidir. Heç təsadüfi deyil ki, Şərqdə ilk peşəkar konsert də məhz Şuşada Ə. Haqverdiyevin rəhbərliyi ilə 1896-sı ildə təşkil olunub. Həmin konsertdə Şuşanın məşhur xanəndə və musiqiçiləri Əbdülbaqi Zülalov, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Dadaş, Zabul Qasım, məşhur tarzən Sadıqcan, Məşədi Zeynal, Balaoğlu, kamançaçı Bağdagüloğlu və başqaları iştirak etmişlər. Konsertdən bir il sonra isə böyük Azərbaycan şairi M.Füzulinin “Leyli və Məcnun” poeması əsasında Ə.Haqverdiyevin hazırladığı “Məcnun Leylinin qəbri üstündə” tamaşasından bir səhnəcik Şuşa camaatına təqdim olunur. Şuşa teatrı və aktyor kollektivi təkcə yerli dramaturqların əsərlərini deyil, eyni zamanda əcnəbi dramaturqların əsərlərini də yüksək ustalıqla səhnəyə qoyublar. O zaman teatr məktəbini kortəbii də olsa yaradan bu sənət fədailəri çəkdikləri əziyyətlərin bir vaxt mütləq yüksək qiymətləndiriləcəyini duymuşdular sanki. İllər keçdikcə artan təzyiqlər onları daha da şövqlə çalışmağa, yeniliklər axtarışına çıxmağa vadar edirdi. İstər Əbdürrəhim bəy Haqverdiyev, istər Haşım bəy Vəzirov, istər Üzeyir bəy Hacıbəyli, istərsə də həvəskar aktyor truppası bu sahədə inanılmaz həvəs və səbr nümayiş etdiriblər. 1904-cü il avqust ayının 22-də Şuşada göstərilən “Otello” tamaşasının qazandığı böyük müvəfəqiyyət də onların həvəs və səbrinin bəhrəsi oldu. O zaman tamaşanın sorağı hətta Azərbaycanın ərazisindən kənarda da böyük səs-küyə səbəb olmuşdu.

Tamaşaya əsərdə baş rollardan birini ifa edən Haşım bəy Vəzirov quruluş vermişdi. İlk dəfə Azərbaycan səhnəsində oynanılan “Otello” tamaşasında Dezdemonanın atası rolunu Həsənəli bəy Sarcalinski, Kassio rolunu isə Rəsul bəy Tahirov böyük məharətlə ifa edirlər. 1906-cı ildən başlayaraq Şuşada daha ciddi tamaşalar hazırlanmağa başladı. Artıq 1908-ci ildə “Hacı Qəmbər”, “Ev tərbiyəsinin bir şəkli”, “Bəxtsiz cavan”, “Otello” kimi məsuliyyətli əsərlərlə tamaşaçıların qarşısına çıxan teatr kütlənin müəyyən hissəsi tərəfindən yavaş-yavaş qəbul olunmağa başlayırdı. Çox keçmir ki, Şuşa teatrının təsiri özünü yaxın rayonlara da göstərir. Belə ki, Qarabağda fəaliyyət göstərən, qədim teatrlardan biri olan Ağdam teatrının yaranmasına məhz Şuşa teatrının böyük təsir və köməyi olub.

1910-cu il noyabr ayının 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə “Ev tərbiyəsinin bir şəkli” və “Dursunəli və Ballıbadı” əsərləri tamaşaya qoyulur. Daha sonra elə həmin ildə Ağdamda Həmzə Qəniyevin evində Ə.Haqverdiyevin rejissorluğu ilə onun “Ac həriflər” əsəri, 1914-cü ildə “Günahsız qurban”, “Kimdir müqəssir” və “Qırt-qırt” tamaşaları səhnəyə qoyulur. Çox keçmir ki, 1916-cı ildə Üzeyir Hacıbəyovun rəhbərliyi və iştirakı ilə Şuşada yerli teatr həvəskarlarının oynadıqları “O olmasın, bu olsun” operettasının tamaşasından əldə edilən gəlir hesabına 1917-ci ildə yerli “Şuşa dərnəyi”nin yardımı ilə şəhərdə klub açılır və bununla da Ağdam teatrının ilkin fəaliyyət addımları atılır. 1920- ci ildə Əhməd Ağdamskinin başçılığı ilə yaranan teatr kollektivini Xosrov Mamayev, Cəlal Həsənov, Qaflan Muradov, Əşrəf Qədimov, Nəriman Axundov, Murad Abdullayev, Gülüş Abdullayev, Məşədəli Quliyev, Şükür Aşurov kimi insanlar təşkil edirlər. Bundan başqa Cəmil Muradov, Maarif Quliyev, Baxış Qalantarov, Ayaz Köçərli, Cəmil Cəfərov, Həsən Quliyev, Zülfüqar Əsədov, Vəli Məmmədov, Vəli Axundov, Əli Abdullayev, Sadiq Axundov kimi həvəskar aktyorlar da teatrda fəaliyyət göstərməyə başlayırlar. Teatr kollektivi uzun müddət briqada kimi kənd meydanlarında çıxışlar edirlər. Lakin yarandığı ilk dövrdə teatr truppası dəhşətli hadisə ilə üzləşir. 1921-ci ildə Şuşaya gedən briqadanın 14 nəfər sənətçi üzvü erməni banditləri tərəfindən amansızcasına qətlə yetirilir. Qoçular teatra, artistlərə qarşı təbliğat aparır, onları gözdən salmağa çalışırlar. Avam camaatın artistlərə düşmən kəsildiyi bir zamanda, bütün çətinliklərə baxmayaraq, kollektiv öz mübarizəsini davam etdirir, teatrın inkişafı uğrunda böyük səylə çalışır. 1923-cü ildə Əhməd Ağdamski Ağdamda yeni teatr truppası təşkil edir. Bir il sonra onun rejissorluğu ilə fəaliyyət göstərən teatr fəhlə-kəndli klubu nəzdində dram kollektivi kimi işini davam etdirir. Əvvəlcə kiçik pyeslər, satirik səhnəciklərlə çıxış edən kollektiv sonralar “Dağılan tifaq”, “Nadir şah”, “Dəmirçi Gavə”, “Laçın yuvası”, “Şeyda”, “Şeyx Sənan”, “Aydın”, “Od gəlini”, “Qaçaqlar” kimi ciddi dram əsərlərini səhnəyə qoyur. 1937-ci ildə mövcud kollektiv əsasında Ağdamda Dövlət Dram Teatırı təşkil edilir. Teatra görkəmli dramaturq Əbdürrəhimbəy Haqverdiyevin adı verilir və on il ərzində teatr səmərəli fəaliyyət göstərir, təkcə Şuşada deyil, bir sıra bölgələrdə də uğurlu çıxışlar edir. İkinci Dünya Müharibəsi illərində xalqa, vətənə məhəbbət hissləri aşılayan “Məhəbbət”, “Vəfa”, və “Praqnın şabalıd ağacları” tamaşalarında ilk dəfə müharibə illərinin qəhrəmanlıq hadisələri tamaşaçılara göstərilir. 1949-cu ildə bir çox rayon teatrları, eyni zamanda Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı bağlanır.

 Teatrın bağlanması aktyor kollektivinin üzvləri üçün ağır bir zərbə olur. Teatrın bu çətin vaxtlarında bəzi sənətçilər səhnədən ayrılmadan, dram dərnəyində təmənnasız fəaliyyət göstərirlər. Uzun müddətdən sonra teatr yenidən işə başlayır və səhnədə daha ciddi tamaşalar hazırlanır. Yarandığı ilk illərdən bəri Ağdam teatrı Azərbaycan yazıçılarının əsərləri ilə yanaşı, rus və dünya dramaturgiyasına müraciət edib, bu illər ərzində yüksək səviyyəli sənət nümayiş etdirib. Qeyd etməliyik ki, hələ 1920-ci illərin əvvəllərində Ağdam teatrının Azərbaycan səhnəsində qadın aktyorların olmadığı bir zamanda, teatrı yaşatmaq, xalqa incəsənətimizin bu yönünü sevdirmək naminə qadın obrazlarını cəsarətlə canlandıran dəyərli aktyorları olub. Bu aktyorlar öz zamanlarında təhqirlə qarşılansa da bu gün xalq onları böyük məhəbbətlə anır. Qaflan Muradov o dövrdə qadın rollarının mahir ifaçısı olmuşdur. O, “Dağılan tifaq” da Sona xanım, “Yağışdan çıxdıq, yağmura düşdük” də Yetər, “Leyli və Məcnun” da Məcnunu anası, “Evliykən subay” da Pərzad, “Məşədi İbad”da Sənəm və bir sıra qadın rollarını məharətlə ifa edib. Teatrın yaranmasında böyük rol oynayan Əhməd Ağdamski də qadın rollarının ilk və mahir ifaçıları sırasında olub. O, ilk dəfə Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını canlandırıb. Bundan başqa “Əsli və Kərəm” də Əsli, “O, olmasın, bu olsun” da Gülnaz, “Arşın mal alan” da Gülçöhrə, “Ər və Arvad”da Minnət kimi rolları ifa edib. O dövrdə, özü də rayon mühitində səhnəyə qadın aktyorların çıxması sözün əsl mənasında qəhrəmanlıq və fədakarlıq idi. 1940-cı illərdən son zamanlara qədərki dövrdə kollektivin tərkibində Sara Canıyeva, Firəngiz Abbasova, Şirinbacı Mustafayeva, sonrakı illərdə Şükufə Şükürova, Narınc Məlikova, Fatma Mahmudova, Simuzər Namazova, Fəqumə Mehdiyeva, Cəmilə Məmmədova, Səkinə Süleymanova kimi istedadlı aktrisalar teatrda truppanın güclənməsinə səbəb olublar. Ümumilikdə isə teatrda İbrahim Yusifov, Şakir Mirzəyev, Səyyaf Əlizadə, Tofiq Qarayev, Şəmsi Şəmsizadə, Bəylər Nəcəfov, Qurban Mirzəyev kimi yüksək istedada malik, güclü sənətkarlar fəaliyyət göstərib. Keşməkeşli bir yol keçən Şuşa və Ağdam teatrlarını yaradan və yaşadan dəyərli sənətkarlar bütün çətinliklərə rəğmən bu milli dəyərimizi yaşadıb bu günümüzə və indiki səviyyəyə çatdırdıqları üçün böyük minnətdarlığa layiqdirlər. Onların yolunu davam etdirən sənət adamlarımızın və bu sahə ilə bağlı qurumların zəhməti nəticəsində, didərginlik dövründə də hər iki teatr fəaliyyətini dayandırmadı. Hazırda Ağdam Dövlət Dram teatrı Bərdə şəhərində, Şuşa Musiqili Dram Teatrı isə Bakıda fəaliyyətini uğurla davam etdirir.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2011.- 17 mart.- S.6.