Bakıda “Muğam aləmi”
çərçivəsində silsilə tədbirlər
keçirilib
Azərbaycan Bəstəkarlar
İttifaqında “Muğam aləmi” II Beynəlxalq Muğam
Festivalı çərçivəsində keçirilən
“Azərbaycan muğamı və Orta Şərq musiqisi”
mövzusunda elmi simpozium martın 17-də öz işini bölmə
iclasında davam etdirib. APA-nın məlumatına görə,
iclasa amerikalı professor Yurgen Elsner və azərbaycanlı sənətşünas
Sürəyya Ağayeva sədrlik edib. İlk olaraq kanadalı
alim Robert Simms “Məhəmməd Rza Şəcərianın
avazında əsas struktur və proseslər” mövzusunda məruzə
ilə çıxış edib.
Gün ərzində Azərbaycan,
Tunis, Finlandiya və rusiyalı musiqişünasların
ümumilikdə 5 məruzəsi dinlənilib. Günün
ikinci yarısında simpoziumun yekunlarına həsr olunmuş
dəyirmi masa keçirilib.
Martın 17-də Azərbaycan
Dövlət Filarmoniyasının kamera və orqan musiqisi
zalında II Beynəlxalq muğam müsabiqəsinin
püşkatma mərasimi keçirilib. “Muğam aləmi”
II Beynəlxalq muğam festivalı çərçivəsində
keçirilən bu müsabiqədə Azərbaycan, Türkiyə
Özbəkistan, Çin, Hindistan, İordaniya, İran,
Küveyt və Mərakeş musiqiçiləri iştirak
ediblər.
Məlumat verilib ki, II beynəlxalq
muğam müsabiqəsinin münsiflər heyətinə Azərbaycanın
xalq artistləri Siyavuş Kərimi, Ramiz Zöhrabov, Arif
Babayevlə yanaşı, YUNESKO-nun nümayəndəsi, Paris
Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan
Dürinq, türkiyəli musiqişünas, kompozitor Ozan Yarman,
amerikalı alim Uilyam Samts və iranlı bəstəkar,
musiqişünas Shsan Xezrlou daxildir. Azərbaycanı
festivalda 5 ifaçı – Fərqanə Qasımova, Babək
Niftəliyev, Aytən Məhərrəmova, Ehtiram Hüseynov və
Nişanə Baxışova təmsil edir. Daha sonra
püşkatma mərasimi keçirilib. Azərbaycanda
keçirilən beynəlxalq muğam müsabiqəsində
ilk çıxış Özbəkistan musiqiçilərinə
nəsib olub.
Qeyd edək ki, müsabiqənin
birinci günündə ölkəmizi iki ifaçı təmsil
edəcək, ümumilikdə isə 6 musiqiçi dinləniləcək.
Muğam ifaçılarının beynəlxalq
müsabiqəsi martın 20-dək davam edəcək.
“Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının səhnəsində Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun” operası yeni quruluşda nümayiş
etdirilib.
APA-nın məlumatına
görə, tamaşanın quruluşçu rejissoru Hafiz
Quliyev, musiqi rəhbəri və dirijoru Cavanşir Cəfərov,
quruluşçu rəssamı Rafiz İsmayılovdur. Leyli
rolunu xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu xalq
artisti Mənsum İbrahimov ifa edib. Operanı paytaxt sakinləri
ilə yanaşı, beynəlxalq festivalın
iştirakçıları da maraqla izləyiblər. Festival
çərçivəsində Heydər Əliyev
Sarayında “Muğam-latinos” konserti keçirilib. Beynəlxalq
Muğam Mərkəzində isə Azərbaycan və İraq
xanəndələrinin iştirakı ilə konsert olub.
Konsertdə əməkdar artist Zabit Nəbizadə “Rast”
muğamını ifa edib. Sonra tamaşaçılar
iraqlı muğam ustası Hüseyn Əl Ədhəmin
“İraqi-maqam” kompozisiyasını dinləyibər.
Qeyd edək ki, Beynəlxalq Muğam
Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və
Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə
təşkilatçılığı keçirilir.
525-ci qəzet.- 2011.-
18 mart.- S.7.