Xalça Muzeyində “Bahar bayramı, sənət meydanı”
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyində Novruz
bayramı münasibəti ilə peşəkar və həvəskar
rəssamların, xalq yaradıcılığı ilə məşğul
olan sənətkarların əl işlərindən ibarət
“Bahar bayramı, sənət meydanı” adlı sərginin
açılışı keçirilib. APA-nın məlumatına
görə, muzeyin direktoru Röya Tağıyeva deyib ki, sərgidə
nümayiş olunan əsərlər tətbiqi sənətin
müxtəlif növlərində – qobelen, bədii tikmə,
xalça və xalça məmulatları, kiçik heykəllər,
bəzək əşyaları, metal işləmələr,
muncuq, daş və digər materiallardan hazırlanıb. Bu gün sənətsevərlərin ixtiyarına
verilən sərgidə F.Tağıyeva, T.Zeynalova, Ş.Əsgərova,
F.Xəlilova, H.Vəkilova, S.Hacıyeva, B.Əliyeva,
C.Ramazanova, N.Hüseynovun və digərlərinin
yaratdığı əsərlər nümayiş olunub.
Muzeydə növbəti tədbir “Açdı
çiçək, gəldi yaz” adı altında
keçirilib. Tədbirin keçirilməsində
məqsəd Novruz sevincini ziyarətçilərlə
bölüşmək, qədim bayramla bağlı adət-ənənələri
gənc nəslə aşılayıb sevdirmək, onu
yaşatmaqdır. Bayram tədbirində
balaca tamaşaçılara muzeyin uşaq teatrının
ifasında “Qırmızı papaq” və “Tıq-tıq
xanım” nağılı göstərilib. Daha sonra
Bülbül adına orta ixtisas musiqi məktəbinin
nəzdində fəaliyyət göstərən muğam
üçlüyünün ifasında xalq mahnıları və
189 saylı orta məktəbin “Təbəssüm” uşaq rəqs
kollektivinin ifasında milli rəqslər təqdim olunub.
525-ci qəzet.-
2011.- 18 mart.- S.7.