İTV yenə fərqləndi
Ağdam
rayonu ərazisində – qoşunların təmas xəttində
9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən
qətlə yetrilməsi son günlərdə Azərbaycan
kütləvi informasiya vasitələrinin aparıcı
mövzusuna çevrilib. Bu, tamamilə təbiidir.
Çünki düşmən snayperi bu dəfə hədəf
kimi Azərbaycan əsgərini, zabitini, yaşlı dinc
sakinini yox, 9 yaşlı körpəni seçib. Bu,
böyük ağrıdır, böyük dərddir.
Övlad ölümü bir ana üçün, bir ata
üçün böyük dərddir. Amma belə
ölüm bütün kəndin, bütün elin faciəsinə
çevrilir. İndiki halda isə bu faciə bütün Azərbaycanın
faciəsinə çevrilib. Amma övlad itirən ana
üçün bu faciə... Ana üçün bir təsəlli
var ki, indi bu mövzu Avropa Şurasında da aparıcı
mövzuya çevrilib. İndi Farizin faciəsindən Avropa
Parlamentində də xəbər tutublar. Avropa parlamenti erməni
faşizmi barədə daha bir informasiya alıb. Şübhəsiz,
bu işdə ölkəmizin kütləvi informasiya vasitələrinin,
xüsusən televiziya kanallarının xidməti xüsusi
vurğulanmalıdır.
İctimai Televiziyanın bu məsələyə
ilk gündən xüsusi önəm verməsi diqqətdən
yayınmadı. Fariz Bədəlovun qətlə
yetirildiyi günün səhəri – martın 9-da bu kanalın
xəbərlərinin əsas buraxılışında –
axşam xəbərlərində geniş şərhlərin
verilməsi, millət vəkillərinin, sıravi vətəndaşların
bu fakta etirazının, hətta ATƏT-in Rusiyalı həmsədrinin
reaksiyasının tamaşaçıların diqqətinə
çatdırılması bu faciənin ictimailəşdirilməsinə,
beynəlxalq səviyyədə müzakirəsinə geniş
imkan açdı. Bu məsələdə İctimai Televiziya
birinci oldu. Sözünü birinci dedi və sanballı dedi. Bununla da İctimai Televiziya
birinci kanal adına layiq olduğunu sübut etdi. Ümumiyyətlə,
İctimai Televiziya vətənpərvərlik mövzusuna həmişə
xüsusi diqqətlə, xüsusi qayğı ilə
yanaşıb.
Xatirimdədir ki, ötən ilin
yayında Mübariz İbrahimovun qəhrəmanlığı
barədə xəbər yayılan kimi bütün kütləvi
informasiya vasitələrinin diqqəti bu mövzuya yönəldi.
Hər kəs öz imkanı daxilində bu qəhrəmanlığa,
bu qəhrəmanın taleyinə öz sevgi və
ehtiramını bir cür izhar elədi. Milli Qəhrəman
haqqında sənədli film çəkiləcəyi barədə
anonslar yayıldı. Amma İctimai Televiziya Milli Qəhrəmana
münasibətini anonssuz, reklamsız ortaya qoydu. Mübariz
İbrahimov haqqında klip çəkdirdi. İstedadlı bəstəkarımız
Faiq Sücəddinovla Baba Vəziroğlu məhz İctimai
Televiziyanın sifarişi əsasında gözəl bir sənət
əsəri ortaya qoydular. Özü də gözəl bir klip
formasında. Mübariz İbrahimovun döyüş yoluna həsr
olunmuş “Mübariz” adlı ilk sənədli film də
İctimai Televiziyanın efirində göründü.
Çünki televiziyanın rəhbərliyi hadisədən dərhal
sonra xüsusi çəkiliş qrupu yaradaraq onları
Mübarizin döyüşdüyü hərbi hissəyə
göndərmiş, qısa zaman kəsiyində Mübariz
haqqında sənədli film çəkmək
tapşırığı vermişdi.
Qrup bu
tapşırığın öhdəsindən də layiqincə
gəldi və həm klip, həm də sənədli film eyni
gündə tamaşaçılara təqdim olundu.
Bütün bunlar onu deməyə əsas verir ki, İctimai
Televiziya üçün vətənpərvərlik
mövzusu, Vətən mövzusu birincidir! Elə ona görə
də İctimai TV Azərbaycanda birincidir! Birinci kanal kimi....
BƏXTİYAR
525-ci qəzet.- 2011.- 18 mart.- S.7.