İçimdəki və
güzgüdəki adamla söhbət
Korrupsiyadan söhbət düşəndə Şərqin qədim bir əfsanəsi yadıma düşür. Bir uca dağın mağarasında əjdaha yaşayır. Dağın ətrafındakı əyalətlər əjdahaya xidmət etmək üçün ən gözəl qızlarını göndərirlər. Qazandıqlarının yarıdan çoxunu əjdahaya vergi kimi ödəyirlər. Əyalətlərdən çıxan ən igid oğullar əjdahanı öldürməyə gedib geri dönməyib. Qəzəblənmiş əjdahanın vergisi bir az da artıb. Nəhayət, yeni bir qəhrəman da döşünə döyür ki, mən gedirəm, sabaha kimi əjdahanın başını sizə gətirəcəyəm. Gedir, elə çatan kimi bir zərbə ilə əjdahanın başını bədənindən ayırır. Mağaradakılar onu alqışlayır, qızlar onu öpür, oxşayır. Qəhrəman əjdahanın başını götürüb getmək istəyəndə ona deyirlər yol gəlmisən, döyüşmüsən, yorğunsan, bir az dincəl, özünə gəl, şərab iç, gözəllərlə əylən. Hara tələsirsən? Daha hər şey qurtarıb, qal! Bir neçə gün qalandan sonra bir səhər qəhrəman hovuzda çiməndə görür bədəninin bir hissəsi əjdaha dərisi ilə örtülüb. Qaçır mağara əhlinin yanına, soruşur?
– Bu nədir belə?
Bir ağsaqqal irəli yeriyib deyir:
– Əjdaha olursan, oğlum.
– Mən əjdaha olmaq istəmirəm.
– Səni bura əjdaha öldürmək üçün gətirən həvəs elə əjdaha olmaq həvəsidir. Burda heç əvvəldən də əjdaha yox idi. Hər gələn qəhrəman özündən əvvəlkini öldürüb sonra burdakı gözəllərin nəvazişi, rahatlıq, əyləncələr onu məst edib, onu əjdaha öldürməyə göndərən camaatı unudub. Sənin kimi belə yavaş-yavaş əjdahaya dönüb.
– Yox, mən buna dözmərəm. Gedirəm bu sirri insanlara açıb deməyə, qoy bu qorxudan insanlar azad olsun.
– Gedə bilməzsən –
dedi qoca.
– Niyə?
– Bir özünə bax. Yarı əjdahasan. Əjdaha
bilib səni öldürərlər.
– Qoy öldürsünlər,
bunun bir sonu olmalıdır. Mən
düzünü deyərəm, inanarlar çox yaxşı,
inanmazlar məni öldürərlər. Əjdahanı
özləri öldürmüş olar.
– Get, oğlum, gözlədiyimiz
o əsl qəhrəman sənsən, əjdaha öldürməyə
nə var ki, əsl əjdaha indi öldürəcəyin yalan
və içindəki qorxu adlı əjdahadır, get onu
öldür, millət azad olsun!
Bu korrupsiya
dediyimiz şey yeddi başlı bir əjdahadır. İçimizdə
paxıllıq, riyakarlıq, tamah, həsəd, mənəm-mənəmlik,
yalan, mütilik o əcdahanın başlarıdır. Nə qədər ki, biz bu xüsusiyyətləri
başqalarında görürük, amma özümüzdə
görə bilmirik, hətta özümüzdə “yoxdur”
sayırıq. Bu əjdahanın
başını nə qədər kəssək yenidən
cücərəcək. Hər kəs
özündən başlamalıdı, hər kəs
özündən uzaq düşüb. Hamını
görürük, özümüzü yaxşı görə
bilmirik. Heç olmasa, özün-özünə lap
ürəyində “mən niyə paxıllıq eləyirəm”,
“bu acgözlük nəyimə gərəkdir”, “niyə yalan
danışıram”, “niyə yaltaqlanıram ki” demisən? Yox, deməmisən?! Onda
başqasına dediyin həqiqətin də bir qəpiklik qiyməti
yoxdu. Heç öz övladın da sənə
inanmayacaq, çünki səmimi deyilsən. O zaman bu əjdaha
ailənlə, övladınla, dostlarınla, cəmiyyətlə
sənin aranda at oynadacaq, meydan sulayacaq.
1968-ci ildə
“Rüşvətxorlar” adlı bir şeir yazmışdım. Senzuranın
bu şeiri kitabdan çıxarmaması məni də təəccübləndirdi.
Onu da deyim ki, o dövr bizim ədəbiyyata nəzarət
edən senzurlarımız burda elə yazılara icazə
verirdilər ki, Moskvada o yazılarımızı kitabdan ya
tamam çıxarırdılar, ya da bizi yazını dəyişib
quş həddinə salmağa məcbur edirdilər. Təbii, bu şeir də Moskvadakı kitabımdan
çıxarıldı. Bakıda da bu
şeirin sağında, solunda olan yazılar oxundu, müzakirə
mövzusu oldu. Lakin o şeir haqqında
hamı xorla susdu.
RÜŞVƏTXORLAR
Hardasa iki namərd
oturub üz-üzə indi;
Biri rüşvət
alandı,
biri
rüşvət verəndi.
İlan kimi
qıvrılıb
xəyanət
yatır
pullar
altında.
Onlar qeyrət satıb,
Vətən satıb
pullar
altında;
Bəlkə
düşünüblər vətən nədir –
Bir az qara torpaqdı,
bir az da sudur.
Cahil, Vətən –
Koroğlu qeyrətidi,
Həcər
namusudur.
Rüşvətxora
hər cür rüşvət gərəkdi.
Rüşvət də
rəng-rəngdi.
Böyüklər qarşısında
əyilib-düzəlmək
rüşvəti
var.
Yaltaqlığı da
rüşvət alan olur,
Rüşvət həqiqətə
bənzər
yalan olur,
Rüşvət puluna
uşağına “Əlifba” kitabı alan
olur.
Rüşvət – xəyanətin
ocağıdır,
Rüşvət – kürəyimizə
sancılan
xain
bıçağıdır.
Elə bu rüşvətxorlar
idi
Babəki qızıla
satanlar –
Yadların
ayağına atanlar.
Onlar Gəncədə Məhsətimi
daşqalaq
elədi,
Susduq ki, neyləyək,
taleyi belədi.
Bakıda Sabiri
qoçulara
söydürdülər,
Fitva verib
Hələbdə
Nəsimini soydurdular.
İndi də qaranlıq bir
evdə, tində,
Dalanda
Onlar rüşvət verəndə,
rüşvət alanda
Yenə biz
oluruq müqəssir.
Babək yenidən
düşür Əsir,
Məhsəti
təzədən daşqalaq olur.
Nəsimi təzədən
soyulur.
Axtarın!
Hardasa iki namərd oturub
üz-üzə indi;
Biri rüşvət
alandı,
biri də rüşvət verəndi.
Heydər Əliyev birinci dəfə
dövlət başına gələndən sonra siyasi
büroda zəlzələ effekti yaradan bir intervyü verdi, “Qoy ədalət zəfər
çalsın”. O materialın bir bölümündə
rüşvətxorluqdan söhbət gedirdi və bölmənin
girişində mənim “Rüşvətxorlar” şeirimdən
iki misra misal gətirmişdi:
Rüşvət
xəyanətin ocağıdır.
Rüşvət kürəyimizə
sancılan
xain
bıçağıdır.
O zaman SSRİ adlı
imperiyada ölkə rəhbərləri arasında ilk insan idi
ki, SSRİ- də rüşvət olduğunu etiraf edirdi. Şübhəsiz, ölkəni idarə edən
siyasi büro üzvlərinin çoxunun bu
çıxış xoşuna gəlməmişdi. Lakin bu çıxışa görə onu
qınaya da bilmirdilər. Ümumiyyətlə,
ruslar və Rus imperiyası üçün rüşvət
yeni bir şey deyil. Yaxşı bilirdilər
ki, Qoqolun “Müfəttiş” əsərini Heydər Əliyev
yazmayıb. Ruslar bəlkə də yer
üzündə yeganə millətdir ki, belə bir atalar
sözü yaradıb “gücün var, ağıl nəyinə
gərəkdir”. Bu deyimin içində
“rüşvətin “virusu” var. Rüşvət çox qədim
şeydi. Bəlkə də Allah gildən
Adəmi yaradanda həmin gildə rüşvətin də
virusu olub. Kompyuterə virus düşən
kimi düşüb. Ona görə də
insanlar vaxtaşırı özünü ondan təmizləməlidir.
Adəmi, Həvvanı cənnətdən
qovduran da rüşvət idi. Şeytan
yaltaqlığı ilə Həvvanın
qılığına girdi, Həvva da Adəmi o meyvənin
dadına baxmaq üçün yoldan çıxardı.
Rüşvət buqəlləmundur, zamanına
və şəraitinə görə rəngini dəyişir.
Hətta tənqiddə rüşvət ola
bilir. Həm də təsirli rüşvət.
“Niyə belə yaxası açıq,
başı açıq gəzirsən. Qalın geyin! Soyuq dəyər. Ola bilər sənin
vecinə olmasın. Buna ixtiyarın yoxdur.
Xalqa yazığın gəlsin. Sən xalqa lazımsan” və ilaxır, bunun kimi
sözlər. Mən rüşvətə
haqq qazandırmaq fikrində deyiləm. Əlbət ki,
onunla mübarizə aparmaq lazımdır, vacibdir! Amma bu yolla yox. Biz mübarizəni
başqasına qarşı aparırıq. Rüşvətin kökünü kəsmək
üçün hər kəs özü ilə mübarizə
aparmalıdır. Öz nəfsinə,
tamahına, məkrinə, qısqanclığına,
şöhrətpərəstliyinə qarşı mübarizə
aparmalıdır. Rüşvətə
qalib gəlmək çətindir, eyni zamanda öz əlimizdədir.
Çox asandır, hər kəs kamil insan olsa, olmağa
çalışsa, rüşvət olmaz! Allah
da bizi cənnətdən ona görə qovdu ki, gedin
çalışın, kamil insan olun, yanıma qayıdın.
Mənim həyatda ən xoşum gəlməyən
şey hamının bildiyini yeni söhbət kimi
danışmaqdır. Amma bu korrupsiya
şeytan kimi bir şeydi. Mən də ona
bir daş atmağı özümə borc bildim. Sözümü lətifəyə bənzər bir
xatirə ilə yekunlaşdırmaq istəyirəm. Gənc çağlarım idi. Lənkəran
mənim çox sevdiyim bölgələrdən idi. Tez-tez ora gedərdim, xüsusilə yazda. Hər dəfə də rayonun milis rəisi, prokror,
şair dostum Şəkərlə bir xudmani yerə çəkilib
dincələrdik. Bu dəfə mən
komsomol mükafatı almışdım, ona görə
komsomolun birinci katibi məclisə dəvət olunmuşdu.
O zamanlar bir-iki qədəhdən sonra yadıma haqq-ədalət
düşərdi. Yenə rüşvət əleyhinə
danışdım. Hamı susub qulaq
asırdı. Komsomolun elə bil
yarasına duz basdım. “Vallah, Fikrət müəllim, mən
rüşvət almıram” –dedi. Ona heç kəs
fikir vermədi, növbəti qədəhdən sonra
arağın acısının hayıfını
çıxmaq üçün idi deyəsən, yenidən
rüşvətdən danışdı. Yenə
hamı susdu, komsomol yenə dilləndi; “vicdanım haqqı mən
almıram” – dedi. Amma məntiq belə
çıxırdı ki, “bunlar hamısı alır, mən
almıram”. Yenə susduq, yenə
içdik. Üçüncü dəfə
bu səhnə təkrar olanda dözmədim. “Qardaş, sakit ol! Sənə
rüşvət verən var ki, almayasan da, darıxma, səbr
elə!” –dedim.
Respublikada
başlayan korrupsiya ilə mübarizə hərəkatını
ürəkdən alqışlayıram. Bəzi
insanlara demək istəyirəm ki, bu mübarizə on bir ay
yeyib, bir ay orucluq prinsipi ilə aparılmayacaq. İlham Əliyev Heydər Əliyevin oğludur.
Bu mübarizəni sona kimi davam etdirəcək.
Bu mübarizənin tərəfdarları getdikcə
artacaq. Yaxşısı budur, yemək
üçün yaşamayaq, xalqa, vətənə
böyük məhəbbətlə, gözəl ideyalarla
yaşayaq, gözümüz tox olacaq, ömrümüz əbədi.
Fikrət QOCA
525-ci qəzet.- 2011.- 18 mart.- S.4.