“Məqsədimiz Yeni Zelandiyada
yaşayan azərilər arasında birliyə nail olmaqdır”
QALİB MAHMUDOV: “MÜNASİBƏTLƏRİN DAHA DA
İNKİŞAFI ÜÇÜN İKİ ÖLKƏ
ARASINDA İQTİSADİ, TURİZM SAHƏSİNDƏ
İNKİŞAF VACİBDİR”
Bu gün Yeni Zelandiyada 2 minə
yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyətini
Cənubi Azərbaycandan olanlar təşkil edir. “Azəri” Yeni
Zelandiya- Azərbaycan Dostluq Cəmiyyəti isə bu ölkədə
soydaşlarımızı bir araya gətirən diaspora təşkilatıdır.
Qurumun sədri Qalib Mahmudov bu ölkəyə işləmək
üçün gəlsə də, diaspora sahəsində də
uğurla fəaliyyət göstərməyə
başlayıb. O, “525”ə müsahibəsində əvvəlcə
özü barədə danışıb:
–Mən artıq on ildir ki, Yeni Zelandiyada yaşayıram. Buraya gəlişimdə məqsəd iki ölkə arasında iş əlaqələri qurmaq olub. Hələ Bakıda ikən Azərbaycanla Yeni Zelandiya arasında geniş ticarət əməkdaşlığı yaratmaq arzusu ilə yaşayırdım. Odur ki, 2001-ci ilin fevralında 1 ay müddətinə Okland şəhərinə gəldim. Lakin arzularımın həyata keçməsi üçün daha çox zaman lazım idi. Bir il sonra Yeni Zelandiyanın miqrasiya xidmətinə müraciət edərək burada daimi yaşamaq imkanı əldə etdim və ailəmi gətirdim. Bir məlumat kimi qeyd edim ki, Yeni Zelandiya ali savadı və iş təcrübəsi olan, bununla yanaşı ingilis dilini bilənlərə daimi yaşamaq vizası verir. Elə mən də bu kateqoriya ilə viza almışam. Eyni zamanda Okland şəhərinin Massey Universitetində təhsil almışam.
–Bəs Yeni Zelandiyada Azərbaycan haqqında bilgilər varmı?
–Ölkələr arasında dostluq və əməkdaşlığın təməlini müəyyən faktorlar və ya tarixi hadisələr təyin edir. Misal üçün, yeni zelandiyalıların türklərlə dostluğunu belə yüksək səviyəyə qaldıran səbəblərdən biri 1915-ci ildə Çanaqqalada baş verən döyüşlər olub. Adətən, müharibə edən tərəflər uzun illər nifrət hissi ilə yaşayırlar. Lakin türklərin mərdliyi və insanpərvərliyi Çanaqqala savaşını tarixə xalqlar arasında dostluq rəmzi kimi yazdı. Buna sübut 1934-cü ildə Mustafa Kamal Atatürkün Çanaqqala döyüşlərində həlak olmuş əsgərlərin analarına ünvanladığı sözləri yada salmaq kifayətdir.
Yeni Zelandiyanın Azərbaycanla daha yaxın münasibətlərdə olması üçün iki ölkə arasında iqtisadi maraqların genişlənməsi, turizmin inkişafı, daha çox mədəni və idman tədbirlərinin keçirilməsi vacibdir. Azərbaycan burada ən yüksək keyfiyyətli nar şirələri istehsal edən bir ölkə kimi tanınıb. Bizim ölkəmizi və onun məhsullarını tanıtmaq uğrunda gördüyümüz işlərdən bunları sadalamaq olar. 20 mindən artıq ailəyə Azərbaycanın nar şirəsi haqqında vərəqə, 200 ml-lik qablarda nar şirəsi paylanması, qəzet və jurnallarda yazılan məqalələr, radioda səslənən reklamlar, bütün Yeni Zelandiya üzrə təşkil olunan sərgilərdə “Azərbaycan malı” şüarı altında iştirakımız. Bunlardan əlavə çoxlu tədbirdə Azərbaycan mətbəxi və musiqisi özünün təkrarolunmaz gözəlliyi ilə yeni zelandiyalıları valeh edib. Buranın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, idman yarışlarında iştirak edən idmançılar hamısı vətənimizin tanınmasında vacib rol oynayırlar.
Bu ilin yanvar ayında Kraysçörç şəhərində keçirilən paraolimpiya atletlərinin dünya çempionatında idmançılarımız Azərbaycanın himninin 3 dəfə səslənməsinə nail oldular. Azərbaycan komandası 6 idmançı ilə 6 medal qazandı. İdmançılarımızla görüşəndə bizim sevincimizin həddi-hüdudu yox idi. Bir sözlə, Azərbaycan sözü nə qədər çox səslənsə, Azərbaycan yazısına nə qədər çox rast gəlinsə, vətənimiz daha çox tanınar.
– “Azəri”Cəmiyyəti hansı məqsədlə yaradılıb və indiyə kimi hansı işlər görülüb?
– Bura gəldiyim ilk vaxtlardan başlayaraq həmyerlilərimizi axtarmağa başladım. Bəzilərini soraqlaşıb tapmışam, bəzən isə adi təsadüf nəticəsində rast gəlib tanış olmuşam. 2003-cü ilin oktyabrında buranın dövlət televiziyasında xəbərlər bülletenində Azərbaycan barədə xoşagəlməz bir sujet verdilər. Mən dərhal kanala zəng vurub, məlumatların qərəzli və yalan olduğunu söylədim, burada yaşayan azərbaycanlılar adından etirazımı bildirərək sujetin bir daha göstərilməməsini tələb etdim. Səsimi eşitdilər və xəbərlərin növbəti buraxılışında Azərbaycan haqda yalnış məlumatı təkrarlamadılar. Bu hadisə burada Azərbaycan cəmiyyətinin yaradılmasının zəruriliyini ortaya çıxardı. Belə ki, biz bir cəmiyyət şəkilində lazım gələrsə öz sözümüzü deməyə hazır olmalıyıq. Cəmiyyətimizi yaratmaqda ən öndə olan məqsəd isə Yeni Zelandiyada yaşayan azərilər arasında birlik yaratmaqdır.
–Bəs bu birliyə nail ola
bilmisinizmi?
–Əlbəttə, biz daim bu
istiqamətdə çalışırıq.
Soydaşlarımızla birgə tədbirlər təşkil
edirik, milli bayramlarımızda, Azərbaycanda qeyd olunan əhəmiyyətli
günlərdə bir yerdə oluruq. Xocalı
soyqırımını anırıq. Bu il Yeni Zelandiyanın
müxtəlif şəhərlərindən gəlmiş həmyerlilərimiz
və burada təhsil alan azərbaycanlı tələbələr
də anım mərasimində iştirak etdilər.
Görüş zamanı ermənilərin xalqımıza
qarşı törətdikləri vəhşiliklərin
bütün Yeni Zelandiya əhalisinə çatdırmaq
uğrunda gördüyümüz işlər və
qarşıdan gələn növbəti toplantımıza
hazırlıq müzakirə olundu. Ötən ilin martında
isə çox maraqlı Novruz bayramı tədbirimiz
olmuşdu. Hətta Cənub adadan belə həmyerlilərimiz
gəlmişdilər. Cəmiyyətimizin üzvləri Yeni
Zelandiyaya yenicə köçmüş həmyerlilərimizə
hər tərəfli köməklik göstərirlər.
Onlara iş tapmaqda, mənzil axtarmaqda, ümumiyyətlə
yeni ölkədə məskunlaşmaqda yardımçı
olurlar. Təhsil almağa gələn tələbələrlə
əlaqə saxlayır, cəmiyyətimizin tədbirlərində
iştirak etməklərinə imkan yaradırlar.
–Bu il Bakıda Dünya Azərbaycanlılarının
üçüncü qurultayı keçiriləcək.
Gözləntiləriniz nədən ibarətdir?
–Mən istərdim ki qurultayda
müxtəlif ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız arasında koordinasiya
mexanizmi qurmaq üçün iş planı
hazırlansın. Diaspor təşkilatlarına ölkəmiz
haqda lazım olan materialların göndərilməsi mexanizmi
qurulsun. Bunlardan başqa vətəndaşlıq haqqında
qanuna aydınlıq gətirmək mümkün olsaydı
çox yaxşı olardı. Belə ki, bir çox ölkələrdə
yaşayan vətəndaşlarımız müəyyən
çətinliklərlə üzləşirlər. Bu çətinliklərin
aradan qalxmasında müəyyən işləri görməyə
ehtiyac var. Həmçinin düşünürəm ki, bu
qurultay bizim üçün diaspor qurumları
qarşısında duran problemlər, vəzifələr,
görülmüş və görüləcək işlərin
müzakirəsi baxımından vacib əhəmiyyət kəsb
edir.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 18 mart.- S.4.