Tariximizə və ağrılarımıza işıq
salan roman
Bu
yaxınlarda “Ulduz”un redaksiyasındaydım, yazıçı
dostum Elçin Hüseynbəyli mənə sanballı bir
kitab verdi, “Qarabağ müharibəsindəndir, bilirəm bu
mövzu səni maraqlandırır”-dedi. Kitabı aldım, təbii,
ilk olaraq üstünü oxudum: Şövkət Zərin
Horovlu “Arazdan gələn səs”. Erməni təcavüzü,
Qarabağ müharibəsi mövzusu məni həqiqətən
də daim məşğul edir. 2009-cu ildə həyata
keçirdiyim layihələrdən birinin məqsədi məhz
bu mövzuda yazılmış əsərlərdən ibarət
toplu nəşr etmək və daha diqqətəlayiq əsərlərin
müəlliflərinə pul mükafatı verilməsiydi.
Çünki, mükafatlar yaradıcı adamların diqqətini
konkret mövzulara yönəltmək, işləməyə
stimul yaratmaq üçün ən sınanmış
üsullardan biridir. Qarabağ mövzusu bu gün Azərbaycanın
ən ağrılı yeri olsa da, ədəbiyyatçılarımız
bu mövzuya nədənsə yetərincə diqqət
ayırmır. Əlbəttə, Elçinin “Bayraqdar”, Aqil
Abbasın “Dolu”, Elçin Hüseynbəylinin “Əsirlər”,
Şərif Ağayarın “Kərpickəsən kişinin
dastanı”kimi diqqətəlayiq əsərlər bu qəbildəndir.
Başqa müəlliflərin də Qarabağ
ağrısı ilə bağlı əsərləri var.
Ancaq bu mövzuya diqqət yetərli deyil və
ziyalılarımız dəfələrlə bunu mətbuatda
bildiriblər. “Azərbaycan” qəzeti kollektivinin
Yazıçılar Birliyində görüşündə də
qəzetin baş redaktoru Bəxtiyar Sadıqov yazıçılarımızın
Qarabağ mövzusuna az diqqət yetirməsindən
narahatlığını bildirmişdi. Sözün
düzü, mən bunun nədən belə olduğunu bilmirəm.
Bir dəfə Səlim Babullaoğlu ilə “nədən
Qarabağ mövzusunda əsərlər az
yazılır”mövzusunu müzakirə edəndə, o bunun
bu faciədən az vaxt keçməsiylə bağlı
olduğunu bildirdi. 20 il ədəbiyyatda doğrudanmı az
müddətdir? Və ya bu günki həyatımız
Qarabağ faciəsinin fasadları ilə dolu deyilmi? Millətimiz
Xocalı faciəsi kimi bir faciə yaşayıb və nə
qədər vaxt keçməlidir ki,
yazıçılarımız bu ağrını hiss etsinlər.
Əlbəttə, mən ciddi yazıçıları nəzərdə
tuturam....
Yəqin şair lirik ricətsiz
dura bilməz. Neynəyək, peşə vərdişidir. Demək
belə. Elçin Hüseynbəylidən kitabı aldım,
müəllif mənə tanışdır. Şövkət
Zərin Horovlunu bir şair kimi çoxdan tanıyıram. Deyim
ki, qadın yazarlar arasında şeirləri ilə seçilənlərdəndir.
Bir nisgil var bu şeirlərdə, itirdiyi yasəmənliyə,
kəhrizə, kəndlərindəki gölə, Araza... olan
nisgil. Bu nisgil onun nəsrində də var. “Arazdan gələn
səs”romandır və ön sözün müəllifi Musa Ələkbərlinin
yazdığı kimi, bu onun ilk nəsr əsəridir. Mən
bu romanı oxudum və Şövkət xanımın
şeirlərində olan ağrını, nisgili bu romanda da
gördüm. Yəqin bir ağrını yazmaq
üçün gərək onu birinci öz canından
keçirəsən. Əsər Cəbrayılda ermənilərlə
gedən döyüşlərdən, bu döyüşlər
ətrafında cərəyan edən hadisələrdən bəhs
edir. Müəllif hadisələrin cərəyan etdiyi məkanı
konkretləşdirməsə də, mən bu məkanın Cəbrayıl
olduğunu əsərdəki təbiət təsvirlərindən
hiss etdim. Çünki, mən Cəbrayılda olmasam da,
Elçin Hüseynbəyli öz əsərlərində və
şəxsi söhbətlərində mənə Cəbrayılı
o qədər təsvir edib ki, romanı oxuyarkən görmədiyim
bu yerləri o dəqiqə tanıdım. Elçinin təsvir
etdiyi peyzajları da Şövkət xanım çox
ustalıqla qələmə alıb. Bəlkə də bu təsvir
qabiliyyəti onun şairliyindən irəli gəlir. Şairlər
də bir cürə rəssamdır, sadəcə boyaları
sözdür. Əsərdə canavarların Möhlət
kişini təqib etməsi səhnəsi çox realist
boyalarla təsvir edilib. Müəllifin yaratdığı bu məqam
mənim çox xoşuma gəlir. Qarlı bir gecədə
canavarların təqib etdiyi atlı gözlərim
önündə kinoxronika kimi canlandı. Bu
görüntünü oxucuda yaratmaq yazıçı
ustalığından irəli gəlir. Mən Şövkət
Zərin Horovlunun dünyaya səs salacaq şedevr bir roman
yaratdığını iddia etmək fikrində deyiləm.
Onun şeirləri də mənə nəsrindən daha
çox xoş gəlir. Amma bu əsər müəllifin ilk
romanı olduğunda burada tənqidi məqamlar axtarmaq fikrindən
uzağam. Onun erməni təcavüzünün
xalqımıza yaşatdığı acıları,
qırılmış taleləri, amansız faciələri
özündə əks etdirən dəyərli bir roman ərsəyə
gətirməsini alqışlayıram. Sözün
düzü, Mən “Azərbaycan”jurnalının son
saylarında bu müəllifin Əfqanıstanla bağlı
bir əsərini görmüşəm, amma təəssüf
ki onu oxumamışım. Buna görə bu iki əsər
arasında müqayisə aparmaq imkanım yoxdur. Heç bu
yazıda məqsədim də o deyil. Bu yazım “Arazdan gələn
səs”romanının müəllifi Şövkət Zərin
barədədir. Müəllif bu romanda qarşısına erməni
təcavüzünün gətirdiyi bəlaları, müharibənin
törətdiyi insan faciələrini göstərmək məqsədi
qoyub və deyim ki, məqsədinə çatıb. Bu əsərdə
bir məqam mənim diqqətimi xüsusilə cəlb elədi.
Söhbət ermənilərin və azərbaycanlıların
əsirlərə münasibətindən gedir. Çünki,
əsirlərə münasibət insanlığın əsas
göstəricilərindəndir.
Adəm oğlu
adlandırıla biləcək heç bir millət, heç
bir döyüşçü içindəki kini, küdurəti
əsirlərin üzərinə tökmür. Xüsusən
qadın və uşaqlara. Bu cür murdar məxluq yalnız
etməni ola bilər və müəllif onların bu
murdarlığını əsərdə ürək
ağrısı ilə, real, inandırıcı cizgilərlə
təsvir edə bilib. Dinindən və millətindən
asılı olmayaraq, hər bir insan bu sətirləri oxuyanda
erməni vəhşiliyinə nifrət etməyə bilməz.
Müəllif ermənilərin əsirlərə münasibətinə
qarşılıq olaraq, azərbaycanlılara əsir
düşən ermənilərin taleyini də təsvir edib.
Qisas eşqi ilə alışıb yanan gənc Azərbaycan əsgərləri
əsir düşmüş erməni qocası ilə erməni
qızını linç etmək, onları cəzalandırmaq
istəyəndə azərbaycanlı zabit buna imkan vermir. Şəxsən
mənə bu hadisə çox inandırıcı
görünür. Səhv etmirəmsə 1992-ci il idi. Tovuzda
iki erməni əsiri tutmuşdular. Ər-arvad idilər. Onda
Tovuzlu qadınlar əsgərlərə onlara əlini
vurmağa belə imkan vermədi. Hətta bu qadınlardan
birinin oğlu müharibədə həlak olmuşdu. Bax budur
bizim insanlığımız, budur bizim
böyüklüyümüz. Ədəbiyyatın da işi
elə bu insanlıq məqamlarını göstərməkdir.
Çünki, yekunda insanlıq qalib gəlir. Erməni xisləti
ilə uzunmüddətli qələbə qazanmaq olmaz. Buna
görə də ermənilərin tarixdə heç zaman
uzunmüddətli dövlətləri olmayıb. Dövlətçilik
hər bir xalqdan daxili əxlaq tələb edir. Müəllif
romanda xalqların bu daxili əxlaqını müqayisəli
şəkildə göstərməyə müvəffəq
ola bilib. “Arazdan gələn səs” romanında bütün bədii
əsərlərə xas olan sevgi süjeti də var. Bəşər
varlığının əsas göstəricisidir sevgi. Məncə
bütün vətənpərvərlik plakatları bir sevgi
anına dəyməz. Əsərdə Qumral və Fuadın
nakam sevgisi, müharibənin bu sevgiyə
yaşatdığı acılar təsvir olunub. Fuadın
döyüşdə həlak olmasından sarsılan
Qumralın intiharı da müəllif tərəfindən
inandırıcı şəkildə təsvir olunub. Əsərdə
belə maraqlı məqamlar çoxdur. Hiss olunur ki,
Şövkət xanım yalnız etməni təcavüzünün
acılarını yaşamayıb, həm də bu hadisələri
toplamaq üçün xeyli əziyyət çəkib,
çoxsaylı əhvalatları bir süjet ətrafında
toplamağa çalışıb və buna nail olub. Mən
onu müharibə mövzusunda təsirli bir əsər ərsəyə
gətirməsi münasibəti ilə təbrik edirəm.
Hesab edirəm ki, belə əsərlər istər
xalqımız üçün, istər ədəbiyyatımız
üçün lazımlıdır. Çünki, bu bizim
tariximizdir, həyatımızın bir hissəsidir. Bu tarix sənədləşdirilməlidir,
gələcək nəsillər bu tarixi oxumalıdır. Belə
bir məsəl var: türklər tarixi yaradır, amma onu
yazmır. Məncə yaxşı cəhət deyil bu. Biz
tariximizi yad mənbələrdən, o cümlədən erməni
mənbələrindən oxuyuruq. Və tarixi onların təsvirində
qavrayırıq. Belə deyərdim ki, tarixi yaradanlar elə
onu yazanlardır. Yazıçı həm də xalqının
gələcək salnaməsini yaradır. Şövkət
xanım da tariximizin bir məqamını qələmə
alıb və biz bu tarixin yaşatdığı
acıları bu gün də yaşayırıq. Mən əsəri
oxuyandan sonra Şövkət xanımla görüşmək
istədim və biz Yazıçılar Birliyində
görüşdük. Söhbətimizdən sonra bu
xanımın çox maraqlı taleyi olduğunu
gördüm.
O ixtisasca filoloqdur, gəncliyində
ərinin xidməti işi ilə bağlı uzun müddət
Əfqanıstanda yaşayıb. Orada bədii
yaradıcılıqla da məşğul olub.
Çoxsaylı şeirlər və Əfqanıstan hadisələrindən
bəhs edən roman da yazıb. Lakin bu əlyazmalar Əfqanıstandakı
müharibə köçündə it-bata düşüb.
Bu itkinin gətirdiyi məyusluq onu xeyli müddət ədəbiyyatdan
ayrı salıb. Düz 1999-cu ilə qədər. O gündən
bəri “Çinar həsrəti”, “Sözün
işığı”, “Mən Araz qızıyam”, “Dünya, səndən
nigaranam”, “Heykəlləşmiş qatar” adlı beş
şeir kitabı nəşr etdirib. Müntəzəm olaraq ədəbi
dərgilərdə çıxış edib. Yeri
düşmüşkən, bir məsələni də demək
istəyirəm. Bir dəfə hörmətli tənqidçimiz,
“Azərbaycan” jurnalının baş redaktoru İntiqam
Qasımzadə ilə qadın şairlərinin
yaradıcılığından söhbət edirdik və
İntiqam müəllim Şövkət Zərinin şeirləri
barədə çox isti şeylər söylədi. Yəni
o öz yaradıcılığı ilə ədəbiyyatımızın
mötəbər imzalarının diqqətini cəlb edə
bilib. İndiki yazar bolluğunda buna nail olmaq elə də asan
iş deyil. Sadaladığım kitablardan başqa Şövkət
xanımın uşaqlar üçün iki şeir kitabı,
bir pyesi var. Bu da çox təqdirə layiqdir. Çünki
uşaq şeiri ədəbiyyatımızın ən
ağrılı yeridir, daha doğrusu pis gündədir.
İndi bu mövzuda yazanları barmaqla saymaq olar. Ədəbiyyat
isə elə uşaq şeirindən başlayır. Artıq
görün neçənci nəslimiz Abdulla Şaiqin
“Xoruz”uyla böyüyür və yekun olaraq ali məktəblərə
test imtahanlarında özünü göstərir. Mən həmişə
düşünmüşəm ki, nəyə görə
rusdilli uşaqlar azərbaycan dillilərdən intellektli olur və
bunun cavabını rus dilində sanballı uşaq ədəbiyyatının
bolluğunda görürəm. Buna görə Şövkət
xanımı uşaq şeirləri yazdığına görə
də alqışlayıram...
” Arazdan gələn səs” də Şövkət xanımın müharibə mövzusunda yeganə əsəri deyil. Bu trilogiyadır və “Xəyanət”, “Köynək” adlı kitablar da var. Sadəcə onlardan yalnız birini çap etdirməyə imkan olub. Daha doğrusu oxucu və yaddaşımız üçün ən vacib olanını nəşr elətdirib. Bir də söhbətdə onu öyrəndim ki, bu il bu maraqlı və gözəl xanımın yubileyidir. Mən də özünü ədəbiyyata həsr edən, qarmaqarışıq dünyamızın acısını və sevincini, pisliklərini və gözəlliklərini qələmə alan qələm dostumuz haqqında məqalə yazmaq qərarına gəldim. Məncə, yazıçının yazıçıya ən yaxşı hədiyyəsi onun barəsində nəsə yazmasıdır. Amma mən bundan artığını etməyi düşünürəm. Biz müharibə mövzusunda yazılan əsərlərə mükafatlar veririk (biz deyəndə rəhbərlik etdiyim təşkilatı nəzərdə tuturam) və Şəvkət Zərin Horovlu da, onun “Arazdan gələn səs”romanı da hər cür mükafata layiqdir.
Elxan Zal Qaraxanlı
525-ci qəzet.- 2011.- 19 mart.- S.26.