“Azərbaycanda – bu ecazkar ölkədə həyat daha düzgündü...

 

...MƏN MƏNƏVİ QANUNLARA GÖRƏ DEYİRƏM BUNU, MADDİYYATDAN DANIŞMIRAM” MOSKVALI YAZAR OKSANA BULANOVA İLƏ SƏLİM BABULLAOĞLUNUN SÖHBƏTİ

 

Oksana Bulanova moskvalıdı. Jurnalist, şair, yazıçıdı.İş elə gətirib ki, 2004-cü ildən əsasən Bakıda yaşayır, bizim bir çox rusdilli nəşrlərlə əməkdaşlıq edir, Moskvada nəşr olunan “Azərbaycan Konqresi” qəzetinin Bakıdakı xüsusi müxbiridi. Yazıçılar Birliyinin Nəcəf Nəcəfov adına Mükafatına, “Ədəbi Bakı-2009” mükafatına, “Luş” təşkilatının mükafatına, Türkiyə Mədəniyyət Nazirliyinin xüsusi mükafatına və bir çox ədəbi ödüllərə layiq görülüb. “Türksayağı kofe” romanı Rusiyada böyük tirajla və dəfələrlə nəşr olunub. Onun ədəbi bioqrafiyası üçün ən son uğur sintetik janrda yazdığı “İki” romanının Rusiyada hələ də davam edən nüfuzlu “Russkaya Premiya” ədəbiyyat müsabiqəsinin “uzun siyahısı”na düşməsidi. Özü də Oksana Bulanova həmin müsabiqədə Azərbayacanı təmsil edir. Və bir də lap bu yaxınlarda Oksananın publisistik yazılarından, esselərindən ibarət, Azərbaycanı rusiyalılara böyük məhəbbətlə anladan “Azərbaycan mozaikası” kitabının nəşridir.

– Oksana, biz sizinlə çoxdandı tanışıq və mən sizı yalnız müxtəlif mətnlərinizdən-hekayə və şeirlərinizdən, məqalələrinizdən yox, həm də insan kimi söhbətlərinizdən tanıyıram. Siz məni həmişə Azərbaycana olan böyük sevginizlə təəccübləndirmisiz. Bu sevgi təkcə rusiyalı rus və ədəbiyyatçı bir yana, həm də Azərbaycan vətəndaşı olan rus üçün də xeyli az rastgəlinən bir sevgidi. Azərbaycana belə zərif və dolu sevgisi olan adam tapmaq çox çətindi.Gəlin, elə burdan başlayaq: bu böyük sevginin sirri nədədi? Necə...nə vaxt...

–Mən ilk dəfə Azərbaycana 2003-cü ildə Birinci kanalın çəkiliş qrupunun rəhbəri kimi gəlmişəm. Bu öz gözlənilməzliyi ilə qəribə bir səfərdi. O il mənim Türkiyəyə olan böyük sevgimin diktəsi kimi yazdığım “Türksayağı qəhvə” romanım çap olunmuşdu. Birinci kanalın layihə rəhbərlərindən biri əsəri oxumuşdu və müəllifi, yəni məni axtarıb tapmışdı. Görüşəndə dedi ki, mənim Azərbaycana gedəcək çəkiliş qrupuna mənim rəhbərli eləməyimi istəyir, mənim Şərqlə maraqlanmağımdan xəbərdardı və sairə. Mən isə təəccübləndim, mənim Türkiyə haqda məlumatlı olmağım hara, Azərbaycan hara deyə təəccübləndim. Dedi ki, boş şeydi, Türkiyə, Azərbaycan eyni şey deməkdi...Mən bizim “mütəxəssislərin” belə qarışıq təsəvvürlərindən xəbərdardım. Onlar üçün hər şey birdi.

Açığını deyim, Azərbaycan ekspedisiyasına bir az könülsüz hazırlaşırdım, çünki planlarım pozulurdu, təxirəsalınmaz işləri tapşırmağa adam yoxdu, əsəbiləşirdim. Üstəgəl, Azərbaycan haqqında da az-çox savadı olan adam qədər bilirdim, məktəb proqramına əsasən coğrafiya və tarixdən ümumi məlumatlar, uşaqlığımın sevimli filmi “Qorxma, mən səninləyəm”, Müslim Maqomayev, Tahir Salahov... sonra nə? Neft, Nobel qardaşları, Nizami Gəncəvi və Azərbaycanın Atatürkü Heydər Əliyev. Düzü, bəzi həmkarlarım Azərbaycan haqqında biliklərimin ağ səhifələrinin doldurmağa çalışırdılar, ölkə haqqında dırnaq içində maraqlı şeylər danışırdılar. Deyirdilər ki, dəli olmuşam, orda quldurlar, fırıldaqçılar at oynadır, hər yerdə atəş və güllə səsləri duyulur...Kəsəsi kurort deyil. Deyirdilər ki, ora sənin sevimli Türkiyən deyil, orda səni oğurlayıb gecə kəniz kimi sata bilərlər... Orda ümumiyyətlə ruslara nifrət edirlər.

Hər şey yüzə-yüz tərsinəydi burda. Və mən bunu Bakıda olduğum ilk saatlarda hiss elədim. Azərbaycana aşıq oldum. Əbədilik və çox möhkəm. İndi isə mən burda yaşayıram. Prinsipcə Azərbaycana sevgimdə təəccüblü heç nə yoxdu. Səbəb isə çoxdu. Ən xırdalarından başlayım,əhəmiyyətliləri isə axıra saxlayım. Azərbaycan mənim səyahət etdiyim ölkələr arasında yubiley ölkə idi, iyirminci ölkə idi. Məkan və zaman vahidinə düşən təəssürat sıxlığına görə bura ən təkrarolunmazı idi. Məni baxdığım hər bir səmt, gördüyüm hər bir şey sarsıdırdı: əvəzolunmaz təbiət, zəngin tarix və eyni qədər zəngin tarix. Buranın mədəniyyəti mənə çox yaxın və doğmaydı. Əgər ehtimal eləsək ki, biz bu dünyada bir neçə dəfə yaşamışıq, onda əvvəlki həyatımı mən hardasa Yaxın Şərqdə, ya da Qafqazda keçirmişəm. Mənə Şərqin adətləri, onun tələskən olmamağı, müdrikliyi, sakitcə, bəsirət gözüylə baxmağı, “planetin qabağında, irəlidə olmamaq” istəyi xoşuma gəlir. Mən ən çox heyrətə salan adamlar idi. Yerli əhalinin hədsiz böyük qonaqpərvərliyi. Bizi muzeylərdə, küçələrdə, dükanlarda ilk dəfə rastlaşdığımız adamlar evlərinə qonaq dəvət edirdilər. Vaxt darlığına görə etiraz edəndə elə maşınların pəncərəsindəncə bizə bağçalarından dərdikləri meyvə bağlamalarını uzadırdılar. Yəqin uzun yol getdiyimiz həmin maşınlardan dəymiş heyva və mandarin ətri hələ də çəkilməyib. Mən anladım ki qaynar qafqazlı qonaqpərvərliyi burda adi davranışdı. İnsan ünsiyyəti zamanı bu adi normadı. Burdakı adamlar fədakardırlar, hiyləgər deyillər, öz uşaqlarını da, təsadüfən yol azmış səyyahı da eyni qədər sevirlər. Qadına, anaya, qocaya dərin hörmət bəsləyirlər. Rusiyadakı kimi öz uşaqlarını həyatın soyuq qucağına özbaşına buraxmır, atmırlar. Azərbaycanlıların uşaqlar qədər saf, xeyirxah ürəyi var. Bu təəccüblü deyil, bu cür əsrarəngiz təbiətdə olub başqa cür olmaq görünür mümkün olmazdı. Bu şeylərin təbiətinə zidd olardı yəqin.

– Bu yaxınlarda Moskvada “Azərbaycan mozaikası” adlı kitabınız çap olundu. Annotasiyada eynən bu sözlər yazılıb: bu moskvalı xanımın Azərbaycana-qədim və gözəl ölkəyə olan qaynar, uzun sevgisinin bəhrəsidi. Elə kitabın fəsilləri də bunu təsdiq edir: “Roma? Karkason? Yaponiya? Lahıc! “ ; “İsveçrə duza gedir”, ya da “Gəncənin Bulon meşəsi”... kitabın ideyası necə yarandı, bu haqda və kitab üzərində işiniz barədə danışın zəhmət olmasa...

– İdeya təbii olaraq yarandı: öz sevgimi hamıyla bölüşmək istədim. Rusiyalılara başa salmaq istədim ki, Azərbaycan bığlı Azərbaycanlıların Moskva bazarlarında satdıqları pomidor demək deyil və neft buranın yeganə sərvəti deyil.Onlara anlatmaq istədim ki, bu ecazkar ölkədə həyat Rusiya ilə müqayisədə daha düzgündü. Mən mənəvi qanunlardan danışıram, maddiyyatdan danışmıram. Bu kitabla onlara göstərmək istədim ki, rusiyalılar düşüncə stereotiplərinə görə burunlarından o yanı görmürlər, əllərini uzatsalar çatacaq şeyi görmək istəmirlər. Və pis tanıdığın şeyi de sevmək mümkün deyil, axı rusiyalılar “qaraları”, “çəpgözləri” sevmirlər, onları bu cürə təhqiramiz adlarla çağırırlar.Mən istəyirdim ki, rusiyalılar Azərbaycanı olduğu kimi görsünlər, sevsinlər. Bircə onu deməyin ki, mən Azərbaycana alabəzək eynəklə baxıram və burdakı çatışmazlıqları görmürəm. Hər şeyi olduqca yaxşı görürəm və bilirəm. Mən artıq səkkiz ildi ki burdayam. Əgər tərəzinin bir gözünə Azərbaycanın bütün çatışmazlıqlarını qoysaq, o biri gözünə Rusiyanın yaxşı keyfiyyətlərini, çatışmazlıqlar yenə də ağır gələr. Deməyim odu ki, bütün neqativlərlə yanaşı Azərbaycan daha xeyirxah ölkədi, Rusiyadansa Azərbaycanda yaşamaq mənə daha çox xoş gəlir. Bakı-həyat üçün, yaşamaq üçün şəhərdi, pul qazanmaq və karyera üçün deyil. Əlbəttə pul da lazımdı, karyera da. Amma kimlərinsə kəllələri üzərində yerimək lazım deyil.Moskvada isə məhz bunu edirlər. Mən isə bunu qəbul eləmirəm. Mən yaşamaq, həyatdan zövq almaq, dostlarımla onlardan işim keçəndə yox, yalnız dostluq və zövq üçün görüşmək istəyirəm, çünki onlar ruhən daha zəngindirlər. Moskvada isə bunu üçün zaman çatışmır. Moskva daimi isterika içindədi. Moskva qaçaraq yaşayır. Mən otuz yeddi il qaçaraq yaşamışam, amma indi dayanmaq, fikirləşmək istəyirəm. Kitab bu haqdadı.

 Kitab Azərbaycanla bağlı indi üzərində işlədiyim kitabdan fərqli olaraq məqsədli və ya sifarişlə yazılmayıb. “Mozaika”ya fikrimcə zaman-zaman yazdığım ən uğurlu, mətbuatda da maraqla qarşılanan yazılarım daxil edilib. Amma əlbəttə bu bütün yazdıqlarım demək deyil, hamısını toplasam üç belə kitab eləyər.

– Mən klassik sualları sevirəm, həmsöhbəti danışdırmaq üçün onlardan yaxşısı yoxdu. Siz şairsiz. Şeir yazmağa nə vaxt başlamısız? Sizcə şeir nədi?

– İlk şeirimi beş yaşımda yazmışam. Sonra isə düz on il fasilə olub, o vaxtdan bu vaxta isə aramsız bir proses. Əvvəl şeir mənim üçün özünü ifadə üsulu idi, daha çox tragik emosiyalardan azad olma vasitəsi idi. Yəqin bu bütün qızlarda belə olur.Bir vaxtlar deyilən kimi “ah, mən necə iztirab çəkdim, iztirab çəkdim mən, mən çəkdim iztirab” və sair və ilaxır.Sonra bu iztirab mərhələsi bitdi. Şeirdə, həyat isə yox əlbəttə. Anladım ki, öz şəxsi yaşantılarından daha vacib, qlobal şeylər var... bunu anlayanda şeirlər sayca azalsa da, cəsarət edib deyim ki, onlar mahiyyətcə ağırlaşdılar. Məni birbaşa özümlə olmayan şeylər düşündürməyə başladı, hərçənd mən yenə birinci şəxsin təkindən yazırdım. İndi yarısı birinci şəxsin təkindən, yarısı üçüncü şəxsin dilindən yazılır və fikirləşirəm ki, belə daha maraqlıdı. Şeir nədi? Bu ən çətin janrdı. Proza daha asan yazılır. Şeir ən çətini ən qısa deməkdi. Dostum, Bakı müəllif mahnısı klubunun prezidenti Cavid İmamverdiyevin sözləri ilə desək “həqiqi şeir- adi sözlərlə sənə qədər deyilməmiş şeylər haqqında danışmaqdı”, yəqin bu yaxşı şeir nədi sualının cavabıdı.

– Necə bilirsiz, əsər nə qədər avtobioqrafik ola bilər?

– Müəllif nə qədər istəyirsə o qədər.Amma ruhi striptizlə qədər ehtiyac yoxdu...burda bir məqam var. Mən ilk romanımı yazanda, məni tanıyan adamlar məni öz məhəbbət tarixçəmi yazmaqda ittiham elədilər. Yəni, ilk böyük əsər həmişə avtobioqrafik olur. Mən bu fikirlə qismən razıyam. Əlbəttə əgər adam qələmə əl atırsa, demək onun dərdi, ağrısı var və o bu ağrıdan qurtarmaq istəyir, bu bir qədər sublimasiyadı. Amma bu ağrıdan qurtarmaq istəyi həmişə olmur. Bəzən çox vacib şeylərlə, varlığın əsas sualları ilə bağlı öz düşüncələrinlə, qiymətli bildiyin şeylərlə bölüşmək istəyirsən. Mən də bunu onlara başa salmaq istədim, hərçənd romanda şəxsi həyatımın da məqamları vardı. Yalnız özün haqda yazmaq, öz sevgin...mən Ranevskaya deyiləm ki, memuar yazım. Mən bunları niyə dedim? Sən bütünlüklə avtobioqrafik əsər yazıb öz həyatını göstərə bilərsən. Amma bu halda özünə sual ver, sənin həyatın dünyaya danışılacaq qədər maraqlıdırmı? Yazıçı təkcə qeydə alan yox, həm də quraşdırandır.

–Oksana, mən sizin bir neçə şeirinizi çevirmişəm. Yadınızdadırsa, sizə şeirlərinizin “izm”lərlə çirklənmədiyinin, kristal, təmiz olduğunu demişdim, əlbəttə, çağdaş rus poeziyası nümunələri ilə müqayisədə. Əlbəttə, bunun təminatçısı müəllif tərcümeyi-halı və səmimiyyətidir. Amma sizin şeirlərinizdə avtobioqrafik olmayanları da var, intellektual oyunlara, tapmacalara, məşhur bədii mətnlərə, istinad var, sitat var, tutalım “Mebius səthi” xatırlanır, yaxud “Ustada” şeirinizdə “Ustad və Marqarita”xatırlanır...amma burda belə səmimiyyət var. Buna necə nail olursuz? Bir az öz poetik mətbəxinizin sirli “ədviyyatından” danışın...

– Qiymət üçün sağ olun, xüsusən “kristallıq” və “səmimiyyət”ə görə. Amma bu necə olur, düzü, bilmirəm.Mən belə olması üçün heç nə eləmirəm,öz-özünə alınır. Görünür, heç bir ədviyyat yoxdu.Hərçənd, Axmatovanın “əgər bilsəydiz şeir hansı zibillikdən utanmadan boy atır” kimi məşhur sözlərini xatırlasaq, onda yalnız ədviyyat və otlar- çobanyastığı, dəvədabanı və sair əlbəttə azlıq edə bilərdi...bu zarafatdı.

– Mən də elə bunu yalnız zarafat kimi qəbul edirəm.

– Yəqin məni narahat edən şeyləri yazıram, vəssalam. Mebius səthi- bu özlüyündə ecazkar bir şeydi, bu intellektual tapmaca yox, səthlər və ölçülərlə bağlı paradoksdu. Mən indi bunun nə olduğunu izah etməyəcəm, həvəsi olan riyaziyyat dərsliyinə baxsın. Qabaqcadan deyim ki, bunun üçün xüsusi biliklər tələb olunmur. Sadəcə şəklə baxıb bu şeyin nə qədər sadə, nə qədər ağıl xaricində olduğuna görə özündən getmək olar. Bu adi şey elə fəlsəfi dərinliyə, insan qəlbinin elə dərin qatlarına sürükləyir ki adamı...yaradılış haqqında təsəvvürlərini dəyişir adamın. Mən bunu məktəb proqramında ayrıca dərs kimi tədris edərdim. Mebius səthini mən təkcə o şeirdə yox, sonuncu romanımda da istifadə eləmişəm. “Ustada” şeiri isə mənim Bulqakova və onun romanına olan sevgimin nəticəsində yaranıb. Fikrimcə, bu roman XX əsr rus nəsrinin ən vacib əsərlərindən biridir və bu əsərdə heç bir başqa əsərdə qaldırılmadığı qədər mənəvi problem qaldırılıb. Amma sizə dəhşətli bir sirr açım, bu şeiri mən çoxdan yazmışam, Ustadı romanın qəhrəmanı saydığım vaxtlarda. Amma indi şeir yazsaydım, Ustada yox, Marqaritaya yazardım. Bəlkə bu söhbətdən sonra yazacam da.

– Necə bilirsiz, ədəbiyyatçı özünü hər hansı bir cərəyana aid eləməlidi?

– Mən ədəbiyyatda da, ümumiyyətlə istənilən sənətdə hər hansı “izmin” əleyhinəyəm. Mənim üçün sənətkarın hansı cərəyanda olması, aid olunması vacib deyil, o qəlbə təsir edirsə, bu bəsdir. Etmirsə, bu dünəndən lazım deyil. Mən “izm”lərdən yalnız bir sənətkar-şair, bəstəkar, rəssam haqında danışanda istifadə edə bilərəm, və yalnız auditoriya o adam haqqında bir şey bilmirsə, o halda. Özündən danışmaq doğru deyil, qeyri-təvazökarlıqdı, ona görə bağışlayın, amma deməliyəm ki, mənim son romanım janrlar qarışığıdı. Detektiv kimi başlayır, sonra mistikaya iddia edən kimi görünür, sonra məlum olur ki, bu zaman paradoksları ilə zəngin olan fantastikadır, özü də bu məqsədli fantastika deyil, bu elementlər olmasaydı, qəhrəman mənəvi seçim qarşısında qalmayacaqdı. Sonra isə o yavaş-yavaş məhəbbət romanına keçid edir. Və sair, və ilaxır. Yaxşıdımı, pisdimi, bunu əlbəttə oxucular deyəcəklər. Amma mən yalnız bir janr çərçivəsində yazsaydım, mən istədiyimi yaza bilməyəcəkdim, birmənalı olaraq məndə bir şey alınmayacaqdı.

– Sevimli şairləriniz kimdi? Əlbəttə rus şairlərini nəzərdə tuturam.

– Ümumiyyətlə deyim ki, hər hansı şairin bütün şeirlərini sevirəm, belə şey yoxdu. Bəzi şairlərin bəzi şeirlərini sevirəm, belə deyək. Ola bilsin ki, bir şairin daha çox şeirini sevirəm, başqasının daha az. Puşkini xatırlamaq banal olardı. Onu doğurdan da sevirəm. Onun müasiri olan partizan-şair Denis Davıdovu da çox sevirəm. Onun haqqında kurs işi də yazmışam. Lermantovun xeyli şeiri var ki, onları da sevirəm. XX əsrdən Blok, Severyanin, Qumilyovun bir çox şeirlərini sevirəm. O yeganə şairdi ki, şeir həsr etmişəm ona. Yesenin çox xoşuma gəlir. Mayakovskinin erkən yaradıcılığını sevirəm. Pasternakı çox sevirəm. Mandelştamın bəzi şeirlərini. Svetayevanı, Axmatovanı, xüsusən sonrakı dövrünü. Qismən yenilərdən Novella Matveyevanı, Rimma Kazakovanı. Bardlar- bu ayrıca bir mövzudu. Qaliç, Vısotski, Okucava, Vizbor, Qorodnistski və Yeqorovu çox sevirəm. Erkən Qrebenşıkov və Makareviçi sevirəm. Makareviç şairin hər hansı konkret “izmə” aid olmamasının klassik nümunəsidi.Deyə bilərsiz ki, onlar şeirləri nəğmə kimi oxunan şairlərdi. Hə, nolsun? Bu o şeirləri şeir olmaqdan məhrum eləmir. Mən insan və şəxsiyyət kimi bardların poeziyasıyla formalaşmışam. Bir də gümüş dövrü poeziyasıyla. Sovet şairlərinin əksər şeirlərini onların təbliğatiliyinə görə sevmirəm. Onlar haqqında Vısotski dəqiq deyib: “Kimsə sükut barədə şadyanalıqla bağırırdı.” Hərçənd Simonovun, Voznesenskinin, Rojdestvenskinin bəzi şeirlərini sevirəm. Deyilənləri belə ümumiləşdirmək olar ki, mənim siyahım o qədər də orijinal deyil və buna iddia da eləmir.

– Müasir rus ədəbi prosesini izləyirsizmi? Daha çox poeziyanı nəzərdə tuturam. Fikriniz necədi? Müasir Azərbaycan oxucusuna mütaliə üçün kimi tövsiyə edərdiz?

– Nə qədər utandırıcı olsa da poetik prosesi hərdən izləyirəm. Ona görə yox ki, maraqsızdı, ona görə ki, vaxtım yoxdu. Bardların arasından Yelena Qurfinkel, Vadim Yeqorov və Aleksandr Qorodnitskini böyük məmnuniyyətlə tövsiyə edərdim. Yeri gəlmişkən, o Bakıda üç-dörd dəfə olsa da Azərbaycana çox bağlanıb, hətta mən də elə təəssürat yarandı ki, o bakılıdı. Yeni dalğadan heç kimi tövsiyə eləyə bilmərəm. Ona görə yox ki, bilmirəm yaxud sevmirəm. Səbəb dərindədi. Mənə elə gəlir ki sənət yaradan kəs ac olmalıdı.

– Oksana,tez-tez belə şeylər eşitməli olursan ki,bəs, internet əsrində kitab, xüsusən də şeir kitabları özünü tükədib...

– Qətiyyən razı deyiləm. Kitab özünü yalnız ruhən kasıb adamlar üçün tükədə bilər. İnternet-bu çox vacib bir şeydi. Onun vasitəsilə sən adi həyatda, kitabxanada uzun saatlar sərf edib tapa biləcəyin şeyləri anlar ərzində tapa bilərsən, düzdü. Amma internet həmdərlilik, böyük hərflə Kitaba aidlik, Kitabla əlaqə kimi böyük hissi qısır edir, atrofiyaya uğradır, patetikaya görə məni bağışlayın. Mənim böyüdüyüm illərdə kitab defisit idi. Ona görə kilometrlərlə növbələr olurdu, makulatura təhvil verirdilər, qara bazarda axtarırdılar, kitabxanalarda xüsusi hörmət qazanmalıydın. Amma indi kim kitabxanada belə hörmət qazanmaq haqqında düşünür. Amma bir vaxtlar bu xoşbəxtlik idi: sən nadir, saralmış vərəqləri tökülməkdə olan kitabı bir günlük evə aparırdın, ədyalın altında gecəboyu birnəfəsə oxuyurdun. Şəxsən mən təzə kitabları o qədər də sevmirdim, köhnə kitablar mənə böyük zövq verirdi.

Çoxları üçün kitab əvvəlki kimi yenə vacibdi. Kitab indi də çoxlarına lazımdı.Sübut kimi mənim doğma şəhərim olan Moskvadakı kitab dükanlarını göstərmək olar, orda kitab dükanları çoxdur. Tverskoydakı “Moskva” kitabçısı isə gecə saat birə kimi işləyir və gecə də orda çoxlu alıcı görmək olar. Deməli kitab lazımdı. Amma bir məqam da var, kitablar çox bahalaşıb.Əgər əvvəllər biz kitab üçün onu tapmağa sərf edilən əsəblərimizlə və vaxtımızla ödəyirdiksə, indi ucuz kitab on dollardı. Söhbət kitaba mədəniyyət hadisəsi kimi yanaşmadan gedirsə, bu ola bilsin bir az da belədi. Bunun çoxlu iqtisadi, təhsillə bağlı yönləri də var. Səbəblərdən biri indi təhsildə tətbiq olunan axmaq test sistemi ilə bağlıdı. Hələ testlərdən danışmıram. Suala baxın: Nataşa Rostova balda hansı rəng donda idi? Cavab: mavi, ağ və sair. Bu kütləşdirmə və mənəviyyatsızlıq deyil, bəs nədi?

Yeri gəlmişkən, kompüterdə mənəviyyatsırlıq sözünü,hər halda rusca belədi, yazın, görəcəksiz ki, onun altında səhvmiş kimi qırmızı xətt çəkiləcək. Kitab isə məhz belə olduğu üçün ölməyəcək, kitab onun üçün yaranıb.

–Yeri gəlmişkən, Oksana, Nataşa Rostovanın donu, ətəyi nə rəngdə idi?

– Hansı balı nəzərdə tutursuz?

– Birincini.

–Gərək ki ağ idi.

Bakı, İçərişəhər,

mart, 2011-ci il

 

 

525-ci qəzet.- 2011.- 19 mart.- S.24.