Oralarda kimlər var: AKİF QƏHRƏMANOV-3
“YA OLDUĞUN KİMİ GÖRÜN, YA DA
GÖRÜNDÜYÜN KİMİ OL”.
Bütün xalqlarda və
bütün ölkələrdə ədəbiyyatın ən
populyar qollarından biri olan tərcümə hər zaman diqqət
mərkəzində olmuşdur.Və bizim də gündəlik
ədəbi müzakirələrdə tərcümə
işi çox mübahisə doğuran bir qol olmaqla, həm də
bizim dildən tərcümələrin taleyi də həmin
sahədə çalışan və bu sahəyə meyilli
yaradıcılarda fikir ayrılığına gətirib
çıxarmışdır.Təbii ki, bədii tərcümədən
başqa bu sahənin bir rəsmi materialların və dövlət
əhəmiyyətli sənədlərin və xəbərlərin,
məruzələrin tərcümə məsələsi də
var ki, bu da arasıra diqqətə gətirilmişdir. Bir
çox zaman da bədii tərcümə ilə məşğul
olan yaradıcılar elmi-populyar və siyasi ədəbiyyatla tərcümələrin
keyfiyyətindən şikayətçi olmuşlar.
Haqlı-haqsız.Elmi və siyasi əsərlərin tərcüməçiləri
bir çox çətinliklə üzləşir ki,bu
gün bu barədə o sahənin ən tanınmış və
ən uzun ömürlü yaradıcılarından biri ilə
üz-üzəyik.Sözün həqiqi mənasında hər
iki qanadda : bədii və rəsmi sənədlər tərcüməsində
ömrünün böyük bir hissəsini qoyan
AKİF QƏHRƏMANOV
proyektimizdədir.
UNUDULMAQ DA BİR BƏLADI
–Mən bilən bu həcmdə
işlərin müqabilində siz heç zaman tərcümə
məsələlərinə aid toplantılarda yaxından
iştirak etməmisiz. Onu da deməliyəm ki, tərcümə
sahəsində statistik hesabatlarda sizin adınıza rast gəlinmir.
Nə ilə izah edirsiz?
–Tərcümə məsələlərinə
aid toplantılarda çox iştirak etmişəm. Məsələn,
bir neçə dəfə Milli Elmlər Akademiyasının
terminologiya komissiyasının iclaslarında iştirak
etmiş, ayrı-ayrı terminlərin və məfhumların
Azərbaycan dilindəki qarşılığının
müvafiqliyi haqqında fikirlərimi kifayət qədər
tutarlı dəlillərlə ifadə etmişəm. Bir
neçə dəfə qəzetlərdə, məsələn,
“Azərbaycan” qəzetində bu müzakirələrin
gedişi haqqında materiallar dərc olunmuş, mənim də
fikirlərim öz əksini tapmışdır. Təəssüflə
deməliyəm ki, Azərbaycanda əksər hallarda kiminsə
hər hansı bir tədbirdə iştirakının
faydasını konkret şəxsin tutduğu konkret vəzifə
ilə ölçürlər və onun müzakirədə
söylədiyi fikirlər də bu meyara uyğun olaraq
işıqlandırılır. Acınacaqlı olsa da təkzibedilməz
faktdır. Sirr deyil ki, Azərbaycanda, bəlkə elə
başqa yerlərdə də, yaradıcı insanlarda qibtə
hissi güclü olur. İnsanlar sanki başqasının
üstün cəhətlərini inkar etməklə nəyə
isə nail olacaqlarını düşünürlər.
Halbuki konkret bir xalqın hər hansı bir nümayəndəsinin
təfəkkürünün məhsulu bütövlükdə
məhz həmin xalqa məxsusdur. Özünü xalqın
övladı hesab edən kəs xalqının hər
hansı bir nümayəndəsinin yeni, üstün fikrini
öz qazancı kimi qəbul etməlidir. Bunu da ancaq sağlam
düşüncə sahibi edə bilər. Məşhur
fransız təyyarəçi-yazıçı Antuan dö
Sent Ekzüperinin bu sözləri sanki paxıllıq hissi ilə
özünü də, xalqını da aşındıran
şəxslərə ünvanlanmışdır: “Gözəlliyə
və istedada həsəd aparmayın. Onlar Allah vergisidir.
Onları məhv etmək olar, lakin mənimsəmək
mümkün deyil”.
VƏLİ AXUNDOVdan ÜZÜ BƏRİ
–Bədii dillə desək,
ay üzlər görmüsüz ha... Əlbəttə, ilk
növbədə siyasi simaları nəzərdə tuturam.
Bizim şəxsən tanıdığımız, amma əlimiz
çatmayan hansı siyasi xadimlərlə işləmisiniz və
onların hansı əsərlərinin tərcüməsi
yadınızda qalıb. Bunu deyərkən onların bədii
yaradıcılıq nümunələrini də nəzərdə
tuturam.
–Söhbətimizin əvvəlində
də qeyd etdim ki, hələ Azərinformda (İndiki AzərTAc-da)
tərcüməçi-redaktor işlədiyim dövrdə tərcümə
işi ilə əlaqədar bütün ali idarəetmə
orqanlarına dəvət edilmişəm. Aydındır ki, əksər
hallarda mənə konkret tapşırığı verən
adamlar birinci simalar olmamışdır. Bununla yanaşı deyə
bilərəm ki, çox yüksək vəzifəli və
rütbəli insanlarla kifayət qədər üzləşmiş,
bilavasitə onların dilindən müsbət və ya mənfi
fikirlər də eşitmişəm. Məsələn, uzun
çəkməsə də, bəzən epizodik olsa da, rəhmətlik
Vəli Axundovdan başlayaraq son illərədək
respublikanın bütün birinci şəxsləri ilə
üzbəüz görüşmüşəm.
Ayrı-ayrı nazirliklərin, komitələrin, baş idarələrin,
rəhbərləri ilə də bilavasitə təmasda
olmuşam. Onların tapşırıqları ilə konkret sənədlərin
tərcüməsində, bəzi hallarda isə tərtibində
iştirak etmişəm. Rəhbər işçilərdən
heç birinin bədii əsərlərinin tərcüməsi
ilə məşğul olmamışam. Sovet dövründən
qalma kadr olduğuma görə bunu qeyd edə bilərəm
ki, vaxtı ilə bizdə bütün dövlət
miqyaslı tədbirlər, partiya, sovet və komsomol
orqanlarının qurultayları, plenumları, konfransları və
yığıncaqları rus dilində keçirildiyi
üçün həmin tədbirlərin hamısının
materialları rus dilində olurdu və operativ şəkildə
Azərbaycan dilinə tərcümə edilirdi.Tərcüməçi-redaktor
vəzifəsində işləməyə
başladığım ilk aylardan etibarən o tipli
materialların dilimizə tərcüməsində iştirak
etmişəm. Heydər Əliyevin ümumittifaq və
respublika miqyaslı qurultaylarda, plenumlarda,
yığıncaqlarda, beynəlxalq simpoziumlarda və
müşavirələrdə rus dilində söylədiyi
nitq və çıxışların tərcüməsində
iştirakım olmuşdur. O zaman respublikanın rəhbərlərinin
rus dilindəki nitq və çıxışlarının Azərbaycan
dilinə tərcümələri əksər hallarda
kitabça şəklində buraxılırdı.
Kitabçalarda “Tərcümə edən” yox,
“Buraxılışına məsul” yazılırdı.
Araşdıran olsa, “Buraxılışına məsul” un Akif
Qəhrəmanov olduğu 15-20 belə kitabça tapmaq
asandır. Yeri gəlmişkən, bildirmək istəyirəm
ki, indi mən daha “Qəhrəmanov” yox, Qəhrəmanlıyam.
Respublikamız müstəqillik qazandıqdan sonra şəxsiyyət
vəsiqələrinin verildiyi ilk məqamdaca “ov” rus soyad
sonluğundan imtina etmişəm. Özünü öyməkdən
yorulmayan bir çoxları kimi deyəsən, mən də özümü siyasi
materialların tərcüməsi sahəsində az qala əvəzedilməz
şəxs qismində kifayət qədər öydüm ha.
Yuxarıda tərcümə
etdiyim kitabların sırasında iki-üç bədii-publisistik
əsərin adını çəkdiyimə görə
sualınızın sonuncu hissəsinə cavab verməyə
sözüm yoxdur.
AMAN YETMİŞ ƏLİNDƏN
–Bu gün- sabah maşallah,
70 yaşınız olur. İstəməzdim xatırladım,
amma bu müsahibəni oxuyanlar bilsinlər ki, yazı yetmiş
yaşla bağlı deyil, sadəcə cəmiyyətimizdə
səhnəarxası insanlar var ki, başqalarından bəlkə
daha çox iş görürlər və təəssüf
ki, haqsız unudulurlar. Şükürlər olsun, bu yaşda
da əlinizdə qələm var, bilirəm. Eşitdiyimə
görə, ssenarilər, filmlər tərcümə edirsiniz.
Heç yorulmayasınız! Deyin görüm, güzəranınız
necədir? Oğul-uşaqdan, nəvədən – zaddan bir
şeyləriniz var, təbii. Ömrün bu
çağını necə yola verirsiniz?
–Adəm övladına bəxş
edilmiş əsas müddəti (Qurani-Kərimə görə)
yaşamışam. Amma Baş Kitabımızda o da
yazılır ki, əməli saleh olan bəndələr bundan
bir neçə dəfə çox da ömür sürə
bilərlər. Əməlisaleh bəndə olduğumu iddia edə
bilmərəm, çünki Allah dərgahında hansı
bölgüyə düşdüyümdən agah deyiləm.Onu
deyə bilərəm ki, ömrüm boyu anladığım
çərçivədə dürüst, təmiz, xeyirxah,
vicdanlı olmağa çalışmışam. Yetmiş
yaşıma, məncə, alnıaçıq gedirəm. Heç
kəs öz yaşayışını, əmək fəaliyyətini
ictimaiyyətə, qohum- əqrabaya, dost-tanışa bəyan
etmir. Hər halda mən belə başa düşürəm.
Bu mənada hər birimizi səhnəarxası insan saymaq olar. Hərçənd
özünütərifin mənə də yad
olmadığını qohumlar, dostlar, yaxın adamlar
arasında büruzə verirəm. Geniş çapta
tanınmaq üçün bu, kifayət deyildir. Doğrudur,
biliklər toplamış, tərcümə sənətinə
yiyələnmiş, səylə, vicdan və qeyrətlə
işləməyi öyrənmişəm, amma
özümü gözə soxmağın, təbliğ etməyin,
cəmiyyətə tanıtmağın yollarını öyrənə
bilməmişəm. Əyilmək, yarınmaq xüsusən
yalvarmaq isə mənə doğuluşumdan yaddır.
Yetmiş ildə qəti yəqin
etdiyim bir nəticə var ki, onsuz da Azərbaycanda insanları
(o da qismət olsa) əsasən öləndən sonra tərifləyirlər.
Hərçənd bunun özü də konyunkturadan
asılı olur.Sanki sağlığında bu insanların fəaliyyətini,əməyini,
dəyərini, ümumiyyətlə müsbət və ya mənfi
cəhətlərini görmürlər. Olsun.Məgər
insan tərif üçünmü yaşayır?
Şükürlər olsun ki, Siz dediyiniz kimi, bu yaşda da qələmim
əlimdədir. Demək olar hər gün Azərbaycan dilinin
müxtəlif çalarları ilə, müxtəlif mətnlərin
tərcüməsi və ya tərtibi ilə əlaqədar mənə
üzbəüz, dolayısı ilə, telefonla müraciət
edənlər, məsləhət istəyənlər
çoxdur. Etiraf etməliyəm ki, bu, daxili bir məmnunluq
hissi doğurur. Tərcümə ilə əlaqədar
müraciətlər həmişə olur və bir növ məni
formada saxlayır. Maarifçilik,
vicdan və fədakarlıq, özünü ziyalı
hesab edən hər bir adam kimi mənim də alın
yazımdır. Üzüyolalığımdan sui-istifadə
edənlərin sayının da kifayət qədər
çox olduğunu yaxın əhatəm yaxşı bilir. Amma
gücüm, səhhətim imkan verdikcə işləyəcəyəm.
Güzəranımdan
şikayət etməyə haqqım yoxdur. Xalqın ümumi vəziyyəti
ilə müqayisədə pis dolanmıram. Əlbəttə,
övladlarımın mənzilinin olmamasından narahatam, ailəmin
bir çox problemlərinin həllində acizəm. Bunların
həllində mənə gərək əməyimdən,
qabiliyyətimdən istifadə edən orqan və təşkilatlar
kömək edəydilər. İki oğlum, bir qızım,
altı nəvəm var. Hamısı məndən nə isə
umur. Əlimdən gələni əsirgəmirəm.
Allahıma şükür edirəm ki, hələ
yaşayıram, övladlarımın və nəvələrimin
böyük məsələlərini həll edə bilməsəm
də kiçik məsələlərinin həllinə
köməyim dəyir. Ümumiyyətlə, həyatımdan
narazı deyiləm. Şüarçılıq kimi
çıxmasın, təki Vətən sağ olsun, təki
xalqımız xoşbəxt və firavan yaşasın.
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 19 mart.-
S.23.