Tarzənin və köhnə tar
ilə təzə tarın nağılı
“Nağıllar” silsiləsindən
Tarzən tarı
çalıb, son mizrabı vurandan sonra fikirləşdi ki,
ikinci bir tarı da Qoca Ustaya sifariş verib, almaq
lazımdır, çünki Tarzənin təkcə bir
tarı var idi və o, bu tarı çox istəyirdi. Tarzənin
atası da tarzən olmuşdu və bu tar da atasından
qalmışdı, artıq neçə illər idi ki, bu
tarda çalırdı, əli bu
lll
Tarzən ikinci tarı sifariş etdi
və Qoca Usta həmişəki böyük eşq ilə təzə
bir tar düzəltdi. Tarzən o Təzə Tarı evə gətirdi,
Qoca Ustanın camış buynuzundan düzəltdiyi mizrabı
çıxarıb, Təzə Tarı sinəsinə
sıxdı və ilk ağlına gələn muğamı –
“Humayun”u çalmağa başladı. Tar açıq dolab rəfində
həmişəki yerində idi və Təzə Tarın
çaldığı o “Humayun”a qulaq asa-asa başa
düşdü ki, daha bundan sonra Tar deyil – Köhnə
Tardır.
l Köhnə Tarın ürəyi
simlərində idi və bu simlər nə qədər
tarım çəkilsə də, onun ürəyi heç
vaxt sıxılmamışdı, çünki həmişə
musiqi içində idi, hətta Tarzən onun simlərinə
toxunmayanda, açıq dolabın rəfində
qaldığı vaxtlar da, onun ürəyi musiqi
çalırdı, amma o ağır anlarda ki, Tar başa
düşdü – daha Köhnə Tardı, Tarzənin bu vəfasızlığı
onun ürəyini sıxdı, simlərindən heç vaxt
duymadığı yanıqlı və səssiz bir gizilti
keçdi.
lll
“Humayun”un səslənməsi
Tarzənin xoşuna gəldi, son mizrabı vurub, ürəyində
Qoca Ustaya minnətdarlıqla fikirləşdi ki, bir azdan bu Təzə
Tara da əli yatacaq, bu Təzə Tar da doğmalaşacaq və
onda daha da yaxşı çalacaq. Sonra Tarzən
Təzə Tarı da açıq dolabda Köhnə Tarın
yanında rəfə qoydu. Onlar – Təzə Tar da,
Köhnə Tar da bir müddət sükut etdilər və bu,
həmin sükut idi ki, sözə ehtiyac olmadığı
üçün yaranmışdı – hər şey məlum
idi. Sonra Təzə Tar sükutu pozdu: – Mən hiss edirdim sən
necə qulaq asırsan... – Və yenə bir müddət
sükutdan sonra: – Ancaq sən hələ mənim necə
çalmağımı eşidəcəksən!..- dedi. Bəlkə də Köhnə Tar cavab
verməyəcəkdi, bir söz deməyəcəkdi, ancaq
uzun illər boyu Tarzənin atasının, sonra da
özünün qoynunda çaldığı məqamlar,
birlikdə verdikləri konsertlər, müşayiət etdikləri
xanəndələrin səsi onun yadına düşdü. Atası
da, Tarzən də hər dəfə Köhnə Tarı sinələrinə
sıxıb çalanda, Köhnə Tar onların ürəklərinin
döyüntüsünü eşidirdi və o
döyüntülər də musiqiyə çevrilib həmişə,
hətta çalınmadığı, açıq
dolabın rəfində tək qaldığı vaxtlar da
onunla, yəni Köhnə Tarla birgə olurdu. İndi yenə
eşitdiyi o ürək döyüntüləri bu dəfə
açıq-aşkar dünyadakı vəfasızlıqdan xəbər
verirdi, amma – qəribədir – bu çətin, gərgin anlarda
Köhnə Tara, elə bil, qəflətən bir vəhy gəldi,
o hiss etdi ki, indiyə qədər çaldıqları bundan
sonra çalacaqlarının yanında yalan olacaq. KöhnəTarın
bütün varlığı bundan sonra
çalacaqlarının sədaları içində idi və
bu sədalar elə güclü, elə canlı idi ki, Köhnə
Tar əvvəlcə bir az duruxdu, çünki Köhnə
Tar indiyə qədər heç vaxt intiqam hissi ilə
çalmamışdı. Yox, bu intiqam hissi
deyildi və bunun nə olduğunu Köhnə Tar simlərinin
səsi ilə söyləyə bilərdi. Və
Köhnə Tar da dedi: – Sən də mənim necə
çalmağımı eşidəcəksən!..
lll
Həmin gündən sonra qəribə
hadisələr baş verdi: o vaxta qədər Tarzən Azərbaycanda
yüzlərlə yaxşı çalan tarzənlərdən
biri idi, amma birdən-birə elə bir virtuozluq göstərməyə
başladı ki, az vaxt içində məşhurlaşdı,
şöhrəti təkcə Azərbaycana deyil, bütün
Qafqaza, hətta onu qastrol konsertlərinə dəvət edən
bir çox Avropa ölkələrinə yayıldı. Tarzən
bu qəribə hadisələrin qəhrəmanı olsa da, əslində,
onun həmin qəribə hadisələrdən xəbəri
yox idi, xəbəri yox idi ki, tarı sinəsinə
sıxıb, çalmağa başlayanda, o tarlar – Köhnə
Tar nəyə qadir olduğunu Təzə Tara, Təzə Tar
isə nəyə qadir olduğunu Köhnə Tara göstərirdi.
Tarzən yeni bir musiqi həyatı yaşayırdı, Təzə
Tarı da, Köhnə Tarı da sinəsinə sıxıb,
çalanda, elə hiss edirdi ki, elə bil, Allahdan ona vəhy gəlir
və bilmirdi ki, bu çalğıların müəllifi
artıq o, yox, tarların özləridir. Həmin anlarda ki,
Tarzən “Segah”, “Şur”, yaxud “Bayatı-Qacar”, yaxud da xalq
mahnılarını çalırdı, onun ən diqqətli
dinləyicisi konsert zalına, toya, məclisə
toplaşmış insanlar, televiziya
tamaşaçıları, radioya qulaq asanlar, bu qəribə
hadisəyə heyrət edən musiqişünaslar yox, onun
tarlarıdır – Təzə Tar çalırdısa, ən
diqqətli dinləyicisi Köhnə Tar idi, Köhnə Tar
çalırdısa, Təzə Tar idi. Dünyada heç bir
quşun, heç bir heyvanın musiqi alətləri kimi
eşitmək qabiliyyəti yox idi, neçə-neçə
kilometrlərlə uzaqdan gələn bir notu da onlar o andaca
eşidirdi, amma musiqi alətlərinin – orqandan tutmuş
kamançaya qədər – özlərinin də arasında ən
həssas eşidən – tar idi. Tarzən Təzə Tarı
götürüb, toya, məclisə, konsertə gedəndə
və Təzə Tar Qoca Ustanın ona bəxş etdiyi
varlığı ilə nəyə qadir olduğunu Köhnə
Tara eşitdirmək istəyəndə, Köhnə Tar
Bakıda, evdə idisə, ya başqa şəhərdə,
mehmanxana otağında idisə, fərqi yox idi, ona qulaq
asırdı, onun səsinin diapazonunu da, 11 simin
hamısının – cingənədən tutmuş, kök simlərə
qədər – səslərini, hətta Tarzən vəcdə gəlib,
sol əli ilə Təzə Tarın qrifində çalanda
belə, o simlərin çıxardığı səsləri
eşidirdi; eləcə də Təzə Tar Köhnə
Tarı eşidirdi və ən başlıcası bu idi ki,
onların ikisi də həmin səsləri, həmin
çalğını qiymətləndirməyi
bacarırdı.
Tarzən konsert
zallarının səhnəsində, toylarda, məclislərdə
Köhnə Tarı, yaxud Təzə Tarı özü ilə
aparıb, sinəsinə sıxanda, bu çalğının
melodik ladları, ladtonallığı, alterasiyası,
modulyasiyası, imitasiyalar təkcə adi dinləyiciləri
yox, mütəxəssisləri, Tarzənin həmkarlarını
da heyrətə salırdı. Birdən Tarzən heç
özü də gözləmədən improvizasiyaya
başlayırdı və o improvizasiyalardan sonra elə
alqışlar qopurdu ki, həmin alqışların hərarəti,
istisi uzun müddət zallardan çəkilmirdi, elə bil,
insanların bu çalğıdan duyduqları sevinc, fərəh,
gözəl emosiyalar divarlara, döşəməyə, tavana
hopurdu. Hərdən simlərin səs tembri Tarzənin – o da
öz çalğısına heyrət edirdi – sifətində
elə bir mimika, ifadə yaradırdı ki,
tamaşaçılar vəcdə gəlirdi; bəzən Təzə
Tar, ya Köhnə Tar elə bir temp, sürət
götürürdü ki, Tarzəni barmaqlarındakı mizrab
az qalırdı bu tempin öhdəsindən gəlməsin. Tarzən özü də çaldığı bu
tempə məəttəl qalırdı və tamam sidq-ürəkdən
inanmağa başlamışdı ki, tarı əlinə
aldığı zaman ona həqiqətən Allahdan vəhy gəlir.
Tessiturası geniş olan usta xanəndələr
indi, əvvəllər tanımadıqları bu Tarzənin
müşayiəti ilə oxumaq istəyirdilər,
çünki onlar zildə oxuyanda da, birdən-birə bəmə
düşəndə də Köhnə Tar da, Təzə Tar
da yuxarı tessituradan orta tessituraya, ordan da aşağı
tessituraya elə təbii, elə ahəngdar keçirdi ki, xanəndələrə
ruh verirdi, həvəslərini, ehtiraslarını
artırırdı və onlar yaradıcılıqlarında bəlkə
də ən gözəl ifalarını dinləyicilərə,
tamaşaçılara çatdırırdılar. Təzə
Tarın da, Köhnə Tarın da aksentləri elə idi ki,
ritmləri bir rahatlıq gətirirdi və onlar xalq rəqslərini,
rəngləri çalanda rondoları elə incə ifa edirdi
ki, heç kim bu mövzu təkrarından
yorulmurdu, pauzaları da elə olurdu ki, tamaşaçı o
bir-iki an içində də növbəti notun həsrətini
çəkirdi. Musiqişünaslar, hətta ən
istedadlıları da Tarzənin ifasını elmi dillə izah
etməyə aciz qalırdılar və bu ifanı
möcüzə adlandırırdılar. Hətta
Qoca Usta da bir neçə dəfə Tarzənin bu
tarlardakı ifasına qulaq asanda, mat qaldı. O, uzun həyatı
boyu ilk dəfə idi ki, belə ifa eşidirdi – elə bil ki,
o tarların simlərini Tarzənin
barmağındakı mizrab yox, mələklər dindirirdi.
Düzdü, həmin anlarda Qoca Ustanın ürəyinə
nəsə dammışdı, amma o, bu nəsənin nə
olduğundan heç cürə baş aça bilmirdi.
Ancaq,
doğrudan da, bu möcüzə nə qədər davam edə
bilərdi?
Köhnə Tar Təzə
Tarın çalğısına qulaq asırdı, bu
çalğını qiymətləndirirdi, gələn dəfə
ondan da yaxşı çalmağa
çalışırdı, Təzə Tar da Köhnə
Tarın həmin ifasını dinləyib, qiymətləndirib,
növbəti dəfə ondan da yaxşı çalmağa
çalışırdı, ancaq mümkünat tükənmişdi,
daha bundan artığı mümkün deyildi və Köhnə
Tar da, Təzə Tar da başa düşürdü ki, bunun
axırı yaxşı qurtarmayacaq.
Və bir gün tarzənlərin
həyatında, təkcə tarın yox, bütün simli alətlərin
tarixində görünməmiş bir hadisə baş verdi:
Tarzən qastrol səfərlərinin birində, böyük
konsert zalının səhnəsində Təzə Tarda
“Heyratı” ifa edəndə çalğı elə bir heyrətamiz
yüksəkliyə qalxdı ki, bir anın içində simlər
qırıldı, çanağın pərdəsi – Qoca Usta
bu pərdəni öküz ürəyinin pərdəsindən
düzəltmişdi – partladı, içinin dayaq
ağacı, elə bil, köpək dişi idi, eşiyə
çıxdı. Təzə Tar bircə
anın içində eləcə dağıldı. Bu misilsiz hadisə uzun müddət qəzet-jurnal səhifələrindən
düşmədi, televiziya ekranlarından əksik olmadı.
Təzə Tarın
dağılmağını elə həmin andaca Köhnə
Tar da başa düşdü və birdən-birə Köhnə
Tarın bütün varlığını dözülməz
bir qüssə bürüdü, çünki Təzə
Tarın çaldığı bir də heç vaxt
çalınmayacaqdı, o Təzə Tarın
çaldığını bir də heç bir tar çala
bilməyəcəkdi.
Tarzən bundan sonra konsertlərə,
toylara, məclislərə tək qalmış Köhnə
Tarı aparırdı, ancaq o qüssə Köhnə
Tarın içindən çəkilib getmirdi və o qüssə
Köhnə Tarı əvvəlki tək çalmağa
qoymurdu. Tarzən Köhnə Tarı nə qədər
kökləyirdisə də, nə qədər
çalışırdısa da, çalğı əvvəlki
kimi alınmırdı. O vəhy artıq yox olmuşdu.
Mütəxəssislər də, dinləyicilər də
görürdülər ki, Tarzən daha heç vəchlə
əvvəlki deyil və hamı da məəttəl qalırdı
ki, bu nə işdi belə?..
Tarzən Köhnə
Tarın simlərini nə qədər tarım çəkirdisə,
qüssə o simləri kökdən salırdı,
çanağının hələ indiyədək yamaq
görməmiş pərdəsini boşaldırdı,
Ustanın haçansa armud ağacından düzəltdiyi
aşıqlar, elə bil, dünyadan şikayət edirdi, –
cırıldamağa başlamışdı və Tarzən
özündən narazı idi, çünki elə bilirdi ki,
səbəbkar özüdür; amma ürək
ağrısı ilə burasını da başa
düşürdü ki, daha bu tardan – Köhnə Tardan – tar
çıxmaz. Tarzənin ürəyi ona görə
ağrıyırdı ki, bu tara – Köhnə
Tara – öyrənmişdi, bu tar – Köhnə Tar – onun
üçün əziz və doğma idi. Tarzən Ustaya yeni
tar sifariş verdi və həmin yeni
tarı evə gətirdi.
Köhnə Tar, elə
bil, o yeni gəlmiş tarı nə görürdü, nə
də eşidirdi; içindəki qüssə isə onun
çalmaq həvəsini tamam söndürmüşdü.
Tarzən daha Köhnə
Tarı götürüb çalmırdı və Köhnə
Tar açıq dolab rəfində dünyadan tamam təcrid
olunmuşdu, amma bu, onun üçün heç bir
qayğıya çevrilməmişdi, çünki o qədər
zəifləmişdi ki, əslində, bütün günləri
mürgü ilə yuxu arasında keçirdi. O, daha həmin
ürək döyüntülərini də eşitmirdi, xatirələr
onu daha konsert salonlarına, məclislərə
aparmırdı. Köhnə Tarın həyatı
tam bir sükut içində keçirdi.
lll
Tarzən tarları
bir-bir dəyişirdi, ancaq əvvəlki çalğı
heç cürə alınmırdı. Bir dəfə də
Tarzən yeni tara əvvəlki kimi bir doğmalıq gətirmək
üçün, elə həmin ürək ağrısı
ilə Köhnə Tarı aparıb Qoca Ustaya verdi və
xahiş etdi ki, onun çanağındakı, qolundakı sədəfləri
çıxarıb, yeni tarı bəzəsin.
Qoca Usta nə edə
bilərdi? – müştərinin istəyi
əsas idi və Qoca Usta da dəmir alətləri əlinə
alıb, çox-çox illər bundan əvvəl düzəldib
bəzədiyi Köhnə Tarın sədəflərini: –
Heyhat, gidi dünya!- deyə
pıçıldaya-pıçıldaya bir-bir
çıxartdı, o köhnə sədəflərlə
yeni tarı bəzədi, Köhnə Tarın
qalıqlarını isə lazımsız taxta-tuxta yığılmış
saraya atdı.
Amma o yeni tar da əvvəlki kimi
çalınmadı və Tarzən fikirləşdi ki, Usta daha qocalıb, yaxşı tar düzəldə
bilmir, başqa yaxşı, cavan usta tapmaq lazımdır.
26 iyul 2009.
Z u ğ u l b a
ELÇİN
525-ci qəzet.- 2011.- 19 mart.- S.21.