Söz yaxşılığı... Söz yaşıllığı...

 

18 MARTDA 60 YAŞI TAMAM OLAN ƏZİZ ŞAİRİMİZ  BARAT VÜSALA 18 SUAL .

 

 ...Qəribə dünyada yaşayırıq. Qumru yuvasını axtarır “ku, ku, ku!” (harada? harada? harada?” ) deyə-deyə... İsaq-Musaq quşları “Düt ! Düt ! Düt!” (tapdınmı? Tapdınmı? Tapdınmı?”) deyə-deyə padşahın danasını axtarmada... Bəs yuvamız ola-ola və “danamız” ola-ola?! bizim axtardığımız nədi? Bu qədər axtarıb tapdığımız Sözün axtardığı nədi? Bu qədər çala bilməzdik (və çalına bilməzdi) axı, Sazın axtardığı nədi?! Nəhayət, belə qəribə duyğular içində şair Barat Vüsala üz tutduq.

  var, yox?! Neyləyirsən buralarda? (Yəni bu dünyada?!) Axtardığın nədi, şair qardaş? – Əvvəla onu deyim ki, mənim özgə dünyam vardı, bu dünyaya çaşıb gəldim ... Axtardığıma gələndə axtarılası çox şeylər var. Şairin axtardığı nədir, bilirsənmi: Bir müqəddəs yazı itib, Tapan gərək, izi itib. Allahın bir sözü itib, Şair o sözü axtarır !

 – 60 yaşda özünüzü 60 yaşında hiss edirsinizmi?

 – Əlimi Lev Tolstoya doğru “uzatsam” deməliyəm ki, bu yaşda özümü əslində uşaq kimi hiss edirəm. Çünki o, deyirdi ki, ən böyük xoşbəxtlik uşaqlığı özündə axıracan yaşatmaqdır. O ki qaldı yaşımdan cavan görünməyimə...

50 illiyim Natəvan klubunda keçiriləndə dediyim sözün üstdə dururam: “Bir gözəl, Allahdan xahiş eyləyib, Onçün mən də belə cavan qalmışam...”

 – Hansı ali məktəbi bitirmisiniz? Tələbəlik illərindən maraqlı bir xatirə danışmaq istərdinizmi? – 1973-cü ildə N.Tusi adına ADPU-nun tarix fakültəsini bitirmişəm. İnstitutda çıxan “Gənc müəllim” qəzetində şeirlərimi vermək istəmirdilər. İşə İsmayıl Şıxlı qarışdı. Tövsiyə etdi ki, çap etməyə dəyər. Həmin qəzetdə imzam “Gərək sənət yolunda çinar ola biləsən, kölgə axtarmayasan, kölgə sala biləsən” misralarım da əks olunmuş kiçik bir ön sözlə göründü. Əlimdəki xeyli qəzeti İsmayıl müəllimə vermək istəyəndə gülümsündü, birini götürdü “özünə lazım olacaq, qoy qalanlar özünə qalsın” deyəndə başa düşdüm ki, sevincdən başımı itirmişəmmiş. – İlk şerinizin, ilk kitabınızın təəssüratı? – İlk şeirim (“Sarı sünbülüm”) rayon qəzetində, ilk kitabım (“Göz aydınlığı”) “Yazıçı” nəşriyyatında çıxıb. Çox sevinmişdim. Niyə də sevinməyəydim... Kitabıma Nəriman Həsənzadə çox səmimi bir ön söz yazmışdı. Zəlimxan Yaqub redaktorum olmuşdu. Kitabımın çıxmasında bir daha İ.Şıxlının və nəşriyyatın baş redaktoru S.Rüstəmxanlının qayğısını görmüşdüm.

 – İnstitut illərində sevgiyə tuş gəlmisinizmi? – Bir dəfə elə bir şey oldu. Amma tez də ötüşüb keçdi. Kirayə qaldığım həyətdə qəşəng tar çalan bir qız yaşayırdı. Bilmirəm, özünəmi yoxsa tarınamı vurulmuşdum? Onda ayıldım ki, Aşıq Ələsgər demişkən, “Dedi nişanlıyam, özgə malıyam, Sındı qol-qanadım yanıma düşdü”. – Qazax ədəbi mühitinə rəhbərlik etməyiniz necə baş verdi?

 – AYB Qazax zona filialı 1989-cu ildə yaradılıb. 1993-cü ilin əvvəlinə qədər tanınmış yazıçı-tərcüməçi Saday Budaqlı filiala rəhbərlik edib. 1993-cü ilin fevralından bu günə kimi, 19-cu ildir ki, filiala mən rəhbərlik edirəm.

– Sizin paytaxta getmək imkanınız olduğu halda hansı hisslər Barat Vüsalı doğma ocağa bağladı?

 – Bu, taleyin işidir. Özü də çox yaxşı işlərindən biri. Mən taleyə inandığım üçün bu seçim daha çox taleyimin seçiminə oxşayır. İnanırsınızmı, həmişə bir həqiqəti hiss etmişəm. Əlimə qələm götürəndə duyuram ki, bu qələmdən öndə bir qələm də var. O, əlimdən tutub yaz, deyir mənə. Addımımdan qabaqkı addımı, əllimdən qabaqkı əli hər an, hər dəqiqə hiss edirəm. Burda qalıb yazıb-yaratmağımın bir xeyri də var: Burda qalmış ürəyini yığıram, Burdan getmiş şairlərin Qazaxda. Yaxud burda qalmağımdan qürur duya-duya yazmışam: Məni Kür eylədi Kür özü kimi, Böyütdü bu böyük yer üzü kimi. Bəlkə də ən böyük arzuma çatdım, Vaqifin, Vurğunun varisi kimi, Qazaxda yaşadım mən öz ömrümü ! Və nə yaxşı ki, belə oldu, tale məni Qazax üçün seçib saxladı.

– Dan gecəsində – yaz günü anadan olmusunuz. Bunun müəyyən mənada şair olmağınıza təsiri olubmu? – Bəli, olubdu. Olmasaydı, şeirlərimdən birində deyə bilməzdim : Anam yox, yaz günü doğmuşdu məni, Yaz günü doğmasa... Ölmüşdü... məni?! – Sizə belə bir sual versəydilər ki, “Xalqdan muğayat olmaq istəyirsinizmi?”

 – cavabınız nə olardı? – Deyərdim ki, onda Ədəbiyyatdan muğayat olun! Çünki “millət – ədəbiyyatı olan topluluqdur” deyilən, sınaqdan çıxmış bir ifadə var. Yaxud ədəbiyyatın bir dəqiqəlik sükutunu belə mənalandırıblar: “Bəşəriyyətin məhvi” (S.Şedrin) – Sizi hakimiyyət də, xalq da sevir. Siz bu varisliyi Səməd Vurğundanmı əxz etmisiniz?

– Mən buna varislik deməzdim. Sevgi nə hakimiyyətdən, nə də xalqdan gəlir. Allahdan gəlir! “Bir adamı Allah sevsə, görərsən hər yan sevir” (Aşıq Alı) Bu, bir! İkincisi, mənə xalqı sevib, hakimiyyəti bu və ya digər dərəcədə qəbul etməyən bir sənətkarı göstərin. Puşkinin qeydlərini bir daha oxuyun: “Mən necə də xoşbəxtəm, bu gün çarın qəbuluna yazıldım. Ura! 11-ciyəm. “Bu kimin varisidi onda? Yaxud Göteni götürək. Napaleonun qəbulunda o, ölkəsi işğal altda ola-ola, nə soruşsa yaxşıdır: “İmperator həzrətləri, mənim “Gənc Verterin iztirabları” əsərimi oxuya bildinizmi?” Yaxud da imperator, Puşkinin Puqaçovla bağlı yazdığı tarixi qeydləri oxumuşdu, bəyənmişdi, üstəlik əsərin çapı üçün borc pul da ayırmışdı. Bu anlamda da hakimiyyət şairi sevirdi... Puşkin neyləməliydi? “Varislikdən” imtina etməliydi? – Bildiyimizə görə, Xəlil Rza Ulutürklə çox yaxşı münasibətləriniz olub. Bir xatirə danışsaydınız, maraqlı olardı.

– Doğrudan da bu böyük və üsyankar şairlə mən də dost olmuşam. Lefortovoda yatanda yazdığı ilk məktubda bir çox dostlarının sırasında o, məsləkdaşı Firəngiz xanımdan məni də xəbər almışdı. Şairlə xeyli məktublaşmamız olub. Əvvəlcə məktublarımızdan birisi ilə qısa da olsa tanış olun. Bir dəfə şair yazmışdı ki, Maqsud Şeyxzadə haqqında bir monoqrafiya yazmışam. Ancaq çap etmirlər. Daha bilmirlər ki, bununla hansı səhvə yol verirlər. Deyirdi ki, bununla təkcə Maqsud Şeyxzadə geçikmir. Xəlil Rza gecikir, nəticədə bütün Azərbaycan gecikir! İndi də Xəlillə bağlı bir xatirə ... Bir dəfə yenə Qazaxdan Bakıya gəlmişdim. Təxminən saat 10 radələri olardı. Gördüm ki, küçənin o biri səkisi ilə idman paltarında bir adam qaçır. Xəlildi! Tez o biri səkiyə keçdim ki, görüşüm. Qabaqlaşanda “şair, salam!” – dediyimi gördüm, yanımdan qıjıltı ilə ötüb keçdi, qaçmağına ara vermədi. Dönüb mənə, qolundakı saata baxa-baxa dedi: – Barat, bağışla, mən dayana bilmərəm, mən vaxtla qaçıram. Amma... axşam gözləyəcəm, hökmən bizə gələrsən! Bax, Xəlil belə Xəlildi! Hər addımıyla başdan-başa təəccüb, təəssüb, qəribəlik, üsyankarlıq! Özünü hər şəraitdə yetişdirib böyüdən, bizi də böyüməyə çağıran! – Siz çoban oğlusunuz. Çoban oğludeyə Sizə ağız büzən olubmu?

 – Yadıma “Vaqif” pyesindən bir səhnəni saldınız. Toyda İbrahim xanla Eldarın münaqişəsini. Xan ikrah hissi ilə nə deyir? “Yox, bir başa keçsin çiynində çomaq!” “Getsin gərməsini ayaqlamağa!” 8-ci şəkildə bu, Vaqiflə Qacar qarşılaşarkən də baş verir. “... Çarıqlı bir ölkə, böyük Firdovsilər yaratdı bəlkə?” buna cavab olaraq Vaqif belə deyir: “Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş...” Təki özlərini elita sayanların bir çoxlarının çiynində çomaq olaydı. Eldarın çomağı kimi. Lap elə mənim atam çoban Alının çomağı kimi ! İndi də xatirimdədir, bir axşamüstü iki çobanın çomaqlarını sinəsinə basıb deyişməsi. Gün batmışdı. Camaat evdə qoyun-quzusunu gözləyirdi. Bunların vecinə deyildi, “deyişirdilər”. Qoy ağız büzənlər, yaxud büzmək istəyənlər bunu bilsinlər. Bunu da unutmasınlar ki, peyğəmbərlərin çoxu çoban olub. Səməd Vurğun öləndə deyib ki, kaş şair olmayaydım, öləndə bir çoban olaraq öləydim. Belə bir əfsanə var: Dünyanın dəftəri dönəndə Allah çobanı göndərəcək ki, gedib onun işlərini qaydaya salsın. Bir sözlə, başqalarını bilmirəm, mən varam çoban həyatıynan! Mən Kürün o tayından hər dəfə evə gələndəgətir Koroğludan oxu, a bala!” deyən çoban atamın da məktəbini bitirmişəm. Yoxsa yəqin ki, bu gün diqqəti çəkən bir şair ola bilməzdim qürurla yazammazdım: Elə bir ocağın başındayam ki, Alovu səngiməz, közü qaralmaz !

 – Barat Vüsal daha çox müstəqil adamdır, yoxsa asılı adam? Asılılıq sizin üçün nədir? – Mən daha çox müstəqil adamam. Qürurumdan, “qabaqdan yeməməzlikdən” çox əziyyət çəkirəm. İçimdə bir azadlıq, özgürlük eşqi olmasa, bir misra da yaza bilmərəm. Mən başqalarından deyil, özümdən asılıyam. Hərdən özümü canavarla müqayisə edirəm. Canavar yeganə varlıqdır ki, onu sirkə cəlb edə bilmirlər. Bu mənada mən də canavaram. Qürurlu, mərd, qorxmaz olmaq canavarın əsas həyat tərzidir, xislətidir. Hətta belə deyirlər ki, canavar o qədər qürurludur ki, onu papaq atıb vurmaq istəyəndə bunu ələ salınmaq hesab edir və bağrı çatlayıb ölür. Yəni elə bil ki, demək istəyir ki, mən o günə qalmışam ki, məni papaqla vururlar... İndi gördünüzmü ki, asılılıq canavar üçün də (elə mənim üçün də) nədir?!

 – Şairlərin el şənliklərində tamadalıq etmələrinə neçə baxırsınız? Özünüz də bu işlə məşğul olmusunuzmu?

 – Pis baxıram, çox pis! İnsanı yaradıcılıqdan qoya bilər. Bir az həyasızlaşdırar, bir az da simasızlaşdırar və adiləşdirər. Tək bircə dəfə toy aparmışam. Bir şəhid ailəsinin etdiyi əhdə görə. Bir valideyn əhd edibmiş ki, mənim uşağımın toyunu Barat Vüsal aparsın. Bu, tamadalıq deyildi. Bu, xoşbəxtlik idi, şair xoşbəxtliyi! – Sizcə, qələm sahibləri Qarabağda döyüşən əsgərin psixologiyasını tam əks etdirə bilərmi? – Hələlik yox! Çünki biz hələ də məğlub qalibik, qalib məğlubuq. Bizim soydaşlarımız Qarabağda, eləcə də digər yurd yerlərində şəhid oldular. Müstəqilliyimiz üçün, azadlığımız üçün. Hamımızın sağ olmağımız, sağ qalmağımız üçün. İndi mənə elə gəlir ki, Qarabağdan yazanlarımızın qarşısında bir psixoloji “baryer” durub. Necə eləyək ki: “Şəhid-şəhid sağ olaq, bir dəfəlik sağalaq!” – Nizami Gəncəviyə onun nüfuzuna hörmət əlaməti olaraq gözəl bir kəniz (Afaq) göndərmişdilər. Barat Vüsala belə bir gözəl göndərsəydilər, qəbul edərdimi? – Əlbəttə ki! Amma bir şərtlə: Nizami Gəncəvi olsaydım!

 – Şeirlərinizdən bilirik ki, Siz Allahı çox sevirsiniz. İbadət zamanı ondan nələri diləyirsiniz? – Sözün, Qələmin, Mənəviyyatın, İnsanlığın, Yolun, Amalın ömrünün uzun olmağını! Ətəyindən yapışmağa bizə də yer saxlamağını! Çünki onun ətəyindən yapışanın sonda özünün də ətəyi olur. İndi misal gətirəcəyim bir bənd şeir də şeir deyil, duadır : Səndəndi axı nurlar, Səndəndi bu uğurlar. Mənə də sığınırlar, Mən sənə sığınandan! Dao fəlsəfəsinə görə “Öz Allahını bulmayan, ona sığınmayan insan hələ də yolunu tapmış birisi, yəni yolçu sayılmır” . Bu baxımdan yanaşdıqda Sözün başqa bir qüdrəti də var. O da yəqin ki, budur: İmana gələcəksiz, Sevinib güləcəksiz. Allahı görəcəksiz – Sözə yaxın dayanın!

 – Kimsə kiməsə kömək edir, qolundan yapışır, ayağa qaldırır. Necə deyərlər, yaxşılıq edir. Sizcə, sözün yaxşılığı necə olur? Daha bir məqam: İnsanın rənginin necə olduğu bəllidir, Söz hansı rəngdədir?

 – Maraqlı sualdır. Bir vaxtlar yazmışdım ki, “Hər şeir etdiyim bir yaxşılıqdır, Etdiyim yaxşılıq qarşıma çıxdı”. Sözün rənginə gəldikdə, deməliyəm ki, bu rəng, birmənalı şəkildə yaşıldır (Lap bəzən sarıya, qırmızıya, qaraya çalsa da). Mənim üçün yaşıllıq təkcə otluq, çəmənlik mənasını daşımır. Məndən ötrü Göy də yaşıldır, Yer də! Ruh da yaşıldır, Yol da! Hətta beşik də, məzar da bir yaşıllıqdır?! Və bu yaşıllığın özü bir yaxşılıqdır... Məni də yaşıllaşdırır! Buna şeirlərimdə də işarələr etmişəm: ... Barat da seçilmir şair-ozandan, Yerini könüldə, gözdə gəzəndən. Götürüb qələmi şeir yazandan, El deyir, deyəsən, söz yaşıllaşır!

 

Gəncə

 

 

525-ci qəzet.- 2011.- 19 mart.- S.20.

 

Təbib Sakit.