“Sosrealizm bizə nə verdi?”
BSU-da XALQ YAZIÇISI ELÇİNİN KİTABININ
GENİŞ MÜZAKİRƏSİ KEÇİRİLİB
Bakı Savyan Universitetində
(BSU) Azərbaycanın xalq yazıçısı Elçinin
“Sosrealizm bizə nə verdi?” kitabının təqdimatı
keçirilib. Mərasimi BSU “525-ci qəzet”lə birgə təşkil
edib.
BSU-nun rektoru, görkəmli
yazıçı Kamal Abdulla tədbiri açaraq bildirib ki,
bu görüşün böyük filoloji əhəmiyyəti
var. Onun sözlərinə görə, həcmcə
kiçik, mənaca böyük olan bu əsər BSU-nun
“Mütərcim” nəşriyyatında çap olunub və bu
baxımdan kitabın təqdimatının bu təhsil
ocağında təşkilini təbii saymaq olar. K.Abdulla deyib
ki, Elçin çoxsaylı əsərləri ilə minlərlə
insanın qəlbinə yol tapıb. Müəllifin bu dəfəki
kitabı da aktuallığı ilə Azərbaycan gənclərinə,
ziyalılarına dəyərli töhfə olacaq.
“Bu əsərin təkcə ədəbiyyatçılara, ədəbi tənqidçilərə, filoloqlara yox, ümumilikdə gənclərə, ziyalılara nə verdiyi ətrafında düşünməyinə dəyər”, – deyən rektor BSU-nun müəllim və tələbə heyəti ilə kitabla bağlı fikir mübadiləsi aparıldığını qeyd edib: “Əminəm ki, bu görüş unudulmaz xatirəyə çevriləcək və bizlər uzun müddət onun işığında yaşayacağıq”.
K.Abdulla Elçini postsovet məkanında, dünyada Azərbaycan mədəniyyətini, ədəbiyyatını təmsil edən, çoxsaylı oxucuların qəlbini fəth edən yazıçı, ədəbi tənqidçi kimi xarakterizə edib. Monoqrafiyanın hissələrlə “525-ci qəzet”də çap olunduğunu xatırladan rektor bu əsər barədə artıq mütəxəssislərin öz fikirlərini qələmə aldıqlarını qeyd edib.
“Bu əsər bizlərə çox şey verdi. Bugünümüzə və sabahımıza nə verdiyini isə hər birimiz özümüz üçün aydınlaşdırmalıyıq”. K.Abdulla əsərin tələbələrin, müəllimlərin dərs vəsaitinə çevriləcəyinə əminliyini ifadə edib. Deyib ki, Elçin bu əsəriylə ədəbi problemlərin şah damarını tutub və Azərbaycan sovet ədəbiyyatının müsbət cəhətlərini, qazandığı nailiyyətlər və qazanmalı olduğu məsələləri göstərib. “Burada qalın-qalın, cild-cild əsərlərdən daha məzmunlu və tutarlı, faydalı mətləblər görürəm”.
Sonra çıxış edən BSU-nun Rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri, professor Məmməd Qocayev ilk öncə müəllifi bu əsər münasibətilə təbrik edib. “Bu kitabı bu şəkildə təqdim etməkdə məqsədimiz nədir? Söhbət heç də ondan getmir ki, burda böyük tədqiqat işləri aparılıb. Elçin müəllimin böyük uğurunu mən onda görürəm ki, kiçik həcmli kitabda çox vacib və önəmli problemlər qoyub. Həmin problemlərin həlli yollarını göstərib. Sosrealizmin bizə nə verməsi eyni zamanda bir qədər mürəkkəb məsələdir. Mürəkkəblik bundadır ki, sosrealizmi biz sovet dövründə tam mənada qəbul etmişdik, sosrealizmi təqdir edirdik, sonra isə onu tamamilə inkar etməyə başladıq”.
Təkcə Azərbaycanda deyil, Rusiyanın özündə də bu tendensiyanın getdiyini deyən natiq hər iki yanaşmanı birtərəfli hesab edir. Onun fikrincə, Elçin əsərdə çox obyektiv şəkildə göstərir ki, sosrealizmə, yəni 70 il ədəbiyyatda mövcud olmuş bir ədəbi hadisəyə bu cür birtərəfli münasibət düzgün deyil. Ona elmi münasibət lazımdır. Professor müəllifin bu məsələyə münasibətini elmi yanaşma kimi qiymətləndirib. “Digər tərəfdən bu əsərin faydasını mən onda görürəm ki, burda elə suallar qoyulub, elə məsələlər qaldırılıb ki, onlar gələcəkdə Azərbaycan ədəbiyyatşünaslığı tərəfindən geniş tədqiq olunmalıdır. Bu barədə əlbəttə sovet dövründə müəyyən əsərlər yazılıb. Amma son vaxtlar sosrealizm barəsində geniş tədqiqat işləri aparılmırdı. Ayrı-ayrı dissertasiyalarda və s. müəyyən məsələlər qoyulub. Amma bu məsələnin geniş, dərindən tədqiqi bir adamın işi deyil. Bəlkə də bu, Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun qarşısında duran məsələlərdən biri kimi qəbul olunmalıdır”. M.Qocayev deyib ki, problemlər qoyulub, tədqiqatın səmti, yönü təyin olunub, indi ədəbiyyatşünaslara qalan bu məsələni tədqiq etməkdən ibarətdir. “Maraqlı cəhət bir də odur ki, kitabın adı sualdan ibarətdir. Amma kitab sırf sosrealizmin bizə nə verməsi sualından ibarət deyil. Əsəri oxuyarkən başqa da suallar ortaya çıxır. Sosrealizm bizdən nələri aldı və nələri ala bilmədi. Bu sualların öz-özlüyündə çox böyük mənası var. Elçin müəllimlə tamamilə razıyam ki, sosrealizm ədəbi metod deyil. Bu, siyasi inzibati təsir vasitəsidir. Elçin müəllimin o fikri ilə də razıyam ki, bu şəkildə sosrealizm 1924-1956-cı illərdə hökm sürüb. Yəni biz institutda oxuyanda öyrətmişdilər ki, sosrealizm az qala XIX əsrin sonu XX əsrin əvvəllərində yaranmağa başlayıb və bir metod kimi sovet ədəbiyyat dövründə formalaşıb”.
Professorun fikrincə, əgər sosrealizm bir siyasi-inzibati təsir vasitəsi kimi ədəbiyyatı idarə etmək istəyirdisə, onda sosrealizmin ədəbiyyata vurduğu zərbələr, gətirdiyi təhriflər əlbəttə çoxdur. “Onlar hamısı kitabda sadalanır. Bununla belə, ədəbiyyat özəlliyini saxlaya bildi. XX əsr Azərbaycan ədəbiyyatı böyük nailiyyətlər qazandı”. M.Qocayevə görə, hətta XIX əsr ədəbiyyatı ilə XX əsr ədəbiyyatı müqayisə olunsa XX əsr ədəbiyyatının daha mükəmməl olduğu görünür. “Xüsusən də roman janrı ilə bağlı. Bəs sosializm realizmi çərçivəsində inkişaf edən ədəbiyyatdakı bu uğurlar nəyin hesabına qazanıldı? Bu problemlər öz-özlüyündə doğrudan da çox çətin problemlərdir. Elçin müəllim məncə sualı başqa cür də qoyub. Bəs sosrealizm olmasaydı Azərbaycan ədəbiyyatında bu uğurlar olmayacaqdımı? Olacaqdı, amma fakt faktlığında qalır ki, sosrealizm çərçivəsində bu uğurları qazanmışıq, ona görə də bunu inkar etməməliyik. Sosrealizmin bizə nə verdiyini Elçin müəllim bənd-bənd kitabda göstərir”.
Məruzəçi deyib ki, əsərin ən maraqlı hissələrindən biri də altmışıncılar ədəbi nəslinin Azərbaycan ədəbiyyatına gətirdikləridir. Elçin müəllim bunu da ardıcıl şəkildə açıqlayır. Bu da bir növ gələcək tədqiqat işləri üçün proqram rolunu oynayır. Onun fikrincə, bu kitab ədəbiyyatşünaslıq elmində böyük nailiyyətdir, hadisədir.
BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rahilə Qeybullayeva isə bildirib ki, sosrealizm dövründə milyonlarla tirajı olan sanballı qəzet və jurnallar çıxırdı. “Onlar vasitəsilə bizim müəlliflər də dünya oxucularının görüşünə gəlirdilər. Sovetlər birliyinin dağılmasından sonra yazıçı və şairlərimizin əsərlərini tərcümələr vasitəsilə yaya bilən və geniş tirajı olan ədəbi orqanımız yoxdur. Digər tərəfdən, Elçin müəllim çox düzgün qeyd edir ki, sosrealizm birmənalı cərəyan, ədəbi metod deyil, o özündə həm repressiya dövrünü, həm onun tam əksi olan 60-80-ci illərin yeni dövrünü ehtiva edir”.
R.Qeybulayeva deyib ki, kitabı tələbələrə təqdim edəndə onların reaksiyası çox maraqlı oldu. “Tələbələrlə dəyirmi masa keçirdik. Sovet dövrünün ən müsbət tərəflərindən biri də uşaq və gənclər ədəbiyyatının göstərdiyi təsir idi.
Elçin müəllim bu əsərdə sosrealizmin yalnız mənfi cəhətlərini deyil, müsbət cəhətlərini də ortaya qoyub. Buna isə ehtiyac var idi. Müəllifə təşəkkür edirəm”.
“525-ci qəzet”in redaktoru, yazıçı Yaşar çıxışında deyib ki, bu kitab o dövrlə bağlı xeyli qaranlıq məsələlərə işıq salır. “Bu, bədii deyil, sırf ədəbiyyatşünaslığa aid bir əsər olsa da hardasa dinamiklik baxımından bədii əsəri xatırladır. Və bu bədii əsərin qəhrəmanı isə Dövr, Sistemdir. Bir məsələni də etiraf edim ki, əsəri üç dəfə oxudum. İlk dəfə “525-ci qəzet”də, ikinci dəfə kitab halında, üçüncü dəfə isə oxudum ki, çıxış üçün müəyyən qeydlər edim. Ancaq qeydlər eləməyə başlayanda gördüm ki, gərək bütün kitab boyu qeydlər aparam. Kitab həcmcə böyük olmasa da düşüncə üçün xeyli əsas verir”.
Yaşar xalq yazıçısının ədəbiyyata bir oxucu kimi həssaslığını xüsusi vurğulayıb. “Mən yazıçının ən adi bir yazını belə diqqətdən kənarda qoymadığının şahidi oluram”. Elçinin kitabını hərtərəfli və əhatəli əsər kimi xarakterizə edən natiq deyib ki, burada təkcə Azərbaycan ədəbiyyatı deyil, bütün sovet ədəbiyyatının mənzərəsi təsvir olunub. “Sosrealizm mənim təsəvvürümdə Çernobıl hadisəsindən sonra təbiətdə gedən mutasiya kimi bir şeydir. Bəli, sosrealizm də ədəbiyyatda baş verən bir mutasiya idi. Amma təbiətdə baş verən mutasiya zamanı təkcə mutant varlıqlar deyil, normal varlıqlar da doğulur. Bu mənada, sosrealizmdə də çox dəyərli, çox böyük əsərlər yarandı ki, onları bu gün də sevə-sevə oxuyuruq. Elçinin “Ədəbi düşüncələr”ni də xüsusi qeyd edən natiq vurğulayıb ki, bu əsər gənc yazarların stolüstü kitabı olmalıdır”.
BSU-nun folklor araşdırmaları elmi tədqiqat laboratoriyasının müdiri Rüstəm Kamal deyib ki, Elçinin zaman-zaman sistemli şəkildə Azərbaycan ədəbiyyatının problemlərini qaldırır. “Çünki bu saat Azərbaycan ədəbiyyatı qədər özünə qayğı istəyən ikinci bir mənəvi sərvətimiz yoxdur. Bu kitabdan bir neçə nəticə çıxır: “Birincisi, Azərbaycan ədəbiyyatı Azərbaycan xalqının milli sərvətidir. Onu öyrənmək, təsnifatını vermək, təftiş etmək lazımdır. İkincisi, sovet imperiyasına daxil olan xalqların yaratdığı ədəbiyyat sovet ədəbiyyatı adlanmalıdır, burda heç bir qəbahət yoxdur. Yəni Azərbaycan sovet ədəbiyyatı ədəbi dəyər, tariximizin tərkib hissəsidir və onu öyrənmək lazımdır. O cümlədən ədəbi keçmişimizə, əcdadlarımıza qayğı ilə yanaşmalıyıq. Bu kitab həm də ədəbiyyat tariximizə dialektik yanaşmanın bir örnəyidir, desəm səhv etmərəm. Sovet ədəbiyyatından çox danışılır. Xüsusilə də müstəqillikdən sonra bizdə nihilizm tendensiyası güclü olduğundan keçmişimizə həmişə təpik atmışıq və ağıllı da, ağılsız da ədəbiyyat bostanına daş atır. Bəli, o dövrdə repressiyalar olub, sosrealizm adlı bir metod tətbiq olunub, amma o dövrdə yazıçıların ödül, qonorar imkanları olub, oxucularla ünsiyyəti böyük olub”.
Onun sözlərinə görə, indiki dövr ədəbiyyatın oxucularla ünsiyyəti demək olar sıfıra enib.
“Sovet ədəbiyyatı ədəbi, ictimai, sosial fenomen olub və bu fenomeni öyrənmək lazımdır”.
Natiq hesab edir ki, sovet ədəbiyyatı mədəniyyəti ilə İtalyan intibahı arasında eyniliklər çoxdur. İtalyan intibahının ən böyük ideyası yeni insan ideyası idi. Gələcəyə istiqamət, şəxsiyyətin hərtərəfli inkişafı ideyası, elmi texniki inqilab, elmlə maarifin sıx əlaqəsi hər iki mədəniyyətə xasdır. Onun fikrincə, bir fenomen kimi sovet ədəbiyyatına yenidən baxmaq lazımdır. Çünki ordakı insan dəyişən dövrün insanıdır.
BSU-nun professoru Bədirxan Əhmədov deyib ki, əsər geniş rezonans doğuraraq mətbuat və elmi müəssisələrdə , təhsil müəssisələrində geniş müzakirə mövzusuna çevrilib. Əsərin bu qədər geniş əks səda doğuracağına səbəb isə onun fikrincə, Elçin müəllimin ilk dəfə olaraq postsosrealizm dövründə problemə kompleks yanaşması, sovet sisteminin zorən yaradıcılıq metodunun yeni meyarlar baxımından araşdırılmasıdı. “Əgər belə demək mümkünsə “Sosrealizm bizə nə verdi?” ədəbi, tənqidi, traktatının bu səviyyədə müzakirə mövzusuna çevrilməsi, təbiidir. Çünki Azərbaycan ədəbi tənqidinin əlli illik bir tarixinin Elçin mərhələsində bu cür hadisələr çox olub. Əgər 20 il əvvəl sosrealizm haqqında bir başqa qənaətlər mövcud idisə və burada bir xaotik düşüncə hökm sürürdüsə, bu gün daha aydın qənaətlər formalaşmaqdadır”.
B.Əhmədov deyib ki, əsəri struktur baxımından üç mərhələyə ayırmaq mümkündür. “Sosrealizmin nəzəri qoyuluşu, prinsipləri və xarakteri, sosrealizmin Azərbaycan miqyasında keçdiyi inkişaf yoluna baxış, sosrealizmə çağdaş elmi nəzəri estetik fikrin münasibəti. Əslində bu məsələlərin hər birinin qoyuluşu ayrı-ayrı tədqiqatların mövzusu olduğu halda, müəllifin araşdırma üçün seçdiyi üslub- bu üslubu elmi nəzəri publisistik üslub da hesab etmək olar-müəllifə bu problemlərin hər birinin qoyuluşu və həllinə nail olmağa imkan verir. Sosrealizmə “əlvida” dedikdən əvvəl də, sonra da bu yaradıcılıq metodu barədə araşdırmalar aparıldı, amma araşdırmalar sosrealzmin varlığı müddətində birtərəfli aparıldığı kimi süqutundan sonra da birtərəfliliklə davam edir. Bu dəfə sosrealizmlə sosialist quruculuğu və yaxud sovet sistemi eyniləşdirilir, hətta inkaretməyə qədər gedib çıxırdı. Elə buna görə də sosrealizmin ömrü sovet sosialist sisteminin ömrü qədər, yəni 70 il civarında götürülür”.
BSU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Şahanə Abasquliyeva deyib ki, sovet imperiyası dağıldıqdan sonra sosrealizm inkar olunmağa başladı. Onun təməl prinsipləri də həmçinin. “Amma dövrümüzdə əvvəl qəbul olunmuş fikirlərə, düşüncələrə alternativ fikirlər yaranmağa başladı. Bir neçə il əvvəl ədəbiyyatçıların kəskin tənqid etdikləri fikirlər dövrümüzdə öz bəraətini tapır.
Moskva Dövlət Linqvistika Universitetinin 2-ci kurs tələbəsi Dəmir İsmayılov belə tədbirləri maraqla qarşıladığını, Azərbaycan dilini həvəslə öyrəndiyini deyib. “Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı ilə tanış olmaq çox yaxşıdır. Belə görüşlər isə əlaqələri daha da inkişaf etdirir”. Elçin müəllimin “Qarabağ şikəstəsi” kitabını kurs və diplom işi kimi tərcümə etdiyini vurğulayan tələbə kitabdakı vətən nisgilindən də danışıb.
AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov bu kitabın 60-70-ci illər oxucusunu bir növ imtahana çəkdiyini deyib: “O dövrün oxucusu kimi bütün kitabları oxumuşuq. Məni tələbələrin çıxışı çox sevindirdi. Çünki biz o dövrü yaşamışıq, indiki gənclərin o dövrü hiss edə bilməyəcəklərindən ehtiyatlanırdım. Amma elə danışdılar ki, sanki o dövrü yaşayıblar. Bu məni sevindirdi”.
BSU-nun professoru Flora Naciyeva isə deyib ki, hamı sosrealizm dövrünü tənqid edir. “Amma bununla razı deyiləm. Sosrealizm realizmin bir hissəsidir. Biz o dövrü araşdırmalıyıq, imtinanı isə düzgün saymıram”.
BSU-nun professoru Nizami Tağısoy isə deyib ki, əsərdə önəmli məqamlar var. Çox konkret faktlarla sosrealizmin bizə nə verib, nə aldığı göstərilib. Müəllif sübut edib ki, sosrealizmin bizə verdiyi aldığından çox olub.
“525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə əsərdən insanın bədii zövq aldığını vurğulayıb. Onun fikrincə, bu əsəri xüsusilə gənclərin oxuması vacibdir. Çünki kitab o dövrün mənzərəsini əhatə edir.
Mərasimin sonunda çıxış edən xalq yazıçısı Elçin həm də sualları cavablandırıb. Xalq yazıçısı hər kəsə təşəkkürünü bildirib. Deyib ki, tədbirin elanı kitabın təqdimatı kimi verilib. “Amma hesab edirəm ki, bu bir müzakirəyə çevrildi. Mən burda oturmuşam və içimdə bir razılıq hissiyyatı var və gizlətmirəm, həm də fəxarət hissi var. Tam səmimiyyətə deyirəm ki, əsərə olan marağı o yazıdan və onun səviyyəsindən, keyfiyyətindən daha artıq dərəcədə mövzunun aktuallığı ilə izah edirəm.
Sosrealizmin
naqis cəhətlərinin əsas səbəbi ondadır ki,
bu təbii surətdə gəlməyib, inzibati yollarla sənət
aləminə gətirilib və yüksək ideoloji mərtəbəyə
qaldırılıb. Sosrealizm
termini sonradan yarandı. 20-ci illərdə buna inqilabi realizm,
proletar realizmi, ideyalı realizm deyilirdi. 1932-ci ildə Qorkinin
evində Stalinlə görüş olur, orda Stalin bu
sözü deyir. Sonradan bu ədəbi terminə çevrilir.
Bu, sənət adamlarının təfəkküründən
doğmayıb, diktatorun dilindən çıxıb”.
Elçin deyib ki, bu ifadə
təbii gəlmədiyinə görə də naqisliklər
meydana çıxıb. “Sovet ittifaqı qapalı, bir
partiyalı cəmiyyət idi və sosrealizm də
özündən başqa heç bir ədəbi cərəyanı-əgər
o, özü cərəyan idisə- yaxına
buraxmırdı. Bunu mən Azərbaycan ədəbiyyatı,
musiqisi, rəngkarlığı üçün böyük
itki sayıram”.
Elçin deyib ki, sosrealizm
hakim ideologiyanın mədəniyyətinin başının
üzərində duran qüvvə kimi təyinatlar
aparırdı. “Hakim ideologiya Səməd Vurğunu görkəmli
şair vəzifəsinə, Çingiz Aytmatovu və
Şoloxovu görkəmli yazıçı vəzifəsinə
təyin etdi. Amma hər üçünün istedadı bu təyinatların
çərçivələrini aşdı. Bu çərçivələrdən
kənara çıxdı. Onları istedadı
böyüklüklərini təsdiq etdi.
Sosrealizmə birmənalı
qiymət vermək olmaz. “Onu nə tam şəkildə qara
boyalara boyamaq olar, nə də tam şəkildə çəhrayı
boyalarla göstərmək olar. Burada yaxşıya
yaxşı, pisi pis demək lazımdır. Sosializmin
meyarlarıyla sosrealizm dövrünün ədəbiyyatına
qiymət vermək lazımdır”. Onun fikrincə, sosrealizm
dövründə əldə edilən ən böyük
nailiyyət Azərbaycan ədəbi bədii dilinin
formalaşması və bu günkü səviyyəsi, vəziyyəti
oldu. “50 il dil üçün böyük müddət deyil.
1920-ci ilin bədii ədəbi dili ilə 70-80-ci ilin ədəbi
dilini müqayisə etsək görərik ki, nə qədər
irəliləyiş var. Sosrealizm başdan ayağa parodokslardan
ibarətdir, ona görə də ona birmənalı yanaşma
mümkün deyil.
Ədəbiyyatın ən əsas
faktoru dildir. Yaxud sovet ədəbiyyatı dedikdə bu nə dərəcədə
o dövrdəki ədəbiyyatı ehtiva edir. Əgər
sovet ədəbiyyatı varsa, onda eston ədəbiyyatı ilə
Azərbaycan ədəbiyyatının koloriti nə dərəcədə
bir-birinə uyğun gəlir? Yəni sovet ədəbiyyatı
varsa, onun ümumi bir koloriti, dəqiq estetik aurası
olmalıdır.
Sosrealizm elə bir hadisədir
ki, bu barədə oturub xeyli mübahisə etmək olar, kimin
doğru olub olmadığını sübut etmək də
çətindir. Ədəbi tənqidimiz bunu ciddi öyrənməlidir”.
Yazıçı deyib ki,
sosrealizmi özümüz üçün tam şəkildə
müəyyən etmədiyimiz üçün ondan nələrin
qaldığını demək çətindir. “Amma bir cəhət
budur ki, sosrealizmdə mövzu arxasında gizlənmək var
idi. Yəni istedadı olmayan və bir yazıçı kimi
özünü ifadə edə bilməyən şəxs
mövzu arxasında gizlənirdi, sosialist əməyinin qəhrəmanın
həyatından yazıb, bədiyyətə dəxli olmayan
bir roman ortaya qoyurdu, orda insan əvəzinə qəhrəman
traktor, zavod və s. olurdu. Sosrializm isə bunu təqdir edib
yüksək sənət mərtəbəsinə
qaldırırdı. Bu gün də bu proses müəyyən
mənada davam edir”. Sonda xalq yazıçısı Elçin
tədbirə təşrif buyurub gələnləri öz təşəkkürünü
bildirib.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 19 mart.- S.18.