Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb
Tanınmış
söz adamı, alim və diplomat Hacan Hacısoyun “Yurdum-yuvam”
adlı şeirlər kitabı nəşr olunub. Qeyd edək
ki, H.Hacısoy vətəndaş mövqeyilə, insana, vətənə
və xalqa sevgisiylə seçilən ziyalıdır, onun bu
məziyyəti yazılarında da özünü göstərir.
Müəllif
özünün qələmə aldığı
“Önsöz”də kitabla bağlı bəzi məqamlara
aydınlıq gətirib: “Birinci məqam ondan ibarətdir ki,
istərdim bu kitaba rast gələn oxucu onu əlinə
götürüb “Növbəti şeir kitabı” kimi tez-tələsik
yerinə qoymasın. Çünki indiki dövrdə oxucu
onsuz da “şeirlər kitabı” bolluğu içində, demək
olar ki, batıb-barınıb, sözümüzü,
poeziyamızı urvatdan salan yazarlar arasında
çaşıb qalıblar. İkinci məqam isə bu
kitabın çap olunması ilə bağlıdır. Kitab
çap etdirmək, özü də şeir kitabı
çap etdirmək həddən artıq məsuliyyətli bir
işdir axı”.
Kitabdakı şeirlər “İki
sahil arasında körpü ikən, İki könül
arasında fəryad oldun”, “Məni öz əlimdən qurtar,
İlahi!”, “Haqqın dərgahı”, “Allah, bu sevgini günaha
yazma”, “Poemalar” başlığı altında yer alıb. Şairin
Vətənə həsr olunan şeirlərində doğma Azərbaycanımızın
gözəllikləri, zəngin tarixi keçmişi əks
etdirilib. Kitabda görkəmli şəxslərə həsr
olunan şeirlər də var. Bunlardan Zahid Qaralovun 70 illik yubileyinə
“El ağsaqqalı”, akademik Vasim Məmmədəliyevə həsr
olunan “Haqqın dərgahı”, ustad Ələsgərə
ithafən yazılan “Çəkirsən” və başqa poetik
nümunələr maraq doğurur. Kitabda sevgiyə həsr
olunan şeirlərdə saf sevginin tərənnümü də
öz uğurlu ifadəsini tapıb. Nəşrin son
bölümündə “Dərd örnəyi-Vətən” və
“Yurdum-yuvam” poemaları verilib. 1946-cı ildə qədim
Qaraçöp mahalında dünyaya gələn Hacan
Hacısoyun bu gün 65 yaşı tamam olur. Çalışdığı
hər bir sahədə xalqımıza layiqincə xidmət edən
bu dəyərli insanı yubiley yaşı münasibətlə
ürəkdən təbrik edir, cansağlığı, yeni
uğurlar arzulayırıq!
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 19 mart.- S.17.