Gələcək naminə yaşanan ömür

 

Nazim Məmmədbəyovun 75 illiyinə

 

Elə yaradıcı insanlar var ki onların fəaliyyəti ədəbi mühitin diqqətindən müəyyən qədər kənarda qalsa da, cəmiyyət üçün çox böyük əhəmiyyətə malikdir. Yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Məmmədbəyov da belə yaradıcı insanlardandır. Bu il 75 yaşı tamam olan Nazim Məmmədbəyov uzun illərdir Təhsil Nazirliyinin Estetik Tərbiyə mərkəzinə rəhbərlik edir, həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində yeniyetmələrin estetik tərbiyəsinin yüksəldilməsi üçün yorulmadan çalışır. Yeniyetmələr, uşaqlar arasında rəsm sərgiləri, poeziya müsabiqələri, mahnı yarışmaları və sair bu kimi respublika miqyaslı çoxsaylı tədbirlər Nazim Məmmədbəyovun uzun zamanlıq fəaliyyətinin yalnız kiçik bir hissəsidir. Onun rəhbərlik etdiyi mərkəzin əməyi nəticəsində respublikanın müxtəlif bölgələrində rəngarəng istedada malik uşaqlar və yeniyetmələr tapılaraq üzə çıxarılıb, mükafatlandırılıb, belə demək olarsa, gələcək yaradıcılığa vəsiqə alıb. Yaşı 75 olmasına baxmayaraq, Nazim Məmmədbəyov şəxsən özü bölgələri gəzərək incəsənət istedadı olan uşaqların tapılıb üzə çıxarılması üçün yorulmadan çalışır, müxtəlif dərnəklər yaradır, tədbirlər təşkil edir. Nazim müəllimin fəaliyyətinin bir istiqaməti də, əqli və fiziki cəhətdən əlil uşaqların estetik tərbiyəsi sahəsidir. O uzun illər əlil uşaqlar üçün xüsusi təhsil müəssisələrində bu istiqamətdə fəaliyyət göstərməklə bərabər, əlil uşaqlarla iş üçün müxtəlif metodiki vəsaitlər hazırlayıb, bu çətin sahədə bilavasitə öz pedaqoji fəaliyyəti nəticəsində əldə etdiyi təcrübəni bölüşüb. Onun fərdi ədəbi yaradıcılıq dairəsi də çox genişdir. Uşaq şeirlərindən, təmsillərdən tutmuş, pyeslərə, hekayələrə qədər. Onun şeirləri, hekayələri mütəmadi olaraq respublika mətbuatında dərc edilir, ölkənin çoxsaylı uşaq bağçalarında, məktəblərində, yaradıcılıq dərnəklərində Nazim Məmmədbəyovun ibrətamiz pyeslərindən, yumoristik səhnəciklərindən, şeirlərinə bəstələnmiş mahnılardan geniş şəkildə istifadə olunur. Bir çox yaradıcı insanların belə fəaliyyətə müəyyən mənada yuxarıdan aşağı baxdığı bir vaxtda, Nazim Məmmədbəyov bütün enerjisini, vaxtını yalnız yeniyetmələrə, uşaqlara sərf edir və bunun real nəticəsi də özünü göstərir. Hələ on il əvvəl Nazim müəllimin təşkil etdiyi gənc əlil rəssamların sərgisinə gələn ulu öndər Heydər Əliyev Estetik Tərbiyə mərkəzinin və şəxsən Nazim Məmmədbəyovun bu sahədəki fəaliyyətini çox yüksək qiymətləndirmişdi.

 Yuxarıda qeyd etdiyimiz kimi, bu il Nazim Məmmədbəyovun 75 yaşı tamam olur. Ona uzun ömür, cansağlığı və tükənməz enerji arzulayırıq.

 

 

525-ci qəzet.- 2011.- 19 mart.- S.16.