Təhsildə qiymətləndirmə
siyasəti: islahatlar müsbət nəticələr
vəd edir
Azərbaycanın
ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin
qiymətləndirilməsi üçün dəqiq qiymətləndirmə
standartlarının olması, şagird nəticələrinin
obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə
metodlarından istifadəyə geniş yer verilməsi, qiymətləndirmə
nəticələrinin təhlilinin, müvafiq hesabatların
aparılması mühüm əhəmiyyət kəsb edir. Bu
baxımdan Azərbaycanın təhsil sistemində son illər
həyata keçirilməyə başlanmış islahatlar
sayəsində müəyyən uğurlu nəticələr
əldə edilib. Təhsil sahəsində həyata
keçirilən qiymətləndirmə siyasətinin əsas
istiqamətləri ölkənin ümumtəhsil sistemində
beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə
sisteminin hazırlanması və həyata keçirilməsini
təmin etməkdən ibarətdir. Ölkənin təhsil
sistemində həyata keçirilən islahatların nəticəsi
olaraq azərbaycanlı mütəxəssislər tərəfindən
ABŞ-ın və Avropanın inkişaf etmiş dövlətlərinin
qiymətləndirmə sahəsində təcrübəsi
öyrənilib, milli xüsusiyyətlərimizə uyğun
araşdırmalar aparılıb, “Azərbaycan
Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə
Konsepsiyası” hazırlanaraq təsdiq edilib. “Ümumtəhsil
məktəblərində, peşə liseylərində
buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə
keçirilməsi haqqında Qaydalar” hazırlanaraq istifadə
üçün yerli təhsil orqanlarına, məktəb
direktorlarına çatdırılıb və Azərbaycanın
ümumtəhsil məktəblərində kurikulum tətbiq
olunan siniflər üçün məktəbdaxili qiymətləndirmənin
aparılması qaydaları hazırlanıb və pedaqoji
ictimaiyyətə təqdim edilib.
Təhsil naziri Misir Mərdanovun
dediyinə görə, orta təhsil kursu üzrə
buraxılış imtahanlarının optik oxuyucu qurğu tətbiq
edilməklə mərkəzləşdirilmiş qaydada
aparılmasına 2005-2006-cı dərs ilindən
başlanılıb. Bu işin müvəffəqiyyətlə
həyata keçirilməsi üçün ilkin olaraq
eksperiment qaydasında Bakı şəhərinin Xətai və
İmişli rayonlarının ümumtəhsil məktəblərində
təlimati işlər aparılıb, şagirdlərin test
sualları üzrə imtahanlara hazırlaşmasını təmin
etmək məqsədilə sınaq (yoxlama) imtahanları
keçirilib. Sonrakı illərdə bu eksperimentin həyata
keçirilmə dairəsi tədricən genişlənib və
2008-2009-cu dərs ilindən ölkənin bütün
ümumtəhsil məktəblərini və peşə liseylərini
əhatə edib. Ümumtəhsil məktəblərinin
buraxılış siniflərinin və peşə liseylərinin
III kurs şagirdləri səkkiz fəndən – ana dili və ədəbiyyat,
riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və
xarici dil fənlərindən orta təhsil kursu üzrə
buraxılış imtahanları verirlər.
2009-2010-cu dərs ilindən ölkənin
təhsil müəssisələrinin əsas təhsil pilləsinin
buraxılış (IX) siniflərində oxuyan şagirdlər
də ana dili və riyaziyyat fənlərindən
buraxılış imtahanlarına cəlb olunublar. M.Mərdanovun
fikrincə, buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılması imtahan prosesində subyektiv amillərin
aradan qaldırılmasına, obyektivliyin və şəffaflığın
təmin edilməsinə, təhsilin keyfiyyətinin idarəolunmasına
nəzarətin həyata keçirilməsinə mühüm
təsir göstərir: “Həyatda hər bir fəaliyyət
sahəsinin, prosesin öz fəlsəfəsi olduğu kimi təhsil
sahəsində qiymətləndirmə də mahiyyət
etibarilə öz fəlsəfi məna tutumuna malikdir. Heç
şübhəsiz, qiymətləndirmənin fəlsəfəsi
özündə keyfiyyətin idarə olunmasında
başlıca amil kimi çıxış etməsini, keyfiyyətin
yüksəldilməsi ilə əlaqədar ən zəruri qərarların
qəbul edilməsi üçün etibarlı mənbə
olmasını ehtiva edir. Məlum məsələdir ki, qiymətləndirmənin
mərkəzində təhsilalanların nailiyyətləri
dayanır. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin
nəticələri isə daha ətraflı təhlillər
aparmağa, qiymətləndirilənlərin əhatə dairəsinin
genişləndirilməsinə etibarlı zəmin yaradır. Bu
fikir daha aydın olsun deyə, qısa bir açıqlama təqdim
edək. Təsəvvür edək ki, hər hansı bir məktəbin
məzunlarının nəticəsi keyfiyyət
baxımından qeyri-qənaətbəxş hesab
olunmuşdur. Biz bunu yalnız təhsilalanlara şamil etməklə
kifayətlənə bilərikmi? Əlbəttə, yox. Məhz
şagirdin orta təhsil üzrə nəticələri, eyni
zamanda, onlara dərs deyən müəllimlərin, məktəb
rəhbərlərinin, yerli təhsili idarəetmə
orqanının fəaliyyətinin qiymətləndirilməsində
indikator rolunu oynayır. Geniş mənada götürsək,
həmin nəticələr şagirdlərin əhatə
olunduğu mövcud təhsil infrastrukturunun, kurikulumların, dərsliklərin,
maliyyələşdirilmənin qiymətləndirilməsində
də əsas götürülə bilər”. Nazirin sözlərinə
görə, yeni qiymətləndirmə sistemində şagird
nailiyyətlərinə kompleks yanaşılır, onun əvvəlki
illərdə və buraxılış sinfində nəticələri
nəzərə alınır.
11-ci sinif şagirdləri
ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya,
coğrafiya və xarici dil fənlərindən imtahan verirlər.
İmtahanda test suallarının sayı 120-dir. Bu sualların
25-i ana dili və ədəbiyyat, 25-i riyaziyyata, 15-i Azərbaycan
tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya,
biologiya və coğrafiya fənlərinin hər birinə isə
10-u aiddir. Qiymətləndirmə kriteriyasına əsasən
hər bir fənn üzrə sualların 20 faizinə qədər
cavab verən şagird 2, 20 faizdən 50 faizinə qədər
cavab verən şagird 3, 50 faizdən 80 faizinə qədər
cavab verən şagird 4, 80 faizdən 100 faizə qədər
cavab verən şagird 5 qiymət alır. Nazir deyir ki, Təhsil
Nazirliyinin keçirdiyi buraxılış imtahanı heç
də şagirdin 3 saat ərzində nümayiş etdirdiyi
bilik əsasında attestat qiymətinin müəyyənləşdirilməsi
demək deyil. Bu imtahanlar şagirdin 11 illik təhsil nəticəsində
əldə etdiyi biliyin qiymətləndirilməsi məqsədi
daşıyır və buna müvafiq olaraq şagirdin 11 il ərzində
əldə etdiyi digər nailiyyətlər də nəzərə
alınır: “Bu prosesdə məni həmişə
düşündürən bir problemi də aradan
qaldırdıq. Məsələ bundadır ki, mövcud qaydalara
əsasən şagirdlərin yekun qiymətləri
çıxarılarkən yalnız illik və imtahan qiyməti
nəzərə alınırdı. İndi isə yekun qiymət
hesablanarkən illik və imtahan qiymətləri ilə
yanaşı, sınaq yoxlamalarının nəticələri
və əvvəlki sinifdəki illik qiymət nəzərə
alınır. Düşünürəm ki, yekun qiymətin bu
düsturla hesablanması bilavasitə şagirdin mənafeyinə
xidmət etməklə məktəbin, müəllimin və
şagirdin yalnız son sinifdə deyil, əvvəlki siniflərdə
də məsuliyyətini xeyli artırır”.
M.Mərdanovun söylədiyinə
görə, bugünkü qiymətləndirmə siyasətində
milli qiymətləndirmənin möhkəm yer tutması
müstəqillik illərində Azərbaycan təhsilinin
inkişaf etmiş ölkələrin təhsil sistemlərinə
məqsədyönlü inteqrasiyasının nəticəsidir:
“Keçmiş Sovetlər birliyində əsas və orta təhsil
pilləsi üzrə şagird nailiyyətlərinin ölkə
üzrə qiymətləndirilməsi aparılsa da, bu, nəticələrə
görə təhlillər aparıb təhsilin keyfiyyətinin
yaxşılaşdırılması ilə bağlı
inkişafyönümlü tədbirlərin müəyyənləşdirilməsinə
deyil, yalnız şagirdlərin bir pillədən digərinə
keçirilməsinə və təhsil sənədi
almasına xidmət edirdi. Hazırda isə məktəbdaxili
qiymətləndirmə ilə yanaşı, ölkə
üzrə qiymətləndirməyə də yanaşma dəyişmişdir.
Yanaşmanın dəyişməsi bu qiymətləndirmənin
adından da məlum olur”. Təhsil naziri bildirib ki, əvvəlki
illərlə müqayisədə son üç ildə mərkəzləşdirilmiş
qaydada keçirilən buraxılış imtahanlarında
müvəffəq qiymət alanların sayı
çoxalıb. Sevindirici haldır ki, artıq ölkə
ictimaiyyəti bu məsələyə ciddi münasibət
göstərir. İmtahanların mərkəzləşdirilmiş
qaydada aparılması təhsilin keyfiyyətinin yüksəldilməsinə,
şagirdlərin və müəllimlərin, məktəb rəhbərlərinin,
eləcə də valideynlərin təhsilə münasibətində
məsuliyyətinin artırılmasına, həmçinin
obyektivliyin və şəffaflığın qorunmasına
xidmət edir. M.Mərdanov vurğulayıb ki, Təhsil
Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi
Dünya Bankının tövsiyəsi ilə təhsil
nazirinin 25 fevral 2004-cü il tarixli əmri ilə
yaradılıb. Şöbənin yaradılmasında əsas
məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsində
təhsil alanların qiymətləndirilməsindən istifadədir.
Şöbənin əsas vəzifələri yeni qiymətləndirmə
sistemini həyata keçirmək üçün normativ
hüquqi sənədləri, qiymətləndirmənin icra
mexanizmini, monitorinqin icra mexanizmini və yeni qiymətləndirmə
sisteminin işləyib hazırlamaqdır. Ölkədə
şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə
uyğun qiymətləndirilməsini təmin etmək,
şagirdin təlim nəticələri haqqında məlumatların
toplanması, təhlil edilməsi, bunların əsasında fənn
kurikulumlarında və dərsliklərdə dəyişikliklər
etmək üçün səmərəli təkliflər
hazırlamaq, qiymətləndirmə, təhsil siyasətində
müasir yanaşmaların tətbiq, inkişaf etdirmək,
qiymətləndirmə tədqiqatlarını həyata
keçirməkdir. Şöbə əsasən 3 istiqamət
üzrə fəaliyyət göstərir. bunlar beynəlxalq
qiymətləndirmə, milli qiymətləndirmə, məktəbdaxili
qiymətləndirmə və onları tamamlayan monitorinq. Monitorinqin
isə 3 mərhələsi var: məlumatın toplanması, təhlili
və istiqamətlərin müəyyənləşdirilməsi.
M.Mərdanov qeyd edib ki, beynəlxalq qiymətləndirmənin əsas
məqsədi şagird nailiyyətlərinin qiymətləndirilməsi
nəticəsində beynəlxalq səviyyəli müqayisələrin
aparılmasıdır. Milli qiymətləndirmənin əsas
məqsədi ölkədə təhsil siyasətini müəyyənləşdirmək
üçün təhsilin vəziyyəti haqqında
müvafiq məlumat toplamaq, öyrənilməsi, müzakirəsi
tələb olunan problemləri və təhsilin
inkişafının prioritet istiqamətlərini təyin etmək,
perspektivləri müəyyənləşdirməkdir. Azərbaycan
milli qiymətləndirmənin 3 layihəsini həyata
keçirir. Milli qiymətləndirmədə iştirak edən
məktəb və şagirdlər seçmə yolu ilə müəyyənləşdirilir.
Nəticələrdən ümumi orta və tam orta təhsil səviyyəsi
üçün fənn kurikulumlarının
hazırlanması prosesində istifadə edilməli, biliyin
bacarığa çevrilməsini təmin etmək məqsədilə
dərsliklərdə verilən oxu, anlama
bacarıqlarını inkişaf etdirən mətnlərin və
bu yönümlü qiymətləndirmə vasitələrinin
sayı artırılmalıdır: “Milli qiymətləndirmə
nəticəsində Ana dili fənni üzrə dərsliklərdə
oxu bacarıqlarının inkişafına kömək edən,
riyaziyyat fənni üzrə dərsliklərdə məntiqi təfəkkür
tələb edən tapşırıqlara geniş yer verilməsi,
həndəsə fənninin tədrisi vəziyyəti
yaxşılaşdırılması, təcrübəli
müəllimlərin şagirdlərinin tədqiqatda daha
yaxşı nəticələr göstərdiyini nəzərə
alaraq, 5 ilə qədər pedaqoji iş stajına malik olan
müəllimlərin ixtisasartırma kurslarına cəlb edilməsinə
xüsusi diqqət yetirilməsi, yeni qiymətləndirmə
qaydaları ilə işləmək bacarıqlarını
inkişaf etdirmək üçün fənn müəllimləri
təlim kurslarına cəlb edilməsi, ailədə
uşaqların təhsilinə mane olan amilləri aradan
qaldırmaq məqsədilə məktəb-valideyn əlaqələri
gücləndirilməli, RTŞ-lər tərəfindən bu
məsələdə kənd məktəblərinə
xüsusi diqqət yetirilməli, məktəb
direktorlarının müəllimlərə metodiki kömək
göstərmək sahəsində və şagirdlərin fəallığının
artırılmasına yönəlmiş fəaliyyəti
gücləndirilməsi kimi məsələlər
aktuallaşıb. Məktəbdaxili qiymətləndirməyə
ibtidai təhsilin 1-3 siniflərində, yoxlama,
buraxılış imtahanları və attestasiya daxildir. Diaqnostik
qiymətləndirmə isə şagirdin bilik və
bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə,
bunun əsasında hər bir şagirdin potensial
imkanlarını nəzərə alan təlim
strategiyalarının seçilməsinə xidmət edir. Formativ
qiymətləndirmə şagirdin qəbul edilmiş
standartların reallaşmasına yönələn irəliləmələrini,
geriləmələrini izləmək, bu zaman qarşıya
çıxan problemləri aradan qaldırmaq, təhsilalanı
istiqamətləndirmək məqsədilə aparılır. Summativ
qiymətləndirmə təlim prosesində müəyyən
mərhələlərə yekun vurmaqla, müvafiq məzmun
standartlarına uyğun qiymətləndirmə standartları əsasında
hazırlanmış vasitələrlə şagirdin nailiyyət
səviyyəsini ölçmək məqsədilə
aparılır. Kiçik summativ qiymətləndirmə bəhs
və ya bölmələrin sonunda fənn müəllimi tərəfindən,
böyük summativ qiymətləndirmə –yarımillərin
sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin
və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti
ilə fənni tədris edən müəllim tərəfindən
aparılır. Yekun qiymətləndirmə
–ümumi təhsil müəssisələrinin buraxılış
siniflərində, peşə
liseylərinin sonuncu kursunda aparılır”. Təhsil nazirinin sözlərinə əsasən,
hər il nazirlik tərəfindən
informatika mütəxəssisləri
və müəllimləri
ilə görüşlərin
keçirilir, “Təhsildə
monitorinq və qiymətləndirmə” magistratura
ixtisası üçün
proqramın hazırlanması
Pedaqoji Universitetdə
müzakirə edilir. Görülməsi nəzərdə
tutulan işlərdən
biri də ölçmə (SPSS)- obyektin
vəziyyətini uyğun
işarələrlə ifadə
etmək üçün
alqoritmik əməliyyatın
həyata keçirilməsidir”.
Bu il görülməsi
nəzərdə tutulan
işlər haqda danışan M.Mərdanov
deyib ki, bu il şöbə
tərəfindən ibtidai
təhsil səviyyəsində
müşahidə və
treyninqlərin davam etdirilməsi, qiymətləndirmə
standartları hazırlayan
işçi qrupları
üçün beynəlxalq
ekspertlər tərəfindən
treninqlərin keçirilməsi,
TIMSS və PIRLS beynəlxalq
qiymətləndirmə proqramının
əsas mərhələsinə
hazırlıq, baza məlumatının hazırlanması
nəzərdə tutulub.
Bununla yanaşı qiymətləndirmənin aparılması
üçün müvafiq
treninqlərin keçirilməsi,
nəticələrin emalı
və konsorsiuma göndərilməsi, oxu,
riyaziyyat, İKT üzrə
sualların hazırlanması,
sorğu anketlərinin
tərtibi, məktəb,
şagirdlərin seçimi,
toplanan məlumatların
kodlaşdırılması, xüsusi proqrama daxil edilməsi, nəticələrin təhlili,
ümumiləşdirilməsi və hesabatların hazırlanması planlaşdırılır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 19 mart.- S.10.