Azərbaycan səhnəsinin yeni Koroğlusunun debütü uğurlu olub

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası nümayiş etdirilib. Anşlaqla baş tutan tamaşada Koroğlu obrazında gənc vokalçı Ramil Qasımov ilk dəfə səhnəyə çıxıb. APA-nın məlumatına görə, bununla Akademik Opera və Balet Teatrı gənc istedadların böyük partiyalarda səhnəyə cəlb edilməsi istiqamətində növbəti layihəyə imza atıb. Ramil Qasımov bu rolda çıxış etməyi uşaqlıqdan arzuladığını dilə gətirib. Koroğlu obrazının ən gənc ifaçısı səhnəyə atın belində çıxıb. Səhnədə onun əsas tərəf-müqabilləri İlahə Əfəndiyeva və Şahlar Quliyev olub. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Tamaşanın sonunda tanınmış peşəkarlar Ramil Qasımovun ifasını yüksək qiymətləndiriblər və onu təbrik ediblər. 26 yaşlı Ramil Qasımov Koroğlu partiyasında bu vaxtadək çıxış edən ən gənc ifaçıdır.

 

 

525-ci qəzet.- 2011.- 29 mart.- S.7.