Türkiyədə Azərbaycan aşıqları və el şairləri antologiyası nəşr olunub

 

“DİLLƏN, TELLİ SAZIM” ADLI TOPLUNU ŞAİR MƏMMƏD İSMAYIL TƏRTİB EDİB

 

Bugünlərdə Türkiyənin Çanaqqala 18 Mart Universitetinin mətbəəsində şair Məmməd İsmayılın tərtib edib hazırladığı və Türkiyə türkcəsinə uyğunlaşdırdığı “Dillən, telli sazım” – Azərbaycan aşıqları və saz şairləri antologiyası” nəfis şəkildə çap edilib. Altı yüz qırx səhifədən ibarət olan kitabda ön söz, sazın yaradılış hekayəsi, aşıq və el şairlərimizin həyat hekayələri və şeirlərindən seçmələrə yer verilib.

Kitabın leytmotivini “Harda Türk var, orada saz, harada saz var, orada türk vardır” kəlamı təşkil edir. Nəşrin ön sözündə deyilir:

“Tanrı dağlarından, Monqolustan çöllərindən Anadoluya dallı-budaqlı Türklüyün mənəviyyat ağacı uzanır. Bu mənəviyyat ağacının kökləri Orhun çayının sahillərində, Altay və Himalay dağlarında, gövdəsi Orta Asiya bozqırlarında, Qafqazlarda, çiçək açan budaqları isə Anadoludadır. Amma köklər gövdəsiz, gövdələr budaqsız, budaqlar isə pöhrəsiz olmaz. Böyük irmaqlar kiçik çayların, bulaqların səsini, nəfəsini özündə yaşadıb yarınların ümid sahillərinə daşıdığı kimi, aşıqların sazlarında şərqdən qərbə yol gələn türkülər, bayatılar da eyni vəzifəni görmüşlər. Əslində bu türküləri oxumaqla adına Türk deyilən böyük bir ulusun sevinc və kədərinə, görüş və həsrətinə, qədər qovğalarına, itik və tapıntılarına şahid ola bilərsiniz. Türkülər keçdiyi əzablı və tozlu yolların üzüntülərini, qazandığı tale başarılarının qürur ifadə edən imkanlarını da özləri ilə birlikdə yaşadırlar. Türkülər Türklüyün xatirə mənbəyidir. Onlarda köç nəğmələrinə də rastlaya bilərsiniz, laylalara da, ayrılıq şərqilərinə də.

Bəlli olduğu kimi tarixin dolaşıq yollarında Türk boyları çeşitli həyat şərtləri altında öz adət və mədəniyyətlərini inkişaf etdirmişlər. Bu, millət olma yolunda çox önəmli bir gəlişmə idi. Türk ədəbiyyat və kültür anbarına hər boy əliboş gəlməmiş, öz duyğu və düşüncələriylə, səsləri və nəfəsləriylə qatılmışlar. Şifahi xalq ədəbiyyatında sıx-sıx rastladığımız varsağı, bayatı, mani, hoyrat vs. şeir növləri fikrimizin bir sübutu ola bilər. “Bayatı” şeir türü Azərbaycanda çox yayğındır:

 

Arazı ayırdılar,

Qan ilə doyurdular.

Mən yardan ayrılmazdım,

Zülm ilə ayırdılar.

 

Bu dördlükdə hardasa dörd yüz ilin tale nəfəsi vardır. Anadolu torpaqlarında Mingöl dağlarından baş alıp üzü geniş vadilərə doğru axan Araz çayı, Naxçıvandan keçib Azərbaycan torpaqlarını ikiyə ayıraraq əvvəlcə Kür nəhrinə, oradan da Xəzərə qovuşur. Tarixi olaylar səbəbiylə Türk dünyasının Anadolu, İran, Azərbaycan ayrılıq üçbucağını təşkil edən sərhəd çayı Araza hansı həsrət, ayrılıq bayatıları, maniləri, şərqiləri qoşulmadı ki! “Mən yardan ayrılmazdım, zülm ilə ayırdılar” sızısında tarixi, mənəvi, coğrafi qardaş ayrılıqlarına Azərbaycandan ucalan fəryadı duymamaq mümkün deyildi. Eyni ayrılıq duyğularını sərhədin o biri tərəfində – Anadoluda Qars aşıqlarının “Sərhət türküləri”ndən eşidə bilərsiniz:

 

Araz, Araz, Han Araz,

Min göldən kalkan Araz.

Al başımdan sevdanı

Xəzərdə çalxan Araz.

 

Səd, sərhəd tanımayan bu türkülər keçib gəldiyimiz çətin zamanlarda Türk ellərinin səsini-nəfəsini bir-birinə ulaşdırmaqda əvəsiz rol oynadı. Çeşidli coğrafiyalarda yaşamaq zorunda qalan Türklərin oluşdurduğu bu türkülər uzun zaman dilimində uzaqdan uzağa da olsa, xəbərləşmə vasitəsinə çevrilmişdi. Və qardaş ellərdən ucalan bu türküləri süngər kimi ac və təşnə ruhumuza içirdikcə yavaş-yavaş hafizəmizə – özümüzə dönüş başladı. Və anladıq ki, qardaş diyarından sərhədlər aşıb bizə ulaşan bu türkülər heç də yad deyil, sadəcə bir zamanlar bizə unutdurulan öz nəğmələrimizdir...

Azərbaycan Doğu və Batı Türklüyü arasında coğrafi yöndən bir körpü, mədəni yöndən bir qapıdır. Türkün maddi və mənəvi kültürünün bir parçası olan Azərbaycan aşıq gələnəyi də eyni missiyanı yerinə yetirmişdir. Azərbaycan aşıq ədəbiyyatının bir qolu Orta Asiyaya, digər qolu isə Anadoluya uzanır. Arayacaq olsaq hər iki coğrafi məkanın önəmli sənət ünsürlərini Azərbaycan aşıq ədəbiyyatında tapa bilərik... Qarsdan əsən sənət rüzgarları Azərbaycana, Azərbaycandan əsən sənət rüzgarları isə Anadoluya yayılmışdır... Beləcə, milli təfəkkür, şeri təfəkkürün, şeri təfəkkür isə milli təfəkkürün gəlişməsinə yardımçı olmuşdur. Harda saz var, orada Türk, harda Türk varsa, orda saz vardır. Qopuzdan, saza, bağlamaya uzanan yol böyük bir ulusun yaradılış və həyat hekayəsidir. Diqqətlə baxıldıqda saz açara bənzəyir, keçib gəldiyimiz şərəfli və çiləli tarixin açarına...”

Onu da qeyd edək ki, kitabda yer alan əsərlərin bir çoxu ilk dəfə işıq üzü görür. Bunun da əsas səbəbini M.İsmayılın tanış və dost olduğu XX əsr aşıq və el şairlərinin bir çox əsərlərini zamanında toplayıb yazıya almasında axtarmaq lazımdır. Antologiyada Qurbanidən günümüzə qədər yalnızca Azərbaycanda yox, Güneydə və Anadoluda yaşayıb aşıq sənətimizə töhfələr verən səksəndən çox aşıq və el şairinin əsərlərinə yer ayrılıb.

 

 

525-ci qəzet.- 2011.- 29 mart.- S.7.