Yalanın tarixi
Turqut Ərin uydurmalarının
arxasında kimlər və nələr dayanır?
Özümə güc gəlməli olsam da Turqut Ərin “Azadlıqdan tiranlığa” (kişinin oğlu bir gör, nə ad tapıb!) kitabını oxudum. Təvazökarlığı bir kənara qoyaraq, qeyd etməyi vacib bilirəm ki, Ərin təsvir etdiyi hadisələr haqqında özümü kifayət qədər məlumatlı hesab edirəm. Odur ki, oxuduqlarımla bağlı gəldiyim qənaətləri oxucularla bölüşməyə qərar verdim.
Düzünü desəm, məni bu geniş məqaləni yazmağa sövq edən heç də Turqut Ərin əsəri olmadı. Bu, ötən əsrin doxsanıncı illərinin əvvəllərində baş verən dramatik hadisələri və 1995-ci ildə XTPD-nin mart qiyamına dəstək verənləri bir daha yada salmaq istəyindən doğdu. Təəssüf ki, əksər vaxtlarda olduğu kimi bu hadisənin günahkarları da məsuliyyətdən yaxa qurtara bildilər. Bu gün onlar hər şeydən əvvəl tarixdə, əslində həqiqətdə olduqları kimi qeyri-adi hərəkət sahibi, başlıcası isə sui-qəsdçi kimi deyil, dürüst insan kimi qalmaq arzusundadılar. Əminəm ki, Turqut Əri əllərində oynadan, qocanı bu siyasi və tarixi dezinformasiya incisini yaratmağa ilhamlandıran da elə məhz həmin o insanlar, həmin o səhnəarxası oyunçular olub. Bu insanlar barədə hələ danışacağıq.
Hələlik isə oxuculara xatırladım ki, söhbətin əsasən getdiyi o doxsanıncı illərdə mən Rusiyanın bir sıra dövrü mətbuat orqanlarında xüsusi müxbir kimi fəaliyyət göstərir, həmçinin “Azadlıq” radiostansiyasının Rusiya xidməti ilə əməkdaşlıq edirdim. Bu səbəbdən mən demək olar ki, hər gün Prezident aparatının bu və ya digər yüksək çinli məmuru, müxalifət liderləri ilə əlaqə saxlayır, mütəmadi olaraq Heydər Əliyevin xarici qonaqlarla görüşlərində və danışıqlarında iştirak edir, həmçinin tez-tez onu xarici səfərlərdə müşayiət edirdim. Bundan əlavə 1990-cı illərin sonlarında mən İsa Nəcəfovla birlikdə əsasında 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri dayanan iki roman yazmışdıq ki, burada da Ərin öz kitabında ürək ağrısıyla və mərhəmət hissiylə müdafiə etdiyi həmin şəxslər təsvir olunmuşdu.
2003-cü ildən etibarən mən “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildli bioqrafik təhqiqat-romanım üçün material toplamağa başladım. Bu əsərin artıq dörd cildi işıq üzü görüb, bizim ölkəmizdə, həmçinin onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.
Bütün bu məqamları xatırlatmaqda yalnız bir məqsədim var ki, oxucu mənim T.Ərin təsvir etdiyi hadisələrlə bağlı kifayət qədər məlumatlı olduğuma və bu məsələlərdə sərbəst gəzişmələr edə biləcəyimə əmin olsun. Yəni, bu hadisələri ondan-bundan eşitməmişəm, necə deyərlər, işin içində olmuşam. Odur ki, tükü-tükdən seçə bildiyim kimi həqiqəti də böhtan və dezinfomasiyadan ayıra bilirəm. Turqut Ərin kitabının bizim ümumilli liderə qarşı dezinformasiya və açıq təhqirlərlə dolu böhtan olduğu şəxsən mənə müxalif mətbuatın ilk yazılarından aydın oldu. Mənə məlum oldu ki, bu kitabın məramı bizim yaxın tariximizi saxtalaşdırmaqdan ibarətdir. Bununla belə səbrimi basıb, insanın şübhəli şöhrət naminə hansı yollarla, haracan gedə biləcəyini özümə aydınlaşdırmaq üçün bu kitabı sonacan oxumaq qərarına gəldim.
Gəlin, məsələni sırayla çözələyək. Amma düzünü desəm, hətta nədən başlayacağımı belə bilmirəm. Çünki burada o qədər təhrif, faktoloji, mənəvi dəyərlər baxımından o qədər yalan var ki, sanki adam az qala özünü bataqlıqdakı kimi hiss edir.
Prinsipcə, bu 500 səhifəlik kitabda bizim ümummilli lider haqqında bir dənə də xoş söz deyilmir, nəyəsə, ən xırda məsələyə belə obyektiv qiymət verilmir. T.Ər öz yazısının təsvirində yalnız bir rəngdən – qaradan istifadə edir.
Məsələn, bizlər heyrətlə öyrənib bilirik ki, demə, Heydər Əliyev Bakıda və Moskvada keçirdiyi 50 illik xidməti karyerası boyu yalnız... özünə var-dövlət yığmaqla məşğul olub və 1990-cı ildə Naxçıvana qayıdarkən ikinci dəfə hakimiyyətə gəlmək üçün bu vəsaitdən istifadə edib. Daha artıq heyrət hissiylə öyrənib bilirik ki, demə, 1970-80-ci illər Azərbaycan tarixndə ziyalılar, alimlər, yazıçılar və şairlərə qarşı fiziki və mənəvi terrorun tüğyan etməsiylə xarakterizə olunur.
Bu deyilənləri məncə təkzib etməyin özü artıq bir işdir. Çünki Azərbaycanda orta və yaşlı nəsli təmsil edən hər kəs hakimiyyət zirvəsində olarkən Heydər Əliyevin necə adi həyat tərzi keçirdiyini, korrupsiya və rüşvətxorluğun bütün təzahürlərinə, vəzifəsindən sui-istifadə edənlərə və s. qarşı necə amansız olduğunu yaxşı bilir. Yalnız onun özünün deyil, komandasının bir çox üzvlərinin də sadəliyi, dünya malında gözlərinin olmaması barədə indinin özündə də danışırlar. Danışırlar nədir, kitablarım üçün material toplayarkən mən keçmiş sovet partiya elitasının bir sıra yüksək çinli üzvləri –daxili işlər nazirləri, ali məhkəmənin sədrləri, MK-nın katibləri ilə görüşərkən, onların mənzillərində olub bu günün özündə necə yaşadıqlarını öz gözlərimlə görmüşəm. Bu insanlar Ərin yazdığı kimi özlərinə çoxotaqlı mənzillər, mülklər qura bilməyiblər. Hətta çoxlarının Abşeronda bağı belə yoxdur. Əvəzində onların bu gün də üstündə əsdikləri bir qazancları var ki, bu da onların təmiz, ləkə götürməyən adlarıdır.
Heydər Əliyevin ziyalılara, ümumiyyətlə, ədəbiyyata və incəsənətə münasibətinə gəlincə, T.Ərə məsləhət görərdim ki, dərin rəğbət bəslədiyi Əbülfəz Elçibəyin “Deyirdim ki, bu quruluş dağılacaq” (Bakı, 1992-ci il.) kitabını oxusun. Azərbaycanın eks-prezidentinin fikrincə, Azərbaycan xalqının vətənpərvərlik və azadlıqsevərik hisslərinin oyanışında və inkişafında 1960-70-ci illər ədəbiyyatı böyük rol oynayıb. Və o, qeyd edir ki, Heydər Əliyev bu yazıçılara “liberal” yanaşırdı. Elçibəy yazır: “Hələ üstəlik, Əliyev əvvəl tənqid etdiklərini, sonra müdafiə etdi, onlara vəzifə, Sosialist Əməyi Qəhrəmanı adı və s. verdi. Bununla da o, “Azərbaycanda düşmən mövqe tutan millətçilərin olması” barədə söhbətlərə son qoydu. Yəni, ümumi atmosferi yumşaltdı”.
Elçibəy etiraf edir ki, XX əsrin 70-ci illərində KP MK-nın birinci katibinin iki önəmli hərəkətindən sonra onun Heydər Əliyevə olan münasibəti dəyişib. “Birincisi, onun dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin müəlliflərini, azərbaycanlı dilçi-alimləri Dövlət mükafatına layiq görməsi oldu. Bu mükafatın verilməsi Azərbaycan dilçilərinin nüfuzunun artması demək idi. Axı, millətin dünyagörüşünün inkişafı məhz dilçilərin səyləri ilə başlanmışdı. Bu mənada, həmin mükafatın böyük faydası oldu. Bundan sonra bizim dilimizin əhatə dairəsi genişləndi. Bu da çox təbii idi. O vaxtlar axı, hansısa sahənin işçiləri əgər yüksək dövlət mükafatına layiq görülürdüsə, burada inkişaf baş verirdi.
Bu, Heydər Əliyevin zəhməti idi. İkincisi, onun Ziya Bünyadovu “Azərbaycanda Atabəylər dövləti” kitabına görə, dövlət mükafatı ilə təltif etməsi oldu. Bir vaxtlar Ziya Bünyadova “millətçi”, “şovinist” adıyla müxtəlif damğalar vurulurdu. O isə bu addımıyla alimi hardasa bütün hücumlardan qorudu. Yəni, siz ermənilər həmişə Ziyaya “millətçi” deyirdiniz, amma indi baxın, sizin qarşınızdakı o adam Dövlət mükafatı laureatıdır. Bir vaxtlar Heydər Əliyev özü də Ziya Bünyadovu tənqid etmişdi. Və ermənilər də bundan istifadə edərək yazırdılar ki, hətta Azərbaycan KP MK-nın birinci katibi də onun yazdıqlarını tənqid edir. Onlar da bundan yapışaraq Ziya ilə mübarizə aparırdılar. Həmin o mükafatın təltifindən sonra isə ermənilər yazırdılar ki, əgər Heydər Əliyev millətçi Bunyadova dövlət mükafatı veribsə, deməli, o özü də millətçidi”.
Heydər Əliyevdən bəhs edən çoxcildli romanımın ikinci kitabında mən o dövrlərin şahidi olmuş həmin o yazıçıların, elm adamlarının, ziyalı zümrəsinin çoxsaylı şəhadətlərindən nümunələr verdim. Hansı ki, onlar T.Ərdən fərqli olaraq, hesab eləyirdilər ki, Heydər Əliyevin sovet dövründə respublikaya rəhbərliyi zamanı Azərbaycanın mədəni-mənəvi həyatında əsl intibah baş verib, MK-nın birinci katibi özü isə müəyyən müddət od ilə su arasında manevrlər etmək məcburiyyətində qalmış əsl dissident olub.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına təkan verən hadisələr isə bəsit olduğu qədər, həm də birtərəfli təsvir edilir. T.Ər 1992-1993-cü illərdə Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrlərdə respublikamızda yaranmış gərgin və kifayət qədər dramatik vəziyyətin (müəyyən obyektivlik görüntüsü yaratması üçün o, dilucu da olsa AXC rəhbərliyinin səhvlərini və yanlış siyasətini xatırlatmalıydı) təhlilinə azca da olsa cəhd etmir. T.Ərin kitabında hər şey, guya sabiq DTK generalının planlaşdıraraq uğurla həyata keçirdiyi elementar qiyam kimi izah olunur. Üstəlik, sən demə, Rusiya hərbçiləri gedərkən onun üçün saxladıqları silah-sursatı təyyarələrlə Gəncəyə göndəribmiş. Ki, guya gələcək qiyama hərbi dəstək üçün. And içirəm ki, bundan da səfeh heç nə düzüb-qoşmaq olmaz! Həmin aylarda və illərdə Naxçıvanda çox güclü mövqedə olan “cəbhəçilər” Heydər Əliyevin hər addımına nəzarət edirdilər. Əgər o, Surətə bircə təyyarə silah göndərsəydi, bu barədə hökumətyönümlü KİV-lər dərhal hay-küy qaldırardı. O vaxt silah döyüşən Naxçıvanın özünə hava-su kimi lazım idi. Müxtəlif yerlərdən çox çətinliklə də olsa aldıqları silah-sürsatları vətənpərvər naxçıvanlılar çarter reysilə blokadada olan muxtar respublikaya göndərirdilər. Bu işlərin əlaqələrdiricisi isə o vaxtkı “Əlincə” cəmiyyəti idi.
1993-cü il hadisələrini təsvir edərkən Turqut Ər bəsitcəsinə bunu Naxçıvan Ali Məhkəməsinin spikeri tərəfindən Elçibəyə qarşı hazırlanmış qəsd kimi xarakterizə edir. Yeri gəlmişkən, bu qəsdə Heydər Əliyevin aldatdığı Qərb, həmçinin Rusiya rəhbərliyi də cəlb olunubmuş. Bundan başqa Ərin sözlərinə görə H.Əliyev hətta milli azadlıq hərəkatının bəzi liderlərini də “öz toruna” sala bilibmiş. Qərb və Rusiya ilə bağlı bu cür qəti mühakimə yürütməyə mən ehtiyat edərdim. Qərb keçmiş SSRİ liderlərindən birinin hakimiyyətə gəlişini heç də sevinclə qarşılamazdı. Yadımdadı, mən “Azadlıq” radiosuna Azərbaycanın cənubunda baş verən hadisələrlə bağlı reportaj hazırlayarkən kifayət qədər açıq-aşkar H.Əliyevin və qanuni hakimiyyətin tərəfini saxlamışdım. Dərhal radiostansiyanın Moskva bürosundan mənə zəng gəldi: “Yadında saxla ki, biz heç vaxt keçmiş DTK generalını müdafiə edə bilmərik”. Üstündən bir neçə il keçəndən sonra Qərb öz mövqeyini dəyişərək Heydər Əliyevi müstəqil respublikanın prezidenti kimi qəbul etdi. Heydər Əliyevi məhz Azərbaycan Respublikasının müstəqillyini və milli maraqlarını hamıdan daha ustalıqla qoruya bildiyinə görə qəbul etdi və tanıdı. Rusiyaya gəlincə, bu ölkənin Boris Yeltsinin simasında ali rəhbərliyi də həmçinin Heydər Əliyevin ikinci zühurunun açıq-aşkar əleyhinə idi. Belə ki, bu iki liderin arasında çox mürəkkəb münasibətlər mövcud idi. Bir vaxtlar hətta Yeltsin Əliyevi istefaya göndərmək üçün Qorbaçovu yola gətirə bilməsinə görə qürrələnirdi (B.Yeltsinin “Verilmiş mövzu barədə etiraf” kitabına bax).
Amma məncə, ən əsası bu başa bəla yazıçının öz kitabında ağlına gəlməyən bir məsələdi. Nədən axı, Surət Hüseynov onun bu “qiyam” planını belə asanlıqla həyata keçirə bildi? Romanımın bu yaxınlarda işıq üzü görəcək beşinci kitabından bir nümunə gətirmək istərdim. Mərkəzi (Moskva) televiziyanın keçmiş xüsusi müxbiri Mais Məmmədov qiyamçı polkovnikdən ilkin müsahibə alanlardan olmuşdu. O zaman ondan soruşmuşdu: “Siz heç olmasa anlayırsınızmı ki, bu hərəkətləriniz əgər yumşaq desək qanuna ziddir?”
Surət Hüseynov cavabında, – “Anlayıram” demişdi. Və əlavə etmişdi: “Amma xalq belə istəyir”.
Həqiqətən də xalqın istəyi olmadan hansısa bir qiyam heç vaxt baş tuta bilməz. 1992-ci ilin 24 oktyabrında Naxçıvanda cəbhəçilərin DİN-in, televiziyanın binasını tutub Heydər Əliyev üçün Salvador Alyende variantı hazırlayaraq təşkil etdikləri çevriliş nə səbəbə baş tutmadı? (T.Ər öz kitabında bu məqamı xatırlatmağı lazım bilmir. Çünki həmin günlərdə onun Elçibəy başda olmaqla digər kumirləri o qədər də xoş, abırlı təsir bağışlamırdılar.)
Niyə
1994-cü ilin oktyabrında çevriliş cəhdi baş
tutmadı. Niyə
1995-ci ilin martı alınmadı?
Çünki bütün bu
hallarda hakimiyyət dəyişikliyini xalq yox, bir dəstə
qiyamçı istəyirdi. Bu səbəbdən də
onların bütün cəhdləri uğursuzluğa məhkum
idi.
Ərin kitabında rast gəldiyimiz
daha bir açıq-aşkar yalana diqqət yetirək. O
yazır ki, Heydər Əliyev parlamentin spikeri seçiləndən
dərhal sonra (hələ Elçibəyin paytaxtdan
qaçmadığı dövrdə) hərbi birləşmələri
cəbhə xəttindən geri çağıraraq,
onları Elçibəy hakimiyyətinə qarşı qoydu.
İstedadsız cızma-qaraçı məncə burda sadəcə
olaraq, tarixləri səhv salıb. Bu hadisələrdən bir
qədər əvvəl belə bir biabırçı fakt Azərbaycan
tarixində həqiqətən də olmuşdu. 1992-ci ilin
baharında AXC ilə A.Mütəllibovun
qarşıdurması zamanı Ermənistanla sərhəd ərazilərdəki
hərbi dəstələr Xalq Cəbhəsinin rəhbərliyi
tərəfindən paytaxta çağırılmışdı.
Çingiz Mustafayevin çəkdiyi məşhur kadrları
hamı yaxşı xatırlayır. Operator
torpaqlarımızı ermənilərdən qorumaq əvəzinə
İ.Qəmbərin, İ.Həmidovun və onların məsləkdaşlarının
hakimiyyəti ələ alması üçün geri,
Bakıya istiqamət alan hərbi texnikanın, tankların və
zirehli maşınların qarşısını kəsməkdə
aciz idi. Deməli, cənab Ər, yaxşı olardı ki, Əlinin
papağını Vəlinin başına qoymayasan. Öz rəqibləriylə
mübarizədə hərbi qüvvədən istifadə edən
Heydər Əliyev yox, məhz Elçibəyin komandası
olub. Onlar bir il sonra Sürət qarşıdurması
zamanı da bundan istifadə etməyə hazır idilər.
Sadəcə olaraq, artıq o vaxt onları daha eşidən
yox idi. Bu barədə Ər özü də bəlağətli
sözlərlə şəhadət verir. O, o qədər
bayağıdı ki, sözün hərfi mənasında hər
səhifədə özü-özünün ziddinə gedir.
İlk öncə Elçibəyin sözləriylə
yazır ki, bəs o, hakimiyyətini qoruyub saxlamaq
üçün güc faktorundan istifadə edə bilərdi,
amma öz vətəndaşlarının
ölümünü istəməməsi üçün
polisə və əsgərlərə belə bir əmr vermək
istəmədi. Əvvəla, Gəncədə Sürət
Hüseynovun tərəfdaşlarının kazarmasına
hücum əmri, hər halda, elçibəyçilər tərəfindən
verilmişdi ki, məhz elə bunun nəticəsində də
bütün bu qarışıqlıq yarandı.
İkincisi,Turqut Ər özü də şəhadət verir
ki, S.Hüseynovun Bakıya silahlı
yürüşünün qarşısını kəsmək
məqsədilə məsələyə
qarışmaları üçün Elçibəy o vaxt
Nasosnıda yerləşdirilmiş Türkiyə hərbçilərinə
müraciət etməyə hazır idi (və etmişdi də.)
Amma türklər Elçibəyin müraciətini dəstəkləməyərək
bu məsələdə neytrallıqlarını saxlamağa
üstünlük vermişdilər.
Turqut Ər Elçibəyin
hakimiyyəti dövründə onların Azərbaycanın
daxili işlərinə necə açıq-aşkar və
sinikcəsinə qarışmalarını təsvir etməklə
özünü və Türkiyə səfirliyindəki əməkdaşları
ifşa edir. Məsələn, Ər yazır ki, demə,
prezident Kələkiyə qaçan zaman “biz dostlarla müdafiə
naziri Dadaş Rzayevin kabinetində idik (?!)... Nazir dedi:
“Heç kəs yerindən tərpənməyəcək.
Xalqın müqavimət hissi qırılıb. Bir əsgər
də əmrə tabe olmayacaq”. Elçibəy Nasosnıda azərbaycanlı
əsgərlərə təlim keçən 100 türk hərbçisinin
məsələyə qarışması xahişilə
Türkiyə səfirliyi ilə telefon əlaqəsi yaratmaq
istəyirdi. Amma onun zənglərinə cavab verən
olmadı. Bu dövrlərdə Kasif Kazınoğlu adlı
bir türk hərbçisi prezidentin müdafiə alayında
təlimlər keçirdi.(?) O, bizim qərar tutduğumuz
müdafiə nazirinin kabinetinə zəng vurub dedi: “Qardaş,
siz orada nə eləyirsiniz? Dərhal oranı tərk edib
mehmanxanaya qayıdın”. Beləcə, biz başa
düşdük ki, Türkiyə daha Elçibəyi dəstəkləmir”.
T.Ərin kitabından olan bu
hissə Elçibəyi Türkiyə siyasilərinin,
diplomatlarının və hərbçilərinin nə qədər
təsiri altında olduğundan xəbər verir. Onlar hakimiyyətin
bütün dəhlizlərinə elə dərin nüfuz
etmişdilər ki, Türkiyə səfirliyini mətbuat xidmətinin
rəhbəri “dostlarıyla” birlikdə heç bir maneəsiz-filansız
müdafiə nazirinin kabinetində qərar tutur, ölkə
prezidentinin təhükəsizliyinə rəhbərliyi də əslində
Türkiyə hərbçiləri həyata keçirirdilər.
Hakimiyyət dəyişikliyini onların nədən belə
ikrahla qarışmaları gün kimi aydındır. Axı,
onlar burada belə əhəmiyyətli fiqur olmağa artıq
öyrəşmişdilər, indi isə birdən-birə
ikinci, bəlkə də üçüncü plana
keçirdilər.
Turqut Ər öz
kitabında anlaşılan xiffət hissiylə Elçibəy
hakimiyyəti dövrünü xatırlayır. Yazır ki,
bax onda tamam başqa məsələydi. Çünki Ərin
açıq-aşkar etiraf etdiyi kimi “Elçibəy
türkçü, turançı, Atatürkün əsgəri
idi. O, Türkiyəni beynəlxalq səviyyəli bütün
məsələlərə qatırdı. O, Türkiyə ilə
razılaşdırılmadan heç nəyə qol çəkmirdi
(seçmə bizimdir – E.A.)
Bax, ipin ucu burada
görünür. Turqut Ər və onun kimilərini
qayğılandıran Azərbaycanın maraqları deyildi.
Onları təşvişə salan yalnız bir şey idi:
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə gənc
Azərbaycan Respublikasının siyasətində və
iqtisadiyyatında Türkiyənin hədsiz-hüdudsuz
ağalığına son qoyulacaq.
Ərin kitabında Heydər
Əliyev haqqında elə hörmətsiz və düşmən
mövqedən bəhs olunur ki, sanki söhbət güclü
siyasi liderdən deyil (hətta onu sevməsən belə),
hansısa bir buyruqçudan gedir. Ər əmin etmək istəyir
ki, Əliyevi hakimiyyətə gətirən əsas qüvvə,
onun sovet dönəmində Bakıda ərsəyə gətirdiyi
köhnə kommunist qvardiyası olub. Həm də, yeri gəlmişkən,
bəs, Heydər Əliyev hakimiyyətə gəlişindən
dərhal sonra guya sürətlə Elçibəyin
kadrlarını dövlət orqanlarından təmizləməyə
başlayaraq, öz şəxsi komandasını yaradıb.
Əvvəla, köhnə
qvardiya barədə 1992-1993-cü illərin ətraflı
araşdırıcısı kimi tam məsuliyyətlə təsdiqləyə
bilərəm ki, H.Əliyevin hakimiyyətə
qayıdışında köhnə qvardiyanın heç bir
rolu olmayıb. Üstəlik, yaxın dairələrlə
söhbətlərində o, keçmiş yüksək
çinli partiya funksionerlərinin əksəriyyətinin ona
naxələf çıxdıqlarını və odur ki, daha
onlarla işləmək istəmədiyini demişdi. Əslində,
heç onlar özləri də bu dəyişmiş zəmanənin
siyasi-iqtisadi gerçəklərinə uyğun gəlmirdilər.
İlk öncə Əliyevin yeni, formalaşmış bir
komandası yox idi və odur ki, o, Elçibəyin
kadrlarına öz postlarında qalmaları təklifi ilə
müraciət etdi. O, onların arasında işinin peşəkarı
olanlarla işləməyə hazır idi. Amma onlar etiraz əlaməti
kimi fəaliyyətlərini “donduraraq” dövlətin yeni
başçısıyla əməkdaşlıqdan imtina etdilər.
Bu faktları biz hamımız yaxşı
xatırlayırıq. Ola bilsin, o vaxt yaşları çox az
olan indiki gənclərin yadında qalmaya. Yəqin elə
Turqut Ər də öz əfsanələrini məhz onlara
xitabən düzüb qoşur.
Ər bir islaholunmaz tiran kimi Əliyevin
rəsmini çəkir. Bəs demə,o, öz hakimiyyətinin
ilk aylarında bütün narazıları türmələrə
basıbmış. Yazır ki, bəs polis, əlində
heç bir əsas olmadan gecələr dinc sakinlərin evlərinə
soxularaq onları DTK-nın soyuq zirzəmilərinə
daşıyırmış. O, işgəncələrə məruz
qalmış yüzlərlə (?!) müxalifətçidən
bəhs edir. Demə, sonra onların meyitləri də Nargin
adasına aparılırmış. Yazır ki, küçələrdə
yenidən unudulmuş polislər peyda oldular və insanlarda xof
hissləri yenidən baş qaldırdı.
Zavallı, Ər, Heydər Əliyevə nifrətindən başında hər şey bir-birinə qarışıb və o, 37-ni 93-lə səhv salıb. İşdi-şayəd, əgər DTK-nın “ zirzəmisində” yüz nədi, bir, yaxud iki Xalq Cəbhəsi fəalı öldürülsəydi, onlar bütün dünyaya elə car çəkərdilər ki, bütün beynəlxalq agentliklər və hüquq-müdafiə təşkilatları ancaq bundan yazardı. Bəli, həddini aşmış “cəbhəçi” fəallardan bəzilərini həqiqətən də saxlamaq lazım gəlmişdi, özü də tamamilə qanuni əsaslarla. Axı, hətta 26 Bakı komissarları xiyabanının yanında yerləşən Xalq Cəbhəsinin mənzil-qərargahının özündə belə silah-sürsat ambarı aşkar olunmuşdu. Ayrı-ayrılıqda hər biri şəxsi hərbi birləşmələrə malik olan keçmiş hakimiyyət nümayəndələrini tərki-silah edincə, respublika hüquq-mühafizə orqanları çox çalışmalı oldu. Və Əliyevin deyil, Elçibəyin vaxtında insanlar axşamlar küçələrə çıxmağa qorxurdular. Çünki həmin birləşmələr tez-tez öz aralarında baş verən məsələləri silah gücüylə çözürdülər və bu zaman güllə hara gəldi yağdırılırdı. Yadımdadı, mən atamın məzarını ziyarət etmək üçün bir neçə il doğma Masallıma getməyə ürək eləmədim. Çünki saqallılar yolları kəsib dinc sakinlərin maşınlarını saxlayaraq onları qarət edirdilər.
Turqut Ər Heydər Əliyevi gecə yarıya qədər prezident sarayında, yaxud öz iqamətgahında oturub öz rəqiblərinə tor quran xırda bir intriqaçı kimi qələmə verməyə cəhd edir. Doğrudan da hər kəs öz arşınıyla ölçür. Həqiqətən də Heydər Əliyeviç özünü işə qurban vermişdi, həqiqətən də demək olar ki, səhərə qədər kabinetində olurdu, amma o, öz məsləkdaşlarıyla tamam başqa məsələləri müzakirə edirdi: xalqı necə yedirtməli, çörək növbəsini necə ləğv etməli (cəbhəçilər bir gör, ölkə iqtisadiyyaitını nə günə qoymuşdular!), AXC-yə məxsus olan və açıq-aşkarcasına bütün hərbi əmrləri qulaqlarına vuraraq, cəbhə xəttində qarmaqarışıqlıq yaradan qeyri-qanuni hərbi birləşmələri necə həll etməli və nəhayət, müharibəni necə saxlamalı. İntriqa yaradan o yox, onun rəqibləri idi. Onlar hər vəchlə onu hakimiyyətdən kənarlaşdırmağın müxtəlif variantlarını planlaşdırırdılar. Bu planlara hətta onun cismani məhvi də daxil idi. Yadımdadı, H.Əliyevin hakimiyyətə gəlişindən az sonra mərasimlərdən birində Xalq Cəbhəsinin liderlərindən biri mənə yaxınlaşıb, ora-bura boylanaraq, soruşdu: “Deyirlər, Heydər Əliyev xəstədi, hə?” Mən çiyinlərimi çəkib “Yox onun sağlamlığı qaydasındadı”, – dedim. Öz-özlüyümdə isə düşündüm ki, özlərinə siyasətçi deyən bu insanlar necə də yazıqdılar. Çünki onların rifahı rəqibin sağlıq durumundan asılıdı.
Ardı gələn
sayımızda
Elmira AXUNDOVA,
Yazıçı-publisist
525-ci qəzet.- 2011.- 29 mart.- S.4.