“Ermənilərin
törətdiyi soyqırımın
qurbanı – Bağanıs
Ayrım” kitabı Türkiyə türkcəsində
çap edilib
Millət vəkili,
siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə
Paşayevanın və “Şərq” qəzetinin baş
redaktoru Akif Aşırlının həmmüəllifi
olduğu “Ermənilərin törətdiyi
soyqırımın qurbanı – Bağanıs Ayrım”
kitabı Türkiyə türkcəsində çap edilib. Kitab
erməni silahlı birləşmələrinin keçmiş
sovet ordusunun köməyi ilə 1990-cı il martın 23-dən
24- nə keçən gecə Qazax rayonunun Bağanıs
Ayrım kəndində törətdikləri soyqırım faktlarından
bəhs edir. Qeyd edək ki, kitab 2010-cu ildə ingilis dilində
çap edilərək bir sıra xarici ölkələrdə
yayılmış və maraqla
qarşılanmışdır. Türkiyə türkcəsində
nəşr olunmuş “Ermənilərin törətdiyi
soyqırımın qurbanı – Bağanıs Ayrım”
kitabının yaxın vaxtlarda Türkiyənin bir sıra
şəhərlərində təqdimatı keçiriləcəkdir.
Bundan sonra kitablar bu ölkənin millət vəkillərinə,
ictimai-siyasi xadimlərinə, KİV-nə, qeyri-hökumət
təşkilatlarına, universitetlərə və kitabxanalara
paylanılacaqdır. Kitabda 1990-cı il martın 24-də erməni
silahlılarının keçmiş sovet ordusuna məxsus hərbi
texnikadan, müasir silahlardan istifadə edərək
Bağanıs Ayrım kəndinə hücum etməsindən,
mülki əhalinin insanlığa sığmayan işgəncələrlə
qətlə yetirilməsindən, diri-diri ocaqda
yandırılmasından bəhs olunur. Bağanıs Ayrım
kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən
gecə qabaqcadan təşkil edilən plan əsasında
hücuma məruz qalıb və martın 24-ü səhər
saatlarında ermənilər tərəfindən işğal
olunub. İşğal zamanı kəndin əli silahsız,
günahsız əhalisinə qarşı tarixdə
görünməmiş divan tutulub. Onlarla insan qətlə
yetirilib və yaralanıb. Kənddə həmin gün 17 ev
qumbaraatanla dağıdılıb, 11 ev isə quldurcasına
qarət edilib. Faciə zamanı Əsliyevlər ailəsinin 5
üzvü işgəncələrlə qətlə
yetirildikdən sonra üstlərinə benzin tökülərək
yandırılıb. Alməmməd Məhərrəmov həyətindəki
ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Qətlə
yetirilən insanların böyüyü 75 yaşında Dədəş
Əsliyev, ən kiçiyi isə beşikdə olan 39
günlük Hafiz olub. Bağanıs Ayrım kəndi
1990-cı il avqust ayının 20-də Ermənistan hərbi
birləşmələri tərəfindən tamamilə
işğal edilib və yandırılıb. “Ermənilərin
törətdiyi soyqırım qurbanı – Bağanıs
Ayrım” kitabında burada törədilmiş soyqırım
faktlarını oxuculara çatdırır. Qeyd edək ki,
kitabda əksini tapan faktlar istintaq materiallarından
götürülüb. Kitabda müəlliflərin
soyqırımın şahidləri ilə söhbətləri
və şahidlərin xatirələri öz əksini
geniş şəkildə tapmışdır. Kitabın
baş məsləhətçisi, Azərbaycan
Respublikasının Baş prokurorunun müavini,
respublikanın hərbi prokuroru Xanlar Vəliyevdir. Kitabın
çap olunmasında məqsəd beynəlxalq ictimaiyyəti
ermənilərin Azərbaycanın Dağlıq Qarabağ
bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla
həmsərhəd olan digər bölgələrində
(Qazax rayonunda) törətdikləri
işğalçılıq və soyqırım siyasəti
barədə daha geniş məlumatlandırmaqdır:
Kitabın həmmüəllifi, millət vəkili
Q.Paşayeva bu barədə öz fikirini daha dəqiq və
konkret ifadə edir: “Kitab vasitəsilə dünyaya
Bağanıs Ayrım soyqırımını
çatdırmaq istəyirik. Çünki bəzən elə
təsəvvür yaranır ki, Ermənistan təkcə
Qarabağ və ətraf rayonlarda soyqırım törədiblər.
Lakin Ermənistan dövləti, onun silahlı qüvvələri
Qazax rayonunun yeddi kəndini işğal ediblər. Bu kitabda erməni
vandalizmi konkret sənədlər, faktlar və fotomateriallarla
sübut olunur”.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2011.- 29 mart.- S.2.