Nəriman Həsənzadənin
“Seçilmiş əsərləri”nin təqdimatı olub
80 YAŞI TAMAM OLAN XALQ ŞAİRİ HAQQINDA HAZIRLANAN “NƏRİMAN
HƏSƏNZADƏ” ELEKTRON MƏLUMAT BAZASI DA TƏQDİM
EDİLİB
Ötən gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada müasir Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, xalq
şairi Nəriman Həsənzadənin anadan
olmasının 80 illik
yubileyi ilə əlaqədar şairin yeni çapdan çıxmış “Seçilmiş
əsərləri”nin və
Milli Kitabxana tərəfindən hazırlanan
“Nəriman Həsənzadə”
adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, müasir Azərbaycan poeziyasında
şair Nəriman Həsənzadənin xüsusi
yeri olduğunu qeyd edib, onun
xalq tərəfindən
dərindən sevildiyini,
geniş tanındığını
bildirib.
Mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev Nəriman Həsənzadənin yaradıcılığından,
poeziyasının xüsusiyyətlərindən
danışıb: “Nəriman
müəllim müasir
Azərbaycan poeziyasında
özünəməxsus yeri
olan bir şairdir. Onun şeirlərində hər zaman səmimiyyət, təbiilik
əks olunur. Nəriman müəllimin əsərlərində
mənim diqqətimi hər zaman bir cəhət də cəlb edib. Onun əsərlərində qadına münasibət xüsusi bir incəliklə qələmə
alınıb. Bu da, sözsüz ki, yaradıcı insanın daxilində olan ülvi hisslərdən xəbər
verir”. Şairin həyat və yaradıcılığı barədə
daha geniş şəkildə AMEA-nın
müxbir üzvü,
millət vəkili, professor Nizami Cəfərov danışıb.
Alim yubilyar şairin ədəbi fəaliyyətindən, poeziya
aləmindən, ziyalı
mövqeyindən və
ictimai sahədəki fəaliyyətindən ətraflı
söz açaraq, fikrini bu cümlə
ilə ümumiləşdirib:
“Nəriman Həsənzadə
haqqında danışmaq
ümumən müasir
Azərbaycan poeziyası
haqqında danışmaq
deməkdir”.
Aşıqlar Birliyinin sədri,
xalq şairi Zəlimxan Yaqub Nəriman Həsənzadənin
öz gözəl, nəcib şeirləri ilə insan qəlbinə rahatlıqla
yol tapa bildiyini, şeirlərində
həyatın hər üzünə toxunduğunu
qeyd edib. Akademik Budaq Budaqov, şairlər Ənvər Əhməd, Vaqif Bəhmənli, tənqidçi Rüstəm
Kamal və başqaları Nəriman Həsənzadə yaradıcılığından
rəğbətlə bəhs
edib, onun bir şair və
şəxsiyyət kimi
daşıdığı məziyyətlərdən
danışıblar. Sonra Milli
Kitabxana əməkdaşlarının
hazırladığı elektron
məlumat bazası tədbir iştirakçıları
üçün nümayiş
etdirilib. Təqdim olunan
elektron məlumat bazasında xalq şairinin həyat və yaradıcılığı
haqqında məlumat,
onun öz əsərləri və haqqında yazılanlar, görkəmli insanların
yubilyar haqqında söylədikləri fikirlər,
şeirlərinə bəstələnmiş
musiqilər, fotoşəkillərdən
ibarət qalereya öz əksini tapıb. Tədbirdə xalq artistləri
Laləzar Mustafayeva və İlham Əsgərovun ifasında
Nəriman Həsənzadənin
şeirləri səslənib
və dinləyicilər
tərəfindən rəğbətlə
qarşılanıb.
Sonda söz yubilyara
verilib. Xalq şairi ona
göstərilən diqqətə,
yaradıcılığına verilən yüksək qiymətə görə hər kəsə minnətdarlığını bildirib, elektron məlumat bazasının hazırlanmasına görə
Milli Kitabxananın kollektivinə təşəkkürünü
çatdırıb.
GÜNEL
525-ci qəzet.-
2011.- 30 mart.- S.7.