31 Mart soyqırımının qurbanları
Naxçıvan Dövlət
Universitetində anılıb
Naxçıvan Dövlət Universitetinin
(NDU) Beynəlxalq münasibətlər
və xarici dillər fakültəsində
31 mart Azərbaycanlıların soyqırımı gününə
həsr olunmuş elmi konfrans keçirildi. Əvvəlcə soyqırım qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə giriş nitqi ilə çıxış edən
NDU-nun rektoru, akademik İsa Həbibbəyli soyqırımlar tarixinə
nəzər salaraq bildirdi ki, mənfur
qonşularımız tərəfindən
dəfələrlə – 1905-1906, 1918-1920,
1948-1953 və 1988-1989-cu illərdə
xalqımıza qarşı
xüsusi amansızlıqla
kütləvi qətliamlar,
soyqırımlar törədilib
və deportasiyalar həyata keçirilib. Nəticədə xalqımız
ağır məhrumiyyətlərə
və məşəqqətlərə
məruz qalıb, soydaşlarımız indi
Ermənistan adlandırılan
ərazidən, min illər
boyu yaşadıqları
tarixi torpaqlarından didərgin salınıb, xalqımıza məxsus tarixi mədəni abidə, məscidlər və yaşayış məskənləri dağıdılıb,
viran edilib. Rektor, xalqımızın tarixinə
qara hərflərlə
yazılmış bu hadisələrin bir daha təkrarlanmaması və yaddaşlara əbədi həkk olunması üçün
bu istiqamətdə səyləri əsirgəməməyi,
gənc nəsillərin
maarifləndirilməsi və
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
işində gücləri
səfərbər etməyə
səslədi.
“Heydər
Əliyev və Azərbaycanda soyqırım
tarixinə ümumdövlət
münasibəti” adlı
məruzə ilə çıxış edən
Ümumi tarix kafedrasının baş müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Məmməd Əliyev Azərbaycan xalqına qarşı törədilmiş
qətliamlara gerçək
hüquqi qiymətin məhz ümummilli lider Heydər Əliyevin ölkəyə
rəhbərliyi illərində
verildiyini və ulu öndərin 27 mart
1998-ci il tarixli fərmanı ilə bu günün anılmasını rəsmiləşdirdiyini
vurğuladı.
“XX əsrin
sonlarında ermənilərin
azərbaycanlılara qarşı
soyqırım siyasəti”
mövzusunda çıxış
edən Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Elçin Zamanov tarixi həqiqətləri
real faktlarla konfrans iştirakçılarının diqqətinə çatdıraraq
dedi ki, XX əsrdən başlayaraq təkcə bu gün Ermənistan adlanan ərazi deyil, həmçinin Bakı quberniyasının
Bakı, Şamaxı,
Quba şəhəri,
Göyçay qəzalarında,
Qarabağda, Zəngəzurda,
Naxçıvanda da vaxtaşırı xalqımıza
qarşı qırğınlar,
talanlar, yanğınlar,
terror və digər zorakılıq aktları həyata keçirmiş ermənilər əsassız
ərazi iddialarını
bu gün də irəli sürməkdə davam edirlər. Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi ixtisası
üzrə magistraturanın
I kurs müdavimi Elnur Kəlbizadənin
“1918-1920-ci illərdə Naxçıvanda
azərbaycanlılara qarşı
soyqırım” adlı
məruzəsində Naxçıvanın
müxtəlif bölgələrində
erməni vandalları
tərəfindən törədilmiş
soyqırım faktları
diqqətə çatdırıldı.
Tədbirdə soyqırımla bağlı
slayd nümayiş olundu.
Nərmin CƏFƏROVA,
NDU-nun mətbuat şöbəsinin
əməkdaşı
525-ci qəzet.-
2011.- 30 mart.- S.7.