Azərbaycan diasporu
“BİZİM DAXİLİ DÜNYAMIZDA BİR VƏTƏN
HƏSRƏTİ VAR”
Suallarımızı Ukrayna
Azərbaycanlıları Konqresinin Donetsk vilayəti üzrə
sədri İqbal Mahmudov cavablandırır.
– İqbal müəllim, hamımıza məlumdur ki, Ukrayna-Azərbaycan münasibətləri hər cür qayda-qanun çərçivəsində, sivil müstəvidə, normal məcrada davam edir. Bu isti, səmimi münasibətlərin tarixi ta qədimlərə, ötən əyyamlara gedib çıxsa da, mərhum prezident Heydər Əliyev Kiyevdə ilk rəsmi diaspor təşkilatımızı yaratmaqla əyani surətdə dostluğun inkişafına təkan verdi. Siz bu mövzu ətrafında nə deyə bilərsiniz?
– Tamamilə doğrudur ki, Azərbaycan da, Ukrayna da bir müddət Sovet istilasına məruz qalıb. Ancaq mədəni-mənəvi münasibətlər, iqtisadi-ticarət əlaqələri iki respublika arasında heç zaman qırılmayıb. Məsələn, heç uzağa getməyək, Ukrayna ədəbiyyatının klassiki var: adı dillər əzbəri Taras Şevçenko. O, həm şair, həm nasir, həm rəssam, həm də xalqın istiqlaliyyəti uğrunda mücadilə aparan bir xalq qəhrəmanı, mübariz kimi tarixə düşüb. XIX əsrdə yaşamış Şevçenko ilə Azərbaycan filosofu, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundov arasında hələ o zamanlar yaradıcılıq əlaqələri yaranıb. Sovet cəmiyyəti bütün naqisliklərə rəğmən mədəniyyətlərin, xüsusən də ədəbiyyatların yaxınlaşmasında rol oynayıb, inteqrasiya bağlarının bərkiməsinə töhfə verib. Mirzə Fətəlidən sonra Cəfər Cabbarlı, Səməd Vurğun, Əhməd Cəmil, Məmməd Araz, Nəriman Həsənzadə, Nigar Rəfibəyli, Abbas Abdulla kimi görkəmli Azərbaycan şairləri Taras Şevçenkonun şeir və poemalarını sevə-sevə ana dilimizə çevirib, dostluq körpüsünün sütunlarını möhkəmləndiriblər. İndi Ukrayna şairinin heykəli Bakının mərkəzində ucaldılıb,eyni zamanda Kiyevdə, Xarkovda, Donetskdə, Dnepropetrovskda Azərbaycandan çıxmış dahi mədəniyyət və elm xadimlərinin adlarını əbədiləşdirən küçə, park, kitabxana, məktəblər var. Bu faktlar iki xalqın məslək birliyini yaxşı əks etdirir.
Ulu öndər Heydər Əliyevin ötən yüzilliyin sonlarında Ukraynanın Kiyev şəhərinə, həmçinin soydaşlarımızın yığcam, kompakt, sıx yaşadığı digər vilayət mərkəzlərinə ardıcıl səfərləri pərakəndə, dağınıq halda olan diasporumuzu gücləndirmək, birləşdirmək məqsədi daşıyırdı. Onun atdığı sağlam toxum cücərib. İndi Ukraynada fəaliyyət göstərən Azərbaycan Konqresi Şərqi Avropada ən güclü təşkilat səviyyəsinə qalxıb, bəzi cılız adamlar, milli təəssübkeşlikdən uzaq şəxslər konqresdən yalnız öz mənafeləri naminə istifadə etməyə cəhd ediblər. Ötən il aparılan təşkilatı tədbirlər, islahatlar bəhrəsini verdi, bütün layiq olmayanlar diaspor təşkilatının rəhbərliyindən uzaqlaşdırıldı. Daha Ukrayna Azərbaycanlıları Konqresinə İlqar Abbasov adlı son dərəcə vətənpərvər, bacarıqlı, savadlı, bütün ölkədə və o cümlədən Avropada dəyərli iş admı kimi tanınan soydaşımız sədrlik edir. İlqar müəllim həqiqətən lider olmağa layiq, sivil düşüncəli insandır.
– Deyilənlərə görə, təkcə Kiyevdə deyil, əyalətlərdə də minlərlə yurddaşımız yaşayır və işləyir. Bu mənada Xarkov, Dnepropetrovsk, Odessa, Simferopol və Donetsk daha çox seçilir. Vilayətdə sayca çoxluğunuz problem yaradır, yoxsa bu, digər diaspor təşkilatlarından üstünlüyünüzü təmin etməklə ümumi məsələlərin həllində qurumunuzun xeyrinədir?
– Məncə azlığın da, çoxluğun da arasında səmimi birlik, əqidə, məslək saflığı, coşqun millət sevgisi, təəssübkeşlik olsa, o diaspor təşkilatını eşidər, onunla hesablaşarlar. Yəhudi heç yerdə sayca çoxluq təşkil etmir, ancaq hər yerdə yəhudidi, gizlin-aşkar bütün sərvətini xalqının yolunda sərf etməyə hazırdı. Ona görə bütün millətlərdən 2-3 addım öndədir. Görünür, bu məsələlərdə tarixi təcrübənin də özünəməxsus rolu var. Azərbaycan icması gəncdi, yenicə formalaşmağa başlayıb. Bizimkilərə hələ indi-indi çatır ki, onların bircə müstəqil vətənləri mövcuddur və daxili dünyalarındakı yurd həsrətinin yanğısına, təşnəsinə yalnız Azərbaycanı sevməklə, qürur duymaqla cavab vermək olar.
Zəngin kömür yataqlarına malik Donetsk bölgəsində yaşamağı, fəaliyyət göstərməyi həmvətənlərimiz sevirlər. İndi Rinat Axmetovun şəhərində və ətrafında təxminən əlli min azərbaycanlı var. Daimi qeydiyyata düşənlərin əksəriyyəti vilayətdə qalmağı həmişəlik seçib. Onların xeyli hissəsi azad biznesə üstünlük verir, ticarət-iaşə obyektlərində fəaliyyət göstərirlər, lakin tikintidə çalışan inşaatçılar, şaxtaçılar, digər sahələrdə güclərini sınayan ziyalılar da az deyil. Bizim konqresin dəqiq yığıncaq günləri müəyyənləşdirilib: hər ayın 19-u. Fəallarımızı həmin gün bir yerə toplayır, problemlərimizi həll edir, müzakirələrdən sonra ümumi qərarlar çıxarırıq. Əgər azərbaycanlıdırsa, o kəsin icmamızdan gen düşməyə, özü üçün tək-tənha yaşamağa haqqı yoxdur. Bunu şüar kimi səsləndirir, hamıya çatdırırıq. Birliyimiz, bütövlüyümüz naminə...
– Ukrayna Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Kiyevdə Azərbaycanın diplomatik korpusu fəaliyyət göstərir. Ölkəmizin Ukraynaya yenicə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli ilə əlaqələrinizi necə qurursuz? Diplomatik heyət sizə kömək əlini uzadırmı?
– Sıx əlaqələrimiz var. Çəkici bir yerə döyürük. Axı məqsədimiz, məramımız birdi. Eynulla Mədətli təcrübəli diplomatdı, indiyəcən müxtəlif ölkələrdə – İranda, Pakistanda, Əfqanıstanda çalışıb. Keçən il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ukraynaya göndərilib. Kiyevdə işə başlayan kimi Azərbaycan Konqresinin fəallarını səfirliyə dəvət elədi. Bütün region nümayəndələri ilə səmimi görüş keçirtdi. Tədbirdə sədrimiz İlqar Abbasov Eynulla müəllimə vilayətlərdən dəvət olunmuş qonaqlar barədə dolğun məlumat verdi. O, Donetsk vilayətində fəaliyyət göstərən konqresin yerli təşkilatına böyük əhəmiyyət verdiyini söylədi. Az sonra şəhərimizə baş çəkdi, qayğı və problemlərimizi öyrəndi. Səfirliklə demək olar, mütəmadi surətdə əlaqə saxlayırıq. Ənənəvi bayramlarımızı təntənəli keçirmək üçün çox zaman bir araya gəlirik. Milliliyimizi yad məmləkətlərdə qorumaq borcumuzdur.
– Ukrayna çox millətli dövlətdir. Burada milli zəmində qarşıdurmalar və ya xalqlar arasında nifaq toxumu səpib ədavət salanlar mövcud deyil ki? Ümumiyyətlə, bu kimi hallar baş verərsə, ziddiyyətlər hökm sürərsə, yerli xalqın reaksiyası necə olur?
– Əgər desəm, harda erməni var, orda arxayın yaşamaq, dinclik yoxdur, terror mövcuddur, inanın. Düzdür, bizim gücümüzü bilir, kənar gəzirlər. Ancaq bir şəhərdə ki, balaca üstündürlər, öz iyrənc xislətlərini göstərirlər. Yenə sonda paylarını alırlar. Onlar Krımda, Odessada, Dnepropetrovskda çoxdurlar, güclü biznesləri var. Artıq Ukraynanın inzibati orqan əməkdaşları da dərk ediblər ki, dolaşıq, qarma-qarışıq əməlləri törədənlər, korrupsionerlər, terrorçular ermənilərdir. Təkcə rusun qılığına girməklə deyil, sabaha aydın nəzərlə baxmaq lazımdır. Bu millətin rəzil cəhətlərini Ukrayna xalqı da yaxşı görür və ona həmişə yerini göstərir.
– Donetskdə Azərbaycan konqresinin fəaliyyətindən razısınızmı? Siz diaspor təşkilatının sədri kimi nə qədər güclü olsanız da, ətrafınızda sağlam qüvvələrin mövcudluğu, formalaşması işinizin normal getməsi naminə labüddür. Ümumiyyətlə, arxa sandığınız soydaşlarımız Donetsk vilayətində kimlərdir?
– Bizim Azərbaycan icması Ukraynada ən sayılıb-seçilən, fəal icmadır. Adı-sanı var. Görünür, bütün bunlara görədir ki, bəzi qüvvələrin əliylə tez-tez bizi parçalamaq istəyirlər. Millətini sevən şəxs fitnə-fəsada, mənsəb, vəzifə xülyasına aldanmamalıdır. Təəssüf ki, gözü götürməyənlər işimizə kölgə salır, yad ünsürlərin təsirinə düşür, hətta alternativ diaspor qurumları yaradırlar. Əgər bizim yeganə diaspor təşkilatımız varsa, biz onun ətrafında yumruq kimi birləşməliyik. Onu sevməli, tanıtmalı, gücləndirməliyik. Parçalanmaq, ayrı-seçkilik, bütövlüyə gedən yolu bağlamaq, natamamlıqdır.
Donetsk Azərbaycanlıları
Konqresinin tərkibində parlament var. Bu sağlam qurum elə təşkilat
tərkibində təşkilatdır. Otuz nəfəri birləşdirən
üzvləri əqidəli yurddaşlarımızdır.
Parlamentin sədri Müşfiq Vəliyevdir. Mingəçevir
şəhərində doğulan, orda orta təhsil alan
soydaşımız Azərbaycanla fəxr edən, indiki
uğurları ilə öyünən, hər yerdə vətənimizin
adını ucaldan bir ziyalıdır. Burda universitet bitirib,
iqtisadçı ixtisasına yiyələnib. 1995-ci ildə
inşaat biznesinə keçib, “Cənub-Şərq” şirkətinin
əsasını qoyub, həmin tikintidə onlarla azərbaycanlı
yüksək məvaciblə çalışır. “Cənub-Şərq”
neçə-neçə hündürmərtəbəli bina
layihələşdirib, tikib, istifadəyə verib.
Tanınmış cərrah,
tibb elmləri doktoru Fərman Gülməmmədov da Donetski vətən
seçib. Yanına dünyanın hər yerindən, o
cümlədən Azərbaycandan insanlar şəfa tapmaq
üçün axışıb gəlir. Konqresin ətrafında
say-seçmə, dəyərli şəxsiyyətlər
çoxdur, yalnız iki nəfərin adını nümunə
kimi misal çəkmək istədim. Əgər görkəmli
eloğlanlarımızın adlarını sıraya düzsək,
böyük bir siyahı alınar. Biz burda birik, tamıq,
bütövük, azərbaycançılıq uğrunda
mübarizəmizi daim təsdiq edəcək, Azərbaycan
adının şərəfini qürurla
daşıyacağıq.
– Bir qədər də
özünüz haqqında oxucularımızı məlumatlandırın.
Adətən diaspor rəhbərləri özlərindən
başqa hamıdan və hər şeydən
danışırlar.
– Yalnız qısaca söyləyə
bilərəm ki, Masallı rayonunda dünyaya göz
açmışam. Orta təhsildən sonra əsgəri xidməti
başa vurmuşam. Ukraynada ali hüquq təhsili
almışam. Sadəlik, təvazökarlıq insanın
gözəlliyidir. Mən heç zaman özümü
sıravi konqres üzvündən üstün
saymamışam. Ona görə etibar, hörmət-izzət,
inam qazanmışam. Əvvəla, burda hər bir həmvətənimin
tərcümeyi-halı elə özümünkü, öz
avtobioqrafiyam isə həmvətəniminkidir. Bizi azərbaycançılıq,
türkçülük, böyük amallar uğrunda saf
mübarizə birləşdirir. İnanın, Azərbaycanda
adi bir təbiət hadisəsi baş verən kimi
hamımız əl-ayağa düşür, narahatlıq
keçiririk.
Söhbətləşdi: Ağacəfər Həsənli
525-ci qəzet.- 2011.- 30 mart.- S.6.