15 il əvvəl Avropaya açılan qapı

 

Hər şey 1996-cı ildə başladı. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığa can atdığını əməli addımla nümayiş etdirdi. Bakıda yaxşı başa düşürdülərdi ki, müasirlik, demokratiya və inkişafa doğru gedən yol “Qoca Qitə”dən keçir. Odur ki, 15 il əvvəl Azərbaycan Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını qoyur . İki tərəf arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanır. Aprelin 22-si 1996-cı ildə Lüksemburq şəhərində imzalanan sənəd, onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu ildə qüvvəyə minir. İndi həmin tarixin şahidi olan azərbaycanlı siyasətçilər xatırlayanda etiraf edirlər ki, məhz bu sənəd əməkdaşlığı möhkəmləndirmək üçün Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə yeni təkan verdi. Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunvericilik, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasını təmin etməkdir.

Amma əslində Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrin başlanğıcı 1990-cı illərə təsadüf edir ki, bu zaman da Dəmir Pərdə qaldırıldıqdan sonra Azərbaycan öz müstəqilliyini yenidən qazanmışdı. Həmin vaxt Azərbaycanın yeni tarixinin ən çətin günləri sayılır. 20 yanvar faciəsi və Dağlıq Qarabağ müharibəsi kimi qanayan yaralarına rəğmən Azərbaycan özündə güc tapıb Avropa Birliyi ilə ilk əlaqələrini qurur. O günlərdə Aİ əsasən Azərbaycanda inkişaf sahəsində TACİS kimi tanınan layihələrin icrası ilə məşğul olmuş, Azərbaycanın həmin acılı günlərdə humanitar yardım, münaqişədən sonra bərpa işləri , dövlət qurumlarına texniki yardım kimi ən vacib ehtiyaclarına cavab verib. Eyni zamanda bir çoxlarımız xatırlayır ki, Avrasiya nəqliyyat dəhlizini yaratmaq üçün TRASECA, Avropaya enerjidaşıyıcılarını nəql etmək üçün İNOGATE, ölkədə ali təhsil sistemini müasirləşdirmək üçün TEMPUS kimi regional proqramlarda Aİ və Azərbaycan regional səviyyədə birgə çalışırdı . İndi bir anlıq arxaya baxıb görürük ki, illər boyu aramızdakı əlaqələr addım-addım , tədricən genişlənib və dərinləşib. Bu bir həqiqətdir ki, Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələrinin daxil olması ilə Avropa İttifaqı əvvəllər olmayan şəkildə genişlənir. Amma bununla belə bütün Avropanı əhatə etmək üçün qurum Avropa Qonşuluq Siyasəti (AQS) kimi regional siyasi təşəbbüsünü də 2003-cü ildə işə salır. Əslində, 20-ci əsrin əvvəllərində parlament respublikaları kimi meydana çıxmış, Sovet İttifaqının dağılmasından sonra öz müstəqil dövlətlərini yenidən qurmağa çalışan Cənubi Qafqaz ölkələri barədə güclü Avropa səciyyələndirməsi ilə ziddiyyət təşkil edirdi. Amma bu genişlənmə prosesi AB üçün yeni qonşular yaratdı. Avropa Şurası üç cənubi Qafqaz dövlətinə Ermənistan, Azərbaycan və Gürcüstana 2003-cü ildə qəbul edilmiş Avropanın Yeni Qonşuluq Siyasətinə qoşulmaq təklifi irəli sürmək barədə qərar qəbul etdi. Bəli, Azərbaycanı Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında Avropa İttifaqının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım oldu. Avropa İttifaqı ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən bu sənəd ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ hesab olunur. Ola bilsin sadə azərbaycanlı üçün bu dediklərim bir qədər tam təsəvvür yarada bilməsin. Amma məsələ burasındadır ki, bu yaxınlaşma Azərbaycana böyük imkanlar vəd edirdi. Misal üçün: – siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı;

 – vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberallaşdırma proseslərində iştirak;

– Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s. Bunu Bakıdakı rəsmilər də yaxşı başa düşürdülər . Avropa Qonşuluq Siyasətinin Strategiya Sənədinə əsasən, Avropa İttifaqının –nın tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət Planlarıdır. 3-5 illik müddət üçün nəzərdə tutulan bu sənədlər hər bir ölkənin ehtiyac və imkanları, o cümlədən qarşılıqlı dəyər və maraqlar nəzərə alınaraq hazırlanır.

 Azərbaycan – Avropa İttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı ilin tarixində Brüsseldə Əməkdaşlıq Şurasının iclası zamanı qəbul olunub. Beləliklə, daha əvvəl Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənən Azərbaycan –Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf istiqamətləri Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı ilə müəyyən olunub. Son illər iki tərəf arasındakı münasibətlərə baxsaq görərik ki, Aİ-Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridə enerji sahəsindədi . Bu çərçivədə 2006-cı il noyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratdı. Bu Memorandumun əsas məqsədləri İttifaqın enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir. Barəsində uzun müddətdir danışılan Nabukko layihəsi də məhz Avropa Birliyinə məxsusdur. Bu iri miqyaslı layihəni reallaşdırmaq üçün qurum Azərbaycan qazına güvənir. Onu da yada salım ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan da biri olub. Bu müddət ərzində qurum ilə münasibətlər “MDB ölkələrinə texniki yardım”, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” , “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” “humanitar yardım” və digər proqramlar çərçivəsində inkişaf etdirilib. İndinin özündə də Azərbaycanın ticarət dövriyyəsinə baxanda görürsən ki , Avropa Birliyi ölkələri ilə xarici ticarətimiz ən yüksək səviyyədədir. Misal üçün , təkcə 2010-cu ildə Avropa Birliyi ölkələri ilə xarici ticarət dövriyyəmizin həcmi 9 milyard dollara yaxın olub. Digər statistik rəqəmlərə baxanda da oxşar nəticə ilə qarşılaşırsan.

 1992-2006-cı illərdə Avropa İttifaqı yardım proqramları çərçivəsində Azərbaycana 414 milyon avrodan çox məbləğdə humanitar, texniki və ərzaq yardımı göstərib. 2007-2009-cu illər üçün Azərbaycan üzrə illik Fəaliyyət Proqramları çərçivəsində 61 milyon avro məbləğində yardım ayrılıb .Amma tərəflər bununla kifayətlənməyiblər. Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyi 2000-ci ildən etibarən Brüsseldə , Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi isə 2008-ci ildən etibarən Bakıda fəaliyyət göstərməyə başlayıb. Azərbaycan “Qoca Qitə”nin bu nüfuzlu təşkilatı ilə daha bir əməkdaşlıq proqramında da sıx əlaqələr qurub . Bu Şərq Tərəfdaşlığıdır. Avropa Birliyinin xarici münasibətlər sisteminə tətbiq edilmiş, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorus və Ukraynaya ünvanlanmış ilk birgə təşəbbüsdür. Şərq Tərəfdaşlığı Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin Avropa Birliyinə yaxınlaşması və inteqrasiyası məqsədini daşıyır. Bu layihə ilə əhatə edilmiş dövlətlərin və onların ictimaiyyətlərin Avropa Birliyi ilə proqressiv və tədrici inteqrasiyasının vasitəsi ilə həmin dövlətlər ilə Avropa Birliyi arasındakı əlaqələrə Şərq Tərəfdaşlığı yeni keyfiyyəti tətbiq etmişdi. Şərq Tərəfdaşlığının 7 may 2009-cu ildə Praqada keçirilmiş ilk Zirvə Toplantısında təşəbbüsə rəsmi olaraq start verilmiş və Birgə Bəyannamə qəbul olunmuşdu. Beləliklə, bu təşəbbüsün Avropa Birliyinin siyasətinin tərkib hissəsi qismində tətbiqinə yönəldilmiş səylər müvəffəqiyyətlə nəticələndi. Praqadakı tarixi sammitdə iştirak etmək şərəfinə nail olan azərbaycanlı jurnalistlərindən biri olaraq mən deyə bilərəm ki, bu təşəbbüsə qoşulmağın bizə gətirəcəyi üstünlüklər kifayət qədərdir. Təkcə onu deyə bilərik ki, Şərq Tərəfdaşlığının tapşırıqlarının icrası tərəfdaş ölkələrinin AB ilə həqiqi yaxınlaşmasına gətirib çıxarmalıdır, gələcəkdə isə inteqrasiyanı tam asanlaşdıra bilər. Şərq Tərəfdaşlığının fəaliyyəti birgə iştirak, təbəqələşmə və şərtlik əsaslarında qurulur. AB-nin dəyərləri, standart və normalarına söykənən sahələrdə əməkdaşlıq inkişaf edir: insan hüquqları, bazar iqtisadiyyatı, tarazlaşdırılmış inkişaf, yaxşı idarəçilik, enerji təhlükəsizliyi və s. Şərq Tərəfdaşlığı həmçinin insanlararası əlaqələrin inkişafı və möhkəmlənməsi, mədəniyyət və yaxud elm sahəsində əməkdaşlığın dərinləşməsinə yardım edir. Məhz elə Şərq Tərəfdaşlığının əsas məqsədlərinə daxildir: siyasi birliyin yaranması, tərəfdaş ölkələrinin və AB arasında əsaslı və kompleksli azad ticarət məkanının yaradılması, viza rejiminin tədricən sadələşdirilməsi və nəticədə onun ləğvi, və həmçinin tərəfdaş ölkələri ilə dörd tematik platforma (demokratiya, yaxşı idarəçilik və sabitlik; AB-nin siyasətinə yaxınlaşma və iqtisadi inteqrasiya; enerji təhlükəsizliyi; insanlararası təmaslar) şəklində çoxtərəfli əməkdaşlıq strukturunun yaradılması. Bütün bunlar isə inkişaf və Avropa Birliyinə inteqrasiya üçün ən münasib şərtlər kimi də qəbul oluna bilər .

Hələ biz 2010-cu ildə Avropa İttifaqı və Azərbaycan Assosiasiya Sazişi ətrafında başlanılan danışıqlardan söz açmadıq. Halbuki bu saziş Şərq Tərəfdaşlığında müəyyən edilmiş imtiyazları tamamlamaqla ikitərəfli əlaqələr üçün yeni hüquqi təməl yaradır. Bir sözlə Birlik Azərbaycanla əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində maraqlıdır. Birliyin prezidenti Jose Manuel Barrosonun da ilk dəfə Azərbaycana səfərinin baş tutması da buna bariz nümunədir. Sonda əlavə etmək istərdim ki, dərhal üzvlük imkanlarının olmamasına baxmayaraq, keçid dövründə olan cəmiyyətlərin islahat potensialının həyata keçirilməsini inkişaf etdirdiyindən inteqrasiyanın özü dəyər kəsb edir. Bu məqsədə, AB – Cənubi Qafqaz qarşılıqlı əlaqəsinə nail olmaq üçün icra ilə yanaşı, qurum Cənubi Qafqaz cəmiyyətlərini inteqrasiya etmək üçün güclü istəklərini və bu ölkələrin keçid dövrünün bəzi mühüm xüsusiyyətini nəzərə almalıdır . Cənubi Qafqaz neft və qaz ehtiyatlarına və təchizat mənbələrini müxtəlifləşdirməyə imkan verdiyinə görə Avropa üçün vacib regiondur, bundan əlavə, iki dənizi, Qara və Xəzər dənizlərini birləşdirir, Avropa ilə Asiyanın, İslam və Xristianlığın qovşağında yerləşir. Cənubi Qafqaz regionlararası və dinlərarası əməkdaşlığa imkan verir ki, burada əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etdiyi dövlət rəsmi olaraq əhalisi xristian dininə sitayiş edən dövlətlərlə strateji ittifaq qurur, pravoslav xristian dövlətləri isə islam dininə sitayiş edən respublika ilə əməkdaşlıq edir. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan 19-cu əsrdən etibarən Avropa tipli müasirləşməni inkişaf etdirir ki, bu da öz növbəsində sənaye kapitalizmi və müsəlman dünyasında parlament üsul idarəsinə malik ilk demokratik respublikanın yaradılması ilə cəmiyyətdə köklü dəyişikliklərə gətirib çıxarıb . Beləliklə, Cənubi Qafqaz sadəcə mallar üçün yox, həm də siyasi və mədəni təsir üçün “körpü” və “tranzit ərazisidir ” . Xüsusilə Azərbaycan bu regionda Şərq-Qərb arasında qarşılıqlı anlaşma , dialoqun inkişafın etdirilməsində xüsusi rol oynaya bilər və artıq oynayır da.

 

 

Ayaz MİRZƏYEV

ANS TV-nin redaktoru

 

P.S. Yazı OCAZ (Office of Communicaton of Azerbaijan) tərəfindən keçirilən müsabiqəyə təqdim olunur

 

525-ci qəzet.- 2011.- 30 mart.- S.5.