Yalanın tarixi
Turqut Ərin uydurmalarının arxasında kimlər və
nələr dayanır?
Bəli, 1993-cü ilin
iyununda Elçibəy Heydər Əliyevi köməyə
çağırdı. Mənə elə gəlir ki,
bu, onun həyatında ən şərəfli addım idi.
Qeyri-adi iradə və virtuoz siyasi kombinasiyalar bahasına Heydər
Əliyev ölkəni siyasətdə piyada olanların
artıq demək olar ki, gətirib çıxardıqları
qan-xətadan xilas etdi. Ən əsası isə o idi ki, Heydər
Əliyev Xalq Cəbhəsinin vətəndaş müharibəsinin
qan gölündə boğulmağa məhkum olan rəhbərliyini
də cismani məhvolmadan xilas etdi. O, həmin insanların həyatını,
partiyalarını xilas etdi, öz siyasi fəaliyyətlərini
davam etdirmək üçün onlara imkan yaratdı. Amma
axı, onun rəqibləri qaydalar çərçivəsində
oynamağa öyrəncəli deyildilər. Çox az müddət
keçəcək və artıq qorxunu qovub özünə
gəlmiş AXC-nin keçmiş funksionerləri tamamilə
özlərinə məxsus tərzdə öz
xilaskarlarına “təşəkkür” edəcəkdilər.
Onlar Əliyevə şər ataraq onu uğurlu qiyamda və
hakimiyyəti ələ keçirməkdə (nəzərə
alın,heç bir sübut olmadan) ittiham edəcəkdilər.
Beləliklə, onun əməkdaşlıqla bağlı səmimi
təklifi rədd edildi.
Sürət Hüseynovun,
sonra isə Cavadov qardaşlarının simasında siyasi səhnədə
hərbi güc görünəndə, ənənəvi
müxalifət kənarda qalmağı, yeri gəlmişkən,
marığda dayanan müşahidəçi qismində qalmağı
üstün tutdu. Heydər Əliyevin Azərbaycan
yazıçılarıyla görüşündən bir
iqtibasa diqqət edək: “Sürət Hüseynov sizləri
(Xalq Cəbhəsinin liderlərini – E.A.) “yıxmaq” istəyirdi.
Oktyabrda isə o, Azərbaycanda daha bir çevriliş etmək
istədi. Siz harada qalmışdınız, niyə gəlib mənə
kömək etmədiniz, məni dəstəkləmədiniz? Xalq
gəldi, siz yazıçılar gəldiniz, çox sağ
olun. Bütün millət mənim tərəfimdə idi. Amma
o birilər bir kənarda dayanıb durdular ki, qoy,
dalaşsınlar, vuruşsunlar, biz də baxaq görək,
bütün bunlar nə ilə nəticələnəcək.
Bilirsinizmi, burada heç bir əqidə-filandan söhbət
gedə bilməz, bu, olsa-olsa yalnız xəstəhalcasına
hakimiyyətə gəlmək hərisliyidi”. Ərin
kitabında əsas yeri 1994-cü ilin oktyabr və 1995-ci ilin
mart hadisələri tutur. Bu hadisələrdə, xüsusən
də XTPD-nin mart qiyamında Türkiyənin xüsusi xidmət
orqanlarının, bu ölkənin diplomatik və
işgüzar dairələrinin nümayəndələrinin,
o cümlədən Türkiyənin Bakıdakı səfirliyinin
bir sıra əməkdaşının əli var idi. Öz həmyerlərinin
həmin hadisələrdə iştirakının nə səviyyədə
olması barədə Turqut Ər çox gözəl məlumata
malikdi. Odur ki, onun başlıca (və mənə elə gəlir
ki, əsas) məqsədi Türkiyə və Azərbaycanın
gənc nəslinə baş verənlərin əsl mənzərəsini
saxtalaşdıraraq təqdim etmək, həqiqi
günahkarları gizləyərək, baş verən faciələrin
bütün məsuliyyətini yalnız Heydər Əliyevin
üzərinə qoymaq olub. Bu mənada, demək
artıqdır ki, Rövşən kimi Mahir Cavadov da onun hekayətində
abırlı, dürüst, səmimi insan qiyafəsində təsvir
edilir. Düzdür, hərdən onların həddən ziyadə
çılğınlıqlarına, ipə-sapa
yatmamalarına da eyham vurulur. Turqut Ər Rövşən
Cavadovun Qarabağ müharibəsindəki xidmətlərini,
hakimiyyətə ikinci gəlişi dönəmində Heydər
Əliyevə dəstək verməsini və s. və i.a. yada
salır. Amma Ər tamamilə məlum səbəblərdən
XTPD-çilərin qanlı çəkişmlərini,
XTPD-nin sıravi üzvlərinin Cavadov qardaşlarının
“xeyirxahlığı” ilə cəlb olunduqları səs-küylü
siyasi qətlləri, əmin-amanlıq dövründə
xüsusi təyinatlı polis dəstəsinin dəmir
qaçaqmalçılığından tutmuş, birbaşa
reketə, kidneppinqə qədər ən çirkin işlərlə
məşğul olan yarımkriminal icmaya çevrilməsini
yada salmır. Bütün bunları ona görə
xatırlamır ki, axı, həmin o məlum faktlar onun
düzüb qoşduğu yalan və saxtakarlığın bu
kürəsəl mənzərəsinə o qədər də
uyğun gəlmir.
Başda Mahir Cavadov
özü olmaqla XTPD-çilərin respublika baş
prokurorluğuna hücumunu Turqut Ər ötəri
xatırladaraq, bunu hakimiyyət dairələri arasında
mafioz çəkişməsi zamanı baş verən “adi
cinayət” kimi qələmə verir. Sonra isə H.Əliyev və
onun komandasını, guya bu “adi” məsələni dövlət
çevrilişinə cəhd səviyyəsinə qədər
şişirtməkdə ittiham edir. Bizim çox da uzaq olmayan
keçmişimizə öz şəxsi
“görüntüsünü” sırımaqla Turqut Ər nə
qədər riyakarlığa yol verir. Güc strukturuna
silahlı hücum edərək, onun əməkdaşlarını
döyməyə, Cavadov qardaşlarının parlamentin
spikerinin istefasını tələb etməsinə, hətta
baş prokuror Əli Ömərovu prezidentin həbsiylə
bağlı orderi imzalamağa məcbur etməyə cəhd
göstərilməsinə (Mahir Cavadov tərəfindən
amansızcasına döyülsə də baş prokuror şərəfini
üstün tutaraq sələfi İxtiyar Şirinovun nalayiq
jestini təkrarlamadı. Əgər yadınızdadırsa, Gəncədə
Surət Hüseynovun həbs etdiyi İ.Şirinov Ə.Elçibəyin
həbsi ilə bağlı orderə imza atmışdı)
dövlət çevrilişinə cəhddən başqa nə
ad vermək olar?
1994-cü ilin 4-5 oktyabr hadisələrini
təsvir edərkən Turqut Ər yenidən
öz-özünün ziddinə gedir. Əvvəlcə
yazır ki, dövlət çevrilişinə heç bir cəhd-filan
olmayıb, bəs, bütün bunlar hamısı prezident Əliyevin
özü tərəfindən
düşünülmüş və şişirdilmiş bir
məsələ olub. Sonra, sözün hərfi mənasında
ikicə səhifədən sonra Ər qeyd edir ki, bəs Surət
Hüseynov “hadisələrin ikinci günü hərəkətə
gəlib yenidən Elçibəyi devirdiyi zaman istifadə
etdiyi taktikanı işə saldı. O, yenidən öz
adamlarına göstəriş verdi ki, Gəncə və ona
yaxın rayonlardakı hakimiyyət orqanlarını ələ
keçirsinlər. Özü isə qeyb oldu... “Kitabın
başqa bir yerində isə o, qeyd edir ki, bəs, səfir
Altan Karamanoğlu səfirliyin katibi Vural Altayla birlikdə
prezident Əliyevin yanına gedib ona Surət Hüseynovun, Ayaz
Mütəllibovun dövlət çevrilişi
hazırladıqları barədə məlumat
çatdırıb. Qısası, zavallı, tamam
öz-özünü dolaşdırıb. Gah deyir ki, dövlət
çevrilişinə heç bir cəhd-filan olmayıb,
bütün bunları Əliyev özü
düzüb-qoşub, gah da yazır ki, Surət Hüseynovun hərəkətlərinə
dövlət çevrilişinə cəhddən başqa ad
vermək olmaz. Kitabın növbəti səhifələri
daha “maraqlıdı”. Turqut Ər Türkiyənin səfiri
Altan Karamanoğlunun təşəbbüsü ələ
alaraq 8-ci kilometrdəki bazasında məskunlaşan
Rövşən Cavadovla prezidenti “barışdırmaq” kimi
“tarixi” rolundan bəhs edir. O, səfirlik əməkdaşlarının
Rövşənlə necə əlaqə yaradaraq, onunla
danışıqlar aparmasından və nəticədə
Rövşən Cavadovun 23.00-da məxfi surətdə
Türkiyə səfirliyinin binasına gətirilməsindən
(!) danışır. Altan Karamanoğlu Heydər Əliyevlə
telefon əlaqəsi yaradıb ondan XTPD-nin komandirinin təhlükəsizliyi
üçün təminat alır. Və 24.00-da Rövşən
artıq prezident sarayının qarşısında qurulan
tirubunada Heydər Əliyevlə yanaşı dayanır.
Fikrimcə, bu hadisələrdə Türkiyə səfirinin
rolu kifayət qədər şişirdilib. Belə ki,
Rövşən Cavadov sarayın qarşısında
yalnız bütün şəhər ora yığılandan,
bütün ölkə boyu rayonlarda qanuni hakimiyyətin
müdafiəsi üçün çoxminli mitinqlər
keçiriləndən sonra peyda oldu. Cavadov dərhal vəziyyətdən
nəticə çıxararaq dərk etmişdi ki, bu xalq
kütlələri qarşısında hətta onun
yaxşı silahlanmış dəstəsi də acizdi. Odur
ki, barışığa getdi. Heydər Əliyev isə
XTPD-nin və Rövşən Cavadovun özünün
Qarabağ müharibəsindəki xidmətlərini nəzərə
alaraq bir daha onu əfv etdi. Amma təəssüf ki, Rövşən
nəinki 4 oktyabr hadisələrindən özü
üçün nəticə çıxardı, əksinə
prezidentin bu nəcib addımını zəiflik kimi qəbul
etdi. Bu yerdə Turqut Ərin 1994-cü ilin 4-5 oktyabr hadisələrini
təsvir edərkən verdiyi çox gülməli passajı
iqtibas gətirməyə bilmirəm: “Əgər Türkiyənin
Bakıdakı səfirliyi həmin üç gündə
hadisələrə qarışmasaydı bu gün Əliyev o
kresloda oturmazdı. Ola bilsin, prezident sarayında
özünün Moskva və Bakı komandasıyla yenidən
Ayaz Mütəllibov peyda olacaqdı. Yaxud ola bilsin, Azərbaycan
yenidən öz müstəqilliyini itirəcəkdi. Ya da onu
Çeçenistanın taleyi gözləyirdi...”
Bu sətirlər mənə
A.Dümanın “Üç müşketyor” kitabındakı
özündən müştəbeh dükançı
Buonasyenin sözlərini xatırlatdı.
Yadınızdadırmı, o, müşketyorlar haqqında məlumat
aldığı kardinal Rişelyenin yanından
çıxaraq, necə vəcdlə nida edir: “Mən və
kardinal Fransanı xilas etdik!” Demə, eynilə bu şəkildə
Turqut Ər də Altan Karamanoğlu ilə birlikdə Azərbaycanı
xilas edib! Gülməyib, nə edəsən?! Ümumiyyətlə,
hər şeydən göründüyü kimi intellektual qabiliyyət
sarıdan heç vaxt xüsusi seçilməyən Turqut Ərin
kitabında bütünlüklə, əgər yumşaq desək
bir qəribəlik sezilir. Belə çıxır ki,
1994-1995-ci illərdə Türkiyə səfirliyinin əməkdaşları
üzdən xoşməramlı görünən müxtəlif
təkliflərlə Azərbaycanda baş verən hadisələri
sadəcə müşahidə etməklə kifayətlənmir,
“qardaş Azərbaycanın maraqları”, amma daha doğrusu,
öz şəxsi maraqları naminə bu hadisələrə
müdaxilə edir, onları istiqamətləndirməyə cəhd
göstərirmiş. Türkiyə xüsusi xidmət
orqanlarına verdiyi məlumatlarında Kənan Gürel (onun
barəsində də danışacağıq) yazır ki, həmin
o Altan Karamanoğlu həmişə öz şəxsi işlərinin,
uğurlu kommersiyasının qayğıları ilə məşğul
imiş, türkiyəli biznesmenlərin Azərbaycan hökumətinin
nümayəndələriylə ikitərəfli
görüşlərini təşkil etmək
üçün onlardan rüşvət alırmış,
ümumiyyətlə, onun yüksək diplomatik statusuna
yaraşmayan hərəkətlərə yol verirmiş.
1994-cü ilin oktyabr hadisələrindən sonra Rövşən
Cavadov və Altan Karamanoğlu yaxın dostlara çevrilirlər.
Onları sadəcə dostluq yox, həm də məsləkdaşlıq
birləşdirir. Əlbəttə, Turqut Ər mart
qiyamına hazırlıqları və qiyamın
özünü ona və “dostlarına” sərfəli şəkildə
təsvir edir. Yəni, həqiqət, öldür məni,
ağzımdan çıxmayacaq. Sadəcə, Rövşən
Cavadovla əlaqə saxladıq, ordan-burdan dərdləşdik,
bir də ki, istədiyimiz adamla görüşməyə
bizim tam haqqımız var. Əvəzində bizi layiq
olmadığımız tərzdə qiyamçların dəstəkləməkdə
ittiham etdilər, hələ ağlagəlməz qabalıq
göstərdilər, mart hadisələrindən sonra Heydər
Əliyev Altan Karamanoğlunu və iki diplomata persona –non qrata
elan edərək ölkədən qovdu. Məhz bu qətiyyətli
addımı Turqut Ər və onun kimilər indiyənəcən
Heydər Əliyevə bağışlaya bilmirlər.
Kitabın bir yerində Ər səfirlikdə hüquqi məsələlər
üzrə müşavir adıyla fəaliyyət göstərən
ürək dostu, Türkiyənin Bakıdakı rezidenti Ərtoğrul
Güvən barədə belə yazır: “Əliyevin bu hadisələrə
Türkiyəni qatmağına əsas səbəb əslən
azərbaycanlı olan Türkiyə vətəndaşı Fərman
Dəmirqolla, Avstriya və Türkiyə vətəndaşı
Kənan Gürelin Rövşən Cavadovla əlaqələri
idi. Cavadovu Ərtoğrul Güvənlə də onlar
tanış etmişdilər. Ərtoğrul bəyin vəzifəsi
əhalinin müxtəlif zümrələriylə
görüşərək əlaqələr və münasibətlər
qurmaqdan ibarət idi. Onu öz peşə borcunu yerinə
yetirməkdə ittiham etmək absurddu. O, Azərbaycanda
Türkiyə Kəşfiyyat Xidmətini (MİT) təmsil
edirdi və bu da onun qarşısında geniş imkanlar
açırdı. Azərbaycanın müxtəlif təbəqələrini
təmsil edən tanıdığı və
tanımadığı şəxslərlə münasibətlər
yaratmaq onun peşə borcu idi. Yəni, o, açıq fəaliyyət
göstərirdi (peşəkar kəşfiyyatçı
üçün qəribə keyfiyyətdi – E.A.)... O, yüksək
çinli məmurlar və siyasi xadimlərlə sıx ailəvi
münasibətdə idi. Onların arasında daxili işlər
nazirinin müavini, OMON-un (Turqut Ər səhvən Xüsusi Təyinatlı
Polis Dəstəsini sovetsayağı “OMON” kimi qələmə
verir – E.A.) komandiri Rövşən Cavadov da var idi. Cavadovla Ərtoğrulun
arasında nəsə gizli bir şey axtarmaq uydurma və
böhtandı”. Az sonra Ərtoğrul Güvənin digər
türk kəşfiyyatçı-diplomat Əbbülqədir
Sezginlə birlikdə öz ofislərində Azərbaycan
müxalifəti və qiyamçılarla “məxfi gecələr”
təşkil edərək “öz peşə borclarını”
necə yerinə yetirdikləri barədə də
danışacağam. Yeri gəlmişkən, kitabın bir
yerində heç də uzaqgörən olmayan Ər dilini
saxlaya bilmir. O, yazır ki, 1994-cü ilin oktyabrının əvvəllərində
Azərbaycanda cərəyan edən hadisələrə
Türkiyə rəhbərliyinin münasibətini
aydınlaşdırmaq üçün səfirdən
“xahiş etdim ki, Əliyevlə münasibətdə Türkiyə
dövlətinin hansı mövqedə olduğunu mənə
çatdırsın (yeri gəlmişkən Türkiyə səfirliyinini
diplomatik xidmətində nəinki birinci, hətta ikinci belə
olmayan bir adam üçün kifayət qədər qəribə
tələbdi – E.A.). Öz növbəsində səfir xarici
işlər naziri Murat Qarayalçınla əlaqə
yaradıb mənim xahişimi ona çatdırdı. Tezliklə
yazılı cavab gəldi. İzah olundu ki, biz gərək Əliyevə
dəstək siyasəti yürüdək. Gərək o,
hakimiyyətdə qala”. Az sonra Turqut Ər
açıq-aşkar etiraf edir: “Mənim
narahatlığım ondan ibarət idi ki, Mərkəzdən
(oxu: Türkiyə MİT-indən E.A.) gələn göstərişlərlə
Xarici İşlər Nazirliyindən gələn əmrlər
arasında ziddiyyətlər (ayrıntı bizimdir – E.A.) əmələ
gəlməyə başlamışdı. MİT rəhbərliyi
tərəfindən bizə qarşı olan soyuq münasibət
mənim narahatlığımı daha da artırırdı”.
Bir vaxtlar jurnalist kimi bu
mövzuda bir neçə böyük məqalə yazarkən,
mən XTPD-nin qiyama cəhd işi üzrə sənədlərlə
və istintaq materiallarıyla tanış olmuşdum.
Bütün bunlar sübut edir ki, 1994-cü il, xüsusən də
1995-ci il mart hadisələrinin
qızışdırılmasında həqiqətən də
Türkiyə xüsusi xidmət orqanlarının əli olub.
Bu mənada, Ərin narahatlığı və Türkiyə
XİN-iylə MİT-i arasındakı ziddiyətlərlə
bağlı çoxmənalı sözləri heç də
əsassız deyil. Ümumiyyətlə, T.Ərin
kitabını oxuyarkən hətta hazırlıqsız oxucuda
belə təəssürat yaranır ki, Türkiyə kəşfiyyatçı
diplomatları özlərini Azərbaycanda həddən ziyadə
sərbəst və ixtiyar sahibi kimi hiss edirmiş. Ər dəfələrlə
qeyd edir ki, birinci rezident Əbdülqadir Sezgin kimi sonra onu
MİT-in Bakıdakı nümayəndəliyində əvəz
edən Burxan Başgün də Azərbaycan xüsusi xidmət
orqanlarına, hətta Heydər Əliyevin özünə
hadisələrlə bağlı baxışlarını
özlərinə sərfəli istiqamətdə bildirməyə
çalışıb. Onlar ölkə rəhbərliyi ilə
qiyamçılar arasında vasitəçi kimi
çıxış edir, sonra isə görürük ki,
müxalifətlə, həm ölkə daxilində, həm də
onun hüdudlarından kənarda danışıqlar
aparırlar. Qısası, səhnəarxası bir oyunçu
kimi fəal çıxış edir, bəzən hətta
öz iştiraklarını o qədər də gizlətmirlər.
Və bununla bərabər onları Azərbaycanın daxili
işlərinə qarışmaqda ittiham edərkən səmimi
tərzdə çaşqınlıq keçirir və
inciyirlər. Turqut Ər də kitabında onların bu məsələlərlə
qarışmalarıyla bağlı kifayət qədər
inandırıcı nümunələr gətirir. Məsələn,
o, Rövşən Cavadovun böyük idialları olduğunu
və Türkiyə tərəfinin də buna dəstək
verdiyini inkar etmir. Bu haqda onun kitabında oxuyuruq: “Rövşən
Cavadov həddən ziyadə mərd və kişi adam idi.
O, bütün qəlbiylə Azərbaycan
dövlətinə və xalqına bağlıydı. O,
Türkiyə ilə fəxr edirdi, Qarabağ müharibəsində
qəhrəmanlıqlar göstərmiş bir zabit idi. Onun ən
böyük arzusu Qarabağı azad görmək idi. Ona
görə də o, müdafiə naziri, yaxud nazir müavini vəzifəsini
tutmaq arzusundaydı (?) Bununla əlaqədar bizim səfir (Altan
Karamanoğlu – E.A.) Heydər Əliyev qarşısında təklif
irəli sürmüşdü. Bu təklifi Heydər Əliyev
belə qarşılamışdı: “Cavadov çox şey
istəyir. Bəlkə onun hədəfində daha yüksək
post var?”. Bu passajda ən azı iki məqam diqqəti cəlb
edir. Gördüyümüz kimi XTPD-nin iddialı komandirini
onun status – kvosu təmin etməyibmiş, o, ölkə rəhbərliyində
əhəmiyyətli rola iddia edirmiş. İkincisi, onun bu
iddialarına Türkiyə tərəfi də dəstək
verirmiş. Deməli, guya Cavadovun hərəkətlərinə
rəvac verən amil kimi respublikada sosial-iqtisadi vəziyyətin
ağırlığı, kütlənin narazı
olmasından söhbət gedə bilməz. Hakimiyyətin qəsb
olunmasına və dəyişdirilməsinə cəhd göz
qabağındadı. Sonralar Türkiyə səfəri
öncəsi verdiyi müsahibələrindən birində
prezident özünə xas yumor hissiylə Altan
Karamanoğlunun həmin o qəribə gəlişi və onun
Türkiyə səfirindən suveren dövlətin daxili
işlərinə qarışmamasını xahiş etməsi
barədə olanları kütləvi informasiya vasitələrinin
nümayəndələrinə danışdı. Heydər Əliyev
gülümsəyərək: “Qısası, mən onu qovdum,
– demişdi. Kabinetdən də qovdum, ölkədən də”.
Turqut Ərin cani-dildən
“dostlarını” təmizə çıxarmasına rəğmən
qeyd olunmalıdı ki, martda dövlət çevrilişinə
cəhd üzrə aparılan istintaq bu məsələdə
Kənan Gürel və Fərman Dəmirqolun, həmçinin
Türkiyə səfirliyinin dini məsələlər üzrə
müşaviri Ərtoğrul Güvənin iştirakı,
çevrilişə cəhdə təhrik göstərmələri
barədə əsaslı faktlara malikdi. Mən bütün
istintaq materialları ilə yaxından tanış olmuşam.
Məsələ burasındadı ki, təxminən on il əvvəl
respublika baş prokurorunun keçmiş birinci müavini
İsa Nəcəfov (hal-hazırda, ölkənin Konstitusiya məhkəməsinin
üzvü) mənə onun “On ikinin yarısında qətl”
kitabını redaktə etmək xahişilə müraciət
etdi. Beləcə, mən iki dövlət çevrilişinə
cəhd və prezident yanında xüsusi xidmət idarəsinin
rəisi Şəmsi Rəhimovun qətliylə bağlı
kifayət qədər maraqlı, hətta demək olar ki,
sensasion materialların ədəbi fəhləsi oldum. Bu
kitabın yazılması prosesində Strateji Araşdırmalar
Mərkəzi adıyla fəaliyyət göstərən
qurumun iclaslarının stenoqramı, həmçinin, Kənan
Gürelin Türkiyə xüsusi xidmət orqanlarına
ötürdüyü məlumatlar XTPD-nin mart qiyamına cəhdinin
istintaq işinə nəzarət edən İsa Nəcəfovun
əlinə keçir. Bu məlumatlara rəğmən
mühakimə yürütmək olar ki, K.Gürel MİT-in
kifayət qədər nüfuzlu casusu olub. Belə ki, o, sadəcə,
Azərbaycandakı siyasi durumu təhlil etməklə, ölkənin
ayrı-ayrı siyasi liderlərinin xüsusiyyətlərini təqdim
etməklə kifayətlənməyərək, təxribat-dağıdıcı
xarakterliləri də daxil olmaqla təşəbbüslər
və təkliflər irəli sürüb. Məsələn,
bu analitik qeydlərdə Heydər Əliyev başda olmaqla
ölkə rəhbərliyi “Türkiyənin düşmənləri”
kimi qələmə verilir. Gürel təcili həllini
tapmalı məsələ kimi bu hakimiyyətin daha asan idarə
olunan və söz eşidənlə əvəz edilməsini
göstərir. Gürel bu məsələni həll etmək
gücündə olan şəxs kimi Rövşən Cavadovun
adını çəkir. “Gələcək hakimiyyəti nəzarətdə
saxlaya bilməyimiz üçün biz artıq bu gündən
Rövşən Cavadova siyasi dəstək verməliyik”.
Gürel öz rəisinə belə məsləhət
görür (yeri gəlmişkən, Heydər Əliyevin
yanına gələrək, Rövşən üçün
müdafiə naziri postunu xahiş edərkən səfir Altan
Karamanoğlu da məhz bu təşəbbüsü həyata
keçirmək istəyirdi). Casus qismində
ötürdüyü məlumatlarında Gürel respublikanın
ali məktəblərinin müəllimlərinin və
professorlarının təsir gücündən istifadə
olunmasını təklif edir, Mərkəzin rəhbərliyindən
radikal müxalifətin liderləri ilə əlaqələr
yaratmaqda, görüşlər təşkil etməkdə ona
yardımçı olmağı xahiş edir. Kənan
Gürelə məxsus olan “Traza” şirkətində
aparılan axtarış zamanı tapılan Strateji
Araşdırmalar Mərkəzi adlı qurumun
iclaslarının stenoqramı oxunarkən istintaq bu məsum
adın arxasında çox uzaqlara hesablanmış
planların gizləndiyi barədə dəlil-sübutlar əldə
etdi. Bu mərkəz Fərman Dəmirqolun və Türkiyə
səfirinin dini məsələlər üzrə
müşaviri Əbdülqadir Sezginin təşəbbüsüylə
yaradılmışdı. SAM-ın yaradıcıları
informasiyanın kənara sızmasından ehtiyatlanaraq,
iclaslarını A.Sezginin diplomatik təhlükəsizliyindən
istifadə edərək onun xidməti kabinetində keçirməyə
başladılar. Müxalifət nümayəndələrinin,
məsələn keçmiş xarici işlər naziri Tofiq
Qasımovun və əlbəttə ki, Rövşən
Cavadovun dəvət olunduğu bu iclaslarda ölkədə
hakimiyyət dəyişikliyi ilə bağlı mümkün
ssenarilər hazırlanıb təhlil olunurdu. Stenoqramdan
göründüyü kimi bu müzakirələrdə əsas
söz sahibi Fərman Dəmirqol olub. Onun 1995-ci ilin 14 yanvar
iclasındakı çıxışından bir iqtibas gətirək:
“Siyasi müxalifət hakimiyyəti almağa hazır vəziyyətdə
olmalıdı. Bundan başqa, bu siyasi müxalifəti dəstəkləyən
güclü qüvvələr olmalıdı...
Azərbaycanda güclü müxalifət
və ciddi hərbi qüvvə yaradılmalıdı.
Onların köməkliyilə koalisiya hakimiyyəti ələ
almalıdı...”. Və ardınca: “Biz bu məsələdə
Türkiyənin son uğurlarını nümunə kimi qəbul
etməliyik. Burada demokratik yollarla nəyəsə nail olmaq
qeyri-mümkündür. Hər şey çevrilişlər
yoluyla həll olunur. Çevrilişdən sonra üç il
müddətində hazırlıq işləri
aparılır, sonra müstəqil partiyalar yaradaraq, prosesin
davamını onlara həvalə edirlər” (20940 ¹-li cinayət
işi, cild 2, səhifə 141, 143). Bizim müxalifətin
nümayəndələrinin və şəxsən
Rövşən Cavadovun məqsədlərinin get-gedə necə
dəyişdiyi stenoqramdan da bəlli olur. onlar artıq Fərman
Dəmirqola “züy tutmağa” başlayırlar. Rövşən
Cavadov 1995-ci ilin 14 yanvar iclasında əslində proqram
çıxışla bəyan edir ki, Heydər Əliyev
prezident postundan kənarlaşdırılmalıdır və
bunun üçün də müəyyən hazırlıq
işləri görülməlidir:
“Planlaşdırılmış qiyamla
planlaşdırılmamış qiyam eyni şey deyil.
İkinci siyasi xaosa gətirib çıxara bilər. Odur ki, təşəbbüs
göstərə biləcək struktur lazımdır... Sabah əgər
lazım gələrsə, o da səhnəyə
çıxmalıdı”. (20940 ¹-li c.işi, c.2, s. 140, 144).
Qiyamçılar nəzəri
müzakirələrdən az sonra konkret hərəkətlərə
keçirlər. Elçibəyin və Mütəllibovun
yanına emissarlar göndərilir. Belə ki, 1995-ci ilin
martında Kələki kəndinə şəxsən Fərman
Dəmirqol özü təşrif buyurur. O, eks-prezidentə
qarşıda gözlənilən qiyam və koalisiyon hökumətin
yaradılması planları barədə danışır.
Mart hadisələri ilə bağlı cinayət işində
Elçibəyin yaxın məsləkdaşı,
hal-hazırda Milli Məclisin deputatı olan Fərəc
Quliyevin maraqlı ifadələri diqqət çəkir. O
istintaqa aparılan danışıqların məğzini belə
açıqlamışdı:
Ardı gələn
sayımızda
Elmira AXUNDOVA,
Yazıçı-publisist
525-ci qəzet.- 2011.- 30 mart.- S.4.