“31 mart soyqırımı: 1918-1920-ci illər
mətbuatında” adlı
kitabın təqdimatı
keçirilib
“SOYQIRIMI HƏYATA KEÇİRƏNLƏR VAXTINDA CƏZALANDIRILMAYIB,
LAKİN ONLAR İNDİ TARİX QARŞISINDA CAVAB VERMƏLİDİR”
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlının “31 mart soyqırımı:
1918-1920-ci illər mətbuatında”
adlı kitabının
təqdimat mərasimi
keçirilib.
Tədbiri açan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, A.Aşırlı redaktorluq fəaliyyəti ilə yanaşı, bir-birinin ardınca nəşr edilən kitabların müəllifidir. Onun sözlərinə görə, müəllifin bu kitabları əsasən Qafqaz İslam Ordusu, Xocalı soyqırımı və digər bu qəbildən olan mövzuları əhatə edib. R.Məcid yeni nəşr olunan kitabın azərbaycanlıların soyqırımı ilə bağlı olduğunu və müəllifin bu tədqiqatının başqa bir istiqamətdə yanaşdığını deyib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, erməni təcavüzü mövzusunda materialların bir araya toplanaraq nəşr edilməsi çətin, lakin vacib işdir. O, A.Aşırlının bu çətin işin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb:
“Ermənilər Azərbaycan köçürüldükləri tarixdən bu yana azərbaycanlılara qarşı
soyqırım törətdikləri hər kəsə
bəllidir. Təəssüf ki, bu soyqırımı həyata keçirənlər
vaxtında cəzalandırılmayıb,
lakin onlar indi tarix qarşısında
cavab verməlidir. Bu hadisələri dünyaya çatdırmaq
üçün faktlara
söykənən kitablara,
filmlərə ehtiyac var. Təqdimatına yığışdığımız bu kitabdan görünür
ki, əsas faktlarda məhz mətbuat tariximizdə gizli qalıb. Hesab edirəm ki, bu materiallar bu gün üçün
mühüm rola malikdir. Çox yaxşı olar
ki, bu kitabın
elektron versiyası müxtəlif saytlarda yerləşdirilsin və kitabın özü ingilis dilində nəşr olunub dünya ictimaiyyətinə
çatdırılsın”. Dəfələrlə Milli Məclisdə
soyqırım muzeyinin
yaradılması ilə
bağlı təklifin
səsləndirildiyini, lakin
heç bir nəticə olmadığını
bildirən millət vəkili Sabir Rüstəmxanlı başqa
ölkələrdə belə
muzeylərin fəaliyyət
göstərdiyini dilə
gətirib. O, Daşkənddə
günahsız qurbanlar
muzeyində olduğunu
və I Pyotrdan son dövrlərədək olan
qırğınların hər
birinin orada öz əksini tapdığını söyləyib:
“Bakıda erməni qəbiristanlığı köçürüləndə
aləm bir-birinə dəymişdi, amma vaxtilə 10 azərbaycanlı
qəbiristanlığı köçürüləndə heç bir səs-səmir çıxmadı.
Vaxtilə Çəmbərəkənd qəbiristanlığı köçürülüb,
yerində park salınmışdı
və indi həmin yerdə olan Şəhidlər Xiyabanda Qarabağ müharibəsində şəhid
olanları çəpərləyiblər
ki, onları görən olmasın.
Tarix muzeyimiz 14 il bağlı
qaldı. Əgər biz ideoloji mübarizə
aparırıqsa, bu məsələlərə önəm
verməliyik. Ermənilər öz “soyqırım qurbanlarına” ucaltmış
abidəni təbliğ
edir, ölkəyə
gələnləri ora
aparır. Biz niyə bunu edə bilmirik, soyqırım muzeyi yaratmırıq? Bir neçə
gün əvvəl Bakının merinə deyirəm ki, nə qədər eyni küçələrə
10-15 dəfə asfalt
örtüyü çəkmək
olar, nə qədər səki daşlarını dəyişmək
olar? Bunun yerinə elə
bir muzey tikin də. Cavabında deyir, niyə elə bu camaatın
gözünə girir.
Bu camaatın gözünə girmir, onların cibindən gedir, bu yolla
onların cibini soyursuz”. S.Rüstəmxanlı həmin dövrün
mətbuatda geniş yer alması üçün KİV nümayəndələrinin
hücumçu mövqeyində
olmasının vacibliyini
qeyd edib. O, A.Aşırlının yeni
nəşr olunan kitabının mühüm
əhəmiyyətə malik
olduğunu diqqətə
çatdırıb.
Milli Məclisin üzvü Fazil Mustafa bildirib ki, azərbaycanlılara qarşı törədilən
soyqırım hadisələri
Türkiyədə baş
vermiş soyqırımlarla
birgə dünyaya çatdırılmalıdır. Onun sözlərinə görə,
bu tarixdən bizim ibrət götürəcəyimiz təşkilatlanmayan
bir xalqın təşkilatlanan qüvvənin
qarşısında məğlubiyyətidir:
“Eyni zamanda biz bu gün hədəfimizi
konkretləşdirməliyik. Çünki Şəhidlər Xiyabanına gedən insanlar kimə nifrət edəcəyini bilmir. Məhz bu səbəbdən
soyqırım muzeyinin
olması vacibdir”.
Kitabın elmi redaktoru, professor Cahangir Məmmədli bildirib ki, Azərbaycan
mətbuat tarixi yaranıb və formalaşmaqdadır. Onun sözlərinə
görə, mətbuat
tarixində bir vətəndaşlıq mövqeyi
yer alıb. C.Məmmədli bu istiqamətdə
A.Aşırlının çox
böyük xidmətlərinin
olduğunu dilə gətirib. Millət vəkili Musa Qasımlı XX əsrin əvvəllərində ermənilərin
azərbaycanlılara qarşı
soyqırım siyasəti
həyata keçirməsinin
əsas məqsədi
Bakını azərbaycanlılarsız
şəhərə çevirmək
olub: “Bu soyqırım
siyasəti ona görə həyata keçirilib ki, Bakı şəhərində
azərbaycanlılar qalmasın
və gələcəkdə
Bakı Azərbaycan dövlətinin paytaxtı
olmasın. Bu, tarix boyu Azərbaycanın
müstəqilliyinə qarşı
atılan addımlardan
biri idi və həmin addım uğursuzluğa düçar oldu. Bakını
azərbaycanlıların əlindən
almaq mümkün olmadı”. Kitabın müəllifi Akif
Aşırlı bildirib
ki, yeni nəşrdə soyqırım
tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr öz əksini tapıb.
O, “Azərbaycan”,
“İstiqlal”, “Hümmət”
kimi mətbu orqanlarla yanaşı, ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən, 1918-ci ildə Tiflisdə nəşr olmuş “Qardaş qayğısı” qəzetində
çap olunmuş məqalələr ərəb
qrafikasından müasir
əlifbaya çevrilərək
oxuculara çatdırılıb:
“Eyni zamanda kitabda əslən Maştağadan olan Seyidağa Axundzadənin
1919-cu ildə “Turan” mətbəəsində çap
olunmuş “Mart hadisəsi
1918...” kitabı da ilk
dəfə olaraq müasir əlifbada kitaba daxil edilib.
Bir məqamı da qeyd edim ki,
gələcəkdə bu
istiqamətdə işləri
davam etdirmək niyyətindəyəm və
kitabın daha geniş şəkildə
yenidən nəşr
olunmasına çalışacam”.
BƏXTİYAR
525-ci qəzet.-
2011.- 30 mart.- S.2.