Şərq musiqisinin peyğəmbəri

 

CABBAR QARYAĞDIOĞLUNUN ANADAN OLMASININ 150 İLLİYİ MÜNASİBƏTİLƏ

 

Cabbar Qaryağdıoğlu Qarabağ səmasında bərq vuran ulduz, Azərbaycan musiqisinin tarixində və inkişafında təkrarsız rol oynayan və qiymətli irs qoyan, ölməz ənənələr yaradan böyük sənətkar olmuşdur. O, ustad xanəndə, istedadlı şair, bəstəkar, musiqişünas və pedaqoq idi. Tanınmış rus tədqiqatçısı V.Krivonosov haqlı olaraq yazırdı ki, Cabbar Qaryağdıoğlunun yaradıcılığını bilmədən Azərbaycan milli musiqisinin tarixini dərindən öyrənmək mümkün deyil.

Cabbar Qaryağdıoğlu böyük səs diapazonuna malik usta xanəndə idi. Onun tələbəsi Bülbül deyirdi ki, Cabbar Qaryağdıoğlunun səsi kimi qüvvətli səs olmamışdır. Bülbül Cabbar Qaryağdıoğlunun səsini italİyalı Enriko Karuzonun səsilə müqayisə edib, birinciliyi Qarayağdıoğluna verirdi, onun səsinin daha yüksək – üç oktavaya yaxın olduğunu qeyd edirdi. O deyirdi ki, Cabbar bir muğamı 2-3 saat oxuyardı. Ondan sonra oxuyan müğənniyə heç bir şey qalmazdı, çünki bu iki-üç saat ərzində Cabbar Qaryağdıoğlu böyük ustalıqla bir çox muğamlara modulyasiya edərək, onları ifa edərdi. Bülbül deyirdi ki, Azərbaycan oxuma üslubunu birinci olaraq Cabbar Qaryağdıoğlu yaratmışdır. Onun gətirdiyi yenilik Azərbaycan orijinal vokal üslubunun təşəkkülündə və daha da inkişaf etdirilməsində çox böyük rol oynamışdır.

C.Qaryağdıoğlunun digər tələbəsi Seyid Şuşinski müəlliminin oxumasını belə təsvir edirdi: “Cabbar oxuyanda elə bil qüvvətli bir dağ çayı daşaraq, aləmi selə-suya bürüyüb qabağına qatırdı”.

Cabbar Qaryağdıoğlu ilə uzun müddət işləyən, onu tarda müşayiət edən Qurban Pirimov isə Cabbarı gözəl insan, əvəzsiz xanəndə, güclü bəstəkar kimi xüsusiyyətləndirirdi.

Görkəmli bəstəkar, ilk simfonik muğamların müəllifi Fikrət Əmirov Cabbar Qaryağdıoğlunu “xalq musiqisinin düşünən beyni” adlandırmışdı.

Qocaman xanəndə İslam Abdullayev etiraf etmişdir ki, 85 yaşı olmasına baxmayaraq, hələ Cabbar kimi “Mənsuriyyə” oxuyan ikinci bir xanəndə görməmişdi.

Cabbar Qaryağdıoğlunun Şərqdə ilk opera olan “Leyli və Məcnun”un yaranmasında mühüm rolu olmuşdur. Ümumiyyətlə, Qaryağdıoğlu qədim muğamın yeni yozumunu yaradanlardan idi.

Operanın müəllifi Üzeyir Hacıbəyli özü yazırdı ki, “opera üzərində işləməyə mən 1907-ci ildən başlamışdım, lakin bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşında ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasındaMəcnun Leylinin məzarı üstündə” (Məcnun rolunu C.Qaryağdıoğlu böyük məharətlə ifa edirdi – Z.S.) səhnəsini gördükdən sonra yaranmışdı. Həmin səhnə məni o qədər həyəcanlandırmışdı ki, bir neçə ildən sonra mən Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim”.

İlk dəfə doğulduğu Şuşadan ucalan Cabbar Qaryağdıoğlunun ecazkar səsi hamını valeh edərək ovsunlamışdır. Çox tez bu səs vətənin hüdudlarını aşaraq başqa ölkələrdə də məşhur olmuş və sevilmişdir. 1906-1915-ci illərdə “Qrammofon”, “Sportrekord”, “Ekstrafon” auksioner cəmiyyətləri Şərqin məşhur xanəndələrinin səslərini qrammofon vallarına yazaraq qazanc məqsədi ilə hər yerdə yayırdılar. Onların dəvəti ilə Cabbar Qaryağdıoğlu özünün üçlüyü ilə – tarzən Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvili ilə bərabər Moskva, Kiyev və Varşava şəhərlərinə gedərək səsini qrammofon valına yazdırmışdır. Bu valların musiqimizin tarixində çox böyük rolu məlumdur. Təqdirəlayiqdir ki, bu firmalar qrammofon vallarının kataloqunu da kitabça şəklində çap etdirmişdir. Bu kitabçada vallarda ifa edilən muğam və təsniflərin adları, onların kataloq nömrələri də göstərilmişdir. Kataloqun birinci səhifəsində C.Qaryağdıoğlunun şəklinin altında “Məşhur xanəndə Cabbar Qaryağdıoğlu Şuşalı” yazılmışdır. Cabbar Qaryağdıoğlunun təşkil etdiyi üçlük (trio) Şərqdə məşhur idi. Bu üçlüyü Əfrasiyab Bədəlbəyli “əzəmətli orkestr” kimi dəyərləndirmişdi. Görkəmli rus musiqişünası V.Vinoqradov isə həmin trionun rolunu və bədii əhəmiyyətini birinci dərəcəli Avropa ansamblları ilə müqayisə edirdi.

1912-ci ildə Varşavadan Moskvaya qayıdan Cabbar Qaryağdıoğlu özünün üçlüyü və o vaxt Moskvada olan xanəndələrimiz Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev və başqaları ilə bərabər çox uğurla keçən “Şərq konsertləri”ni təşkil etmişdir. O, Moskvada bir ay qalaraq müxtəlif toy şənliklərində və başqa ziyafətlərdə çıxışlar etmişdir. Cabbar Qaryağdıoğlu hamilik edərək, Moskvada xüsusi musiqi kurslarında oxuyan Üzeyir Hacıbəylinin şərəfinə gecələr keçirmiş və yığılan pulları ona yardım məqsədilə təqdim etmişdir.

Ümumiyyətlə, Cabbar Qaryağdıoğlu çox xeyirxah və nəcib insan idi, həmişə ehtiyacı olanlara kömək edər, bir çox konsertlərini yoxsul müsəlmanların ehtiyacı olan tələbələrin xeyrinə təşkil edər və yığılan pulları onlara verərdi. Bu məlumatları müğənninin bir çox konsert afişalarında da oxuyuruq.

Cabbar Qaryağdıoğlu klassik Azərbaycan poeziyasının gözəl bilicisi idi. O, Nizaminin, Füzulinin, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Xurşidbanu Natəvanın və başqa Azərbaycan şairlərinin qəzəllərindən geniş istifadə etmişdir. Ustad, özündən əvvəl gələn xanəndələrdən fərqli olaraq, ilk dəfə doğma ana dilində qəzəllər və təsniflər oxumuşdur. Bu da muğamın xalq arasında daha geniş yayılıb sevilməsinə səbəb olmuşdur. Onun ifasında “Heyratı”, “Mənsuriyyə”, zərb muğamları, “Kürdü-Şahnaz”, “Mahur”, “Rast” və başqa muğamlar musiqi tariximizin qızıl fonduna daxil olmuşdur.

1916-cı ildə “Piron” qardaşları İ.Musabəyovun “Neft və milyonlar səltənəti” romanı əsasında Bakıda çəkdikləri bədii kinofilmə Cabbar Qaryağdıoğlunu da dəvət etmişdilər. Baş rolu məşhur artist və rejissor Hüseyn Ərəblinski oynayırdı. Film o vaxt Zaqafqaziya şəhərlərinin kinoteatrlarında böyük uğurla göstərilirdi.

Yeri gəlmişkən qeyd edək ki, 80-ci illərdə Anarın çəkdiyi “Üzeyir ömrü” (“Uzun ömrün akkordları”) ikiseriyalı filmdə Cabbar Qaryağdıoğlunun obrazını gözəl xanəndəmiz Qədir Rüstəmov yaratmışdır. İndiki oxuyanlardan səsinin tembrinə və imkanlarına görə, oxuma tərzinə görə Cabbar Qaryağdıoğluna ən çox bənzəyən və onun ənənələrini davam etdirən xanəndə məhz Qədir Rüstəmovdur. Cabbar Qaryağdıoğlu böyük muğam ustası olmaqla bərabər, musiqi folklorumuzun, xalq mahnılarımızın gözəl bilicisi və bəstəçisi idi. O, qeyri-adi musiqi hafizəsinə malik idi. Təsadüfi deyil ki, Cabbar Qaryağdıoğlunu musiqi folklorumuzun “canlı ensiklopediyası” adlandırırdılar. O, 500-ə yaxın xalq mahnısını əzbərdən bilirdi və onlardan 300-nü fonovala yazdırmışdır.

Xüsusi vurğulamaq istərdim ki, onun xalq mahnıları kimi oxuduğu və sonralar bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslim Maqomayev, Səid Rüstəmov və başqaları tərəfindən nota salıb işlədikləri mahnıların arasında şəxsən Cabbar Qaryağdıoğlunun özünün bəstələdiyi və sözlərini qoşduğu mahnılar çoxdur. Onlardan “İrəvanda xal qalmadı” (məcmuədə “O xal nə xaldır” adıyla nəşr olunmuşdur. Ümumiyyətlə, mahnıların bəziləri mahnı məcmuələrində fərqli adlarla verilmişdir), “Nə baxırsan yanı-yanı”, “Bu gələn yara bənzər”, “Qarabağda bir dənəsən”, “Qızım, sənə başmaq alım”, “Sona xanım, çıx eyvana”, “Qalada yatmış idim”, “Tiflisin yolları”, “Bülbüllər oxur”, “Yeri, dam üstə yeri”, “Naxçıvanın gədiyindən aşaydım” və s. göstərmək olar. Musiqi savadı olmadığına görə bu yolla o, öz mahnılarını itib-batmaqdan xilas etmişdir. Adının olub-olmaması isə onu narahat etmirdi.

1924-cü ildə Bakıya böyük rus şairi Sergey Yesenin gəlmişdir. O, dəfələrlə müxtəlif məclislərdə Cabbar Qaryağdıoğlunun füsunkar səsini dinləmiş və ona valeh olduğunu bildirmişdir. Şairin şərəfinə verilmiş ziyafətdə (burada Əliheydər Qarayev, S.M.Kirov, Səmədağa Ağamalı oğlu, Ruhulla Axundov və başqaları iştirak etmişlər) Cabbar Qaryağdıoğlu oxumuşdu. Bu ifa Sergey Yeseninə o qədər təsir etmişdi ki, o Cabbar Qaryağdıoğluna həsr etdiyi şeiri oxumuş və onu “Şərq musiqisinin peyğəmbəri” adlandıraraq şeirini ona bağışlamışdır. Cabbar Qaryağdıoğlu çox təvazökar, çox işləyən, amma haqqını tələb etməyən, alicənab bir sənətkar idi. Onun üçün sənət, musiqi, xalq üçün oxumaq hər cür mal-dövlətdən, puldan artıq idi.

1923-cü ildə görkəmli rus bəstəkarı R.M.Qliyer opera yazmaq üçün Bakıya dəvət edilir. O, xalq dastanı əsasında “Şah Sənəm” operası üzərində işləməyə başlayır. Cabbar Qaryağdıoğlu ona yaradıcılıq köməyi göstərmişdir. Həmçinin Fikrət Əmirovun simfonik muğamlarının yazılışında da öz köməkliyini əsirgəməmişdir.

1934-cü ildə Tiflis şəhərində Zaqafqaziya xalqlarının incəsənət olimpiadası keçirildi. Olimpiadada 17 millətin məşhur xanəndə, çalğıçı, rəqqası öz məharətini nümayiş etdirdi. 74 yaşlı Cabbar Qaryağdıoğlu da bu olimpiadada çıxış etmiş, birinci mükafata layiq görülmüş və Fəxri fərmanla təltif edilmişdir.

1935-ci ildə Cabbar Qaryağdıoğlunun anadan olmasının 75 illiyi Azərbaycan Dövlət Dram Teatrında təntənəli surətdə qeyd edildi. Xanəndəyə xalq artisti adı verilməsi haqqında qərar oxundu və yubliyara qiymətli hədiyyələr təqdim olundu.

1938-ci ildə isə Moskvada keçirilən dekadadan sonra Cabbar Qaryağdıoğlu musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illərdə), yaşının çox olmasına baxmayaraq, Cabbar Qaryağdıoğlu dəstəsi ilə cəbhə bölgələrinə gedib əsgərlər qarşısında çıxış edirdi, onları ruhlandırırdı, onlara təsəlli verirdi.

Cabbar Qaryağdıoğlu Bakıdan Şuşaya gələndə Şuşa əhli bir-birini təbrik edər, sevinərlərmiş ki, ustad Şuşada olanda hansı gün kimin məclisində oxuyacaq, onları sevindirib feyzyab edəcək. Artıq o günlərdən çox illər keçib.

Gün o gün olsun ki, Cabbar Qaryağdıoğlunun təkrarsız səsi, onun muğamları və təsnifləri, mahnıları Şuşada yenidən səslənsin, Bakıda, Şuşada abidəsi ucalsın, muzeyi açılsın, küçələrdən birinə adı verilsin.

2007-ci il avqustun 16-da Cabbar Qaryağdıoğlunun xatirəsinin əbədiləşdirilməsi haqqında Prezidentimiz İlham Əliyevin verdiyi çox önəmli fərmanda sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitabın yazılması göstərilirdi. Bu gün biz bu kitabı Azərbaycan və rus dillərində ərsəyə gətirib unikal şəxsiyyət və sənətkar olan Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığını oxuculara təqdim edirik və ümidvarıq ki, bu əsər onun xatirəsini əbədiləşdirməyə kömək edəcək. Çünki belə nadir insanlar xatırlandıqca, yaddaşımızda yaşadıqca, sənətimiz də yaşayacaq!

Kimdir Şərq musiqisinin peyğəmbəri? Görəsən, bu sualla biz bu gün gəncliyə müraciət etsək, Cabbar Qaryağdıoğlunun adını çəkəcəklərmi?

Hər halda, tam əminik ki, bu suala bizim muğam ustalarımız Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum İbrahimov və başqa xanəndələrimiz düzgün cavab verəcəklər. Azərbaycanın xanəndəlik sənətinin sükanı isə indi onların əlindədir. Ona görə arxayınıq ki, yeni nəsil sabah və gələcəkdə də biləcək ki, Şərq musiqisinin peyğəmbəri Cabbar Qaryağdıoğlu olmuşdur!..

 

 

Zemfira SƏFƏROVA,

AMEA-nın müxbir üzvü,

professor, sənətşünaslıq

doktoru, əməkdar elm xadimi

 

525-ci qəzet.- 2011.- 31 mart.- S.7.