Qızıl kəlməədəbi mükafatına əsərlərin qəbulu yekunlaşıb

 

Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Qızıl kəlmə” ədəbi mükafatına əsərlərin qəbulu başa çatıb. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqəyə son iki ildə çap olunan 25 kitab təqdim olunub. Peşəkar münsiflər heyəti tərəfindən oxunacaq və qiymətləndiriləcək kitabların adları mayın ilk ongünlüyü ərzində açıqlanacaq. Qaliblər nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya əsərləri (poema, şeir, mahnı mətni), tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə nominasiyaları üzrə təyin olunacaq. Laureatlar rəmzi simvol olan döş nişanı, diplom və pul mükafatı ilə təltif ediləcəklər. “Qızıl kəlmə” ədəbi mükafatı 2009-2011-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə elan olunub.

 

 

525-ci qəzet.- 2011.- 31 mart.- S.7.