Əlibala Hacızadə yolu – sadə,
zəngin və maraqlı
(Oçerk)
“İnsanların bir yolu var:
Bu yol anamızın isti beşiyindən başlayıb
torpağın soyuq beşiyinə qədər uzanır. Bu
yoldan hamı keçməlidir. Amma kiminin mənzili
yaxındır, kimininki uzaq...
Kimi bu yolu 5 günə, kimi
5 ilə, kimi 25 ilə, kimi 100 ilə gedir”. Gündəliyindəki
bu cümlələr görkəmli ədibimiz Əlibala
Hacızadə haqqında qələmə
aldığımız bu yazıya heç də təsadüfən
körpü olmadı. Əlibala Hacızadənin də bir
yolu var idi – öz yolu: 1935-ci il avqustun 28-də Biləsuvar
rayonunun Ağalikənd kəndindən
başlamışdı bu yol. 8 oktyabr 2009-cu ildə Bakı
şəhərindəki Qurd Qapısı qəbiristanlığınacan
uzandı. Bu yolu o, 74 ilə keçdi. Və çox az
adamın bacardığı kimi – şərəflə qət
etdi bu yolu Əlibala Hacızadə. Mənzili o qədər də
uzaq deyildi... Yaradıcı insanlara ömür həmişə
azlıq edir, axı: ”Sənətkar öləndə onun
ölümündən çox beynində apardığı əsərlərə
ağlayıram” – deyən ədibin, kim bilir, beynində ədəbiyyatımızın
neçə dəyərli əsəri getdi...
Təsirlənirəm və
düşünürəm ki, kaş 2-3 il əvvəl bu
yazını yazmaq ağlıma gələydi. Onda bəlkə
də Əlibala Hacızadə ilə görüşə bilərdim
və sevimli qəhrəmanlarıma mənəvi həyat verən
şəxsi daha yaxından tanıyardım. İndi isə
onun haqqında mənimlə əsərləri, müsahibələri
danışır və onları yenidən oxuduqca beynimdə
yazımın qəhrəmanının obrazını
cızıram. Mənə elə gəlir ki, Əlibala
Hacızadənin yolu bizlərdən o qədər də kənarda
deyil, bu yol elə xalq həyatının içindən
keçir. Beləcə, ədəbiyyatımızda yeni
obrazlar yaranır. ”Ölənlə öldüm, sevənlə
sevdim, ac qalanla ac qaldım” – deyəndə, o da bizim kimidir,
bizdən biridir. Bu zaman təsəvvürümdəki sənətkar
obrazı masa arxasında, əlini çənəsinə
dayayıb xəyallara dalan, gecə lampası
işığında ilham gözləyən biçimdən
çıxır. Əlibala Hacızadə özünün də
dediyi kimi, harda gəldi, mətbəxdə, dizinin
üstündə yazırdı. Sosial problemləri bol olan
Bakıda, çox güman ki, qışda qaz kəsiləndə
üşüyə-üşüyə, işıqlar sönəndə
şam işığında qələmə alırdı əsərlərini.
Bəlkə də avtobus gec gələndə dayanacaqda, ya da
yolda tıxaca düşəndə fikirləşirdi
obrazlarının taleyini.
O da hamı kimi yaşayırdı: ”Xoşbəxtliyin həsrətilə, bədbəxtliyin, ölümün qorxusu ilə yaşayırdı”. Və hamıdan fərqli – kor-koranə yox, açıq gözlə, yazar sayıqlığı ilə baxırdı həyata. “Kişinin yaxasındakı bir qırıq düymədən onun həyatı haqqında bir roman yazaram” – deyən sənətkarın yaradıcı gücü də, çox oxunmasının səbəbi də bu idi- “Ədəbiyyat həyatdan doğar” devizi.
Əlibala Hacızadəni oxuyublar, oxuyurlar və oxuyacaqlar. ”İtkin gəlin”, ”Əfsanəsiz illər”, ”Təyyarə kölgəsi”, ”Vəfalım mənim” və başqa romanları dəfələrlə, yüzminlərlə tirajla nəşr olunub. Yaradıcılığının şah əsəri saydığı “İtkin gəlin”romanı əsasında yazdığı ssenariyə 12 seriyalı bədii film çəkilib. Azərbaycanda yüzlərlə gənc onun sevimli qəhrəmanlarının adını daşıyır. Yazdığı şeirlərə bəstələnən mahnılar, o cümlədən, məşhur “Nədəndir” mahnısı dillər əzbəridir. Əlibala Hacızadə heç zaman varlı yaşamayıb, şöhrətilə nisbətdə qat-qat kasıb güzəran keçirib. Akademiyadan aldığı 170 manat maaş və son illərdə təyin olunan Prezident təqaüdü ilə sadə, amma mənalı ömür sürüb.
Akademik Budaq Budaqov yazıçı və vətəndaş Ə.Hacızadə haqqında deyir: “O, yaşamağı bacaran və nəyin naminə yaşadığını bilən insan idi”. Bəlkə də bu səbəbdən yolu Kommunist Partiyasından keçməmişdi, dövrünün ən çox oxunan, sevilən yazıçısı olsa da, Xalq Yazıçısı adını rəsmən almamışdı. Ancaq Ə.Hacızadənin yolu el yolundan başlayırdı və xalq onu özünün yazıçısı bilirdi. Nə qədər ki, bu el yaşayır, deməli, Ə.Hacızadənin yolu da bitməyib. Hər yeni nəsil bu görkəmli yazıçının əsərlərini oxuduqca, vərəqlədikcə bu yol yenidən başlayacaq. Yaradıcı insanın da xoşbəxtliyi də elə bundadır. Yazıçının İranda “Ölməz şəxsiyyətlər” mükafatına layiq görülməsi də təsadüfi deyil, əksinə, mənəvi ölməzliyinin bir sübutudur. Ə.Hacızadə yaradıcılığında daima ürəyi və çörəyi qələmə bağlı olanlar üçün bu ölməzliyin düsturu da var: “Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan ki, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dost-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin...”
Cəmilə ƏHMƏDOVA,
BDU-nun Jurnalistika fakültəsinin
IV kurs tələbəsi
525-ci qəzet.- 2011.- 31 mart.- S.7.